Qarabağlı Nigari: vətənsevər
sufi şair
Hər insan bir kitabdır, doğum, ölüm
adlı zaman içində fəsillərə, hissələrə,
səhifələrə ayrılan ömür kitabı. Bu
kitabların hamısı oxunmur. Ancaq bütün dövrlər
üçün örnək həyat təcrübələrindən
danışan ömür kitabları və bu cildlərə,
səhifələrə əlavə rənglər, cizgilər
qatan, insan və dünya haqqında biliklərlə zəngin
olan müəllif kitabları hər zaman oxucusunu tapır.
Orada məkan və zaman, insan və dünya fərqli mahiyyətdə,
fərqli baxış bucağından görünür.
Ümumtürk ədəbi fikir tarixinin Y.Balasaqunlu,
Ə.Yəsəvi, Nizami Gəncəvi, C.Rumu, Yunus Əmrə,
İ.Nəsimi, M.Füzuli kimi görkəmli nümayəndələri
bəşərin intellekt və mənəviyyat xəzinəsini
zənginləşdirən, əbədiləşdirən
mütəfəkkirlərdir. Yazdıqları əsərlər
dünya fikir tarixinin mükəmməl örnəkləridir.
Bədii şəkildə təqdim etdikləri gerçəklər,
göstərdikləri, toxunduqları problemlər, həqiqətlər
bütün dövrlərdə aktualdır.
Azərbaycan poeziyasının bu silsiləyə daxil
olan sənətkarlarından biri Azərbaycan torpağında
dünyaya gəlib Türkiyədə vəfat edən Mir Həmzə
Nigaridir. Mir Həmzə Nigari islam mistisizminin XIX əsrdəki
nümayəndəsi, qarabağlı sufi şairdir.
Mənbələrin verdiyi məlumata görə,
M.H.Nigari 1797-ci ildə Zəngəzur qəzasına daxil olan,
indiki Laçın rayonunun Cicimli kəndində dünyaya gəlib.
Həmzə körpə ikən, hələ altı
aylığında Mir Paşa adı ilə tanınan
atası Rüknəddin öldürülür, anası
Qızxanımın himayəsində böyüyür. O, on
beş yaşına qədər ciddi təhsil ala bilmir, 15
yaşında ikən anasının təhriki ilə, bəzi
mənbələrə görə, öz təşəbbüsü
ilə kimsəyə demədən Qaraqaş kəndinə
gedir. Qeyd etmək lazımdır ki, Qaraqaş toponimi ilə
bağlı məlumatlara görə, Qaraqaş yaylağı
Laçın, Qaraqaş dağı Kəlbəcər rayonu,
Qaraqaş kəndi isə Cəbrayıl və Ağdam
rayonlarının ərazisinə daxil imiş. Qaraqaş kəndində
Mahmud Əfəndi adlı şəxsin yanında qalır və
ilk dərslərini ondan alır. Mənbələrin verdiyi məlumata
görə, Qaraqaşda olarkən Nurəddin əfəndi
adlı şəxsin həyat yoldaşı, irfan elminə bələd
olan və izzətli, mənəvi keyfiyyətləri ilə
xüsusi hörmət sahibi olan Şahnigar xanım gənc Həmzəyə
dəstək olur, maddi cəhətdən bütün xərclərinin
qarşılığını ödəyir, mənəvi təkamülündə
mühüm rol oynayır. Sonralar Şahnigar xanımın,
maddi, mənəvi köməyi, yaxşılıqları
qarşısında mənəvi borc və təşəkkür
əlaməti olaraq özünə Nigari təxəllüsünü
seçir.
Bir müddətdən sonra Şəkinin Dəhnə
kəndində yaşayan Şikəst Abdullah Əfəndinin
yanında dərslərini davam etdirir. Düşdüyü
irfan yolunun yeni mərhələsi nəqşibəndi
şeyxlərindən Xalidi Bağdadinin xəlifəsi kürdəmirli
İsmayıl Şirvaninin yanında başlayır. Nigari onun
ardınca Türkiyənin şahzadələr şəhəri
sayılan Amasiyaya gedib çıxır. İsmayıl əfəndi,
Nigarinin həyatında və sufi təriqətlərdən
olan nəqşibəndiliyə bağlanmasında mühüm
rol oynayır.
Həmzə Nigari mürşidinin icazəsi ilə
müqəddəs məkanları ziyarət üçün
səfərə çıxır, əvvəlcə Konyaya
gedir, Mövlana Cəlaləddin Ruminin türbəsini ziyarət
edir, sonra isə Məkkə, Mədinə, Şam, Qüds
şəhərlərində olur. Ziyarətlərinin sonunda
Amasiyaya qayıdır. Onun müridlikdə yüksək mərhələyə
çatmasının sübutu mürşidi İsmayıl
Şirvaninin təqdim etdiyi yazılı xilafətnamədir.
Uzun müddətdən sonra Nigari Azərbaycana qayıdır,
doğulub böyüdüyü yerdə irfan elmini təlim
edir, tədris fəaliyyətinə başlayır. Onun
yanına müxtəlif bölgələrdən insanlar gəlir.
Seyid Həmzə el arasında "Şıxəfəndi
baba" adı ilə tanınır, ədəbi mühitdə
isə "Niğari" təxəllüsü ilə məşhurlaşır.
Belə deyirlər ki, o, zaman-zaman yaşadığı evin
arxasındakı kahaya çəkilər, orada bir müddət
tənha qalar, mistik yolçuluğa çıxaraq zikr edərdi.
Həmin yerə "Şıxəfəndi babanın zikr
evi" deyərdilər.
Nigari Krım müharibəsi zamanı müridləri
ilə birlikdə gizli şəkildə Qarsa gedir, Osmanlı
ordusuna daxil olur, müharibədə iştirak edir. Müharibədən
sonra Ərzuruma yerləşir. Həmzə Nigari bir müddətdən
sonra Ərzurumdan İstanbula gedir, nəhayət Amasiyaya
qayıdaraq orada məskunlaşır. Burada uzun müddət təfsir
və hədis dərsləri deməklə yanaşı, təsəvvüf
fəaliyyəti ilə də məşğul olur, lakin onun fəaliyyəti,
sufi baxışları bəzi dindarları narahat edir. Dövlət
dindarları narazı salmaq istəmir, bunun müqabilində
şikayətlərə cavab olaraq Nigari Harputa sürgün
edilir. 1885-ci ildə Harputda vəfat edir. Vəfatına az
qalmış Harput valisi Hacı Həsən Paşa ilə
söhbətində Amasiyada dəfn edilməsini xahiş edir,
bunun üçün ondan kömək istəyir. Vali ona
"Allah sizə ömür versin, ancaq yol çox uzaqdır,
rahatsızlıq olar" dedikdə, Nigari valinin nəyə
işarə etdiyini bilərək belə bir cavab verir: "Səksən
ildir bu vücud Allah demişdir. Ondan qeyrisini görməmişdir.
Səkkiz gün içərisində teaffün edəcəksə
(çürüyəcəksə), qoy getsin". Deyilənlərə
görə, səkkiz gün yolda olmasına baxmayaraq, onun
heç bir zərər görməyən nəşi Amasiyaya
gətirilir. Beləliklə, Nigari vəsiyyəti üzrə
Amasiyada dəfn olunur.
Mir Həmzə Nigarinin Mühyiddin Ərəbinin
"Fütuhatı-məkkiyyə" əsərinə
yazdığı Təvzihat, türkcə və farsca
divanı, ayrıca "Nigarnamə" və "Saqinamə"
adlı əsərləri vardır. Divanı Tiflisdə (1908)
və İstanbulda (1883) dərc edilib. "Nigarnamə"
İstanbulda dərc olunur. Farsca divanı da yenə
İstanbulda 1911-ci ildə nəşr edilir. Onun əsərləri
Azərbaycanda da işıq üzü görür. 2004-cü
ildə Seyid Nigarinin öz misraları ilə adlanan
"Xaki-Payin, Taci-Sərim" kitabı, 2010-cu ildə
"Divan"ı, 2012-ci ildə "Nigarnamə" əsəri
oxuculara təqdim edilir.
Mir Həmzə Nigarinin əsərləri sufi
şairin obrazını müxtəlif rakurslardan
işıqlandırır, onun şəxsiyyəti,
könül dünyası haqqında məlumat verir, zahiri
görüntüsü və daxili mənəvi keyfiyyətlərindən
ibarət portretini yaradır. Nigarinin söz dünyasından
oxucularına təqdim olunan əsas portretlərindən biri cənnət
məkanda dünyaya gələn, torpağına, elinə
bağlı, vətən dərdi çəkən insanın
tam və dolğun vətəndaş obrazıdır.
Şairin sevgi və fərəh hissi ilə qələmə
aldığı, təsvir etdiyi mənzərələr Azərbaycanın
dilbər guşəsi olan Qarabağın gözəlliklərini
bədii sözün gücü ilə göz önündə
əyaniləşdirir. Onun məşhur "Qarabağ"
şeirində füsunkar təbiət mənzərəsi və
ayrılıq həsrətindən ibarət olan emosional duyum
birləşir. İstifadə etdiyi bənzətmələr
Qarabağın ecazkar, könül açan gözəlliyi ilə
yanaşı, həsrət, ayrılıq acısının təqdiminə
xidmət edir. Bu təsvir, ifadə tərzi şairin vətənə
bağlılığını, könül
yanğısını oxucuya ötürərək
hissi-emosional səviyyədə yaşada bilir və
sözün bədii təsir effektini qüvvətləndirir.
Nə əcəb dövlət imiş
seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ...
Kövsəri-Tuba imiş çayi-çinari
Qarabağ,
Aləmi-cənnət imiş dari-diyari Qarabağ...
Dağlayıbdır bəni bir laləüzari-Qarabağ,
Yandırıbdır bəni bir nari-Nigari
Qarabağ.
"Çaynamə" əsərində bu təbiət
gözəlliklərinin sərhədləri bir az da
boyüyür, Azərbaycan torpağı daha geniş miqyasda tərənnüm
edilir. Nigari Azərbaycanın sərhədlərini, coğrafi
koordinatlarını bədii sözlə çəkir:
Qərbiyyəsi Gögçə, gahi-xuban,
Şərqiyyəsi Badikubü Şirvan.
Sərhəddi-cənubisi Ərəsdir,
Gürcidi Şimali, xoşnəfəsdir;
Cənnət kibi, hər məhəlidir bağ
Hər bir tərəfində bağü irmağ.
Nigarinin təqdim etdiyi coğrafi sərhədlər əsrlərlə
səsləndirilməyən Azərbaycan
reallığını əks etdirir. Doğma torpağın,
vətənin yadellilərin hakimiyyəti və idarəsi
altında olması, azadlıq mücadiləsində fəal
iştirakı, həyatının təqiblərdə
keçməsi şairin tərənnüm etdiyi Qarabağ
mövzusunda kədər və həsrət motivlərinin
silsiləvi yer almasına səbəb olur. Yurdundan
köçkün düşən Nigarinin misraları vətən
sevgisi, ayrılıq dərdi, torpaq yanğısından
danışır:
Qan əkər, odlar tökər Miri-Nigari məgər
Yad qılıbdır yenə Qarabağ
torpağını.
Nigari könül yanğısı, həsrət
acısı ilə birlikdə doğma yurdun toponimik mənzərəsini
şeir dilinə köçürür. Onun əsərlərində
Çilgəz yaylağı, Qaraqaş yaylağı, Həmzə
bulağı, Həkəri çayı, Bərğüşad
çayı, Tərtər çayı və sair vətən
həsrətinin, ayrılıq acısının rəmzi, bədii
obrazı kimi canlanır:
Canıma çəkmiş fələk Bərgüşadın
dağını,
Sönməz atəşi, ursan Həkəri
irmağını;
Sanma ki, ahım odu Tərtərə təsir etməz,
Qarabağ içrə düşüb yaxmaya nəhri-Tələki.
lll
Ol dairədə Həkəri, Bərşad,
Eşqin yeridir, buyurdu ustad;
Sinəmə çarpazı dağlar çəkilür.
Yadıma düşdükcə Çilgəz
yaylağı...
...Cənnətülməvadır, hövzi-Kövsərdir
Qaraqaş yaylağı, Həmzə bulağı.
Şair qürbətdə başıbəlalı
Qarabağ torpağından, vətəndən ürəkaçan,
yeni bir xəbər gözləyir:
Ey Nigari, ömrün irişdi payə
Salmadı başimə ol sərv sayə,
Can nisar eylərəm peyki-səbayə
Xəbər versə, bir gün Qarabağdan.
Bəzən vətən sevgisi həsrətin kədərini
əridir, gələcəyə inam üstün gəlir və
şair qəlbi səbrlə ilahi ədalətə, köməyə
inanır, qəlbində ümid işığı yanır:
Tükənməzmi dərdin, yoxmu bir çarə?
Yaxılursan şamü səhər odlarə
Səbr eylə biçarə, ey günü qarə
Ey Seyyid Nigari, Movla kərimdir.
Mir Həmzə Nigari "Movla kərimdir" ifadəsini
artıq bir irfan alimi kimi inamla səsləndirir, gələcəyə
inam hissi ilə, ümid içərisində
xeyir-duasını da vətənindən əsirgəmir.
Bir qönceyi-gülün tarimarıyam
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl kəbkin giriftarıyam,
(kəbk - kəklik)
Şənlik olsun dağı, bağı,
ovlağı.
Nə yaxşı ki, bu gün, XXI əsrdə
Qarabağ torpağı, eli, obası ilə birlikdə,
bütün Azərbaycan əsrlərdən bəri gözlənilən
şənlik və büsata şahidlik edir. Qarabağdan əsən
sevinc yelləri, Amasiyaya şadlıq, şənlik havası
aparır.
Nigarinin şeirlərində torpağı müqəddəs
bilən dünya insanı, vətənpərvər Nigari ilə
məkan və zaman sonsuzluğunda irfan elminin eşq
yolçusu Nigari vəhdət yaradır. Nigarı irfan sahibi,
təsəvvüf fəlsəfəsini bədii sözün
gücü ilə açıq təqdim edən və onu
yaşayan, insanları mənəvi təkamülə, kamilliyə
səsləyən şairdir. Fərdi həyat və
düşüncə tipindən aşiq və irfan insanına
keçidin yolu Nigarinin təxəllüsündən
başlayır, yaradıcılığı və əməli
fəaliyyəti ilə davam edir. Bu mərtəbədən
Nigarinin sufi şair portreti görünür:
Lütfi-ilahinin nəzərgahiyəm,
Ərbabi-sevdanın qibləgahiyəm,
Mülki-məlamətin padişahiyəm,
Xaki-payi-dilbər taci-sərimdir.
Ədəbi mühitdə Nigari kimi məşhurlaşan
şairin təxəllüsü rəmzi məna
daşıyır. Nigar sözünün mənası
lüğətlərdə 1) şəkil, rəsm, əks; 2)
gözəl; 3) sevgili olaraq verilir, nominativ və məcazi mənada
işlənir. Təsəvvüf poeziyasında isə bu
sözə əlavə məna çaları, rəmzi məna
yüklənir: sevgili, canan, dilbər və sair. Əsasən
isə "Yaradan" sözünün ekvivalenti olaraq istifadə
edilir. Klassik poeziya dilində hər iki semantika aparıcıdır.
Deməli, Nigari sözü təxəllüs olaraq bu
anlayışların hamısını əhatə edir. Mərhum
akademik T.Hacıyev qeyd edir ki, Nigar allah sevgisinin rəmzi olan
gözəl obrazıdır. Və bu mənada Nigari
adını Füzulinin Leylisi ilə müqayisə eləmək
olar. Leyli Allaha eşqin rəmzidir, Seyid Həmzə də
allaha eşqin, məhəbbətin obrazını Nigar adı
ilə canlandırır:
Alıbdır
canımı qəmzə,
düşübdür könlümə lərzə
Hər bir aşiq Seyid Həmzə,
hər bir dilbər Nigar olmaz.
Yaradanın gözəllik və sevgi olaraq bilinməsi,
poeziya dilində gözəl qadın obrazında təqdimi
XII-XIII əsrlər islam mistisizminin nümayəndəsi
İbn əl-Ərəbinin fəlsəfi görüşləri
və bədii yaradıcılığı ilə əlaqələndirilir.
O, bunu öz əsərlərində xüsusi izahlarla əsaslandıraraq
deyir: "Allahın gözəlliyi ilə (zinət əl-lah)
bu dünyanın gözəlliyi (zinət əl-həyat əd-dünya)
arasında bir fərq var: məqsəd (qəsd) və niyyət
(niyyə) fərqi. Gözəlliyin özü isə həmindir
(əyn əz-zina), ayrı birisi deyil".
Vacib məqamlardan biri də İbn əl-Ərəbinin
şair olması və əsərlərində "mistik
hisslərini sevgi şeirləri formasında təqdim etməyi
münasib bildiyini söyləməsi"dir. Tədqiqatlara
görə, o, məhəbbətin tərənnümü olan
"Tərcüman" əsərinə ikinci dəfə
yazdığı ön söz və şərhlərdə
bir çox obrazların rəmzi məna
daşıdığını izah edir. "İbn əl-
Ərəbi "Tərcüman" divanında "mənim
dinim sevgidir" ifadəsini işlədir və bu ifadənin
"Quran" əsasında şərhini verir.
İbn əl-Ərəbiyə görə, həqiqi,
hər şeyi əhatə edən sevgi, insanın
özünü rədd edir və onu Allahın
varlığında əridir. Deməli, sevgi kiçik mənada
duyğu və emosional hiss, böyük mənada
varlığın yaradılış, var oluş səbəbi,
hərəkətverici qüvvəsidir. Müxtəlif elmi və
fəlsəfi nəzəriyyələr, xüsusilə təsəvvüf
nəzəriyyəsi "insanın tanrının bir zərrəsi
olması, tanrının əlamətlərinin onda
varlığı" fikrinin üzərində dayanır və
özünüdərk yolunu vacib sayır. Özünüdərkə
gedən yol sevgidən keçir, sevgi ilə qət edilir. Bu
idrakda olan insan dünyanın faniliyini dərk edir, güc, təkəbbür
oyununu və qorxularını bitirərək kamillik zirvəsinə
çatmış olur. XX əsrin əvvəllərində
H.Cavidin "Mənim tanrım gözəllikdir, sevgidir",
C.Cabbarlının "Bütün əski tanrıları
buraxdım İndi artıq bir tanrım var, gözəllik"
fikirlərində bu ideya səslənir.
Ənənəvi qadın adı kimi işlənən
və poetik dildə gözəl, sevgili mənasını ifadə
edən "Nigar" adını özünə təxəllüs
olaraq seçməsi Mir Həmzə Nigarinin dünyanın nəfs,
təkəbbür və qorxu hissindən
arındığına, əxlaqi gözəlliyinə, həm
də irfan elmində irəliləyərək yüksək mərhələyə
yetməsinə dəlalət edir: Eləsəm arifi-Şiraz
ilə bəhs, olmaz əcəb Ki verüb lutfi-Xuda badeyi-irfan
bana. Ruhun gender bölgüsü yoxdur, ruh əzəli və əbədi
var olan yaradandandır. İlahi eşq yolçuları, irfan
elmini bilənlər dualitadan uzaqlaşır, özünü
maddiyyatdan, dünya nəfsindən azad edir, bütün
yaradılışda da yalnız yaradanın təcəllisini
görür. Mövlananın dediyi kimi: "Yaradılanı
sev, Yaradana görə".
Nigarini tanıdan mənbələr və onun
yaradıcılığı, söz-ifadə sistemi təsəvvüf
insanının həyat tərzi ilə ideya-əqidə
sisteminin, qəlb gözəlliyi ilə zahiri
görüntüsünün ahəng yaratması, fikri,
sözü ilə əməlinin bir olması haqqında məlumat
verir. Mirzadə Mustafa Fəxrəddin Ağabalinin 1929-cu ildə
yazdığı "Hümayi-ərş" əsəri bu
istiqamətdə maraqlı mənbədir. Müəllif,
Nigarinin tərcümeyi-halı, Amasiya həyatı, şeyx,
sufi, şairliyi, zahiri və batini məziyyətləri, əxlaq
və davranışları haqqında geniş məlumat verərkən,
bəsirət gözü ilə şeyxi görən birisinin
dilindən belə təsvir edir: "Sanki ilahi qüdrətin
cəlal və camal feyzi bir cismani nur halına gəlmiş də
könülalıcı gözlərin rəssamı
olmuşdu".
Bu məlumat Nigarinin əsərlərində də təsdiqlənir.
O, şeirlərində öz portretini, üz və göz
cizgilərini sözlə çəkir, "rüxsarım
görən Məcnun olur", "ellər mana məftun
olur", "var gözümdə halət", "bəxşi-Mövla
əfsun olur" kimi ifadələrlə vizual
görüntü yaradır:
Var bir halım ki,
rüxsarım görən Məcnun olur
Böylədir kim, ilbəil,
ellər mana məftun olur.
Var bir halət gözümdə,
bəxşi-Mövladır, kimə
Baxsam, ol şeyda bana,
eynim ona əfsun olur.
Bu misralarda mistik nurlanmadan və Nigarinin qəlbindəki
ilahi nurun zahirə axması, maddi uzundə, gözlərində
əks olunmasından söhbət gedir. Dəqiq elmlərdə
kainatın vahid enerji axınından ibarət olmasından
danışılır. Ezoterik ədəbiyyatda insanın
maddi bədəninin ətrafında işıq halqası -
auranın olması ilə bağlı məlumatlar verilir.
Danışıq dilində, el arasında belə insanlar
üçün "üzündə nur var" ifadəsi
işlənir, ədəbi dildə "işıqlı
adam" ifadəsi də bu şüuraltı bilikdən
qaynaqlanır.
Türk ədəbiyyatı tarixininin görkəmli tədqiqatçısı
və yazıçı İskəndər Pala Nigari
"Divan"ının Türkiyə nəşrinin ön
sözündə yazır ki, Mir Həmzə Nigari adlı
lüğətdə bir söz olsaydı,
qarşısında mütləq "eşq"
yazılardı.
T.Hacıyev qeyd edir ki, o, Azərbaycan ədəbiyyatında
iki sənətkarın, Füzulinin və Yunus Əmrənin
üslubunu birləşdirir. Bir tərəfdən məclislər
üçün, təhsil görmüşlər
üçün klassik poeziya janrında sufiliyi tərənnüm
edir, o biri tərəfdən də dərvişlər
üçün sadə dildə şeirlər yazır,
sufiliyi, nəqşibəndiliyi sadə dillə xalqa
çatdırır. Bu mənada onun xalq şeiri janrında
yazdığı əsərləri də təsəvvüf
fəlsəfəsi ilə yüklənir:
Eşqə giriş, eylə simurği tələb
Andan özgə yoxdur aləmdə səbəb;
lll
Qərar et Ənqa tək Qafi-bəqadə
Tərk et nə var dünyavü mafihadə...
M.H.Nigarinin yaradıcılığı dərviş
Yunusla aşiq Füzulinin eşq fəlsəfəsini sintez
edir. O, Yunusun "Gəl gör məni eşq neylədi",
Füzulinin "Yarəb bəlayi-eşq ilə qıl
aşina məni", "Məndə Məcnundan füzun
aşiqlik istedadı var" kimi sevgi rekviyemlərini davam
etdirir və Nizaminin "Eşqdir mehrabı uca göylərin"
fəlsəfəsini belə davam etdirir:
Eşqdəndir cümlə əşya, innəma
Eşqdəndir əslü fəri-külləma
Eşqdəndir gərdişi-xurşidü məh,
Eşqdəndir Qafi-sakin vəssəra.
Eşqdəndir, ey Nigari, hər nə var,
Eşqdəndir cümlə əşya, intəha.
Təsəvvüf poeziyası yaradan və dünya,
yaradan və insan, insan və dünya istiqamətində fəlsəfi
görüşlərin poetik dillə ifadəsi və təqdimidir.
Bu, bilavasitə poeziyanın kosmoqoniya, yaradılış elminə
bədii müdaxiləsidir. Nigari "sevda"nı da
"eşq"lə eyni məxrəcdə təqdim edir:
Əcəb nəqşü, əcəb nəqqaş,
əcəb pərgardır sevda,
Əcəb məşqü, əcəb məşşaq,
əcəb xoş kardır sevda!
Əcəb biyarü biyavər,
əcəb bitirü bixəncər,
Bəhadir, siri-cəngavər,
əcəb sərdardır sevda.
Açılmaz bir müəmmadır,
bilinməz elmi-kimyadır,
Mücərrəd qeybdir,
düşvartər əsrardır sevda!
Nigarinin şeirləri üçün xarakterik olan cəhətlərdən
biri musiqilik və ritmdir. Onun şeirlərinin müəyyən
bir hissəsinin strukturu, söz-ifadə tərkibi zikr məclislərində
ifadə oluna biləcək xüsusi ritmə malikdir. Tarixi
faktdır ki, sufilərin zikr məclislərində bu cür
ritmli əsərlər musiqinin müşayiəti ilə
oxunmuş, Mövlanə ənənəsi kimi yaşayan
"Səma rəqsi" də xüsusi ritm və musiqi ilə
icra olunmuşdur. Ahəngdarlıq, ritmli təkrarlar və
musiqi konkret zaman içərisində maddi, dünyəvi
düşüncələrdən uzaqlaşmaq, daxili nitqi
susdurmaq vasitəsilə könül gözü, bəsirət
gözünün açılmasına yardım etmək məqsədini
izləyir. Bu anda hərəkət passiv, təkrarlanan nitq isə
müşayiət edici, istiqamətləndirici olur:
Əlhəmdülillah, Əlhəmdülillah
Söylər vücudum təmamən Allah
Görsəm bir bəla, zikrim hüveyda,
Əlhökmü lillah, əlhökmü lillah;
lll
Qəm əlindən gəldim dadə
Dərdimdir həddən ziyadə
Yalvarıram, vermə badə
Zülfün Salmanə, Salmanə.
Musiqi, səs və sözlərin təkrarı,
melodiklik söylənilən fikrin təsirini, qavrama
intensivliyini artırır, yaddaşa həkk edir. Nigarinin
şeirlərində istifadə etdiyi ritmik vasitələr,
musiqilik onun həm də musiqinin növləri, musiqinin insana təsiri
haqqında biliklərdən xəbərdar olmasını
göstərir. "Nigarnamə" əsərində
xüsusi emosional təsir gücünə malik muğam, təsnif
və şöbələrdən bəhs edilir ki, onlar bu
gün də milli musiqi sənətinin, muğam sənətinin
inciləri hesab olunur:
Allah deyüb şirin-şirin həm
Meydani-məzaqə girdi ol dəm.
Yəni ələ aldı, çaldı sazı
Ki çaldı "Əraq"ı ki
"Hicaz"i;
Yəni qamu etdi öylə bir baz,
Mütrüb oqudı və çaldı
"Şahnaz"...
Azərbaycan ədəbiyyatının, demək olar
ki, sonuncu təsəvvüf şairi Seyid Nigari, tədqiqatçıların
da dediyi kimi, hələ də layiqli qiymətini almayan sənətkarlardandır.
Onun sevgi şeirlərinin təsəvvüf qatı tədqiqatçılarını
gözləyir, dil, ifadə, ideya məzmun sistemi ilə birlikdə
yeni araşdırmalar, geniş tədqiqat tələb edir. Təsəvvüf
bütün yaradılışı, külli-aləmi
qarşılıqlı əlaqə və vəhdətdə
götürən, maddi dünya insanını eşq yolu ilə
kamilliyə aparan bir elmdir, ancaq bu elm sadəcə nəzəriyyə
deyil, həm də bir həyat təcrübəsi, yaşam tərzidir.
Ə.Yəsəvi, Nizami, Mövlana, Yunus Əmrə, Nəsimi,
Fuzüli, Nigari kimi sənətkarların ədəbi irsinin
eşq fəlsəfəsi müasir elm və texnologiyanın
çərçivəsinə sığışmır,
daha dərin elmi-ədəbi məna, məzmun və təcrübi
əhəmiyyət daşıyır. Elmi-texniki tərəqqi
maddi dünya insanını aya, ulduza, başqa planetlərə
apara bilir, ancaq yanındakı, yaxınındakı insanın
qəlbinə apara bilmir. Odur ki, bu söz fatehlərinin,
könül dostlarının düşüncələrə
və ürəklərə yol tapan, sevgi və eşqlə
yoğrulan, qəlbləri, zehnləri aydınladan əsərlərində
əsrlərdən bəri bizə ötürülən,
müasir dünyaya və müasir insana göndərilən
çağırışları eşitmək, duymaq, öyrənmək
lazım gəlir. Çünki özünü bilən,
kamillik yoluna düşən insan yaradılışın məqsədini,
mahiyyətini öyrənə bilir və belə insan öz fəaliyyətini
gözəllik, sevgi əsasında qurur, dünya və
insanlıq naminə çalışır.
Sevda MURADXANQIZI (SADIQOVA)
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 21 fevral(№33).- S.14-15.