“Literaturnaya qazeta”da Əliağa
Vahidə həsr olunan məqalə çap olunub
Rusiyanın məşhur “Literaturnaya qazeta” nəşrində
Əliağa Vahidə həsr olunan məqalə çap
olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, tibb elmləri
doktoru, araşdırmaçı alim, professor Mehman Məmmədovun
müəllifi olduğu “Böyük Füzulinin varisi. Sergey
Yeseninin bakılı dostu-qəzəl ustadı Əliağa
Vahid” adlı məqalə görkəmli qəzəlxanın
anadan olmasının 130 illiyinə həsr olunub.
Müəllif məqalədə
Ə. Vahidin doğuşdan şeir yazmaq qabiliyyətinə
malik olduğunu, ona görə də
yaradıcılığının ilk illərində tez-tez
meyxana – şeir müsabiqələrində iştirak etdyini və
onun haqlı olaraq meyxananın banisi hesab oldunuğunu qeyd edib.
“Vahid nomenklatura şairi olmağa can
atmadığına görə hakimiyyət ona xüsusi diqqət
yetirmirdi. O, azad yaradıcılığa üstünlük
verib, əsasən lirik şeirlər yazıb. Əminliklə
demək olar ki, sovet dövründə o, Xruşşovun
“mülayimləşmə”sindən çox əvvəl, incəsənətin
müəyyən qədər azadlıq qazandığı
vaxtlarda alternativ poeziya yaratmışdı.
Yaradıcılıqda azadlıq eşqi, çox güman ki,
onu istedadlı rus şairi Sergey Yeseninə
yaxınlaşdırıb”, - M. Məmmədov bildirib.
Məqalədə Əliağa Vahidlə Sergey Yesenin
tanışlığından, Vahidin Yesenini ədəbi məclislərə
dəvət etməsindən, görkəmli qəzəlxanın
poeziyasından bəhs olunub.
Qeyd edək ki, “Böyük Füzulinin varisi” adlı
məqalə “Literaturnaya qazeta” nəşrinin əsas səhifəsində
dərc olunub.
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.9.