Bizim fizika müəllimimiz
Sevimli müəllimim
Akif Quliyevin xatirəsinə
Dərsindən aldığım "əla" qiymət
sonra ali məktəbə qəbul imtahanı zamanı yüksək
qiymətləndirildi.
Dostcanlı, təəssübkeş olduğunun fərqindəydim.
Fərqli, həm də fərdi
yaradıcılığıma xüsusi diqqət göstərirdi.
Bütün şagirdlərinin dostu idi.
Çox qəribə siqaret çəkməyi
vardı, siqaret kötüyünün əzintisindən nələr
çəkdiyini bilmək olurdu. Ətrafında baş verən
haqsızlıqları sanki siqaret tüstüsündə
boğmaq istəyirdi.
Dürüst adamıydı. Sözünün sahibi
idi. Dürüstlüyünü yalan, şişirdilmiş rəqəmlərə
qurban vermədi. İşdəki eybəcərlikləri, tənələri,
rüşvətlə iş görənləri,
şişirdilmiş rəqəmlərdən istifadə etməklə
plan və tapşırıqları yerinə yetirənləri
görmək və susmaq onun üçün çətin
idi.
O, müəllim idi. Allahı yadından
çıxarmamışdı. Təbii ki, vəzifəyə
gəlmək təkcə savadın və istedadın
gücünə deyildi. Sovet rejiminin yazılmamış
qanunlarından biri də bu idi. Çox az istisnalar vardı ki,
o, bu az istisna səbəbindən bir neçə dəfə
təyin olunduğu vəzifədən istefa vermişdi.
Rayon səviyyəsində aqrar sahədə də
çalışdı. Təsərrüfat rəhbəri kimi
bu sahədə təcrübəsi olmasa da, müşahidələri
vardı. Aqrar sahədə iş kifayət qədər
ağır olur. Səhərlər hamıdan əvvəl
işə gəlmək, heyvandarlıq sahələrinin
işlərini müşahidə etmək, bitkiçilik sahəsində
- tarlalarda, üzüm plantasiyalarında, taxıl zəmilərində
görülən aqrotexniki işlərə qədər nəzarət
etmək. Təşkilatı işlər, rayonun ümumi
işlərində və digər məsələlər də
daxil olmaqla yerinə yetiriləcək tapşırıqlar
kifayət qədər dözüm və enerji tələb
edirdi. O bu işin öhdəsindən də layiqincə gəldi.
...Amma ağzını aran yoluna açıb
danışanlar da vardı.
İstefa mədəniyyəti onun son ürəkliliyi
idi. Sovetlər vaxtı da, sonrakı dönəmdə də
öz vəzifəsindən - işindən istefa vermişdi. Vəzifədən
getməyinə çoxları heyifsilənirdi, özündən
başqa. Hamı təəccüblənir, özündən
başqa. Sağdan, soldan tərif edənlər və
üzünə gülənlərin gözündə qəribə
bir təəssüf görürsən.
...Ölümün çarəsi yoxdur, Allahım.
Sevgili ölümlərin biri də baş verdi. Müəllimlərimdən
daha biri bu dünyaya vida etdi. O, bütün enerjisi ilə
müəllim idi. Çox sevdiyim, bizim fizika müəllimi -
Akif Quliyev.
Amma əminəm, onun xatirəsi şagirdlərinin qəlbində
uzun müddət yaşayacaq.
Xosrov NATİL
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.16.