Qəfil
yada düşənlər
ANALARIN
MİLLİYYƏTİ OLMUR
Alman faşizmi üzərində qurulan Beynəlxalq
Nürnberq məhkəməsində sovetlərin nümayəndə
heyətinin tərkibində iştirak etmiş Mirabdulla
İbrahimov uzun müddət hüquq-mühafizə
orqanlarında rəhbər vəzifəsində
çalışıb, respublika Ali Məhkəməsinə
18 il sədrlik edib. Qəfil yadıma düşən bir
söhbət də qohumluğum çatan Mirabdulla əmi ilə
bağlıdır.
Yazı-pozu işimlə bağlı rayonların
birində neçə il bundan qabaq
görüşdüyüm məhkəmə sədri işləyən
hakim mənə belə bir əhvalat
danışmışdı ki, bəs sovetlər dönəmində
ticarət sahəsində çalışan, müştəriyə
pulun qalığını əskik qaytaran bir satıcı
qadının məhkəməsinə baxırdım.
Qadın milliyyətcə rus və öhdəsində
azyaşlı uşaqları olan bir ana idi. O zamanlar qanunlar
çox sərt idi və qəpik-quruş üstündə
"ilişib" məhkum olunanlar da az deyildi. Rus qadın...
Ana... Və bir də "böyük
qardaş"larımızın ağalıq etdiyi dövr...
Satıcı qadın haqqında məhkəmə
hökmü çıxararkən, açıq etiraf edim ki,
cinayət məcəlləsində bu maddə üzrə nəzərdə
tutulan ən yüngül cəzanı seçmişdim.
Hökmlə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdi.
İş belə gətirdi ki, bu məhkəmə
iclasından bir müddət sonra Respublika Ali Məhkəməsinin
sədri Abdulla İbrahimov çalışdığım
rayona gələndə iş otağımda məhkəmə
işləri ilə, çıxardığım qərarlarla
maraqlandı. Təsadüf idimi və yaxud çox təcrübəli
hüquqşünasın iti nəzərindən
yayınmamışdı - məhz cəzanın ən
yüngülünü seçib hökm verdiyim həmin
iş Ali Məhkəmə sədrinin diqqətini cəlb etdi.
Və o, xüsusi bir həssaslıqla o işi vərəqləməyə
başladı.
Özümə haqq qazandırmaq üçün:
- Yoldaş İbrahimov, - dedim, - cəzanın ən
yüngülünü ona görə seçdim ki, ittiham edilən
məhkum ana idi.
Sonra da səsimi yavaşıdıb xüsusi bir
vurğu ilə: - Həm də milliyyətcə rus...
Bu sözümdən sonra Abdulla İbrahimov
üzümə mənalı-mənalı baxıb qətiyyətlə:
- Hökm zamanı ana kimi ona güzəşt etməklə
ədalətli qərar çıxarmısan, - dedi. - Amma
analara milliyyətinə görə fərq qoymaq olmaz.
P.S. "Anaların milliyyəti olmur..." Bu cümləni
yaza-yaza birdən elə bil diksinib qələmi əlimdə
saxladım. Bəs zaman-zaman təkcə xalqımıza
qarşı yox, bəşəriyyətə qarşı
amansız Xocalı soyqırımını törədən
cəlladları dünyaya gətirənlər? Bəlkə də,
şeytandan törəyən o qaniçənləri
doğanlar da qadınlar yox, ifritələr imiş...
KİŞİNİN SÖZÜ KEÇƏR...
Surxay Qurbanov Ağdamın və ümumən
respublikanın ağayana köhnə kişilərindən
idi. Məclislərdə yeri başda olardı.1941-1945-ci illər
İkinci Dünya müharibəsi adlanan, qanlı
savaşın iştirakçısı olmuşdu. Neçə-neçə
orden və medallara layiq görülmüşdü, zabit idi.
Komandanlıq Sovet İttifaqı Qəhrəmanı adı ilə
təltif olunması üçün sənədlərini təqdim
etmişdi. Ancaq bədxah, məkrli ermənilər əngəl
törətmişdi.
Aradan illər keçəndən sonra bir ara bəzi
nadanlar odun-alovun içindən keçib gəlmiş
müharibə veteranlarına üstdən-aşağı
baxmaq fikrinə düşdülər ki, guya onlar vətəni
deyil, imperiya yuvasını qorumuşlar...
Ancaq Surxay müəllimin sərrast cavabı elələrini
yerində otuzdururdu.
...İbrətamiz bir tarixi rəvayət var ki, skiflərlə
vuruşan Dari adlı hökmdar onların sərkərdələrini
ağır sözlərlə məzəmmət edir ki, bəs
sizin döyüşçülər açıq
döyüşdən qorxub geri çəkilirlər.
Skiflərin sərkərdəsi düşmənə
belə cavab verir ki, bizim əsgərlər bəzən
döyüş meydanından ona görə geri çəkilirlər ki, arxada əkilmiş
zəmilərimiz, şəhər və kəndlərimiz
yoxdur. Əgər sən bizim döyüşçülərimizin
cəsarətinə, qeyrətinə bələd olmaq istəyirsənsə,
onda babalarımızın, ulularımızın qəbirləri
olan yerlərə yaxınlaş, bax onda bilərsən ki, kimlərlə
vuruşursan...
lll
Alman faşistlərinin işğal edə-edə gəlib
çıxdıqları Şimali Qafqazdan az qala üç
addımlıqda isə babalarımızın,
ulularımızın əbədi uyuduqları
torpaqlarımız, əkin-biçin yerlərimiz, əzəli
və əbədi Vətənimiz - doğma Azərbaycan idi.
Müharibədən qayıtdıqdan sonra
hüquq-mühafizə orqanlarında işə dəvət
olunur Surxay müəllim. Bir müddət Qəbələ
rayonunda prokuror işləyir, sonra isə Gəncə Vilayət
Prokurorluğunda İstintaq İdarəsinin rəisi, baş
prokurorun müavini vəzifəsinə irəli çəkilir.
Cavanlıqdan qan qardaşı olduğu bir dostu
müharibədə yaralı vəziyyətdə faşistlərə
əsir düşmüşdü və sonralar vətənə
xəyanətdə ittiham olunub həbs düşərgəsinə
göndərilmişdi. Yalnız Stalinin ölümündən
sonra azad olunub vətənə qayıtmışdı. Qayıdan
kimi də ilk görmək istədiyi dostu Surxay Qurbanov
olmuşdu.
Bədxahları yüksək vəzifə sahibi Surxay
Qurbanovun köhnə dostu ilə arabir bu görüşlərini
əlaqədar orqanlara çatdırırlar. Prokuroru söhbətə
çağırıb xəbərdarlıq edirlər. Surxay
Qurbanov bunları dostuna bildirmir. Növbəti profilaktik
söhbətdə isə qarşısına şərt
qoyulur: ya dostun, ya vəzifə... Surxay müəllim tərəddüd
etmədən qərar verir: "Yüz vəzifə ola,
dostumdan keçmərəm..."
Surxay müəllim pedaqoji fəaliyyətə
qayıdır. Təqaüdə çıxanacan, otuz ildən
çox bir müddətdə Ağdam şəhərindəki
məşhur 3 saylı orta məktəbin direktoru olur.
Bu qəfil yadıma düşənlər də bir
vaxt oğlu Niyazi müəllimdən eşitdiklərimdir.
Niyazi müəllim danışırdı ki, atamın prokuror
orqanlarından uzaqlaşdığı vaxtdan təzəcə
keçmişdi. Bir gün yaxın qohumlarımızdan biri
oğlu üçün qız qapısına elçi
düşürdü. Adətdir, elçiliyə sözü
keçən, nüfuzlu, ağır-urvat kişilər gedər.
Atam da "nümayəndə heyətinin tərkibində",
başda idi. Qız evi də, necə deyərlər,
"borclu qalmaq" istəməmiş,
oğlan evindən gələn elçilərin
qabağına özləri tərəfindən mötəbər,
adlı-sanlı adamlar çıxartmışdılar...
Xeyir iş baş tutmuşdu, oğlan evinin adamları
qızın "hə"sini almış, şirin çay
içib şad-xürrəm geri qayıtmışdılar.
Atamın kefi yuxarı idi. İki gəncin ulduzu barışacaq,
təzə bir ocağın çırağı
yanacaqdı. Kişi elçilik mərasiminin necə
keçdiyini, qız evinin razılığını alanacan
hardan başlayıb-hardan qutardığını
yerli-yataqlı şövqlə nəql edirdi. Söhbət
zamanı belə məlum oldu ki, qız evi tərəfindən
məclisdə prokurorluq orqanlarında yüksək vəzifə
sahibi olan bir yoldaş da iştirak edibmiş. Tez bu elçilik
söhbətini yarımçıq kəsib:
- Heç işinlə bağlı həmin adamla
danışmadın? - deyə atama sual verdim.
Atam üzümə baxıb:
- Elçilik vaxtı heç elə söhbətlərin
yeridir? - deyə dilləndi.
Mən isə ürəkdən təəsüflənərək:
- Bəs necə, - dedim, - əsl fürsət, məqam
imiş...
Atam bu dəfə məzəmmətlə mənə
baxıb çox sərt və acıqlı bir səslə
dedi:
- Eh, ay oğul, bəyəm mən fürsət
gözləyən kişi olmuşam?..
Vaxtilə atamla birgə hüquq-mühafizə
orqanlarında çalışan mühüm vəzifəli
keçmiş iş yoldaşları imkan düşdükcə
onu axtarıb arayar, görüşüb hal-əhval
tutardılar. Belə görüşlərin biri də daxili
işlər naziri mərhum Arif Heydərovla Ağdamda
olmuşdu. Nazir atamla görüşüb hal-əhval tutduqdan
sonra söhbət zamanı övladlarının təhsili və
işləri ilə maraqlanmışdı. O zaman
qardaşlarımdan biri Xalq Təsərrüfatı
İnstitutunun yenicə bitirmişdi, ixtisası üzrə
kolxozda mühasib işləyirdi.
Bu görüşdən bir müddət
keçmişdi, qardaşımı rayon DİŞ-ə
çağırdılar, əvvəlcə nigaran qaldıq.
Qardaşımsa şöbədən belə bir xəbərlə
qayıtdı ki, bəs Bakıdan nazir özü şəxsən
göstəriş verib, təcili onun sənədlərini
hazırlasınlar. Şöbədə SƏDM üzrə
işə qəbul olunur. O vaxtlar milis orqanlarına, xüsusən,
SƏDM üzrə işə girmək o qədər də
asan məsələ deyildi.
Qardaşımın qısa bir vaxtda birdən-birə
milis orqanlarına işə qəbul olunduğunu bilən bəzi
tanış-bilişlər atamı yanlayıb sorğu-suala
tutmuşdular ki, bəs düzünü deyin, Surxay müəllim,
bu iş üçün nə qədər xərciniz
çıxdı?
Atamın bu kimi suallara iftixarla, qürurla verdiyi cavab elə
indi də qulaqlarımda səslənir: Kişinin sözü
keçər, pulu yox...
ÇİYİNDƏKİ TÜFƏNG
Ömrümdə indiyəcən bircə dəfə
çiynimə tüfəng almışam.
Onda cavanca çağlarım idi. Bir kənd məktəbində
müəllim baba kimi kirayənişin qalırdım. Boş
vaxt tapan kimi yaşadığım kənddən vur-tut
iki-üç kilometr aralı olan qonşu kəndə
payi-piyada gedər, həmyaşıd həmkarlarımla
görüşüb vaxt keçirərdim.
Günlərin birində bir dost tərəfindən, o
kənddə qurulan məclisə qəfil dəvət
aldım. Qış ayları idi. Yerdə dizəcən qar
oturmuşdu. Axşam tərəfi ev sahibinin yuxarı siniflərdə
şagirdim olan oğlu məni yola salmaq üçün
tövlələrindəki atlarını çıxardı.
Yəhərləyib yüyənlədi. Ayağımı
üzəngiyə basıb yəhərdə yerimi təzəcə
rahatlamışdım ki, yeniyetmə oğlan bir anlıq nə
fikirləşdisə: - Müəllim, tələsməyin, -
deyib evə keçdi, əlində qoşalülə tüfənglə
geri qayıtdı. - Müəllim, bu tüfəngi
çiyninizə keçirin, - dedi. Mənim duruxduğumu
görüb: - Şər qarışan vaxtdır. Yol qısa
olsa da, bilmək olmaz, qarşınıza qəfil qurd-quş
çıxar.
Sonra da yaşından böyük səslənən
bir məsəl çəkdi: "Ehtiyat igidin
yaraşığıdır".
O günəcən əlimə heç tüfəng
almamışdım. Təbii ki, tətiyi də necə
çəkməyi bilmirdim.
Şagirdim bu dəfə çoxbilmişliklə: -
Bunun elə də dəxli yoxdur, - dedi, - əsas budur ki
çiyninizdə tüfəng olsun.
İşdi-şayət, yolda-izdə qurd-quşla
rastlaşsanız, onlar tüfəngi görüb qorxudan
qarşınızdan qaçacaqlar, yaxınlaşmağa
cürət etməyəcəklər.
İndi hərdən fikirləşirəm ki, bəlkə,
bəzi məxluqları çəkindirmək
üçün yenə çiynimizdə tüfəng gəzdirək?
Çox da ki, əlimizi tətiyə aparmağa cürətimiz
çatmaz...
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.13.