Örnək insanlara borcumuzdur bu
ehtiram
Bəzən elə anlar olur ki, səni
acılı-şirinli gənclik illərinə aparır.
Akademik İsa Həbibbəyli "Görkəmli dilçi
alim, peşəkar ədəbiyyatşünas və ustad
müəllim" monoqrafiyasını mənə hədiyyə
edəndə fikir məni ağuşuna alıb əlçatmaz,
ünyetməz 1956-cı ilə apardı. Azərbaycan Dövlət
Universitetində (indiki BDU) ədəbiyyat yazıdan imtahan
verirdim. Cəfər Cabbarlının "Almaz" pyesi
düşmüşdü. Mövzu asan idi. Dayanmadan
yazırdım. Sakitliyi bərpa edən gənc müəllim
hərdən dayanıb yazıma göz gəzdirirdi. Artıq
mövzunu tamamlamışdım. Həyəcanlı idim.
"Yunbirliyi"ni birgə yazmışdım. Qorxurdum səhv
etmiş olaram. Müəllimə müraciət etdim.
"Heç nəyə toxunma. Yazını təhvil ver, get
şifahi imtahana hazırlaş" - dedi. Müəllimin
sözlərinin məni necə
rahatlandırdığını təsəvvür etmək
çətin deyil. Gənc alim məndən cəmisi səkkiz
yaş böyük olan Yusif Seyidov idi. Sonralar münasibətlərimiz
az qala dostluq səviyyəsinə yüksəldi. Nəvəsi
mənim qızımla bir sinifdə oxuyurdu. Qızı Vəfa
və nəvəsini dünyalar qədər çox istəyirdi.
Onun övlad sevgisi bir örnək idi. Maştağada
bağı vardı. Hərdən ona baş çəkirdim.
Həyatımda bağına əsl bağban kimi qulluq edən
və bundan həzz alan iki ziyalı görmüşəm -
dost münasibətində olduğum Əjdər Xanbabayev və
Yusif Seyidov.
Ölkəmizdə elm aləmində və ədəbi
ictimaiyyət arasında xeyirxah insan, əsl pedaqoq, dilçi
alim və ədəbiyyatşünas deyəndə göz
önünə ilk gələnlərdən biri Yusif Seyidov
olur.
Akademik İsa Həbibbəylinin professor Yusif Seyidovu
görkəmli dilçi alim, peşəkar ədəbiyyatşünas,
ustad müəllim kimi təqdim etməsi təsadüfi deyil.
Yusif müəllim ADU-nun filologiya fakültəsini bitirəndən
(1952) üç il sonra namizədlik dissertasiyası müdafiə
edərək Universitetdə dilçi alim kimi fəaliyyətə
başladı. Doktorluq dissertasiyası müdafiə edəndən
sonra (1965) doğma Universitetdə "Azərbaycan dili və
onun tədrisi metodikası" kafedrasını yaratdı və
ömrünün sonuna qədər ona rəhbərlik etdi. Bu
kafedra onun sayəsində ölkəmizdə dilçilik və
metodika üzrə yüksəkixtisaslı mütəxəssislər
hazırlayan elmi-metodik mərkəzə çevrildi.
Akademik İsa Həbibbəyli göstərir ki, bu
müddət ərzində Yusif Seyidov 34 dilçi alim
yetişdirmişdi. AMEA-nın
müxbir üzvü Əbülfəz Quliyev, professorlar
Musa Adilov, Həsən Mirzəyev, Vilayət Əliyev, Elməddin
Əlibəyzadə, Buludxan Xəlilov, Akif İmanlı, Nadir
Məmmədli, Sədaqət Həsənova və
başqaları tanınmış dilçi alimlər səviyyəsinə
yüksəldilər və Yusif müəllimə
başucalığı gətirdilər.
İsa Həbibbəyli professor Yusif Seyidovun
yaradıcılığını üç yöndən tədqiq
və təhlil etmişdir: görkəmli pedaqoq, dilçi
alim və ədəbiyyatşünas kimi. İsa müəllim
ortaya qalın olmayan, lakin qalan, dərin məna kəsb edən
bir əsər qoymuşdur. Müəllif Yusif Seyidovun həyatı
və yaradıcılığını tam əhatə edən
monoqrafiyanı aşağıdakı fəsillərə
ayırmışdır: "Professor Yusif Seyidovun ömür
yolu", "Görkəmli dilçi alimin elmi xidmətləri",
"Peşəkar ədəbiyyatşünaslıq nümunəsi",
"Yusif Seyidovun elmi publisistikası və ictimai
görüşləri", "Ustad müəllim və əsl
elmi rəhbərlik missiyası".
Monoqrafiyanın birinci bölümündə Yusif
müəllimin anadan olduğu 1929-cu ildən
dünyasını dəyişdiyi 2013-cü ilə qədər
həyatında baş verən əlamətdar və örnək
ola biləcək hadisələrdən bəhs edilir. Bu fəsildən
hasil olan qənaət odur ki, insan həyatda hər şeyi zəhmət,
alın təri, yuxusuz gecələr hesabına qazanır. Zəhmət
adamı ucaldır. Yusif Seyidov çoxcildlik elmi əsərlərini
deyilənlərin hesabına ərsəyə gətirə
bilib. Alimin dərslikləri hələ də tədris
prosesində istifadə edilir.
Yusif müəllim görkəmli dilçi alimlərimiz
Əbdüləzəl Dəmirçizadə, Muxtar
Hüseynov, Əlövsət Abdullayev, Ağamalı Həsənovla
birgə yazdığı "Müasir Azərbaycan dili"
kitabına görə Dövlət Mükafatına layiq
görülmüşdü (1974). Sonralar yazdığı dərsliklər
və monoqrafiyalara görə Əməkdar elm xadimi fəxri
adına layiq görülmüş, "Şöhrət"
ordeni ilə təltif edilmişdi.
Professor Yusif Seyidovun həyatı və
yaradıcılığı şərəfli ömür
yolu örnəyidir.
Monoqrafiyanın "Görkəmli dilçi alimin elmi
xidmətləri" bölümündə İsa müəllim
professor Yusif Seyidovun dilçilik sahəsində fəaliyyətini
zərgər dəqiqliyi ilə təhlil etmiş, dilçi
alim səviyyəsində tədqiqat apararaq Yusif müəllimin
dilçilik və qrammatika sahəsindəki
uğurlarını layiqincə qiymətləndirmişdir.
İsa müəllim Yusif Seyidovu peşəkar ədəbiyyatşünas
adlandırır. Peşəkar tərcüməçi,
peşəkar idmançı, peşəkar musiqiçi ifadələri
məlumdur. Peşəkar ədəbiyyatşünas ifadəsini
ilk dəfədir eşidirəm. Bununla belə, professor Yusif
Seyidovun ədəbiyyatşünaslıq sahəsindəki əsərlərinin
siyahısına baxmaq kifayətdir ki, alimin Yusif müəllimi
"peşəkar ədəbiyyatşünas" epiteti ilə
şərəfləndirməsinə heyran qalasan: "Klassik
Azərbaycan şairləri söz haqqında (XI-XVIII əsrlər)".
1977 (Samət Əlizadə ilə şərikli), 112 səh.;
"Sözün şöhrəti". 1983, 288 səh.;
"Şairin fikir dünyası". 1985, 467 səh.;
"Ədəbi tənqid və bədii dil". 1986, 239 səh.;
"Sözün hikməti". 1989, 485 səh.;
"Şairin dərdi". 1996, 184 səh.; "Nəsiminin
dili". 1996, 268 səh.; "Ey ulu dünya". 1996, 168 səh.
əsərləri deyilənlərə dayaq olur.
Doğrudur, görkəmli dilçi alimlərimizdən
Ağamusa Axundov, Tofiq Hacıyev, Musa Adilov, Kamal Abdulla, Nizami Cəfərov,
Kamil Vəliyev və Qəzənfər Kazımov, eyni zamanda, ədəbiyyatşünas
alim kimi də şöhrət qazanmışlar. Lakin
dilçilər arasında ədəbiyyatşünaslığa
dair ilk elmi məqalələrin və kitabların müəllifi
Yusif Seyidovdur. Yusif Seyidov Yazıçılar Birliyinin
üzvlüyünə 1965-ci ildə, o biri alimlərimizin
hamısı 1980-ci ildən sonra seçilmişdilər. Bu
faktın özü də deyilənlərə dayaq olur.
Ədəbiyyatşünaslığa dair kitabların
sayına görə də Yusif müəllim öndə
gedir.
Akademik İsa Həbibbəyli təsadüfi deməmişdir:
"Yusif Seyidov ədəbiyyatşünaslıqda da
dilçilikdə nümayiş etdirdiyi yüksək elmi səviyyə
qədər peşəkardır. Onun elmi-nəzəri xarakter
daşıyan ədəbiyyatşünaslıq əsərlərinə
sözün böyük mənasında əsl ədəbiyyatşünaslar
qibtə edə bilərlər".
Həqiqətən də Yusif Seyidovun İmadəddin
Nəsimi, Cəlil Məmmədquluzadə, Səməd
Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Mir Cəlal, Nəbi
Xəzri, Elçin, Cabir Novruz və başqa
yazıçı və şairlər, eyni zamanda ədəbiyyatşünas
alimlərdən Məmməd Cəfər Cəfərov, Abbas
Zamanov, Yavuz Axundlu və İsa Həbibbəyli haqqında
kitabları və məqalələri ədəbiyyatşünaslıq
üzrə sanballı tədqiqatlardır.
Akademik İsa Həbibbəyli haqlı olaraq yazır
ki, professor Yusif Seyidovun "Şairin dərdi" (1996) Xalq
şairi Səməd Vurğunun, "Şairin fikir
dünyası" (1985) Bəxtiyar Vahabzadənin elmi
pasportudur. Bizə qalırsa, alimin "Akademik İsa Həbibbəyli"
(2013) əsəri də İsa müəllimin elmi kimlik vəsiqəsidir.
Yusif Seyidov Səməd Vurğunun
yaradıcılıq ideallarından bəhs edən
"Şairin dərdi" əsəri Azərbaycan
Vurğunşünaslığının bənzərsiz
nümunəsi olmaqla bərabər, şairin şeir dili
haqqında aydın elmi təsəvvür yaradır, eyni zamanda
şairin yaradıcılığının geniş elmi təhlilini
verir - deyə İsa Həbibbəyli qəti qənaətə
gəlir.
İsa müəllim qeyd edir ki, professor Yusif Seyidov
"Mirzə İbrahimov" adlı məqaləsində Xalq
yazıçısının dili ətrafında
müşahidələr apararkən müəyyən
etmişdir ki, Mirzə İbrahimovun ədəbi-tənqidi
görüşləri ədəbiyyat nəzəriyyəsi
ağırlıqlı elmi baxışların ifadəsidir.
Akademik İsa Həbibbəyli Yusif Seyidovun Mir Cəlalın bədii
yaradıcılığından söz açan "Ədəbi-bədii
dil problemləri" məqaləsini yüksək qiymətləndirir
və göstərir ki, müəllif böyük söz
ustadının irsinin araşdırılmasına fərqli bir
elmi töhfə vermişdir.
Professor Yusif Seyidov akademik Məmməd Cəfər Cəfərovun
dilçilik görüşlərinə həsr olunmuş
çox maraqlı və sanballı elmi əsər həsr
etmişdir. Tədqiqatçı "Dünya bədii fikrində
dil", "Rus bədii fikrində dil", "Milli bədii
təfəkkürdə dil" kimi qlobal məsələlərə
dair akademikin fikirlərini və mülahizələrini ciddi
elmi sistem əsasında tədqiq etmişdir.
Yusif müəllimin "Yaxşı ki, həyatda
Abbas müəllim kimi adamlar olmuşdur" məqaləsi vətənini
sevən, xalqını sevən, milli-mənəvi dəyərlərimizi
sevən, hər kəsin xatirini çox istədiyi Abbas
Zamanova həsr olunmuşdur. Keçən əsrin 50-60-cı
illərində yaşamış adamlar yaxşı bilirlər
ki, Naxçıvanın Ermənistana qatılmasının
qarşısının alınmasında Abbas müəllim
necə fədakarlıq göstərmişdi. O vaxt gənclərimiz
onu milli qəhrəman kimi qəbul edirdilər. Nə
yaxşı ki, müəllif Abbas müəllim haqqında məqaləsində
bu məsələni önə çəkir. Abbas müəllimin
örnək adam olduğunu xüsusi vurğulayır.
Akademik İsa Həbibbəyli monoqrafiyasında
Elçinin "Sosrealizm bizə nə verdi?" əsəri
ilə bağlı professor Yusif Seyidovun "Elçinin önə
çəkdiyi həqiqətlər" üzərində
xüsusi dayanır və yazır ki, məqalə Elçinin
ədəbiyyatşünaslıq fəaliyyətinin örnəklərindəndir.
Mənəm-mənəmlik olmasın, Elçinin
"Sosrealizm bizə nə verdi?" əsəri barədə
mətbuatda "İtirdiklərimiz və
qazandıqlarımız" adlı məqalə ilə
("Ədəbiyyat qəzeti", 17 dekabr 2010-cu il) ilk
çıxış edən mən olmuşam. Sonra başqa
alimlərimiz, o cümlədən də Yusif Seyidov
"Elçinin önə çəkdiyi həqiqətlər"
adlı məqalə ilə ("Ədəbiyyat qəzeti",
14 yanvar 2011-ci il) çıxış etdi. Etiraf edirəm ki,
Yusif müəllimin məqaləsi bir çox yöndən
üstün oldu. Bu məqalə Xalq yazıçısı
Elçinin yaradıcılığına həsr olunmuş ən
yaxşı tədqiqatlardan biridir. Müəllifin
"Altmışıncılar olmasaydı, ədəbiyyatımızın
son 50 ili solğun görünərdi" kəlamı bir
çox mətləblərə işıq tutur.
Buna görədir ki, Ədəbiyyat İnstitutunda Xalq
yazıçısı Elçinin şəxsən
iştirak etdiyi "Sosrealizm bizə nə verdi?" əsərinin
müzakirəsində (16.02.2011) məruzəçi kimi
tez-tez Yusif Seyidovun məqaləsinə müraciət etdim (Məruzə
"Elm" qəzetində (28.02.2011) çap olundu).
Açığını deyim ki, məruzəmin maraqlı və
inandırıcı alınmasında Yusif müəllimin məqaləsi
köməyimə çatdı. Yusif müəllimin məqaləsi
özü bitkin bir əsərdir. Mənim "İtirdiklərimiz
və qazandıqlarımız" məqaləm çap
olunanda bəzilərindən giley-güzar eşidirdim:
"Elçin müəllim bu məsələyə niyə
20 ildən sonra qayıdıb?" Bu məsələyə
Yusif Seyidov aydınlıq gətirdi: "Əvvəla, belə
proseslərə zamanca uzaqdan baxmaq lazım gəlir. Görmək
lazım idi ki, sosrealizmin hökmü olmadan ədəbiyyat necə
yaşayar? Həqiqi sənət əsərləri yarana bilərmi?
Qoy həyat özü göstərsin ki, sosrealizm yeganə
yaradıcılıq metodu deyil. Məhz indi bu problemin verdiyi
yola nəzər salmaq, onun ictimai-siyasi əsaslarını
açmaq, nə verdiyini, nə aldığını elmi əsaslarla
araşdırmaq olar".
Professor Yusif Seyidov və mənim əsəri oxuyarkən
biri-birimizdən xəbərsiz eyni hissləri
yaşamağımız, eyni narahatlığı keçirməyimiz,
bu 70 illik bir dövrdə sosrealizmin Azərbaycan ədəbiyyatına
verdikləri və nədən məhrum etdiyi ətrafında
düşüncələrimiz olub. Əlli ildən artıq
Azərbaycan ədəbiyyatının oxucusu və təəssübkeşi
olan bizlər, ürəyimiz əsə-əsə bizi qane edə
biləcək düzgün və obyektiv cavabı gözləyirdik.
"Qazandıqlarımızın ağırlığı
itirdiklərimizdən az olamayacaq, bəlkə də əksinə,
çox olacaq" - deyə Elçin müəllim doğru qənaətə
gəlir.
Yusif müəllim sosrealizmin siyasi mahiyyətli bir metod
olduğundan, ədəbiyyatın onun müəyyənləşdirdiyi
yolla getmək zorunda qaldığından bəhs edir. Bununla
belə, bəzən çaylar bəndləri yıxaraq məcrasından
çıxdığı kimi, Azərbaycan ədəbiyyatı,
elə musiqisi də bir sıra hallarda sosrealizm çərçivəsindən
çıxırdı. Professor Yusif Seyidovun göstərdiyi
kimi, Elçin bu əsərində nəzəri metod kimi
sosrealizmin daxili mexanizmini, onun tarixi missiyasını
açıqlamaqla tarixi xidmətlər göstərmişdir.
Akademik İsa Həbibbəylinin monoqrafiyası Yusif
Seyidovun elmi publisistikası və ictimai görüşlərinə
ayrıca fəsil ayırması təsadüfi deyil. Burada diqqət
çəkən məsələ odur ki, elmlə deyilməsi
mümkün olmayan mətləbləri publisistikanın dili ilə
adi oxucunun da başa düşəcəyi tərzdə ifadə
etmək olur. Eləcə də insanlar baş verən hadisələrdən
vaxtında xəbərdar olur. Yusif müəllimin "Yenidənqurma
və milli dillər", "Kimi aldadırsınız",
"Şəhərimizdə adların əbədiləşdirilməsinə
dair", "İndi küsmək və incimək vaxtı
deyil" və s. İsa müəllim doğru olaraq yazır
ki, bu məqalələr o vaxt yazılıb ki, dövlət
müstəqilliyi haqqında ümidlər və gələcəyə
inamın nəbzi döyünürdü.
Yusif Seyidov Ulu öndər Heydər Əliyevə
silsilə məqalələr həsr etmişdir: "XX-XXI əsrlər
Heydər Əliyev əsirləri", "Cənab Heydər
Əliyevlə görüşlərim", "Heydər
Əliyev və dünya azərbaycanlılarının həmrəylik
ideyası" kimi məqalələrində dahi şəxsiyyət
Heydər Əliyevin şəxsiyyətinin və fəaliyyətinin
miqyasını ciddi elmi məntiqlə əsaslandırmışdır.
Ulu öndərə sonsuz məhəbbətin nəticəsidir
ki, Yusif Seyidov Abbas Zamanov və Yavuz Axundlu ilə ağır
vaxtlarda Naxçıvanda Heydər Əliyevi ziyarət
etmişdi.
İsa Həbibbəylinin monoqrafiyasının ən
maraqlı fəsillərdən biri "Fotosalnamə"dir.
"Fotosalnamə" Yusif müəllimin uşaqlıqdan
başlamış dilçilik elminin zirvəsinə yüksəldiyi
illərə qədər işıq tutur. Yusif Seyidovun
Bakı Dövlət Universitetindəki fəaliyyətini əks
etdirən şəkillər mənə çox təsir etdi.
Sanki Ağamusa Axundov, Fərhad Zeynalov, Əlövsət
Abdullayev, Firudin Hüseynov, Musa Adilov, Abdulla Abbasov, İnayət
Bekdaşi, Əliyar Səfərli, Kamil Vəliyev, Bəxtiyar
Vahabzadə, əzizim Abbas Zamanov, Pənah Xəlilov, "Az
getdim, uz getdim" adlı məqaləmə görə məni
tənqid edən Ağamalı Həsənov, dostum Vasim Məmmədəliyev
və Budaq Budaqovla yenidən görüşdüm. Onların
hamısı ilə səmimi münasibətim vardı.
Ağamusa Axundov, Bəxtiyar Vahabzadə, Budaq Budaqov, Vasim Məmmədəliyev
haqqında məqalələr də yazmışam.
"Fotosalnamə" Yusif Seyidovun ömrünün
payız çağında İsa Həbibbəyli ilə
1944-cü ildə bitirdiyi doğma məktəbə gələrək
önündə çəkdirdiyi şəkillə
açılır. Bu şəkil çox mətləblərdən
xəbər verir. Kim bilir, bəlkə də Yusif müəllim
şan-şöhrət gətirdiyi doğma Yengicə kəndi
və oxuduğu məktəblə vidalaşmağa gəlmişdi.
Məlum olan odur ki, professor Yusif Seyidov şöhrətin
sevincini də, yaşın kədərini də
yaşamış, çoxşaxəli elmi fəaliyyəti,
sanballı əsərləri, publisistik yazıları ilə
görkəmli elm xadimi kimi böyük nüfuz sahibi idi.
Akademik İsa Həbibbəyli haqlı olaraq göstərir ki,
dilçi alimlər kimi, ədəbiyyatşünaslar da Yusif
Seyidovu həmişə öz sıralarında və ön cərgədə
görmüşlər.
Professor Yusif Seyidov Azərbaycan ədəbi dili
tarixinin tam, bütöv, möhtəşəm elmi salnaməsini
yaratmışdır - deyən İsa Həbibbəylinin:
"Professor Yusif Seyidov, həqiqətən də, qalın və
qalan kitablar, əbədi yaşamaq və yaşatmaq haqqı
qazanmış elmi əsərlər yaratmış,
özünə əbədiyaşar abidə
ucaltmışdır" kəlamı çox mətləblərə
aydınlıq gətirir.
Akademik İsa Həbibbəylinin həcmcə çox
da böyük olmayan (132 s.) "Görkəmli dilçi alim,
peşəkar ədəbiyyatşünas və ustad müəllim"
monoqrafiyası böyük bir alimin şərəfli
ömür yoluna layiqincə bələdçilik edir - desək,
həqiqətdən uzaq olmaz.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2025.- 20 fevral(№32).- S.10;11.