Azərbaycan-Suriya münasibətlərində
yeni başlanğıc
Ötən ilin dekabrında Bəşər Əsəd
rejiminin süqutundan sonra Suriya yeni bir dönəmə qədəm
qoydu. Bu yeni dönəm təbii ki, həm də ölkələrlə
fərqli münasibətlərin qurulması ilə xarakterizə
olunur. Azərbaycanla Suriya arasında da artıq əlaqələrin
bərpası və inkişafı istiqamətində
addımlar atılmaqdadır. Rəsmi Bakı post-Əsəd
rejimi dövründə Suriyaya humanitar yardım göstərən
ilk ölkələrdən biri oldu.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də
Suriya Ərəb Respublikasının keçid dövrü
Prezidenti Əhməd əl-Şaraaya təbrik məktubu
göndərib. Məktubda deyilir: “Suriya Ərəb
Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin
icrasına başlamağınız münasibətilə Sizi
təbrik edir, xalqınızın rifahı naminə məsul
fəaliyyətinizdə uğurlar arzulayıram. Biz Azərbaycan
ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan
ölkənizin bu mühüm keçid dövründə
lazımi dəstək və yardım göstərməyə
hazırdır.
Bu gün Azərbaycan-Suriya münasibətlərinin
keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və
əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi
üçün yaxşı imkanlar yaranmışdır. Bu
xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana
səfərə dəvət edirəm. Sizə ən xoş
arzularımı çatdırır, dost Suriya xalqına
sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.
Artıq Azərbaycan 13 illik fasilədən sonra paytaxt
Dəməşqdə səfirliyinin fəaliyyətini də bərpa
edib. Xarici İşlər Nazirliyinin bununla bağlı
yaydığı məlumatda bildirilib ki, səfirliyin müvəqqəti
işlər vəkili Dəməşq şəhərinə
ezam edilib və fəaliyyətə başlayıb.
Azərbaycan XİN bəyan edib ki, rəsmi Bakı
beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada
davamlı sülhün və sabitliyin bərqərar
olmasını dəstəkləyir: “Azərbaycan və Suriya
arasında dostluq və əməkdaşlıq əlaqələrinin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyması, siyasi, iqtisadi, mədəni və digər sahələrdə
tərəfdaşlığın inkişaf etdirilməsi
üçün yeni imkanların yarandığı bu vacib
dövrdə səfirliyimiz Suriyanın keçid dövrü
hökuməti ilə yaxından əməkdaşlıq edərək,
ikitərəfli əlaqələrimizin inkişafına dəstək
verəcək”.
Azərbaycan ilə Suriya arasında diplomatik əlaqələr
1992-ci il martın 28-də qurulub. 11 aprel 1997-ci il tarixində Dəməşqdə
Azərbaycan səfirliyinin təsis edilməsi haqqında qərar
qəbul edilib. Azərbaycan səfirliyi 2008-ci il 16 may tarixində
Suriyada fəaliyyətə başlayıb. Sonra bu ölkədə
cərəyan edən məlum hadisələr fonunda Azərbaycan
səfirliyi fəaliyyətini dayandırıb. Ümumiyyətlə,
vətəndaş müharibəsi zamanı Bakı Əsəd
rejimi ilə münasibətləri davam etdirməyib, onu
tanımayıb.
Özünü qərbyönümlü göstərən,
guya Avropa strukturlarına inteqrasiya xətti götürən
Paşinyan hakimiyyətinin isə Əsəd rejimi ilə
çox yaxın və isti münasibətləri olub. İrəvan
Qərbin sanksiyaları altında olan, diktator elan etdiyi Əsəd
rejimi ilə yaxın müttəfiqlik münasibətinə
davam etdirib. Bu, özünü yüksək səviyyəli səfərlərdə,
məktub mübadilələrində, hərbi əməkdaşlıqda
göstərib. Ermənistan hərbçiləri Hələbdə
xidmət edib. Minatəmizləmə kimi qələmə verilən
bu xidmət əslində Əsəd rejiminə dəstək
məqsədi daşıyıb, Ermənistan hərbi
kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək
verib.
Nikol Paşinyan hər il müstəqillik
günündə Əsədə təbrik məktubu
ünvanlayıb. Məsələn, məktubların birində
deyilir ki, “tarixi sınaqlardan keçmiş Ermənistan-Suriya
dostluğu iki ölkə arasında qardaşlıq münasibətlərinin
davam etdirilməsinin təməlini təşkil edir. Sonuncu 17
aprel 2024-cü ildəki məktubda Paşinyan qeyd edib ki, “Ermənistan
Suriya ilə həm ikitərəfli, həm də çoxtərəfli
platformalarda qarşılıqlı faydalı və səmərəli
əməkdaşlığın inkişafı üçün
möhkəm təməl olan dostluq, etimad və
qarşılıqlı hörmətə əsaslanan
münasibətləri yüksək qiymətləndirir”.
Ötən ilin aprelində Suriyanın Ermənistandakı
səfiri ilə görüşən prezident Vaaqn
Xaçaturyan deyib ki, Ermənistan və Suriyanı dərin
siyasi, tarixi, mədəni və insanlar arasındakı əlaqələr
birləşdirir: “Biz çoxəsrlik Ermənistan-Suriya
dostluq münasibətlərini yüksək qiymətləndirir
və müxtəlif sahələrdə əməkdaşlığın
inkişafına böyük əhəmiyyət veririk”.
Tərəflər görüşdə Ermənistan və
Suriya arasında bütün sahələrdə tam
qarşılıqlı anlaşma və əməkdaşlıq
şəraitində mümkün addımların həyata
keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
2023-cü ilin fevralında Ermənistanın xarici
işlər naziri Ararat Mirzoyan Dəməşqə səfər
edib, Bəşər Əsəd və nazirlərlə
görüşüb. 2023-cü ilin zəlzələsindən
sonra Paşinyanla Əsəd arasında telefon söhbəti
olub və Paşinyan Suriyaya humanitar yardım göstəriləcəyini
deyib. Ümumiyyətlə, 2024-cü ildə də
Paşiyanla Əsəd arasında dəfələrlə təmaslar
olub.
2023-cü il noyabrın 15-də Ermənistan
parlamentinin sədr müavini Akop Arşakyanın
başçılıq etdiyi nümayəndə heyəti
Suriyada Bəşər Əsədlə görüşərək
əməkdaşlığın genişləndirilməsini
müzakirə ediblər.
Eyni zamanda, Suriyada mövcud olan erməni terror təşkilatlarının
da Əsəd rejimi ilə sıx əlaqələri olub, misal
üçün Nubar Ozanyan adına erməni batalyonunu
göstərmək olar. Bu hərbi qruplaşma 2019-cu ildə
yaradılıb və Suriya xüsusi xidmət orqanları ilə
yaxından əməkdaşlıq edib.
Göründüyü kimi, özünü qərbpərəst
kimi göstərən Paşinyan hakimiyyəti yaxın Şərqdəki
antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq
edib və edir. Ermənistan Rusiya ilə Qərb arasında da
eyni riyakar mövqe nümayiş etdirir.
Azərbaycan isə bir sıra təhdidlərlə, təzyiqlərlə
üzləşməsinə baxmayaraq, öz müstəqil
xarici siyasətini davam etdirib, hər zaman ədalətli olub,
sülhə, sabitliyə, dialoqa çağırış
edib. Suriya daxil olmaqla, bütün dövlətlərin ərazi
bütövlüyünü, suverenliyini dəstəkləyib.
Bu gün ölkəmizi güclü edən, onun nüfuzunu
yüksəldən həm də bu məqamlardır. Suriya məsələsində
də Azərbaycan hər zaman ədalətli mövqedə
olub.
İki ölkəni bir-birinə tarix, sivilizasiya, mədəniyyət
telləri bağlayır. Bu münasibətlərin
bünövrəsi hələ İpək Yolu əsrində
qoyulub. Əsəd rejimi ermənipərəst siyasət
aparıb, Azərbaycana qarşı olsa da, əlaqələrin
dərin tarixi köklərini silmək mümkün deyil. Bu
gün artıq iki ölkə yeni müstəvidə
münasibətlərin bərpası üçün
addımlar atır. Azərbaycanın və Suriyanın əməkdaşlıq
imkanları genişdir, bu, özünü iqtisadi, neft-qaz, sərmayə
qoyuluşu və s. istiqamətlərdə göstərə
bilər. Əminliklə demək olar ki, yaxın gələcəkdə
mövcud potensialların istifadəsi öz müsbət nəticəsini
verəcək.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
mövzu ilə bağlı “525”ə deyib ki, Azərbaycan
müsəlman ölkəsidir və Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasət nəticəsində
müsəlman dünyasının lider ölkələrindən
birinə çevrilib: “Azərbaycan İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində müsəlman
ölkələri ilə fəal əməkdaşlıq
qurub, fəal iş aparır. Suriyada səfirliyimizin fəaliyyətinin
bərpa edilməsi də olduqca önəmli bir məsələdir.
Bilisiniz ki, daha əvvəl Dəməşqdə bizim səfirliyimiz
var idi, müharibə dövründə bağlandı.
İndi isə yenidən səfirliyin fəaliyyətinə
ehtiyac var və bu həm də Azərbaycanın müsəlman
birliyinə, İslam həmrəyliyinə töhfəsi kimi
qiymətləndirilməlidir. Yəni bu gün Azərbaycan
müsəlman dünyasının fəal üzvü kimi
müsəlman dünyasını əhatə edən problemlərlə
bağlı öz mövqeyini bildirir və bu da ölkəmizin
İslam dəyərlərinə sadiqliyini göstərir”.
Deputat əlavə edib ki, Suriya böyük dövlətdir,
böyük potensiala malikdir: “Bu gün qürurvericidir ki,
Türkiyədən sonra Azərbaycan ilk olaraq Suriya ilə
münasibətərini bərpa etdi, ora nümayəndə
göndərən, yardım göstərən ilk ölkələrdən
biri oldu. Səfirliyimizin açılması önəmli,
tarixi bir hadisə kimi qiymətləndirilməli, Azərbaycanın
bu sahədə proseslərə töhfəsi kimi
baxılmalıdır. Biz bu istiqamətdə davamlı
addımlar atırıq. Bu isə əlaqələrimizin
inkişafına öz müsbət və ciddi töhfəsini
verir. Yəni Azərbaycanın müsəlman dünyasında
nüfuzu, mövqeyi daha da güclənəcək, daha da
artacaq, ölkəmiz daha da inkişaf edəcək”.
Pərvanə
525-ci qəzet .- 2025.- 19 fevral(¹31).- S.5.