Xalq yazıçısı
Anarın yeni kitabı işıq üzü görüb
Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə
üç Xalq yazıçısı, dörd Xalq şairi”
adlı kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, nəfis tərtibatlı,
illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə
böyük töhfələr vermiş iki nəslə həsr
olunub, onlar barədə həqiqətlərdən və
onların ədəbi nümunələrindən ibarətdir.
Kitabı tərtib edən Xalq yazıçısı
Anar uzun illər ərzində təkcə öz
yazdıqlarını yox, qəhrəmanlarının – Səməd
Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu,
Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun
yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına
qoşaraq, onları eyni axında birləşdirərək, ən
yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim
edib.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə
orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç
Xalq yazıçısı, dörd Xalq şairi” əsərində
Anar qəhrəmanlarının hər birinin obrazlarını
müxtəlif illərdə və müxtəlif ədəbi
üsullarda yaratmış olsa da, kitab o qədər
bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər
əsla duyulmur.
Kitabın başqa bir məziyyəti isə ora
Anarın şeirlər toplusunun daxil edilməsidir. Müxtəlif
illərdə hərdən yazıçının şeir
yaradıcılığından da xəbərdar olurduq, amma
bu dəfə bu şeirlər bir kitabda toplanıb.
608 səhifəlik bu kitab Azərbaycan
Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən
fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının
məhsuludur.
Kitaba ön sözü akademik Nizami Cəfərov
yazıb. Kitabın nəşriyyat redaktoru Varisdir.
525-ci qəzet.- 2025.- 20 fevral(№32).- S.11.