ELİN DİLİ
VAR OLDUQCA
Tarixin o parçasına uzun müddət yeni
dövrün adamları ədəbiyyatın, sənətin
sönüş dövrü kimi baxıblar, bu qənaətə
gəliblər ki, Moğollar zamanında, Elxanilər dönəmində
2-3 əvvəlki coşqun mədəni tərəqqidən əsər-əlamət
qalmamışdı və bu qiymətlərində möhkəmcə
yanılıblar. Əslində ayrı bir çağ
başlanırdı, türklüyün yeni tərəqqisi,
möhtəşəm oyanışı əyyamları gəlirdi
və təqribən beş əsr ərzində ərəb-fars
haləsinə bürünmüş ədəbi-mədəni
zövq və düşüncə özünə
qayıdırdı. XIII yüzildən etibarən türkdilli
şeir sürətli inkişafa başlayacaq, qısa müddətdə
neçə böyük şair Yaxın-Orta Şərqin
şeir səmasında parlayacaq, hətta ərəbdilliliyini
bundan sonra da xeyli müddət hifz edəcək elmdə də
anadilli risalələr yazılmağa başlanacaq. Ancaq hər
halda bu da unudulmasın ki, əvvəlcə ərəb, sonra
farsdilli libasda cərəyan etmiş İntibahın da
dayaqları elə Farabi, Biruni, Xarəzmi, Nizami, Xaqani, Rumi …
kimi zirvə türklər olmuşdular.
O bir zamanlar səhvən, ya elə məqsədlə
qartanalıq hesab edilmiş əsrlərdə elmimizdə,
şeirimizdə də ciddi irəliləyişlərin
önündə gedən duyğu və düşüncə
nəhəngləri yetişmiş, mədəniyyətdə
və elmdə türkcəliyə meylin bayraqdarları
olmuşlar. Bircə elə Xacə Nəsirəddin Tusinin
Marağanı o dövrün mədəni aləminin ən
üstünlərini özündə qovuşduran mərkəzə
çevirməsi, bu münbit mühitin bir qafilə
seçkinləri doğurması səbəb olmuşdu ki, elm
də, mədəniyyət də, ədəbiyyat da,
bunların sağında-solundakı zahirən fəlsəfi-dini,
batindəsə daha çox ictimai-siyasi cərəyanlar da
büsbütün yeni bir cilvədə, getdikcə daha
artıq türkcə özünüifadəylə zühur
etsinlər. Türkcənin yalnız dil deyil, həm də və
daha əvvəl düşüncə tərzi olaraq meydanı
tədricən daha artıq tutması müstəvisində hələ
xeyli müddət farsdilli şeirimiz də, ərəbdilli
elmimiz də yolunu davam etdirəcək, lakin daha heç vəchlə
yad dillərdə özünügöstərmə tərəzinin
ağır gələn gözü olmayacaq və həm də
o başqadillilikdə əsil-kök özünü getdikcə
daha qabarıq büruzə verəcək.
Şair Hümam Təbrizi az öyrənilmiş həmin
çağların yaxşı bilinməsi gərək olan,
amma heyiflər ki, nisbətən bütöv irsi ilə vur-tut
yarım əsr bundan qabaq hamınınkılaşmağa
başlayan sənətkarlardandır. Altı-yeddi əsr əvvəl
adı Sədi Şirazi (1210-1292) kimi ustadlar ustadı ilə
eyni mərtəbədə tutulan bir övladımız cəmi
əllicə il qabaq böyük qayıdışı ilə
bizi sevindiribsə, kədərli düşüncəyə
dalmağa əsasımız daha çoxdur ki, gör biz
zamanında təfəkkür və duyğu karvanının
sarbanlarından olmuşlarımızı karvanlar ötüb
keçəndən çox sonra tanımağa
başlayırıqsa, qəflət yuxusuna necə dərindən
dalıbmışıq!
Azərbaycanlı mətnşünas, doktor Rəşid
Eyvəzi "bir türk şairinin "Divan"ının,
nəhayət ki, bir türk araşdırıcı tərəfindən
hazırlanaraq işıq üzü görməsini"
iftixarla bəyan edəndə 1973-cü il idi və həmin
kitaba müqəddimə yazmış Mənuçöhr Murtəzəvi
haqlı olaraq 11 əlyazma - "Divan"ın Paris, Lahor
nüsxələri və 9 cüng əsasında bir neçə
ilin gərgin zəhməti nəticəsində hasil olmuş
bu kitabı vərəqləməyi sadəcə xoşbəxtlik
deyil, "xoşvaxtlılıq" adlandırırdı.
Həqiqətən də, axı əsərin ərsəyə
gəlməsi bizim vaxtımıza təsadüf etməyərək
daha sonralara da qala bilərdi axı.
Çünki Hümam "Divan"ını mükəmməl
şəkildə hazırlamaq niyyəti daha əvvəllərdə
də olmuşdu axı. XX əsrdə İranın ən
qüvvətli və mötəbər alimlərindən
olmuş Məhəmməd Qəzvini hələ
1911-1916-cı illərdə Mirzə Mehdi xan Astrabadinin 1708-ci
ildən 1748-ci ilə qədərki hadisələri təsvir
etdiyi, Əfşarlar tarixinin əvəzsiz məxəzlərindən
olan "Tarix-e Cəhanqoşa-ye Naderi" salnaməsini ortaya
çıxarmağa çalışdığı dövrdə
bu arzusunu da bölüşürdü ki, Hümam
"Divan"ının Paris Milli Kitabxanasında yaxşı
bir nüsxəsi var, ömür vəfa etsə, gərək
bu əsəri çapa hazırlayaraq Gibb Fondu xətti ilə
nəşr etdirəm.
Bu istəyinin nədən yaranmasını da belə
anladırdı ki, həmin "Divan"dakı şeirlərin
çoxu Moğol dövrünün vəzir və
tarixçi alimi Fəzlullah Rəşidəddin, Qazan, Sultan
Əhməd və digər görkəmli şəxsiyyətləri
haqqındadır və Sədinin müasiri, həm də rəqibi
olduğundan bir qisim şeirlərini də şirazlı ustada
cavab yazmışdır. Yəni incə düşünən
Məhəmməd Qəzvini buna işarə edirdi ki,
Hümamın qoşquları həm tarixi, həm də ədəbi
məziyyətləri baxımından çox diqqətəlayiqdir.
Ancaq Hümamın fars və ərəbcə şeirlərini
əhatə edən və səbirlə, dəqiqlik şərtlərinə
mümkün qədər əməl etməklə
hazırlamış olduğu "Divan"ı yarım əsrdən
artıq müddətdə Azərbaycanın
ixtiyarındadırsa da, nə onun özü haqqında
müfəssəl bir araşdırma aparılıb, nə də
bu lətif şeirlər şairin ana dilinə tərcümə
edilib.
Zamanında Hümam gileylənirdi ki, o, təbrizli yox,
Sədi kimi şirazlı olsa idi, yəqin ki, onun ürək
ovsunlayan şeirlərinə layiqli qiymət qoyulardı:
Əlindədir çarəm, qıysa o canan,
Ancaq möhtacına verməyir aman.
Şirindir, qəlb oxşar Hümamın sözü,
Fəqət neyləmək ki, deyil Şirazdan.
(Hümam irsindən bütün şeir
parçaları Azərbaycan dilində öz tərcüməmdə
ilk dəfə səslənir).
Həmdulla Mustoufi Qəzvininin "Tarix-e qozide",
Əmin Əhməd Razinin "Həft iqlim", Əlişir
Nəvainin "Məcalis ün-nəfais" təzkirələri
şairimizin adının "Hümam", ya "Hümaməddin"
olduğunu xəbər verir. Ancaq əslində "Hümaməddin"
onun ləqəbi idi, adısa Məhəmməd olub. Şairin
adının məhz Məhəmməd olmasını onunla təmasda
olmuş və yetərincə də mötəbər salnaməçi
sayılan, daha çox İbn əl-Fuvəti kimi
tanınmış Kəmaləddin Əbülfəzl
Əbdürrəzzaq bin Tacəddin Əhməd "Təlxis
məcmə ül-üdəba" əsərində təsdiqləyir.
İbn əl-Fuvəti 10 il müddətində Marağa Elm Mərkəzinin
kitabxanasında çalışmışdı və Xacə
Nəsirəddinin yetirmələrindən idi. Daha sonra isə
o, dövrün digər mühüm elm ocağında -
Bağdaddakı Müstənsəriyyə kitabxanasında rəhbər
oldu. Kitabdarlıqsa o dövrdə elə sadəcə
müasir mənadakı kitabxana müdiri
anlayışından çox yüksəkdə dayanan,
daxilində böyük dəstə alimləri, şairləri,
müxtəlif yaradıcılıq sahələri üzrə
tanınmış mütəxəssisləri, xəttat və
rəssamları birləşdirən müəssisə idi. Bundan
sonra da yüksək vəzifələr tutdu, həmişə
oturub-durduğu həm hakimiyyətin, həm
ziyalılığın üst təbəqələrinin təmsilçisi
oldu. Qələmindən çıxanların da etibar ediləsi
olduğunu ötmüş tarixin tutuşdurma və
yoxlamaları çoxdan sübuta yetirib. Məşhur
kitabında İbn əl-Fuvəti şairimizin adı, künyəsi,
ləqəbi, nəsəbini İzzəddin Yəhya fi Səbah
Əli əş-Şeyx Hümaməddin Məhəmməd
ibn Əfridun ət-Təbrizi kimi verir.
Orta əsrlərdə zəkası, istedadı,
nüfuzu ilə parlayan bu qəbil insanları ehtiramla
"Şeyx", "Mövlana", "Xacə" deyə
nişan verərdilər. Ona "Mövlana" da deyiblər,
"Şeyx" də, "Xacə" də. Əslində
"Hümam" da həmin ləqəblərdən biridir
ki, mənası elə "Mövlana" deməkdir.
Və Hümamı həm də "Mövlana"
çağırıblar. "Hümam" kəlməsi Məhəmməd
Təbrizinin yalnız ləqəbi deyil, həm də
şairlik təxəllüsü idi.
Hümamın yalnız söz aləmində yox,
ürfan əhli arasında da hədsiz hörmət sahibi
olduğunu Elxanilər dövrünün müdrik vəziri (vəfatı
- 1284) Xacə Şəmsəddin Məhəmməd
Cüveyninin ona aid etdiyi bu təmtəraqlı təşbihlər
əyan edir: "Şeyx İmam Hümam Qüdvət ül-ənam
Zübdət ül-əyyam Məqbu ül-xəvas və əl-əvam,
Fərid üz-zaman Əkməl-i növ-ül insan Hümam
ül-millət ü v-əd-din".
Dövlətşah Səmərqəndi isə "Təzkirə
üş-şüəra"sında şairi "Müfəxxər
ül-ürəfa Xacə Hümaməddin" deyə təqdim
edirdi.
Ürəfanın iftixarı! Əhatəsində
olduğu bilgin, qarşısında sayğıyla baş əyilən
bolluca mərifət və qələm əhli arasında belə
ali qiyməti qazanmağı artıq Hümamın kimliyinin, hansı
üstünlüyə malik olmasının aşkar dəlilidir.
İbn əl-Fuvəti Hümamın atasının
adını "Firidun" göstərirsə də, Məhəmmədəli
Tərbiyət "Daneşməndan-e Azərbaycan"da onun
Əla, ya Əlaəddin oğlu olduğunu yazır.
Hümamla bağlı cünglərdən birində doktor Rəşid
Eyvəzinin tapdığı 8 beyt və o misraların
altındakı imza sanki hər şeyi öz yerinə qoyur.
"Əlaəddin Firidun" adlı şairin bu sətirlərinə
cüngün tərtibçisi bir əlavə də edir:
"Mövlana Hümaməddin Təbrizinin atası" (Bu
cüngdən söz açılmışkən daim rəhmətlərlə
anılmağa layiq bir soydaşımızı bir daha məhəbbətlə
xatırlayaq. Bu nadir şeir məcmuəsi də həyatını
millətin sərvəti olan əlyazmaları toplamağa həsr
etmiş, xəzinəsinin mühüm hissəsini də Təbriz
Milli Kitabxanasına hədiyyə etmiş Hacı Məhəmməd
Naxçıvaninin həmin şahanə sovqatları
sırasındadır).
Hümam Hümamlığında, bir halda ki adı
Firidun, ləqəbi Əlaəddin olan daha bir naməlum
şairimizin tək şeiri də olsa qarşımıza
çıxıb, bu düşündürücü
misraların yanından kirimişcə ötmək düz
olmaz. Əvvələn, bu insan bizə Hümam kimi ilhamı
yüyənsiz, sözü və ömrü hikmətlə
dolu bir övlad bağışlayıb, ikincisi də, elə
bir parçacıq şeirindəki işarələrdən bəlli
olur ki, Əlaəddin Firidun da ədəbiyyatda təsadüfi
adam deyilmiş, şeir aləmində heç də ikinci dərəcəlilərdən
deyilmiş. Yəni Hümam elə oddan törəmiş
alovmuş və yəqin, bu qitəsi gələcəkdə
Əlaəddin Firidunun qələmindən
çıxmış daha başqa örnəklərlə də
qovuşarsa, biz daha bir qadir itkin şairimizi də yenidən kəşf
edərik:
Mən fəzl ormanının aslanı, söz
göylərinin məhtabı,
Mənə bu dövrdə müşküldü ki, bənzər
olacaq tay tapıla.
Qələmimdən süzülən gövhəri
gördükdə utanmış inci,
Qərq olubdur o da öz xəcl tərindən yaranan dəryada.
Füzəlalar mənə "həzrət" deyərək
hörmət ilə qalxarlar,
Üləmalar məni gördükdə durub tez
yönələr pişvaza.
Nə xəta çıxdı əlimdən, nə də
bir bəd əmələ batdım mən,
Dilimə gəlmədi bir kəlmə də bilmərrə
savabdan başqa.
Neçə yol nəfsimi Əyyub kimi təslim edərək
dözdüm mən,
Hər çətinlik ki gəlib qarşıma
çıxdı, arayıb mən də onun
Ən dürüst həllini tapdım iti fəhmimlə,
dərin idrakla.
Hümam Təbrizdə doğulmuşdu, elə son
ünvanı da Təbriz oldu, "Məqbərət
üş-şüəra"da rahatlıq tapdı. Ancaq onun
ömründən çox şəhərlər də
keçdi və o şəhərlərin bir parası
Hümamın şeirlərində də göründü. Həyatının
müəyyən ayları, illəri Marağa ilə,
Şirazla bağlı oldu.
Şair Marağa ilə, onun küləyi ilə dərdləşirdi,
ondan Marağadakı qohum-əqrəbasını soruşurdu,
onun vasitəsilə sevgilisinə salam göndərirdi:
Ey Marağa yeli, de, yarım necə,
Əqrəbam, pərişan nigarım necə?
Qan olub ürəyim həsrətdən, söylə,
Mənsiz qalanlarım, dildarım necə?
Hümamın vəfatı təkcə ilinə deyil,
gününə qədər dəqiqliyi ilə bəlli olsa
da, doğum tarixi naməlumdur. Hərçənd şairin təvəllüd
tarixi ilə bağlı bəzi mülahizələr irəli
sürülüb, lakin bunların doğruluğu şübhə
oyadır, heç olmazsa məntiqi sübutlara əsaslanaraq
belə qəbul etmək mümkün görünmür.
Düşünürəm ki, bu sualın cavabı
haçansa Hümamın şair atasının
"Külliyyat"ı aşkarlanarkən oradakı
hansısa mənzumədən çıxa bilər.
Hümamın nə təhər rəhmətə getməsinin
hekayəsini salnaməçi və şair, əslən
heratlı olan, Şahrux və oğlu Baysunqurun tarixçisi,
həm də hər ikisinin dərbarında xidmətdə
olmuş, vəzifə daşımış Əhməd ibn Cəlaləddin
Məhəmməd ibn Yəhya (1375-1442) "Məcməl Fəsihi"
əsərində nəql edir.
Daha çox Fəsih Xafi kimi məşhur olmuş bu
salnaməçi 714 (1314)-cü ilin hadisələrini təsvir
edərkən Hümamdan da söz açır. Yazır ki,
İmam Hümaməddin Təbrizinin o vaxt 116 yaşı
vardı və Təbrizdə hamama getdi. Hamamın yuxarı
başındakı qaynar taxtanın üstündə oturdu, əyləşincə
də istinin şiddətindən qəşş etdi və
aşağı yıxıldı. Onu dışarı
çıxaranda artıq keçinmişdi (Xafinin
yazdığına inansaq, onda şairin 1198-ci ildə
doğulduğu qənaətinə gəlməliyik. 116 yaş
həm çox şişirdilmiş rəqəm təsiri
oyadır, həm də lap o yaşa çatsa belə, bunca
ixtiyar bir kişinin təkcə hamama gedib dərhal da
yuxarı başa, ocaq hissəsinə qalxması adama heç
ağlabatan gəlmir. Odur ki, doğum tarixini hələ ki
açıq saxlamaq məsləhətdir).
Təzkirəçi Əli İbrahim xan Xəlil
"Suhuf-i İbrahim"ində Hümamın 713, başqa bir
rəvayətə görə isə, 714-cü ildə
dünyadan köçdüyünü yazır.
Rzaqulu xan Hidayət də "Riyaz ül-arifin" təzkirəsində
713 tarixinin üstündə dayanır.
Bunlardan xeyli əvvəl elə Dövlətşah Səmərqəndi
də həmin ili Hümamın vəfat tarixi kimi
götürürdü.
XIV-XV yüzillərdən sonranın təzkirələrində
gah 713, gah 714 tarixi təkrarlanır ki, onları sadalamağa
lüzum yoxdur, çünki hamısının istinad etdiyi
ilk mənbə ya Dövlətşahdır, ya da Fəsih Xafi.
Hümamın ən dəqiq vəfat tarixi isə
müasiri Sədi Təbrizinin onun ölümünə həsr
etdiyi mərsiyədə əks olunub. "Fəzl günəşi"
adlandırdığı, "kamal köhlənini çaparkən
bənzəri olmayan" deyib gedişinə
ağladığı qələm qardaşı haqda ağısını
Sədi Təbrizli belə bitirir ki:
Ruz-e doşənbe bud səfər-e kaf o hey ke sal,
Bi dal o zal moddət-e hecrət bedide bud.
Hümam səhər çağı, düşənbə
günü (bazar ertəsi) hicri-qəməri təqvimlə səfər
ayının 25-də 714-cü ildə (11 iyun 1314) Haqqın dərgahına
qovuşdu:
Ruh-e Homam-e mellət o din zan əruc yaft,
Kin xakdan nə layeğ-e an bərqozide bud.
Uçdu fəzaya ruhu o millət və din
Hümamının,
Layiq deyildi bu torpaq o səmadan seçilmişə.
Hümam Təbrizinin Marağa ilə bağlı
şeirini oxuyanda, bu şəhərlə onun sıx
bağlılığı, orada yaxınlarının,
qohumlarının olması haqda öz məlumatını nəzərə
alanda və Dövlətşah Səmərqəndinin bu xəbərini
də ki "Xacə Hümaməddin Xacə Nəsirəddin
Tusinin şagirdlərindən idi", belə bir mülahizə
də yaranır ki, poeziya sadəcə şairimizin maraq istiqamətlərindən
biri imiş, o, Marağa rəsədxanası və Marağa
Akademiyası ilə bağlıymış.
Dövlətşah Səmərqəndi Hümamın
ustadları sırasında Qütbəddin Şirazinin
(1236-1311) də adını çəkir. Qütbəddin
Şirazu 1263-cü ildə Marağaya gəlmiş, Nəsirəddin
Tusinin məktəbində riyaziyyat, nücum, məntiq, fəlsəfənin
əsaslarını öyrənmiş, bu elm sahələrinin
hər birinə dair qiymətli risalələr qələmə
almışdır.
Hümam Təbrizi ərəbcə yazdığı
şeirlərində Qütbəddin Şirazini də mədh
edir və digər elm və təhsil mərkəzinin - Təbrizdəki
"Rəşidiyyə" mədrəsəsinin qurucusu olan
vəzir Fəzlullah Rəşidəddinə həsr etdiyi
silsilə tərif şeirlərindən birində ondan, öz
sözü, "iltimas edir ki", Qütbəddindən
qayğılarını əsirgəməsin və "Təbriz
əhli də bu qayğıların müqabilində onun xanədanına
dualar edib, aminlər söylər".
Hümam Təbrizinin elmi risalələri hələ
aşkarlanmayıbsa da, onların gec-tez tapılacağı
ehtimalı qüvvətlidir. Bu gümanımızı
qüvvətləndirən digər səbəb də Fəzlullah
Rəşidəddindən qalan bir rəsmi məktubdur ki, orada
xüsusi xidmətlərinə görə
mükafatlandırılmalı olan 51 alimin adı çəkilir,
hər birinin nə ilə mükafatlandırılması
göstərilir və o siyahıda 20-ci yerdə Hümam Təbrizinin
adı gəlir. Ona 1000 dinar nağd pul, sincab dərisindən
bir kürk və bir dənə də su saatı verilməsi
buyurulur. Həmin siyahıdakı mükafatlandırılmalı
görkəmli alimlər cərgəsində Qütbəddin
Şirazinin də adı yer alır. Ona da 1000 dinar, 1 ədəd
su saatı və samur dərisindən kürk ənam edilməsi
nəzərdə tutulur.
Qütbəddin Şirazini burda bir də ona görə
xatırladıram ki, onun müxtəlif elm sahələrinə
aid çoxsaylı risalələrinin varlığı bəllidir,
əksəri də bu gün ortadadır və Hümamın
da adı həmin mükafatlandırma sənədində
"üləma-ye məzkur" - "adıçəkilən
alimlər"dən biri kimi əks olunubsa, demək, onun da,
eyni səviyyədə təltif edildiyi Qütbəddin kimi,
elmi risalələri az deyilmiş.
Hümamın səfərə
çıxdığı şəhərlər
sırasında Bağdadın da adı var. Təzkirələr
Hümamın həmin səfəri ilə əlaqədar təfərrüatları
çatdırmayıbsa da, özü bir şeirində
Bağdada getməsindən bəhs edir. Ad çəkməsə
də, şeirin məzmunundan belə anlaşılır ki, dərin
hörmət bəslədiyi bir nəfərin dəvəti ilə
Bağdada gəlib. Ancaq Vətəndən ötrü
darıxır, Təbrizin xiffətini çəkir və
"Azərbaycan torpağından - xak-i Azərbaycan"dan
ötrü qəribsədiyini birbaşa deyir:
Açdı əğyara gözüm yaşı
könül qəmlərimi,
Ayrılıq faş elədi sirrim olan pünhanı.
Həsrətimdən gətirər töhfə kimi
Bağdada,
Dəclənin dalğaları xak-i Azərbaycanı.
Hümamın "sakini" olduğu XIII yüzil, bir
az da XIV yüzilin əvvəli Yaxın və Orta Şərq
xalqlarının mədəni tarixində IX-XII yüzillərdə
ərəb və farsdilli libasda təzahür etmiş
İntibahın vaxt ötdükcə daha parlaq şəkildə
üzəçıxması idi və aparıcı
İntibah dövrü ziyalılarına Qərbdə də,
Şərqdə də xas olan başlıca keyfiyyətlərdən
biri universal bilginlik, digəri çoxdillilik,
üçüncüsü digər mədəniyyətlərlə
öz milli mədəniyyəti arasında körpü olmaq vəzifəsini
yerinə yetirmək idisə, sadalanaraq artırıla bilən
bu özəlliklər sırasında səyahətlərə
maillik də vardı. Görünür, bu, İntibah
ziyalısının
işıqdaşıyıcılığının,
ötürücü olmaq məziyyətinin bir təzahürü
idi ki, hansının ömür yolunu araşdırmağa
başlayırsansa, görürsən daim yollardadır, bu
ölkədən o ölkəyə, bu şəhərdən
o şəhərə səfərdədir.
Hümam da beləcə. Qaynaqlar onun daha iki səfərinin
sorağını verir, bəlkə bunlar onun gəzib-gördüyü
ölkələrin, şəhərlərin heç də
hamısı deyil.
Fəxrəddin İraqi (1213-1289)
"Külliyyat"ında xəbər verir: "Belə
hökm oldu ki, Cüveyninin sahib-i divanı (indiki
anlayışla, maliyyə naziri - R.H.) Xacə Şəmsəddin
Rum vilayətinə baş çəkmə və Əmir
Müinəddinin əmlakını ələ keçirməkçün
səfərə çıxsın. Mövlana Şəmsəddin
əl-Übeydi, Mövlana Hümaməddin və Əminəddin
Hacıbala o səfərdə Xacə ilə həmsöhbət
idilər".
Rum səfərinə çıxmasının izləri
Hümamın "Divan"ında da qalıb.
Qitələrindən birində Hümam belə
yazırdı:
Səba sənin ətrini gətirsə bu diyara,
Hümamçün bərabərdir iki həftə
vüsala.
Xoş ətrini alıram Rumda şimal tərəfdən,
Qulamın olsun şimal, şimalım qulun ola.
"Şimal" çoxmənalı sözdür və
Hümam da burda həmin çoxmənalılıqla
oynayır. "Şimal" bir yandan səmti, qütbü
nişan verirsə, o biri tərəfdən sol tərəf,
surət, çöhrə, bədən anlamları da var.
Hümam "Qulun olsun şimalım" yazanda "canım sənə
fəda olsun!" söyləyir, "bədənimin sol tərəfindəki
ürəyim sənin qulun olsun" deyir.
Digər bir şeirində yenə Hümam Rumda
olduğunu vurğulayır və yenə Təbrizdən, yaxud
da ölkəni bütöv götürərək İrandan
yox, məhz Azərbaycandan gəldiyini söyləyir.
Bunu bir daha ona görə qabardıram ki, bəzən
qaynaqlardan, tarixlərdən bixəbərlər şairlərimizin
Vətənin adı olaraq o əsrlərdə "Azərbaycan"
kəlməsini guya işlətmədiklərini
naşılıqla iddia ediblər. Hümam XIII yüzilin
şairidir və dönə-dönə "Azərbaycan"
deyir. Bu dördlüyündə Hümam yenə Rumdadır,
görünür, bu dəfə də səfəri uzanır,
gözü yoldadır və Azərbaycandan gələn bir əziz
onu intizardan qurtarır, ürəyini Vətənlə
doldurur:
Ey cana aram verən, sən rahət-i cansan mənə,
Qəlb əsir-i dərd idi, sən gəlmisən dərman
mənə.
Sən sorursan halını yorğun düşən
bu xəstənin,
Lütf edib gəldin qonaq Ruma Azərbaycandan mənə.
İçərisində "Azərbaycan" kəlməsi
olan şeirlərdən bir örnək olaraq burada
Hümamın çevirdiyim mənzuməsinin farscasını
da iqtibas edirəm:
Qoftəm ey aram-e canha rahət-e can amədi,
Del əsir-e ərd bud əz bəhr-e dərman amədi.
Ta koni bimar porseş xəste-yi avarera,
Lotf kərdi ta be Rum əz Azərbaycan amədi.
Hümamın daha bir səfəri Məkkəyə
olmuşdu. Yəni əslində bu bir ziyarət idi ki,
Hümam kimi mərifət əhlinin bir müsəlmançün
savabların vaciblərindən olan bu ayini yerinə yetirməsi
qanunauyğundur. Amma Hümam hər il Kəbə evini görmək
eşqi ilə Məkkə sarı yönələn
başqalarından fərqli idi axı. Bu səfər
onunçün həm ziyarət idi, həm də ticarət
yox, indiyəcən görmədiyi nələrisə görmək,
hansısa təzə təcrübələri
qazanmaqçün bir səyahət.
Hümamın Məkkə səfərinə
çıxmasının təsdiqi "Suhuf-i İbrahim"
təzkirəsindədir: "Xacə Hümam müəzzəm
Kəbənin təvafıyla (çevrəsinə dolanaraq -
R.H.) kamına yetdi".
Kəbə ziyarəti mənzərələrinin
şəklini Hümam qəsidələrində də çəkib:
Kəbə başında dövrə vurar həccə
gedənlər,
Sonsuz bir səfa ilə, baş əyib yeri öpər.
Bitirib tez səy ilə yollanarlar ordan da
Gah Səfadan Mərvaya, gah Mərvadan Səfaya.
Hümamın bir şair və alim kimi şöhərəti
və nüfuzu öz yerində, o həm də iman əhli
arasında xüsusi hörmət-izzət sahibi, müqəddəs
tutulan bir şəxsiyyət idi. Onun xanəgahına
axın-axın insanlar üz tutardılar. Həm də bu
işığa can atanlar arasında yüksək bilik və mərifət
yiyəsi olanlar çox idi.
Onlardan biri zəmanəsinin alimləri və salnaməçiləri
arasında qələminin sanbalı ilə seçilən, Səlcuqlar,
Xarəzmşahlar çağlarının və bir qədər
Moğol dövrünün əvvəllərinin
münşaatından - məktublaşmalarından ibarət
"İdrarnamə" adlı son dərəcə
mühüm tarixi əhəmiyyətli kitab bağlamış
Xacə Şəmsəddin Məhəmməd Cüveyni idi ki,
hər il Hümam xanəgahına 1000 dinar təmənnasız
yardım edirdi.
Hümam kamil məktəb görmüş söz
ustası idi və özündən əvvəlki şeirin
keçdiyi yola da yaxşı bələddi, axarında
olduğu müasir ədəbiyyatın da
yaxşı-yamanından agahdı. Onu da, bunu da yaxşı
bilməsinin isbatı yenə "Divan"ındadır.
Zamanının ədəbi ənənələrindən
birinə riayət edərək Hümam bir qisim sələflərə
də bənzətmələr yazıb,
çağdaşı olan şairlərlə də səsləşmələri
var. Ənvəri Əbivərdiyə də, Sənai Qəznəviyə
də, Nizami Gəncəviyə də nəzirələr
yazıb, müasiri Qütbəddin Ətiqi ilə şeirləşməsi
var.
Ancaq Hümamın ən çox təsirləndiyi
üslubunu, yolunu şeirində davam etdirməyə
çalışdığı Müslihəddin Sədi
Şirazi olub. Sədi Hümamın yaşca böyük
müasiri idi və Hümam şeirə gələndə Sədi
artıq elə ad-san sahibi idi, şöz meydanında onun dəsti-xətti
elə hüsn-rəğbət qazanmışdı ki, bu
yaradıcılığın sehrinə düşməmək,
o cür yazmağa çalışmamaq qaçılmaz kimi
idi. Ona görə də Sədi dalğası Hümamın
bütövlükdə yaradıcılığından,
xüsusilə qəzəllərindən çox dərinə
getmədən də sezilməkdədir.
Hümam öz "Divan"ında Sədi ilə
tez-tez görüşür, onun qanını Şirazlı
Şeyxin "Divan"lndan alan beytləri bollucadır.
Amma onlar həyatda da görüşmüşdülər.
İki mahir söz ustasının - şöhrətinin zirvəsinə
çatmış Sədi ilə yeni bərq vurmağa
başlayan Hümamın görüşü haqqındakı
bu hekayət Dövlətşah Səmərqəndinin təzkirəsindədir:
günlərin birində Şeyx Sədi Təbrizdə hamama
gedir və təsadüfən Xacə Hümam da
ordaymış.
Orta əsrlərdə də hamamlar, xüsusən
böyük şəhərlərdəki bu cür məkanlar
yalnız yuyunub-təmizlənmək yeri deyildi. Hamama yollananlar
çimib qurtarandan sonra da saatlarla orda qalar, söhbətləşər,
musiqi dinlər, fikir bölüşərdilər. Buralar o
çağların özünəməxsus klubları, həm
də şeir-sənət yığnaqları idi. Səbəbsiz
deyil ki, ərəb poeziyasında həmmamiyyə silsilələri,
türkdili şeirdə şəhrəngizlər, farsdilli ədəbiyyatda
şəhraşubların xeyli hissəsi elə hamamlardakı
adi məişət ab-havasından uzaq olan əlverişli
yaradıcılıq mühitində yaranıb.
Dövlətşahın xəbəri zahirən təəccüb
də oyada bilər - Sədi yaşca Hümamdan
böyükdü, ancaq cavan şairi görəndə o,
tası su ilə doldurub Xacəyə yaxınlaşır və
hörmət əlaməti olaraq suyu onun başına
tökür.
Hümam şeirlərinə uzaqdan-uzağa
vurğunmuşsa da, hələ Sədinin üzünü
görməyibmiş. Ona görə də soruşur ki,
ağa dərviş, hardansınz?
Şeyx cavab verir ki, Şirazın pak
torpağındanam. Hümam qayıdır ki, əcəbdir,
bizim şəhərdə itə daş atırsan,
şirazlıya dəyir. Şeyx gülümsəyərək
dillənir: "Bizdə isə əksinədir. Şirazda təbrizlilərin
sayı itlərin miqdarından azdır".
Hümam bu hazırcavab deyişdən tutulur, geyinib
hamamxanadan çıxır, Şeyx də onun ardınca
qalxır, gəlir bir kənarda oturur. Hümam Şeyxə
sarı qanrılıb xəbər alır ki, Şirazda
heç Hümamın şeirlərini oxuyurlarmı?
Şeyx cavab verir ki, bəli, onun Şirazda
böyük şöhrəti var. Hümam dübarə soruşur
ki, o şeirlərdən heç yadınızda olanları
var?
Sədi cavab verir ki, bir beyti hafizəmdədir.
Və əzbərdən deyir:
Dər miyan-e mən o deldar Homməst hicab,
Vəvt anəst ke, in pərdə be yeksu fekənəm.
Mənlə dildarın hicabı Hümam olmuş indi,
Vaxt çatıbdır ki, atım bir yana o pərdəni
mən.
Bu beytdə "Hümam" sözü elə
işlədilib ki, onu Hümam kimi də oxumaq olar,
"hamam" kimi. Hər iki halda məna düppədüz
alınır.
Sədi bu beyti söyləyincə Hümam başa
düşür ki, qarşısındakı hansısa dərviş
yox, elə Şeyx Sədidir ki, durub.
Deyir, sizi Allaha and verirəm, düzünü deyin, Sədimisiniz?
Şeyx təsdiq edir.
Hümam Şeyxin ayaqları altına
yıxılıb qucaqlayır, üzr istəyir və onu evinə
dəvət edərək şərəfinə ziyafət
verir.
Dövlətşahın bu rəvayətini başqa
müəlliflər də təzkirədən-təzkirəyə
ötürmüşlər.
Ancaq daha maraqlısı budur ki, hekayət "hind
bülbülü" Əmir Xosrov Dəhləvini (1253-1325) də
cəzb etmiş, o, "Xəmsə"sində həmin əhvalatı
bir cüt beytində xatırlamışdır:
Farsca şeiri uca həddə çatdıran,
Eyni vaxtda olub iki şəxs əyan.
Birisi Hümamdı, digəri Sədi,
Hər biri qəzəldə kamil zirvədi.
Hümamın bizə yadigar qalan qələm bəhrələrinin
çoxu məhəbbətin zərif tülünə
bürünmüş qoşqulardır. Elə şeirlər
ki, məhəbbətin özü kimi heç vaxt qocalan, təravətdən
düşən deyillər. Ancaq Hümamın məharətlə
yazılmış mədhiyyə qəsidələri də
var. Qəsidələrin qismətində bu bəxtsizlik var ki,
onların ən qüdrətli şairlər tərəfindən
yazılanları belə qələmə
alındığı çağlarda hökmdar könüllərini
sevindirmək, onların ovqatını xoş etmək məqsədilə
söyləndiyindən sətirlərində şairin ürək
döyüntüləri adətən eşidilmir. Zamanında
yazanına bəxşişlər nəsib edərək onu fərəhləndirsə,
güzəranını daha rahat etsə də belə, mənzumələrin
çoxu gözəl əski libaslar kimi ömrünü
başa vurub, daha ürək qızdırmır, hiss tərpətmir.
Söz yox, bu cəhət müəyyən qədər
Hümamın ayrı-ayrı hökmdarları,
gününün səlahiyyət yiyələrini öyən
şeirlərində də var. Ancaq vacib bir fərqlə.
Hümamın Elxani hökmdarları Sultan Əhmədi,
Qazan xanı, Sultan Məhəmməd Xudabəndəni, Elxanilər
səltənətindəki vəzirlərdən Xacə Şəmsəddin
Məhəmməd Cüveynini, xacə Şərəfəddin
Harun Cüveynini, Sədəddin Məhəmməd ibn Əli
Mustoufi Sacvəcini, Xacə Rəşidəddin Fəzlullahı,
əyyamının üstün zəka və mərifət
sahibləri Mövlana Qazi Mühibəddini, Nəcməddin
Əbdülqaffarı, Mövlana Qütbəddin Şirazini,
Şeyx Sədəddin Məhəmməd ibn əl-Müəyyəd
Həmuyyəyi Cüveynini tərənnüm edən şeirləri
də qalır. Lakin onlar əsla cansız, nəfəs almayan
qoşqular deyillər. Onların hər biri indi
yaşanmış tarixə ayna tutmaq gücündədir,
Hümam çağlarının bəzən salnamələrdə
belə əksini tapmamış tarixi gerçəklərini
bugünə pıçıldayır. Alimliyi
özünü bu şeirlərində büruzə verir. Elə
yazıb ki, bu şeirlər bir səslənişlik, yalnız
ilk dəfə oxunduğu anda hökmdarı, ya digər
öyülənləri şad eləməklə tükənməyiblər.
İçərilərində daşıdıqları tarix
soraqlarıyla sabaha da uça, bugünə də çata
biliblər.
Bu şeirlərindəsə bir Hümamdır, bir qələmi
və kağızı, bir də ürəyi:
Ləbinə dəyməsə, meydən nə fayda?
Ləbinsiz ləzzət yox tünd şərabda da.
İkimiz, göy çəmən, mey, çay
qırağı,
Vüsalın olmasa boşdur cahan da.
Sənin sevgin gəncdir, gənc qalacaq da,
Cahana can verər dünya durduqca.
Nə qədər ki xalqın ağzında dil var,
Eşqin sözü gəzər el arasında.
Hümamın bu sözlərinin aidiyyəti yalnız
sevgiyə yox, həm də onun özünədir. Nə qədər
el var, şairin sözü dillərdə dolaşacaq və
dillərdə yalnız bu solmaz sevdalı şeirlər deyil,
elə Hümam Təbrizinin özünün də adı məhəbbətlə
daşan misralar kimi səslənəcək.
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.10-11.