"O vaxtdan ayaq
basdığım cığırla yürüyə-yürüyə
gəlib 70 yaşı haqladım"
BU GÜN 70 İLLİK YUBİLEYİNİ QEYD
EDƏN YAZIÇI-PUBLİSİST, ƏMƏKDAR JURNALİST
AYDIN AĞAZADƏ İLƏ SÖHBƏT
Təxminən bir həftə əvvəl sosial şəbəkə
üzərindən bir video aldım. "Azərbaycanı
2030-cu ildə nələr gözləyir" sualına virtual
səs köməkçisi "Alisa"nın cavabları
sırasında bir məqam diqqətimi çəkdi - Bakı
yeni Dubaya çevriləcək. İnkişafın, tərəqqinin,
yaxşıdan nümunə götürməyin, dilimizə
yeni söz birləşməsi kimi daxil olan dünyaya
inteqrasiya etməyin əleyhinə deyiləm, bir şərtlə
ki, bu yeniliklərin içində öz kimliyimiz, mənsubiyyətimiz,
dəyərlərimiz, koloritimiz öz əksini mütləq
tapmış olsun. Xırdalığa varmaq istəmirəm. "Bakını sevirəm" deyənlər
çoxdur. Lakin Bakı elə bir aləmdir ki, onu duymaq, hiss
etmək lazımdır, onun bütün qatlarına enməyi
bacarmaq lazımdır, nədən
xoşlanıb-xoşlanmadığını bilmək
lazımdır, yəni Bakını yalnız belə sevmək
olar. Bir sözlə, Bakı mənim ən həssas nöqtəmdir.
Bakının yeni Dubaya çevrilməyinə ehtiyacı
yoxdur, çünki o, elə öz keyfiyyətləri,
üstünlükləri, gözəlliyi, ona bağlı
insanları ilə dünyaya meydan oxuyur. Ayağı şəhərimizdən
üzülməyən ərəb turistlər İçərişəhərdə
heyranlıqla gəzib, ona valeh olursa, bu açıq səma
altındakı muzey öz tarixi gözəlliyi, təbiiliyilə
möhtəşəm, lakin süni gözəllik
dünyasında yaşayan bir əcnəbini mat qoyursa, deməli
ki, təkcə Bakının adı yetərlidir.
Elə bu düşüncələr içində ikən
növbəti müsahibimiz bəlli oldu. Dəfələrlə
şahidi olmuşam ki, təsadüf deyilən bir
anlayış həmişə məqamına rast gəlir.
Əvvəla, həmsöhbətimlə həmkar
olmağımız ürəyimcə oldu, üstəlik, uzaq
illərdə eyni qurumda işləməyimizi biləndə
ikiqat xoşhallandım. Yalnız onun haqqında kiçik bir
araşdırma apararkən məlum oldu ki, bir
ortaqlığımız da var, amma bunu söhbət əsnasına
saxlayaq. Müsahibimiz isə bu gün 70 illik yubileyini qeyd edən
yazıçı-publisist, "Qızıl Qələm",
"Araz" ali ədəbi mükafatlarının
laureatı, Əməkdar jurnalist Aydın Ağazadədir.
- 70 yaş... Kimi kədərlənir, kimi
şükür edir bu yaşa çatdığı
üçün...
- Mənim düşüncəmdə dünyada bir ali
məhəbbət var - insanın Tanrıya olan sevgisi.
Yalnız ondan sonra torpağa, Vətənə, valideynlərə,
ailəyə, övlada olan məhəbbət gəlir. İllərin
təcrübəsinə söykənərək deyirəm ki,
Tanrı özünə qarşı məhəbbəti hər
kəsə nəsib etməyib. Yalnız sevdiyi bəndəsinə
bu lütfü göstərib. Əgər bu gün 70 yaşa
çatmışamsa, bunu Yaradanın mənə olan
böyük lütfü kimi qəbul edirəm, çünki
ona olan məhəbbətimin sonu yoxdur və arzu edirəm ki,
yer üzündə Tanrının sevimli bəndələri
çox olsun.
- Tanışlıq üçün haqqınızda
araşdırma aparanda öyrəndim ki, rəssam olmaq kimi bir
uşaqlıq arzunuz olub...
- Uşaqlıq illəri arzuların bitib-tükənmədiyi
bir dövrdür. Saysız arzularımın ən birincisi rəssam
olmaq idi. Mənim düşüncəmdə rəssamlıq və
musiqi dünyanın ən böyük sənətidir,
çünki hər ikisinin sərhədi yoxdur. Birində
yeddi rəng, digərində yeddi not var, amma görün nələr
yaranır onların harmoniyasından. Bu maraqla
dövrümüzün məşhur Qaqarin adına Pioner və
Məktəblilər Sarayına üz tutdum və 8-ci sinfə
qədər rəsm dərnəyinə getdim, lakin davam etdirə
bilmədim. Rəssamlıqda iti görən göz mütləqdir,
çünki saatlarla eyni nöqtəyə baxmaq məcburiyyətindəsən.
Hiss edirdim ki, getdikcə məndə göz yorğunluğu
yaranır və beləcə bu problem ilk uşaqlıq arzumun
qarşısını kəsdi. Onu da qeyd edim ki, kiçik
yaşlarımdan qələmə, ədəbiyyata, xüsusilə
qəzəllərə də meyilli olmuşam.
- İki ali təhsiliniz var - İncəsənət
Universitetinin Teatrşünaslıq və BDU-nin Hüquq fakültələrini
bitirmisiz. Bir-birinə əks iki sahə...
- Əks olsalar da, hər ikisi humanitar sahədir. Bir məqamı
vurğulayım, kiçik yaşlarımdan tez-tez
yuxularımda özümü prokuror geyimində
görürdüm. Yəqin ki, bu, sonradan hüquqşünas
olacağıma bir işarə imiş. Zaman gəldi həmin
formanı da geyindim, rütbə də aldım.
- Amma o zaman da gəldi ki, bu iki sahəyə
üçüncüsü də qoşuldu və ictimaiyyət
sizi yazıçı-publisist kimi də tanıdı...
- Bunun da bir tarixçəsi var... Məktəbin son
sinfində Moskva Dövlət Universitetini bitirən, daha sonra
oranın professoru, fizika üzrə elm xadimi olan bibim oğlu
Tofiq Quluzadə mənə Politexnik İnstitutuna (indiki Texniki
Universitet) daxil olmağı təklif etdi. Dedim ki, ora mənlik
deyil, həvəsim ədəbiyyat sahəsinədir. Bunu biləndən
sonra məni gətirdi Yazıçılar Birliyinə. Bir
qapıya çatanda gördüm ki, divardakı lövhədə
yazılıb: "Xalq şairi Osman Sarıvəlli".
Tofiqin şairin oğlu Rafiq Qurbanovla Moskvada bərabər təhsil
dövründən dostluq münasibətləri vardı.
Tanışlıq verəndən sonra Osman Sarıvəlliyə
məni təqdim edib dedi ki, ədəbiyyata həvəsi var,
istərdim bir onu yoxlayasınız. Yazdığım
şeirlərdən bir neçəsini mənə oxutdurdu,
bir az söhbət etdi və üzünü bibim oğluna
tutaraq dedi ki, bu uşaq elə bizlikdir. Elə o vaxtdan ayaq
basdığım cığırla yürüyə-yürüyə
gəlib 70 yaşı haqladım.
- İlk cəhdiniz BDU-nun Jurnalistika fakültəsi
olsa da, uğursuz alınıb, amma dövlət
televiziyasında məhsuldar yaradıcılıq yolunuz olub...
- Tanrı həyatda qarşıma həmişə
gözəl insanlar çıxarıb. Öz yolumu tapmaqda isə
mənə yazıçı və telejurnalist Firudin
Ağayevin köməkliyi olub. 70-ci illərin ortalarında
onun kitabları oxucular arasında çox populyar idi. O vaxtlar
Şəhidlər xiyabanının yerində Kirov parkı
vardı. El arasında dağüstü park da deyirdilər.
Oraya bilyard oynamağa çox adamlar gəlirdi. Bu oyuna
marağım olduğundan tez-tez yolumu oradan salardım. Firudin
müəllimlə tanışlığımız da məhz
həmin parkdan başladı. Heç demə bilyard
oynamağının səbəbi varmış.
"İldırım dənizdə çaxır" əsərindəki
bilyard səhnəsini real təsvir etmək üçün
bu oyunu öyrənmək istəyib. Çox çəkmədi
ki, o, məni televiziyaya işə dəvət etdi və gəlişimdən
bir həftə sonra Firudin Ağayevin rəhbərliyilə
efirə çıxan və tamaşaçılar tərəfindən
sevilən "Səhər görüşləri"
verilişinin rejissor köməkçisi oldum.
- Ömrünüzün 14 ili məhz televiziya ilə
bağlı olub...
- Açıq etiraf edəcəyəm, televiziya mənə
çox şey verdi. Çox qəribə mühiti, aurası
var televiziyanın. "Televiziyaya bir gələn sevinir, bir də
oradan ayrılan" kimi bir fikri həmişə eşidirdim.
Başlanğıcda belə düşünsəm də,
sonra gördüm ki, heç də elə deyil. Bu
ayrılıqdan yarım il özümə gələ bilmədim.
Mənim üçün televiziya böyük bir məktəb
oldu. Bir yaradıcı insan kimi məhz orada formalaşdım və
sonrakı fəaliyyətimdə bu məktəbin təsirini hər
zaman hiss etdim. Televiziyadan uzaqlaşandan sonra səkkiz il orada
"Burulğan", daha sonra "Rakurs" verilişlərinin
aparıcısı oldum. Lakin hər başlanğıcın
bir sonu olduğu kimi, elə bir məqam çatdı ki, bu
gün belə darıxdığım televiziyadan təməlli
ayrıldım.
- 90-cı illərdən Azərbaycan mətbuatında
artıq oxucular Aydın Ağazadə imzası ilə tez-tez
rastlaşmağa başladı və bu nöqtədən
söhbətimə bir jurnalistlə davam etmək istərdim. Gəlin
elə jurnalist haqqında danışaq...
- Sabirin təbirincə desək, jurnalist düzü
düz, əyrini əyri yazan qələm sahibidir.
Gördüyü hər şeyə əl çalan biri
jurnalist ola bilməz. Sözü yerində, cəsarətlə,
ən əsas faktlara söykənərək isbat etməyi bacarmalıdır jurnalist. İstəmirəm
oxucular məni özündən razı bir insan kimi
tanısın, amma bütün fəaliyyətim boyu
dürüstlük əqidəmi hər şeydən uca
tutdum, çəkinmədən sözümü dedim, haqq
olanı qələmə aldım, işini itirmək kimi bir
qorxunu heç vaxt yaşamadım. Öyünmək kimi səslənməsin,
tənqidi yazılarım əsasında iki prokuror,
üç polis rəisi, bir hakim, bir icra
başçısı vəzifəsindən
uzaqlaşdırılıb. Televiziyadan sonra
çalışdığım "Ədalət",
"Azərbaycan" qəzetlərində kəskin və
haqlı yazılarımı ictimaiyyətə
çatdırmışam. İnsanlara əziyyət verən,
haqqını tapdalayan, şəxsiyyətini alçaldan pis məmurlara
qarşı qələmim həmişə iti olub. Təbii
ki, təzyiqlərə də məruz qalmışam, lakin
düzgün, yalandan uzaq, gerçəklərə
açıq olduğum üçün alnım
açıq, üzüm ağ olaraq işimə davam
etmişəm.
- "Yazmağa nə var ki" düşüncəli
adamlara ara-sıra rast gəlirəm. Yəni hər kəs əlinə
qələm ala bilər...
- Əgər alındıra biləcəksə, niyə
də almasın...Yazarların hamısı nə
tanınmış olur, nə də dahi. Ədəbiyyat
göz önündə olan sahədir və bura daxil olan
yazılar bir növ ələkdən keçir.
Yaxşılar qalır, yararsızlar yoxmuş kimi silinib gedir,
yəni onlar kimsəyə ziyan gətirmir. Bir müqayisə
edəcəyəm. Hüquqşünasın
yanlışlığı birinin həyatını məhv
edə bilər, mühəndisin səhvi binanı
çökdürə bilər, həkimin səhlənkarlığı
insan ömrünə son qoya bilər, lakin sıradan bir
yazıdan insanlara bu ağırlıqda ziyan dəyə bilməz.
Onu da istisna etmirəm ki, pis bir qələm məhsulunun
acı nəticəsi ola bilər.
- Veteran jurnalistin günümüzün mətbuatı
haqqındakı fikirləri çox maraqlıdır...
- Məni qane edən səviyyədə deyil. Deyərdim
ki, peşəkar olan bütün jurnalistləri də qane
etmir. Əvvəla, bu günün jurnalistinin durğu işarələrindən
yerli-yerində düzgün istifadə edə bilməmək qədər
savadsızlığı var. İkinci ən böyük bəla
redaktədir. Redaktə jurnalistin qələmdən sonra ikinci
silahıdır. Elektronlaşma çox işləri
asanlaşdırsa da, vacib olanları onun kölgəsində
gizlətmək olmaz. Yazı elektron poçt üzərindən
göndərilir və elə o şəkildə də qəzetin
səhifəsinə yerləşdirilir. Çox nadir hallarda
yazan adamın redaktə etmək kimi bir bacarığı ola
bilər.
- Yeni nəsil jurnalistikasında tənqidlə təhqirin
yeri səhv düşüb...
- Təhqiri o kəslər edir ki, onların tənqidə
gücü çatmır. Tənqid üçün savad, bu
sahəni təpədən dırnağa qədər
bütün xırdalıqlarına qədər bilmək
lazımdır. Puşkini tədqiq edənlər "Biz
Puşkini Belinskidən sonra dərk etdik" dedilər. Ona
görə ki, Belinskinin, Dobrolyubivun araşdırmalarında
sağlam, məntiqə söykənən, düşünməyə
vadar edən tənqid vardı. Yazılarında o qədər
gözəl ibarələr işlədiblər ki, sanki gözəl
bir roman oxuyursan. Zamanında bizim mərhum Aydın Məmmədov,
Nadir Cabbarov kimi güclü tənqidçilərimiz olub ki,
onlar kimisi bir də olmayacaq və heç bir halda onlar tənqid
hədəflərini təhqir etmək kimi bir
düşüncəyə malik olmayıb. Demirəm indi
savadlılarımız yoxdur, sadəcə bu gün ədəbiyyata,
sənətə dəyər dəyişib. Ona görə ki,
sosial media həyatın bütün sahələrinə elə
nüfuz edib ki, insanları özündən asılı vəziyyətə
salmağı bacarıb. Bu da bizdən asılı olan hal
deyil. Bu gün ədəbi məkanda öz dili, üslubu olan
Əsəd Cahangirin tənqidi baxışlarını bəyənirəm.
Dediyiniz həmin yeni nəsil jurnalistikasının nümayəndələrinə
xatırlatmaq istərdim ki, "beşikdən qəbrə qədər
öyrənmək" imkanından yararlansınlar.
- Bu gün yüksək texnologiyanın sürətlə
inkişaf etdiyi dünyanın bir parçasıyıq. Lap
yaxşı, amma itirdiklərimiz də var axı...
- Əlbəttə var. Dünya alimləri belə
fikir bildirirlər ki, artıq bir gün 24 deyil, 16 saat təşkil
edir. Bu, artıq həm günün, həm də insan
ömrünün üçdən bir hissəsinin itirilməyi
deməkdir. Bu hesabla da bu gün 70 yaşa çatan biri əslində
55 yaşını yaşayır. Texnologiyanın
inkişafı insan həyatını elektronlaşdırmağa
doğru aparır, yəni dünya robotlaşmaya sarı
üz tutub. Bu da o deməkdir ki, insan özünəməxsus
olan keyfiyyətləri itirmək təhlükəsilə
üz-üzədir.
- Artıq süni intellekt adlı proqram bəşəriyyətin
əlindən tutub öz ardınca aparmağa
başlayıb...
- Amma hara apardığını bilmirəm. Bir onu deyə
bilərəm ki, sünilik intellekti heç yerə
çatdıra bilməyəcək. Mənim düşüncəmdə
bu, belədir.
- Bir az da hüquqşünasla söhbət edək.
Nikolo Makiavellinin belə bir kəlamı var: "Qanun həmişə
güclünün tərəfindədir". Hardasa həqiqətə
yaxın fikirdir...
- Yox, həmişə elə olmur, lakin həqiqətdən
də uzaq deyil. Biz cəmiyyətdə yaşayırıq və
toplumda hər cür insan var. Cinayətkar varsa, cinayətin
başını sığallayanlar da olacaq. Mən bu strukturda
çalışan biri olaraq deyirəm ki, Azərbaycanda kifayət
qədər savadlı, haqqı nahaqqın ayağına verməyən,
abırlı, ədalət mühakiməsini səviyyəli
şəkildə həyata keçirən hakimlərimiz var.
Hamısı elədir demirəm, olmayanlar da zamanla sıradan
çıxıb gedir. Hakimlik elə bir vəzifədir ki,
orada haqsızlığa yol verildisə, dərhal bilinir.
Ədalətli hakim heç zaman ədalətsiz qərar verə
bilməz. Amma əgər ortada cinayət əməli varsa,
hakim də qanuna tabedir.
- Ədalət kəlməsini çox
vurğuladınız. Amma Siseron deyib ki, həddindən
çox ədalət həddindən artıq böyük ədalətsizlikdir...
- Allahsız adamların düşüncəsi belə
olar. Biz ən adil hakim Tanrını bilirik, çünki onun
mizan-tərəzisi hər zaman təndir. O da var ki, ədalət
tərəzisinin gözü tarazlığını itirərsə,
haqq öz yerini tapmazsa, bu, tək bir ailənin deyil,
bütöv nəslin fəlakətinə çevrilə bilər,
ədavət düşmənçiliyə gətirib
çıxarar. Yanlış verilmiş qərar bir insan ömrünü
illərlə, hətta ömürlük barmaqlıq
arxasına məhkum edə bilər. Sual bir işi yadıma
saldı. Günahsız birini polisdə döyə-döyə
öldürmüşdülər. Ulu öndərin rəhbərliyi
dövründə baş vermişdi hadisə və bu işi
öz nəzarəti altına götürmüşdü.
Onun tapşırığı ilə istintaq başladı.
Bakı şəhər Məhkəməsi rayon
prokurorluğunun, Bakı şəhər prokurorluğunun
bütün qərarlarını ləğv elədi, əsas
cinayətkar tutuldu, günahsız öldürülənə
isə bəraət verdilər. Baxmayaraq ki, insan artıq həyatını
itirmişdi, qardaşı onun təmiz adının bərpası
üçün dayanmaq bilmədi və buna nail oldu. Bu, həddindən
böyük ədalət oldu və belə haqq-ədalətin
ziyanı olmaz. Həmin hadisəni mən qələmə də
almışam. "Bermud üçbucağı" adlı
baş vermiş hadisə kitabımda da yer alıb. İş əsnasında
belə hadisələrlə kifayət qədər
rastlaşmışam.
- Bəzən qərarın çox ağır
olduğu bilinsə də, qanundur deyərək onu qəbul
edirlər...
- Qatı bir cinayətkara beş il də cəza kəsilsə
belə, qohum-əqrəbası narazalıq edəcək ki,
hökm ağırdır. Lakin nəzərə almaq
lazımdır ki, böyük alimlər cinayət məcəlləsinin
tərtibi üzərində illərlə gərgin iş
görüblər və bu məcəllənin bizim təftiş
etməyimiz düzgün deyil. Qanun cinayət tərkibinin
çəki dərəcəsinə görə öz həllini
tapır və buna heç bir hakim müdaxilə edə bilməz.
Lakin hər bir qanunda cəzanın nisbətən
yüngülləşdirilməsi kimi hallar mövcuddur.
- Sırada yazıçı Aydın Ağazadədir.
70 ilin süzgəcindən keçənlər...
- Müxtəlif səpkili çox yaxşı dostlar
qazandırdı mənə bu illər. Tofiq Bayram, Musa Yaqub,
Nüsrət Kəsəmənli, Famil Mehdi, Nahid Hacızadə,
Mikayıl Mirzə, Əliabbas Qədirov, Həsən Məmmədov,
Səməndər Rzayev kimi dostlar ömür salnaməmin səhifələrində
öz izini qoya bilib. Yaş fərqimizə baxmayaraq, Mirzə
İbrahimov, Süleyman Rüstəm, Famil Mehdi ilə
ünsiyyətimiz olub. Televiziyada
çalışdığım zamanda "Ədəbi
dram" verilişləri redaksiyasına rəhbərlik edən
Nahid Hacızadəni çalışqanlığıma,
bacarığıma görə mənə dəyər verən
humanist bir insan kimi həmişə xatırlayıram. Bunu
vurğulamasam olmaz, ətrafımda klassik ədəbiyyatı
bildiyinə görə ən çox sevdiyim insan Nadir Cabbarov
idi, dünyanı dərk edən insan kimi isə Aydın Məmmədov
olub. Yadda qalan və anında xatyırlaya bilmədiyim
çox məqamlar yaşayır geridə qalan illərdə.
- Qələm yorulub, ona dinclik vermək
lazımdır...
- Heç vaxt belə düşündüyüm
olmayıb. Düzdür, olub ki, səhhət imkan verməyib,
bax onda ara verməyə məcbur qalmışam. Bir haşiyə
çıxım burda. 2017-ci il ildə İstanbulda idim. Evdə
oturmuşdum. Necə oldusa, məni mürgü tutdu və anam
yuxuma gəldi. Mənimlə söhbətləşdi, bir-iki
tapşırıq verdi. Ayılandan sonra keçib yatmaq istədim,
amma nə illah etdimsə, yata bilmədim. Elə bil kimsə məni
qaldırıb yazı masasının qarşısına gətirdi.
Oturdum və "Anam yuxuma gəldi" şeirini yazmağa
başladım:
...Nə biləydim bitəcək,
Ömür sona yetəcək.
Bizi yetim edəcək -
Anam yuxuma gəldi.
Kaş bu yuxu bitməyə,
Röyam sona yetməyə,
Təki bir də getməyə!..
Anam yuxuma gəldi.
Yazarlar Tanrının seçilmiş bəndələridir
və o, qələm bizə elə-belədən verilməyib.
- Dünya bina olandan insan onunla savaşır...
- Düzü, mən savaşmıram. Allahın mənə
verdiyi savad, istedad, zaman çərçivəsində əlimdən
gələni etməyə çalışıram və hər
gün Tanrıma şükür edirəm.
- Sizinlə üç ortaq nöqtəmiz var - həmkarıq,
zamanında televiziyada çalışmışıq.
Üçüncüsünü bilmirsiniz...
- Deyərsiniz bilərəm.
- İki içərişəhərli qabaq-qənşər
oturub söhbət edirik və ona görə də
İçərişəhərdən danışmamaq
günah olar...
- Belə təsadüfə həmişə rast gəlmək
olmur. Məndən tərcümeyi-halımı soruşanda ilk
dediyim bu olur: "Mən 1955-ci ildə Bakıda İçərişəhərdə
doğulmuşam". Bunu həmişə qürurla deyirəm,
həm də içərişəhərli olduğum
üçün fəxr edirəm. İstər Bakıda, onun ətrafında
yaşayanlar olsun, istər bu gün İçərişəhərə
axın edən turistlər olsun qala divarlarının əhatəsində
olan o dünyanın aurasını bizim kimi heç kəs
hiss edə bilməz. On yaşında mən oradan
çıxmışam, amma bu gün İçərişəhərə
daxil olanda havanın necə fərqli olduğunu hiss edirəm.
İçərişəhərin özünün mono
dünyası var. Ovqatımın pis vaxtında, ata-anam
yadıma düşəndə gəlirəm İçərişəhərə.
Düşünə-düşünə o dolanbac
küçələri dolaşıram, o havanı içimə
çəkirəm və çox yüngülləşirəm.
İliyimə qədər işləyən bir dünyadı
İçərişəhər. 60 il əvvəl
çıxdığım o məkan yaddaşımda,
vücudumda özünə elə yer edib ki, bir ovsunçunun
sehrinə düşmüşəm sanki. Çox maraqlı
insanlar yaşayıb burada, ən əsas İçərişəhərdə
böyük-kiçik anlayışı, bu münasibətlərin
özünəməxsusluğu vardı. Yadıma gəlir ki,
İçərişəhərdə uşaqlar üç
yerə bölünərdi: 7-10, 11-14 və 15-16 yaş həddi
üzrə. Heç kim bu yaş cızığından kənara
çıxa bilməzdi. Yaşca böyüklər
kiçiklərə nəsə deyə, onları qulluğa
göndərə bilərdi və heç kəs buna etiraz etməzdi.
- Çoxlarına bəlli olmayan bir şarmı var
İçərişəhərin...
- Dediyiniz o şarm çox az sayda qalan əsl içərişəhərlilərin
özüdür. Başqa cavab axtarmayın.
- Bir göz qırpımı qədər
vaxtınız var...
- Deyərdim ki, Allahım, sənə çox
şükür...
- Bugünkü mediaya sözünüz...
- Jurnalistika həqiqəti yazmalıdır, yalanı
yox. Bu gün bizim mediada feyk yazılar çox gedir.
İnsanlar haqqında, dövlətlər haqqında, ölkə
rəhbərləri haqqında... Kimin ağlına nə gəlir,
onu da yazır. Bu, jurnalistika deyil. İstərdim ki, mətbuatda
sanballı yazıların sayı artsın ki, gələcəyin
peşəkarları yetişsin.
SÖZARDI: Həmkarım haqqında araşdırma
zamanı on il əvvəl 60 illik yubileyində professor
İsmayıl Məmmədovun haqqında yazdığı bir
məqalə ilə rastlaşdım. Müəllif
yazını belə bitirmişdi: "60 illik ömür
üçün kifayət qədər sanballı həyat
uğurlarının əsasında dəyərli yazarın
şəxsi keyfiyyətləri - yüksək intellekti, mənəvi
təmizliyi, ədalətə və qanuna sadiqliyi durur. Nəcib
xarakterə malik olması, sadəliyi,
dürüstlüyü, sözünə bütövlüyü,
ünsiyyət mədəniyyəti onun aurasını daha da cəlbedici
edir. Yaxından tanıyanlar Aydın müəllimə
hörmət və rəğbət hissilə yanaşır,
onu təşəbbüskar, qayğıkeş və
yaradıcı insan kimi qəbul edirlər". 5-6 cümlə
kifayət edib ki, bir insan haqqında təsəvvür yaransın.
Biz isə onunla 70 yaşında görüşdük. Eyni
dalğaya köklənən insanların söz-söhbəti
həmişə tutur. Həmsöhbətimlə yetərincə
ortaqlığımız olduğundan iki həmkar kimi
yazıdankənar xeyli maraqlı söhbətimiz də oldu.
Biz köhnə dünyanın sakinləri olsaq da, günümüzlə
ayaqlaşmağı bacara bilirik. Və çox istərdik ki,
yeni nəsil əski dünyanın sütunlarını
özünə dayaq bilərək, onlara tutunmağı
bacarsın.
Tamilla M-ZADƏ
525-ci qəzet.- 2025.- 20 fevral(№32).- S.14-15.