Böyük
coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi
bədbəxtliklər
(Əvvəli ötən çərşənbə
saylarımızda)
Yalnız 1960-cı illərdə pambıq
yığan maşınlardan istifadəyə başlandı,
lakin əkin sahələri çox olduğundan, əllə
yığımın kütləvi istifadəsi qüvvədə
qalırdı. Məktəblilər payızda məktəb nə
olduğunu bilmir, yığıma cəlb edilirdi. Ali məktəb
tələbələri də, rayon mərkəzlərinin
qulluqçuları da, hətta həkimlər və tibb
bacıları daxil olmaqla, pambıq yığmağa səfərbər
edilirdi. Əslində, pambıqçılıq
respublikalarında da pambıq yığımı məcburi əmək
düşərgəsinə çevrilirdi. Başqa
respublikalara isə belə əzablı düşərgələr
yad idi.
Azərbaycan dünyada ən şimal en dairəsində
pambıq becərilən bir ölkə idi, bu isə məhsulun
keyfiyyətinə də öz təsirini göstərirdi.
Tezyetişən sortlara üstünlük verilməsi isə
xam pambığın texniki keyfiyyətini daha da
aşağı salırdı.
Amerikada isə yalnız qul əməyi pampıq
istehsalına xidmət edirdi. Başqa sahələrdə qul əməyindən
istifadə edilməsi də daxil olmaqla, gətirilən misallar
təkcə amerikalıların hindulara qarşı genosid əməlləri,
qullara vəhşicəsinə münasibət göstərilməsi
heç də yeganə nümunə sayılmamalıdır.
Digər metropoliyalar da yerli əhaliyə qarşı qəddarlıq
münasibəti göstərirdilər. Fransa imperiyası
Yeddiillik müharibədəki məğlubiyyətinə
görə xeyli ərazi itirməli olmuşdu. Lakin yenə də
geniş müstəmləkə şəbəkəsinə
malik olaraq qalırdı. Onun Afrikanın şimalında və
daxili ərazilərində, Hindi-Çində, Sakit okean
adalarında müstəmləkələri var idi.
İmperiyanın ərazisi Qədim Roma imperiyasının ərazisindən
iki dəfə böyük idi. Fransızlar müstəmləkə
ölkələrinin əhalisini aşağı sort insanlar
hesab edirdilər. Bunun bariz nümunəsi kimi onlar hətta
1930-cu illərdə "İnsan Zooparkı" düzəldib,
orada Yeni Kaledoniyadan gətirilmiş tuzemləri nümayiş
etdirirdilər. Sonralar Vyetnam, paytaxtı Brizzavil olan Konqo
fransız ağalığından azad ola bildi. Hələ də,
XXI əsrin əvvəllərində də mövcud olan
fransız imperiyası real dağılmaq təhlükəsi
ilə üzləşmişdir. Xalqları öz
ağalığında saxlayan Fransa Cənubi Qafqazın da
işlərinə müdaxilə etməkdən ötəri,
Ermənistandan bu məqsəd üçün geniş istifadə
etməyə çalışır.
Mərkəzi və Cənubi Amerikada yeni sivilizasiya
Cənubi Amerika qitəsində və Şimali
Amerikanın Mərkəzi Amerika adlanan hissəsində
Latın Amerikası adlanan yeni bir sivilizasiya meydana gəldi.
Buradakı ölkələr, əsasən, multiirqə malik
olan cəmiyyətlər idi. İspan və portəgizli sakinlər
ilə yerli hindular arasında münaqişələr nisbətən
az idi. Əhalinin digər qrupu isə Latın Amerikasına gətirilən
afrikalılar idi. Afrikalılar və yerli hindular bu ölkələrdə
unikal bir cəmiyyət yarada bildilər. Şimali Amerikadan fərqli
olaraq, bu ərazi multiirqi cəmiyyət kimi inkişaf etdi və
irqi fərqlər barədə burada daha az sərt münasibət
halları olurdu. Katolik kilsəsinin missionerləri də əhali
arasında fəal iş aparırdılar.
Avropanın həmin ərazilərə genişlənməsi
prosesi işğalçılara digər iqtisadi təsir də
göstərirdi. Avropalılar burada qızıl və
gümüş axtarırdılar. Bir astek ispanlar barədə
demişdi ki, onların bədəni, iyrənc
tamahkarlıqlarından şişir.
Yeni Dünya ilə əlaqələr kommersial
kapitalizmi xeyli inkişaf etdirdi. İqtisadi fəallığın
yüksəlməsi ilə birja kompaniyaları da meydana gəldi.
Fransızlar və ingilislər Hindistanda. Digər Asiya
ölkələrinə avropalıların gəlişi
Portəgiz donanması 1498-ci ildə Kalikuta gəlib
çıxdıqda, Hindistan subkontinenti bir neçə
dövlətə bölünmüşdü. Yeni eranın
başlanğıcında, XVI əsrin birinci yarısında
yeni yaranan dövlət Moğollar adlanan əcnəbi sülalə
tərəfindən idarə olunurdu.
Moğol imperiyası Hindistan üçün doğma
olmamaqla, ona yad idi. Hətta sülalənin əsasını
qoyan Babura Hindistanın təbiəti və hindlilərin
özü xoş gəlməmişdi və o, təəssüratını
özünün "Baburnamə" əsərində
göstərir. Onun atası fateh kimi tanınan Teymurləngin nəslindən
idi. Anası isə Asiyanın böyük sərkərdəsi,
dünyada ən böyük monqol imperiyasını yaradan
Çingiz xanın nəslindən idi. Baburun nəvəsi
Əkbər (1556-1605-ci illər) Moğol hakimiyyətini
subkontinentin əksər ərazilərinə yaydı. İki
min il əvvəlki Mauriya sülaləsindən sonra o, ən
böyük Hindistan imperiyasını yaratdı.
XVII əsrin birinci yarısında ingilislərin
Hindistandakı təmsilçiliyi möhkəm qaydada
böyüdü, ingilis ticarət məntəqələri
yaradıldı. Benqal körfəzində Uilyam (indiki Kəlküttə
şəhəri) və Madras (indiki Çanna) fortları
quruldu. İngilis gəmiləri xam pambığı Şərqi
Hindistana daşıyır, burada onu ədviyyata dəyişib,
İngiltərəyə aparırdı.
Fransızlar da özlərinin yeni fortlarını
tikdilər və britaniyalılarla uğurlu rəqabət
apardılar. Lakin britaniyalıların mənafeyi ser Robert
Klayvın hərbi dühası hesabına xilas olundu. O,
aqressiv Britaniya imperiyasının qurucusu idi və Hindistanda
Ost-İndia kompaniyasının baş nümayəndəsi
oldu. Bu kompaniya 1600-cü ildə yaradılmışdı. Zəruri
olaraq fransızların mövqeyi kiçildi və onlara
yalnız cənubi-şərqdəki sahildə bir ovuc ərazi
qaldı.
Bu vaxt Klayv Benqalda Britaniyanın nəzarətini
konsolidasiya etməyə başladı. Yeni hind
hökmdarları Uilyam fortuna hücum edib, yerli ingilis sakinlərini
dustaq edəndə, Britaniyanın kiçik, 3 minlik ordusu
1757-ci ildəki Plessi döyüşündə iri moğol
ordusunu məğlub etdi. Qələbə hesabına Moğol
sarayından torpağa görə vergi yığmaq səlahiyyəti
ingilislərə verildi. Yeddiillik müharibə (1756-1763-cü
illər) ərzində Britaniya fransızları Hindistandan
bütünlüklə geri çəkilməyə məcbur
etdi.
Şərqi İndia Kompaniyası öz hakimiyyətini
subkontinentin daxilinə doğru genişləndirdi. Bu Hindistanın
tədricən Britaniya Ost-İndia Kompaniyasına çevrilməsi
üçün və sonralar 1858-ci ildə Britaniya
tacının müstəmləkəsi olması
üçün başlıca addım idi.
Portəgiz donanması 1514-cü ildə lövbəri
digər iri Asiya dövləti olan Çin sahili
yaxınlığına saldı. Donanma bura gələndə
ölkəyə Min sülaləsi başçılıq
edirdi, onun hökmranlığı 1369-cu ildə başlamaqla
üç əsrə yaxın, 1644-cü ilə qədər
davam etmişdi. Bu dövrdə Çin ərazisi xeyli
genişlənmişdi, hətta qısa müddətdə
çinlilər Vyetnamı yenidən işğal etmişdilər.
Onlar "Böyük Sədd" adlanan Çin səddini
nomad xalqların təhlükəsi ucbatından möhkəmləndirmişdilər.
Əkinçi və ovçu xalq kimi mancular Min sülaləsini
devirmək üçün imkan meydana gəldikdə, bu
fürsəti itirmədilər. İndiki Çinin şimal ərazisini
Mancuriya adlandırıb, mancular sonra isə Pekini işğal
etdilər. Qalib mancular yeni sülalə
yaratdıqlarını elan etdilər, bu, Sin sülaləsi
adlanırdı.
Yaponiyaya gəldikdə, Portəgiz tacirləri
1543-cü ildə yapon adalarına ayaq basdıqdan sonra bir
neçə il ərzində Portəgiz gəmiləri yapon
limanlarında dayanmağa başladılar. Məşhur iezuit
missioneri Frensis Xavyer (o, İezuitlərin lideri İqnatus
Loyalanın müavini idi) yerli əhalini xristianlığa
keçirməkdə xeyli uğur qazandı.
Yaponlar bu qonaqları xoş sifətlə
qarşıladılar. Yapon sarayları tütünə,
parçalara, eynəklərə və digər Avropa
mallarına valeh olmuşdular. Yerli kübarlar Avropa odlu
silahlarının bütün növləri ilə
(samurayların qılıncı olan katana isə bütün
dövrlərin soyuq silahları ilə müqayisədə
xüsusi itiliyi ilə seçilirdi) maraqlanırdılar. Onlar
avropalıların tüfənglərinə, sonralar isə
toplarına heyranlıqla tamaşa edirdilər.
Katolik missionerlərin uğuru, qərblilərin
nümayəndələrinə qarşı güclü
şübhə reaksiyası əmələ gətirdi. Syoqun
İeyasu Tokuqava 1600-cü ildə hakimiyyəti ələ
keçirdikdən az sonra missionerləri ölkədən
qovdu, yapon xristianları isə təqiblərə məruz
qaldı. Sonra Avropa tacirləri də ölkəni tərk etməli
oldular. Hökumət iki mühüm limanı bağladı,
yalnız kiçik holland icmasına Naqasakidə
yaşamağa icazə verildi.
Hindistan və Çin
kimi iri Asiya ölkələri öz müstəqilliklərini
itirmişdilər, Hindistan Böyük Britaniyanın tam
müsəmləkəsi kimi vitse-kral tərəfindən idarə
olunurdu, kraliça Viktoriya isə Hindistanın imperatriçəsi
titulunu daşıyırdı. Zəif iqtisadiyyata və hərbi
gücə malik olan Çin isə Qərbin aparıcı
dövlətlərindən asılı vəziyyətdə
idi. Lakin Böyük Britaniya və ABŞ onların
inkişafına müəyyən müsbət təsir
göstərirdi, bu ölkələrdə təhsilin, elmin,
texnikanın və texnologiyanın inkişafına müəyyən
şərait yaratmışdı. Lakin bu xüsusiyyətlər
də, müstəmləkəçiliyə xas olan eybəcərlikləri
ört-basdır edə bilməzdi.
Hindistanda uzun müddətli milli-azadlıq hərəkatı
1947-ci ildə onun müstəqilliyini elan edilməsi ilə nəticələndi.
Çin kommunistlərinin silahlı mübarizəsi Qərbə
vassallıq edən Çeş Kay-şi hökumətinin məğlubiyyəti
ilə nəticələnib, 1 oktyabr 1949-cu ildə Çin
Xalq Respublikası yarandı.
Yaponiya 1945-ci ilin sentyabrında II Dünya müharibəsində
ABŞ-a məğlub olmaqla, militarist siyasətdən
uzaqlaşdı və yeni Konstitusiya əsasında ölkədə
ilk dəfə demokratik respublika quruluşu meydana gəldi.
Bu üç dövlət hazırda beynəlxalq aləmdə
layiqli yer tutur, Çin və Hindistan görünməmiş
sürətlə iqtisadi inkişafa nail olmuşdur.
Böyük coğrafi kəşflərə məhz
Avropa xalqları imza atmışdılar. Onlar şimal istisna
olmaqla, dünyanın bütün tərəflərini tədqiq
etməklə, iki Amerika qitəsini açdılar, Asiyanın
və Afrikanın inkişafına, bütün mənfi cəhətləri
nəzərə almaqla yanaşı, güclü təsir
göstərdilər. Hakim olanlar həm də yeni ərazilərin
yerli xalqlarına qarşı qəddarlıq göstərmiş,
hətta Şimali Amerikada genosid həyata keçirmişdilər.
Sonrakı məskunlaşmalar ciddi faciələrlə
müşayiət olunsa da, dünyanı bütövləşdirməkdə
və sürətli inkişaf yoluna düşməsində
böyük coğrafi kəşflərin əhəmiyyətini
azaltmaq mümkün deyildir. Bu kəşfləri qeyri-adi iradə
sahibləri həyata keçirmişlər. Düzdür, bu kəşflər
bir sıra xalqlara bədbəxtlik gətirmişdir, lakin
dünyaya inkişafın magistral yolunu
açmışdır. Tədqiqatçıları,
sonrakı yadelli sakinlərin cinayətinə görə
ittiham etmək də haqsızlıqdır, real sui-istifadələrdə
onların heç bir günahı yoxdur və onlar tarixin
böyük şəxsiyyətləri kimi qiymətləndirilirlər.
Yerli xalqların onlara mənfi münasibət bəsləməsi
də haqlıdır. Lakin fərqli münasibətlərdən
asılı olmayaraq, böyük coğrafi kəşflərə
imza atmış tarixin ən məşhur cəngavərlərinə
layiq olduqları yüksək ehtiram bəslənməlidir.
SON
06.11.24
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.14.