Çağdaş mədəniyyətimizdə
abidə şəxsiyyət
DAHİ ÜZEYİR HACIBƏYLİNİN 140
İLLİK YUBİLEYİNƏ
Uzun zamandır ki, Şuşa şəhəri Azərbaycanın
ucalıq, müqəddəslik rəmzlərindən biridir.
Ucalarda Bayraq olar, bayraq isə azadlıq, qüdrət
simvoludur. Bu baxımdan, Şuşa bütün
ucalığı ilə Azərbaycanın Bayraq meydanı
sayıla bilər. Musiqi, ədəbiyyat beşiyi olan
Şuşamız bir də dahi Üzeyir bəyin - Üzeyir
Əbdülhüseyn oğlu Hacıbəylinin (1885-1948)
doğma yurdu kimi əzizdir. Çağdaş mədəniyyətimizdə
abidə şəxsiyyətə çevrilmiş Üzeyir bəyin
taleyi, bütün həyatı Azərbaycanın tərəqqisi,
xalqımızın mədəni inkişafı ilə sıx
bağlıdır. Bütün bunlara, doğma vətənə
göstərdiyi misilsiz xidmətlərinə görədir ki,
ölkəmizdə "Müstəqillik və Suverenlik
İli" elan edilmiş 2025-ci ildə Üzeyir bəyin əziz
xatirəsi bütün il boyu ehtiramla anılacaq.
Çünki Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illik yubileyinin
keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda
göstərildiyi kimi: "Üzeyir Hacıbəyli
çoxşaxəli yaradıcılığı ilə Azərbaycan
mədəniyyəti tarixində silinməz iz qoymuş
qüdrətli şəxsiyyətlərdəndir.
Ömrünü cəmiyyətin mədəni tərəqqisinə
həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik
dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin
ilk onilliklərindən vüsət almış ədəbi-mədəni
intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq
məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar
kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir.
O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin
vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri
yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan
mədəniyyətinə beynəlxalq miqyasda geniş
şöhrət qazandırmışdır. Üzeyir
Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində
Azərbaycan dramaturgiyasına dəyərli töhfələr
vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə
yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq
məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti
əsl vətənpərvərlik nümunəsidir".
Üzeyir bəy kimi dahi şəxsiyyətin Azərbaycan
xalqına bəxşi ilahi bir lütf idi. Bu böyük şəxsiyyət
Azərbaycan ictimai, ədəbi, mədəni fikrinə, onun
incəsənəti, mədəniyyəti, ədəbiyyatı,
publisistikası, teatrı və başqa sahələrinə
misilsiz töhfələr verdi. Haqlı olaraq Üzeyir bəyin
adı gələndə nəhəng və əzəmətli
bir Azərbaycan Konservatoriyası göz önündə
canlanır. Təkbaşına belə Azərbaycan musiqisini təmsil
etməyə qadir və qabil bir şəxsiyyət, nəhəng
və sanballı bir simadır Üzeyir bəy. O, Azərbaycan
peşəkar musiqisində müstəsna yer tutan sənətkarların
ustadı, mənəvi atasıdır. 1908-ci ildə
yaratdığı ilk opera nümunəsi Azərbaycan musiqisi
və incəsənətinə təkcə ölkəmiz
üçün deyil, bütün geniş bölgə -
Qafqaz və digər yaxın ölkələr
üçün istiqamətləndirici faktor oldu. Onun bəstələdiyi
operalar təkcə musiqi sənətimizə zənginlik
qatmadı, həm də librettoları aid olduğu əsərlərə
əbədiyaşar şöhrət bəxş etdi.
Üzeyir bəy eyni zamanda ədəbiyyatımızın nəhəng
nümayəndəsi olaraq, xalq arasında daha çox "Məşədi
İbad" kimi tanınmış "O olmasın, bu
olsun"un, "Arşın mal alan", "Ər və
arvad", "Əsli və Kərəm",
"Koroğlu" və daha neçə opera və
operettaların, silsilə məqalələrin, felyetonların
müəllifidir. Onun əsərləri həm də Azərbaycan
xalq sənətinə yeni güc verdi və onun yeni nəfəslə
yaşamasına zəmin hazırladı. Azərbaycan
dastanları, məşhur əsərləri onun və onun
ardıcıllarının sayəsində yenidən
yaşamaq haqqı qazandı və heç zaman da
unudulmadı. Azərbaycan xalq mahnıları məhz bu dahi
şəxsiyyətin təşəbbüsü ilə nota
alınaraq xalqın əbədilik milli sərvətinə, zəngin
xəzinəsinə çevrildi, itib-batmaqdan xilas oldu.
Naxçıvanın məşhur yallıları da bu dahi
şəxsiyyətin sayəsində yenidən həyat və əsl
sənət taleyi yaşamağa imkan tapdı. Beləliklə
də, dünya-bəşər mədəniyyətinə Azərbaycan
mədəniyyəti adlı təkrarolunmaz, özünəməxsus,
zəngin, qədim və əlvan bir mövcudluq
naxışı daha əhatəli şəkildə
qovuşdu. O təkcə milli mədəniyyət və
musiqimizə, kino sənəti və teatrımıza can vermədi,
həm də bu zəngin milli sərvətin elmi şəkildə
öyrənilməsinə də əsaslar yaratdı,
özünün həmişəyaşar elmi əsərlərilə
nümunə və zəmin ortaya qoydu. "Muğamat və
xalq mahnılarının ifası", "Səhnənin tərbiyəvi
əhəmiyyəti", "Vəzifeyi-musiqiyyəmizə
aid məsələlər", "Türk operaları",
"Azərbaycan musiqi həyatına bir nəzər",
"Musiqidə xəlqilik" haqqında və başqa
çoxsaylı məqalələri ilə musiqi, incəsənət,
teatr və mədəniyyət sahələrinə dair
sanballı elmi əsərlər ərsəyə gətirdi.
Üzeyir bəy həmçinin böyük xalq müəllimi,
Azərbaycan balalarının savadlanmasında can qoyan maarif
xadimlərindən biri oldu. Onun "Rusi-türki və
Türki-rusi" lüğəti, "Hesab məsələləri"
adlı metodik vəsaiti həm öz dövrü
üçün yenilik idi, həm də xalq müəlliminin
can yanğısının təzahürü!
lll
Üzeyir bəy həm də Naxçıvan
üçün müstəsna dərəcədə
doğma bir şəxsiyyət idi. Əvvəla, bütün
bölgələrdə olan kimi, Naxçıvanda da peşəkar
musiqi mədəniyyətinin inkişafı məhz onun və
ardıcıllarının sayəsində başlanıb.
Bilavasitə Üzeyir Hacıbəylinin şəxsi səyləri
ilə Bakıda milli musiqi təhsili məktəblərinin
açılmasından sonra onun tövsiyəsi və dəstəyi
sayəsində Naxçıvanda da milli musiqi təhsilinin əsası
qoyulub. Hətta yazılanlara görə, dahi bəstəkarın
böyük qardaşı Zülfüqar Hacıbəyli
müvəqqəti olaraq Naxçıvanda
yaşayıb-yaratmış, Üzeyir bəyi də
Naxçıvan mühiti, mədəni şəraiti və
inkişafı ilə yaxından tanış etmişdi. Bu nəhəng
mədəniyyət xadimlərinin əzmkar fəaliyyətlərinin
nəticəsi olaraq Naxçıvanda da musiqi təhsilinə
şərait yaradılıb. Musiqi orta-ixtisas məktəbi
Naxçıvanda fəaliyyət göstərərək
burada peşəkar musiqinin inkişafına böyük
töhfələr verib. Üzeyir bəy 1937-ci ildə SSRİ
Ali Sovetinin Millətlər Sovetinə məhz buradan -
Naxçıvanın Şərur rayonundan namizəd olaraq
seçilmişdi. Elə həmin ildə də
Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin qərarı
ilə Naxçıvanda musiqi məktəbinin
açılmasına dair qərar verilmiş, tədris ili
üçün şagird kontingentinin say tərkibi müəyyənləşdirilmişdi.
Həmin musiqi məktəbində şagirdlərə 5
şöbə - tar, kamança, royal, nəfəsli və
simli alətlər üzrə dərslər tədris edilirdi.
Üzeyir bəy Naxçıvanda olarkən ətraflı
maraqlandığı bu zəngin mədəniyyət
beşiyində yallı rəqsləri daha çox diqqətini
cəlb edib və ümumən, Naxçıvanın, onun
Şərur bölgəsinin folklor etibarilə zəngin
olduğunu vurğulayaraq yazıb: "Şərur Azərbaycan
folklor mədəniyyətinin beşiyidir". O,
yallıların da ana məkanının Şərur
olduğunu yazaraq: "Yallının vətəni Şərurdur,
yallı Şərurda doğulub", - deyə öz fikrini
ifadə edib.
lll
Üzeyir Hacıbəyli ötən əsrdə iki
respublikamızın dövlət himnlərinin musiqisini
yazıb və bununla da tarixdə möhtəşəm yer
tutub. Bu gün də dövlət himnimiz olan ölməz
musiqisi bir vaxt Azərbaycan Xalq Cümhuriyyətinin də himni
kimi səslənib. Qüvvətli publisist kimi tanınan
Üzeyir bəy Hacıbəyli habelə "Həqiqət",
"Tərəqqi" kimi qəzetlərin redaktoru, eləcə
də Cümhuriyyət dövründə ilk rəsmi dövlət
mətbuat orqanımız olan "Azərbaycan" qəzetinin
baş redaktoru olub. Bütün bunlara və bundan ziyadə
olub sadalanmayan faktlara görə Üzeyir bəy şəxsiyyəti,
siması istər yaxın, istərsə də uzaqdan həmişə
nəhəng, əzəmətli, canlıdır. Böyük
şairimiz Səməd Vurğunun bu nəhəng şəxsiyyətin
dünyadan köçməsinə ağı kimi
yazdığı məşhur şeirində deyildiyi kimi:
Ölüm sevinməsin qoy!
Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər!
Həqiqətən, Üzeyir bəyin əziz xatirəsi
unudulmazdır, o, hər zaman qəlbimizdə, dilimizdə,
şüurumuzdadır. Hər zaman təntənə ilə
çalınan "Uvertüra"nın səfərbəredici,
birləşdirici musiqisində, əlimiz köksümüzdə
dinləyib-oxuduğumuz Dövlət Himnimizdə,
zümzümə etdiyimiz çoxsaylı
mahnılarımızda Üzeyir bəyin ruhu, xatirəsi
yaşayır.
Azərbaycan xalqının bu dahi bəstəkar
oğlunun anadan olduğu gün - 18 sentyabr ölkəmizdə
Milli Musiqi Günü olaraq qeyd edilir. Bu əlamətdar gün
Azərbaycan xalqının böyük oğlu, milli mədəniyyət
və incəsənətimizin böyük hamisi, Ümummilli
lider Heydər Əliyev tərəfindən 1995-ci ildə dahi
bəstəkarın şərəfinə rəsmiləşdirilib.
Bu nəhəng dühaya özünün səmimi münasibəti,
nəhəng hörməti və intəhasız
ehtiramını bildirən Ulu öndər Heydər Əliyev
Üzeyir bəy haqqında çıxışlarından
birində söyləmişdir: "...Dahi Üzeyir bəyin
xatirəsi qarşısında baş əyirəm.
Bütün Azərbaycan xalqı bu gün Üzeyir bəyin
xatirəsi qarşısında baş əyir. O, bizim
üçün əzizdir və xoşbəxtlik də ondan
ibarətdir ki, o, bu gün də yaşayır". Qeyd edək
ki, Ulu öndərin ən çox sevdiyi bəstəkar da,
özünün birmənalı şəkildə dediyi kimi,
Üzeyir bəy Hacıbəyli idi...
Dahi liderimizin milli dəyərlərə və mənəvi
irsə olan sonsuz qayğısı bu gün də uğurla
davam edir. O cümlədən Üzeyir Hacıbəyli irsinə
də bu gün böyük diqqət və qayğı var. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında bu sahədə ardıcıl addımlar
atılır, eyni zamanda ölkəmizin birinci xanımı,
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım
Əliyevanın diqqət və təşəbbüsləri
sayəsində milli mədəniyyətimiz, musiqi sənətimiz
qorunur, Üzeyir bəyin sənət irsi də məhəbbətlə
yaşadılır.
Üzeyir Hacıbəyli təkcə Azərbaycan mədəniyyətini
dünyada tanıdan bir şəxsiyyət deyil. O həm də
bir ölkəni mahnılarına sığdıran və
ruhunda daşıyan vətən fədaisi idi. Azərbaycan
adlı vətənin və ona olan sevginin notlarını
yazıb ifadə edən bu dahi şəxsiyyət həm də
zəngin milli mədəniyyətilə
tanıtdığı ölkənin dünyadakı fəxri
elçisidir. Onun cəsur, işıqlı ruhu Böyük Zəfərlə
nəticələnən Vətən müharibəsi boyu da
bizimlə idi.
Bu torpaqda daima bir Üzeyir ruhu dolaşır
üzü Şuşaya, Qarabağa doğru.
Ölümsüz "Koroğlu" uvertürası ilə
xalqımızı birlik və həmrəyliyə səsləyir,
sanki əsgərlərimizlə, şanlı ordumuzla birgə
ölkəmizin sərhədlərinə keşik çəkir.
Böyük Zəfər sevincinə bürünmüş 140
yaşın mübarək olsun dahi Üzeyir bəy!
Ramiz QASIMOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.15.