Bir kitabın və
bir şəklin tarixi ,
YAXUD "TƏRCÜMEYİ-HAL DAVAM EDİR..."
Səhərdir, "Görkəmli adamların həyatı"
seriyasından Moskvada "Molodoya qvardiya" nəşriyyatında
çap olunan "Heydər Əliyev" kitabını vərəqləyirəm.
2005-ci ildə işıq üzü görüb. Düz iyirmi
il əvvəl. O günün sevincini və məsuliyyətini
isə indiyə kimi yaşamaqdayam. Özünüz bir
anlığa təsəvvür etməyə
çalışın: Söhbət Tanrının Azərbaycan
xalqına, bütövlükdə türk dünyasına bəxş
etdiyi, yeni, müstəqil dövlətimizin memarı və
qurucusu olan bu böyük, fenomen şəxsiyyətin adına
layiq bir kitabın hazırlanması və Moskvada mötəbər
nəşriyyatlardan birində nəşrindən gedirdi.
Hazırladığımız bu kitabda, eyni zamanda, Ulu öndərin
ölkəmizin ən yeni tarixində, bütövlükdə
Azərbaycanın dövlətçilik tarixində tutduğu
yerə, yüksəldiyi məqama, əvəzsiz roluna nəzər
salmaq, respublikamıza rəhbərlik etdiyi dövrlərdə
gördüyü misilsiz işlərin, altına imza
atdığı möhtəşəm nailiyyətlərin əhəmiyyətinə
xüsusi diqqət yetirmək lazım idi. Və indi - illər
sonra bu kitabı bir daha gözdən keçirərkən əminliklə
deyə bilərəm ki, o vaxt istədiyimizə nail ola bildik.
Kitabdakı həmmüəlliflik məsələsinə
də aydınlıq gətirmək istəyirəm: O vaxt belə
razılaşdıq ki, bu dahi şəxsiyyətin Azərbaycandakı
fəaliyyətilə bağlı hissələri mən,
Moskva dövrü ilə bağlı məqamları isə
görkəmli yazıçı-publisist Viktor Andriyanov qələmə
alsın. Elə də oldu. Ən əsası dostumla birgə
çalışdıq ki, vaxtilə Ulu öndərin
özünün də dönə-dönə qeyd etdiyi bir
fikri - "Kitab, kitabxana xalq üçün, millət
üçün müqəddəs bir yer, mənəviyyat,
bilik, zəka mənbəyidir" - fikrini bu yazı prosesində
özümüz üçün mayak edək və o ölməz
əsərlər arasında bu kitabımıza da layiqli bir yer
tapa bilək. Artıq dünyanın 50 dilinə tərcümə
olunan bu kitabın uğurlu səyahət yoluna nəzər
saldıqca düşünürəm ki, əməyimiz
boşa getməyib, deyəsən, bu nəhəng işin
öhdəsindən layiqincə gələ bilmişik...
Məncə, elə bu məqamda bu nəşr və nəşriyyat
haqqında da oxucularımıza daha geniş məlumat verməyə
dəyər. Bu nəşrin əsası hələ 19-cu əsrin
90-cı illərində qoyulub. Nəşrin müəllifi o
dövrün tanınan ziyalılarından olan Florenti
Fyodoroviç Pavlenkov idi. İllər sonra - 1933-cü ildən
başlayaraq Moskvada Maksim Qorkinin təşəbbüsü ilə
ardıcıl şəkildə həmin seriyadan olan
kitabların nəşrinə start verildi. 1938-ci ildən
başlayaraq artıq bu işi "Molodaya qvardiya" nəşriyyatı
öz üzərinə götürüb. Tanınmış
insanların - elm, sənət, siyasət nümayəndələrinin
həyat və yaradıcılıq yolunu
işıqlandıran bu kitablar, ilk növbədə, ciddi
faktoroloji materiallara əsaslanmaqla həm də yüksək bədii
və sənətkarlıq tələblərinə cavab verməli
idi.
Bu illər ərzində İbn Sina, Şekspir, Dante,
M.Lomonosov, Balzak, Şopen, Mopassan, L.Tolstoy. F.Dostoyevski,
A.Çexov, eləcə də Babək, Nizami Gəncəvi,
Mirzə Fətəli, Mirzə Ələkbər Sabir, Nəriman
Nərimanov, Firudin bəy Köçərli, Abdulla Şaiq,
Ömər Faiq Nemanzadə və başqa tarixi şəxsiyyətlər
haqda nəşrlər işıq üzü görüb. Bu nəşrlərin
hər birində məşhurların həyatında,
yaradıcılığında, ümumən fəaliyyətində
az toxunulan məsələlərə arxiv sənədlərindən
istifadə etməklə aydınlıq gətirilir, oxucunun
çox vaxt "yaxşı tanıdığı" bir
şəxsi daha yaxşı tanımasına köməklik göstərilir.
Dediyim kimi, artıq bu kitab 50 dilə tərcümə
olunub və onların təqdimatları da elə həmin
ölkələrin paytaxtlarında baş tutub. O mərasimlərin
ikisi xüsuslə yaddaşıma həkk olunub. Birinci təqdimat
2010-cu ilin mayında Türkmənistanda, ikincisi 2011-ci ildə
Serbiyada oldu.
Aşqabadda keçirilən həmin mərasimdə
digər rəsmilərlə yanaşı, yaxın dostum mərhum
Hadi Rəcəbli də iştirak edirdi. Bu təqdimat həm də
onunla əlamətdardı ki, bu kitabın tərcümə
olunub ərsəyə gəlməsinə bir türkmən
qardaşımız böyük mənəvi və maddi dəstək
verib. Onu bu böyük işə sövq edən isə vaxtilə
Ümummilli liderin onun və ailəsinin həyatında
oynadığı əvəzsiz rolu olub. O, bu kitab vasitəsilə
yaxından tanış olduğum əvəzsiz insanlardan biri,
daha doğrusu, Heydər Əliyev şəxsiyyətinə
böyük rəğbət bəsləyən və
özünü əsl azərbaycanlı hesab edən
"Türkmən Xəzər Yolları" firmasının
prezidenti Həşim Səftərov idi. Bu adamın taleyində
Heydər Əliyevin rolu çox maraqlı epizodla yadda
qalıb: O, uşaq olanda, üç yaşındaykən - təxminən
ötən əsrin 60-cı illərinin sonlarında - Yalta
şəhərində ata-anası ilə birlikdə istirahət
edərkən oğurlanır. Onun tapılması
üçün nə az-nə çox, düz altı ay
axtarış aparılır. Bu axtarışa isə o zaman Azərbaycanın
təhlükəsizlik orqanlarına rəhbərlik edən
Heydər Əliyev nəzarət edirdi. Həmin uşaq
tapılır və məlum olur ki, onu övladı olmayan, KQB
sistemində çalışan bir qrup
oğurlayıbmış. Bu gün artıq həmin uşaq
yaşa dolub və öz həyatını Türkmənistanla
bağlayıb. Orada iş quraraq "Türkmən Xəzər
Yolları" firmasını yaradıb. Deyərdim ki, Həşim
Səftərov həmin vaxtdan bu yana Heydər Əliyev şəxsiyyəti
ilə, adıyla yaşayıb, sanki ömrünü onunla
bağlayıb. Onu da qeyd edim ki, Aşqabadda olarkən Həşim
müəllim bizi özünün firması ilə
tanış etdi və eyni zamanda, mərhum liderimizin ruhu
şad olsun deyə qurbanlar kəsdirdi...
Türkmənistanda yaşayan çox maraqlı şəxsiyyətlərdən
- azərbaycanlılardan biri də Əsgər Qurbanovdur. O,
Aşqabadda doğulub və boya-başa çatıb. Onun mərhum
atası akademik Abdulla Qurbanov "Türkmən dilinin
orfoqrafiyası", "Türkmən dilinin
metodikası", "Türkmən dilinin əlifbası"
kitablarının müəllifidir. Əsgər müəllim
xatırlatdı ki, Ulu öndərimiz 1974-cü ildə Azərbaycan
Mərkəzi Komitəsinin birinci katibi işləyərkən
Türkmənistana səfər edir və Türkmənistan
Dövlət Universitetində tələbə-müəllim
kollektivi ilə görüşür. Bu görüş
zamanı Heydər Əliyevə bildirirlər ki, universitetin
prorektoru əslən azərbaycanlı olan Abdulla Qurbanovdur. Bu
yerdə qeyd edim ki, bu şəxs ayrı-ayrı vaxtlarda, təxminən
30 il Türkmənistan Dövlər Universitetinin rektoru və
prorektoru vəzifələrində çalışıb. Mərhum
liderimiz də o görüşdən sonra gecəykən
Abdulla müəllimgilə zəng vurur və səhərisi
gün iki oğlu - Əsgər və İsgəndərlə
birlikdə onu qəbul edir. Görüş zamanı dövlət
başçımız Abdulla müəllimə Azərbaycanda
işləməyi təklif edir. Təklifə görə minnətdarlığını
bildirən Abdulla müəllim qeyd edir ki, onun ixtisası
türkmən dilidir, ona görə Azərbaycana qayıda bilməz.
Bu söhbət, əhvalat bizim üçün də
çox maraqlı, əhəmiyyətli oldu. Ümumiyyətlə,
bu gün Türkmənistanda - Aşqabadda çoxlu sayda
tanınmış azərbaycanlı iş adamlarımız -
Sabir, Çingiz, Məzahir, Rafiq, Musa və digərləri var
ki, onlarla fəxr etməyə dəyər. Onlar Azərbaycanın
müxtəlif bölgələrindən - Ağdamdan,
İsmayıllının Lahıc bölgəsindən, Lənkərandan
və sair yerlərdən olan insanlardır ki, bu gün
artıq Türkmənistanda nüfuzlu iş adamları kimi
tanınırlar. Onlar da görüş zamanı Heydər
Əliyevlə bağlı çox gözəl təəssüratlarını,
xatirələrini bölüşdülər. "Heydər
Əliyev" kitabının sayəsində Türkmənistanda,
Aşqabadda keçirdiyimiz görüşlər, tədbirlər
türkmən-Azərbaycan dostluğuna, əməkdaşlığına
çox böyük töhfələr verdi və eyni zamanda,
bunlar bir daha sübut etdi ki, türk xalqlarının birləşməyə,
çəkici bir nöqtəyə vurmağa bu gün dünəndən
daha çox ehtiyacları, tələbatları var. Bizi birləşdirən
faktorlardan, arqumentlərdən biri və birincisi məhz Heydər
Əliyev faktoru, Heydər Əliyev amilidir.
"Heydər Əliyev" kitabının ikinci ən
yadımda qalan təqdimatı isə Prezident İlham
Əliyevin 2011-ci ildə Belqrada rəsmi səfəri
zamanı baş tutdu. Onu bu səfərdə müşayiət
edənlər arasında mən də vardım, dostum Eldar
İbrahimov da. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Belqrad şəhərinin Taşmeydan
parkında Ümummilli lider Heydər Əliyevin və görkəmli
serb yazıçısı Milord Paviçin heykəllərinin
açılış mərasimində iştirak edərkən
əslən azərbaycanlı olan, 20 ildən artıqdır
ki, Belqradda yaşayan, Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru, Belqrad Dövlət Universitetinin professoru Zərifə
xanım Əlizadə serb dilində nəşr olunmuş
"Heydər Əliyev" kitabını İlham Əliyevə
və Serbiya Prezidenti Boris Tadiçə təqdim etdi. Zərifə
xanım qeyd etdi ki, bu kitab dünyanın artıq 13 dilinə
tərcümə olunub. Həmin anda dövlət
başçımız məni də, Eldar İbrahimovu da
yanına çağırıb Serbiya rəhbərinə təqdim
etdi: Eldar İbrahimovu "Atamın ən yaxın
silahdaşlarından biridir" - deyərək, məni isə
bu kitabın müəllifi olaraq. Həmin an dövlət başçımızdan
şəxsən özümə qarşı elə bir səmimiyyət,
elə bir doğmalıq, elə bir diqqət hiss etdim ki, aradan
illər keçsə də, o günü unuda bilmirəm. Hər
dəfə o anı, o görüşü əks etdirən
fotoya baxdıqca ürəyim qürur hissiylə dolur, gözlərim
yaşarır.
Kitabı yenidən vərəqlədikcə Azərbaycan
Prezidenti İlham Əliyevin Ulu öndər haqqında fikirləri
yadıma düşür: "Heydər Əliyevin siyasəti
yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu,
yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək,
Azərbaycan xalqının həyat səviyyəsinin
yaxşılaşmasına xidmət edəcəkdir. Azərbaycan
xalqı ölkəmiz üçün həlledici məqamda
bir yumruq kimi birləşdi və Heydər Əliyevin
ideyalarına, onun siyasətinə, onun dünya
baxışlarına, onun fəlsəfəsinə sadiqliyini
bir daha göstərdi. Bu, çox vacib məsələdir.
Heydər Əliyev bu gün bizimlə deyil, amma onun siyasəti
yaşayır, onun fəlsəfəsi yaşayır, onun
yaratdığı müasir, müstəqil Azərbaycan
yaşayır və bundan sonra da yaşayacaqdır".
Sonda bir faktı da vurğulamaq və bir arzumu da dilə
gətirmək istərdim. Əvvəla, xoşbəxtəm
ki, "Heydər Əliyev" kitabından sonrakı illərdə
"Görkəmli adamların həyatı"
seriyasından növbəti kitablarım -"İlham
Əliyev" və "Zərifə Əliyeva"
kitablarım işıq üzü gördü və sürətlə
müxtəlif dillərə tərcümə olunaraq
yayıldı. İkincisi, ürəyimdə bir istəyim var:
Cənab Prezidentə həsr olunan "İlham Əliyev"
kitabının nəşrindən artıq illər
keçib, onun və dövlətimizin həyatında bu illər
ərzində möhtəşəm hadisələr baş
verib, yeniliklər olub. Ömür vəfa etsə, son illərdə
onun rəhbərlyi ilə baş verən dəyişikliləri,
Qarabağda qazandığımız qələbəni də
yeni bir kitabda əks etdirib dünyaya yaymaq istəyirəm.
Adını da elə gürcü nəşrində olduğu
kimi saxlayacağam, yəni: "Tərcümeyi-hal davam edir:
İlham Əliyev..."
Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist
525-ci qəzet.- 2025.- 20 fevral(№32).- S.12.