“Məni unudublar,
sanki heç yox imişəm!”
XALQ ARTİSTİ FATMA MAHMUDOVA:
“ÖLÜMÜMDƏN SONRA VERİLƏCƏK QİYMƏT
NƏYİMƏ LAZIMDIR?
Tanınmış aktrisa, Xalq artisti Fatma Mahmudova
yanvarın 29-da insult keçirib və xəstəxanaya yerləşdirilib.
Ötən il də insult keçirən və uzunmüddətli
müalicələrdən sonra səhhəti
yaxşılaşan aktrisa hazırda müalicəsini evində
davam etdirir. Onu əsas narahat edən isə ömrünü həsr
etdiyi incəsənət mühitindən gördüyü
laqeydlikdir. “525-ci qəzet”ə açıqlama verən
aktrisanın vəziyyətinin heç də yaxşı olmadığı,
çətinliklə danışdığı, eləcə
də küskünlüyü hiss olunurdu:
“Özəl xəstəxanada qalmağa maddi
gücüm yoxdur. Ona görə də evə
çıxmalı oldum. Elə indi də mənə sistem
köçürülür. Tibb bacısı
yanımdadır, gecə-gündüz qayğıma qalır,
iynə-dərmanımı edir. Ayaqlarım işləmir,
yataq şəraitində qalmışam. Bu müddət ərzində
Musiqili Teatrın direktoru Əliqismət Lalayevi mən yenidən
kəşf etdim. O, çox mərd, qayğıkeş, sənətə,
sənətkara qiymət verən insan imiş. Mən insult
keçirəndə xəbər tutub məndən öncə
çatmışdı xəstəxanaya. O gündən bəri
həmişə həm maddi, həm də mənəvi dəstəyini
əsirgəmir. Mənə dayaq olur, yenidən səhnəyə
qayıtmağım üçün ruhlandırır. Ona
ömrümün sonuna kimi minnətdaram. Nə yaxşı
ki, bizim belə direktorumuz var. Kaş, Əliqismət müəllim
kimi insanlar çox olaydı. Amma təəssüf ki,
çox deyil. Aparıcı Lalə Azərtaş, aktyor Elməddin
Cəfərovdan, sənət dostlarımdan da çox
razıyam, axtarırlar, maraqlanırlar”.
Hazırda müalicəsini ancaq öz maaşı və
çalışdığı teatrın sayəsində
çətinliklə qarşıladığını deyən
sənətkar Mədəniyyət Nazirliyindən, Heydər
Əliyev Fondundan kömək istəyir: “Mən
ömrümün 57 ilini bu sənətə həsr etmişəm.
Cəbhə bölgələrində sənətimlə xidmət
etmişəm, bir əsgər kimi mədəniyyətimizin
keşiyində dayanmışam. Amma indi layiq olduğum dəyəri,
diqqəti görmürəm. Məni unudublar, sanki heç yox
imişəm! Dünən səhnəyə çıxanlara
elə diqqət, qayğı göstərilir ki, adam bilmir nə
desin. Nə Mədəniyyət Nazirliyi, nə də digər
qurumlar mənimlə maraqlanır.
Dəyərimi vermək, diqqət göstərmək
üçün ölməyimi gözləyirlər?
Ölümümdən sonra veriləcək qiymət mənim
nəyimə lazımdır? Bilmirəm, bəlkə də xəbərləri
yoxdur. Nə yoldaşım var, nə də oğlum. Kimim var
ki, kim də xəbər versin? Yəqin xəbərləri
olsa, belə laqeyd münasibət göstərməzlər.
Sizin vasitənizlə səsimi eşitsinlər, heç
olmasa”.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2025.- 20 fevral(№32).- S.11.