Kukla teatrı
janrında klip - "Sıradan Adam"
Tanınmış reper, yazıçı Qaraqan fərqli
və düşündürücü bir layihə -
"Sıradan Adam" adlı yeni mahnısıyla gündəmə
gəlib. Mahnının vizual həlli çox
maraqlıdır.
Bu, Azərbaycanda ilk dəfə kukla teatrı
janrında hazırlanan klipdir. Hadisələrin mərkəzində
müəllifin Sıradan Adam adlandırdığı bir
obraz dayanır. O, fərqli düşünsə də,
kasıbdır, uğursuzdur. Divarda Nizami Gəncəvinin rəsminin
asılması onun mədəni bir insan olduğuna işarə
edir.
Süjetin başqa bir maraqlı detalı masanın
üzərindəki qəzetdir. Qəzetdə plastik əməliyyatlar
vasitəsilə insanların getdikcə bir-birinə daha
çox bənzədiyi vurğulanır. Bu isə Sıradan
Adamın kütlə içində tək
qaldığını və onların bayağı
dünyasına uyğunlaşmaq istəmədiyini göstərir.
Cəmiyyət tərəfindən qəbul edilmədiyi
üçün təkliyə məhkum olan bu insan sonda əlində
"2+2=5" yazısı ilə şəhərin mərkəzinə
çıxır.
Bu simvolik səhnə Sıradan Adamın ətrafındakı
yalanları qəbul etdiyini və onlarla
barışdığını göstərir. Belə
olduqda, üzsüz, formasız, bir-birinə bənzəyən
skelet insanlar ona yaxınlaşır və xorun müşayiəti
ilə mahnı oxumağa başlayırlar.
Klipin ikinci hissəsində Sıradan Adamın
içində üsyan qopur. O, həqiqi fikirləri ilə
insanlara müraciət etməyə çalışır.
Lakin bu fərqliliyi insanlar qəbul etmir və onu barmaqla
göstərməyə, daş atmağa başlayırlar. Nəticədə,
o, cəmiyyətdən kənarlaşdırılıb ruhi xəstəxanaya
salınır.
Mahnının əsas mesajı budur ki, fərqli
düşünən, mədəni insanı bayağı
kütlə qəbul etmir. Belə insanlar bütün zamanlarda
və bütün məkanlarda
sıxışdırılıb
uzaqlaşdırılırlar. Kütlə onları "dəli"
adlandırır, öz içində əridib yox edir. Cəmiyyətin
inkişafı üçünsə məhz belə
adamların, fərqli düşünənlərin,
dünyanı ağ-qara deyil, alabəzək, rəngli görənlərin
olması nəinki lazımdır, hətta vacibdir.
Qeyd edək ki, Qaraqan hər zaman
düşündürücü və cəmiyyətə
mesaj verən işləri ilə fərqlənib. O, öz
yaradıcılığı ilə sosial problemləri
qabardır və fərqli yanaşmalar sərgiləyir. Buna qədər
Qaraqan və Yaradıcı Birlik komandası Azərbaycanda ilk
süni intellektlə çəkilmiş klipi və ilk
animasiya komiksi kimi vizual yeniliklərə imza
atmışdır. Hazırda isə Qaraqan
(https://search.app/KWaeZUjgaG4k2twg7) ABŞ-da olmasına baxmayaraq, Azərbaycanda
"Mədrəsə" (https://search.app/k659ruv8BNBwxDqH9) adlı sənədli filmi təqdim
etməklə fəlsəfi mühazirə dərsləri təşkil
edir.
525-ci qəzet .- 2025.- 19 fevral(№31).- S.9.