"Xocalı"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Səbinə
Qarayevadır. Onunla rəssam Emin Qəhrəmanovun
"Xocalı" əsərindən
danışmışıq.
Emin Qəhrəmanov 1976-cı ildə doğulub. Tiflis
Rəssamlıq Akademiyasının məzunu olan rəssamın
müxtəlif incəsənət cərəyanlarında
qarışıq əsərləri var. Əsasən avanqard
üslubda işləyən rəssam bir sıra sərgilərin
iştirakçısıdır. Emin Qəhrəmanov pedaqoji fəaliyyətlə
də məşğuldur. Onun xeyli sayda tələbələri
var.
- Səbinə xanım, əsərin yaranma prosesi
haqqında nələr məlumdur?
- Tabloda Xocalı faciəsi zamanı baş vermiş
hadisələr əks olunub. Rəssam tablo haqqında
danışarkən deyir: "Bu əsərin
yaradılması zaman etibarilə qabaqcadan müəyyən
edilib. Dinc şəhərin faciəsi 16 yaşımda həyatıma
daxil olub. Yeniyetmə maksimalizmi ilə qəbul edilən
sarsıntı sanki sonradan kənara çəkilib. Həmin
günləri gözümün önünə gətirdiyim
an hiss edirdim ki, yaşadığım emosiyalar ortaya
çıxmağı gözləyir. Mən iki il tərz,
forma, palitra tapmağa çalışdım. Eskizlər
bir-birinin ardınca yaranırdı. Sənədlərlə tanış
olandan sonra şəkillərin özündə hansı həqiqətləri
saxladığını öyrənəndə dəhşətə
gəldim. Pikassonun "Gernika" əsəri yadıma
düşdü. İnsanlığın yer üzündə
Yaradanın bizə bəxş etdiyi ən böyük dəyəri
- həyatı qorumağı heç cür öyrənə
bilməməsi fikrindən qəlbimə kədər
dolurdu".
- Tablonun rəng həlli necədir?
- Əsərdə əsasən soyuq və tünd rənglərdən
istifadə olunub. Burada qara, tünd mavi, boz rənglər
üstünlük təşkil edir. Tünd qırmızı
rəng əsərdə xüsusi əhəmiyyət kəsb
edir. Tablo kətan üzərində yağlı boya ilə
işlənib. Rənglər mövzu ilə vəhdətdədir.
- Rəsmin kompozisiyası haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiya xətti faciə üzərində
qurulub. Burada dinc əhalinin işgəncələrə məruz
qalması, gənclərin, körpə uşaqların,
qadınların, kişilərin faciəli şəkildə qətlə
yetirilməsi əks olunub. Rəssam əsərlə
bağlı danışarkən qeyd edir ki, bu rəsm
yalnız fevral faciəsi barədə deyil. Rəsmdə hər
iki Qarabağ müharibəsi qurbanlarının hüznü əks
olunub. Tabloda bu vəhşiliyi törədənlərə
qarşı hiddət və özünəməxsus sərt tənqid
var.
- Tablo hazırda harada saxlanılır?
- Əsər hazırda rəssamın studiosundadır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- "Xocalı" tablosu təcavüzə yol verməməyə
və dayanmağa, Yaradanın bəxş etdiyi insan həyatını
niyə və nəyin naminə qurban verilməsini yenidən
düşünməyə çağırışdır.
Rəssam faciəni təsvir etməklə gənc nəsillərə
tariximizi xatırladır, başımıza gələn tarixi
faciəni heç bir zaman unutmamağa və bundan sonra da
unutdurmamaq üçün əlimizdən gələni əsirgəməməyə
çağırır.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.12.