Yaddaşımda
yaşatdıqlarım
YAXUD "ÖTƏN GÜNƏ GÜN
ÇATARMI..."
Bir, iki, üç... Daha bir neçə addım...
Qabaqda hələ geniş, uzun bir yol var. Biz isə dincimizi
almadan oraya - çəltik sahəsinə tələsirik.
Əmənulla babam mənə görə geciksə də,
üstünü vurmur, ürək-dirək verərək məni
ruhlandırır.
Bir, iki, üç... Addımlarımı
yavaşıdıb, qeyri-ixtiyari arxaya boylanıram və
babamın bir az əvvəl söylədiyi sözlər yadıma
düşür: "Atdığımız hər addım
ömürdən gedir, bala. O addımlar bir də geri dönən
deyil. Təəssüf ki, itirilən vaxtımızı pul
kimi əmanət kassasına qoya bilmirik..." Onda 1952-ci ilin
payızı idi, beş yaşıma qədəm qoymuşdum.
Bu sözlərin mənasını sonralar, yaşa dolandan
sonra anladım. Həyatı boş və mənasız
keçirənlərlə arası yox idi babamın. Bizi də
bu ruhda tərbiyə etmişdi.
lll
Ana tərəfdən babam Əmənulla Əzimov
1899-cu ildə Lənkəranın Vilvan kəndində
dünyaya gəlmiş, 2 yaşında olanda atası Məşədi
Əsədulla vəfat etdiyi üçün, bacısı
Şahcanla birgə əmiləri Rəhmanın himayəsində
yaşamışdı. Uzun ömür sürən Əmənulla
babam 1989-cu il iyulun 21-də 90 yaşında vəfat etdi.
Dolu, yaraşıqlı bir kişi idi Əmənulla
babam. Buxara papağı ona xüsusi yaraşıq verirdi. Cavan
vaxtlarında güləşlə məşğul olmuş,
toylarda, bayramlarda gücünü göstərmişdi. Deyilənə
görə, pis də güləşməmişdi, qonşu kəndlərdən
yarışa gələnlər ondan ehtiyat edərmişlər.
Əmənulla babam müharibədən əvvəl
kolxozda ferma müdiri, briqadir işləmişdi. 60-cı illərdə
isə kolxozdakı ördək fermasında
çalışırdı. O həm də ictimaiyyətçi
idi. Kənddə mədəni-kütləvi tədbir
keçiriləndə əlində sivri budaq qabaqda dayanaraq,
sakitlik yaradardı. Kimliyinə baxmazdı, səs-küy salana
əlindəki budağı çəkərdi.
lll
Uzun qış gecələrində kəndə dərin
sükut çökürdü. Bacalardan tüstülənən
evlərdən bilinirdi ki, bura kənddir, hansısa
yaşayış məntəqəsidir. Elektrik
işığı, radio, televizor olmayan vaxtlar idi. Kənddə,
demək olar ki, yaddaqalan mədəni-kütləvi tədbir
keçirilmirdi. İldə bir-iki dəfə kəndə
konsert briqadaları gəlirdi və uzun vaxt onun təsiri
altında yaşayırdıq. Çal-çağıra o qədər
adam yığışırdı ki, uşaqlara meydanda yer
olmazdı. Odur ki, yaxınlıqdakı ağaclara, hasarlara
dırmaşar, maraqla konserti izləyərdik. Ayrı-ayrı
məhəllələrdə nağıl axşamları təşkil
olunurdu. Nağıl axşamları sonralar gələcək həyatımızda,
dünyagörüşümüzün formalaşmasında
böyük rol oynadı. Ağsaqqallar bizə əxlaq dərsi
keçməklə, həm də vətənpərvərlik
hissləri aşılayırdılar. Onlardan öyrəndiklərimiz
bizim hər birimiz üçün bir məktəb idi.
Nədənsə qış o illərdə çox sərt
keçirdi. Camaatın qayğıları da onda daha artıq
olurdu. Torpaqlar, biçənəklər qar altında
mürgüləyəndə sərçələr narahat
görünür, yem ardınca çıxaraq orda-burda
dolaşırdılar. Səhərlər qar üstündə
müxtəlif izlər görünürdü. Bu isə
hansısa meşə heyvanının ova
çıxdığından xəbər verirdi.
Heyvanları qışdan salamat çıxarmaq
üçün ot-ələfi qənaətlə işlədənlər
az deyildi. Otu qurtarmış ailələrə isə
qonum-qonşu həyan olardı. Köməyi hiss etdirmədən
edərdilər ki, qonşu narahat olmasın.
Kənddə səxavətli kişilər də
vardı. İqtisadi vəziyyətin ağır olduğu XX əsrin
iyirminci illərində Hacı Hüseyn qapı-qapı gəzərək,
imkansız ailələrə təmənnasız taxıl
paylamış, adamları korluq çəkməyə
qoymamışdı. O, ziyarətdən qayıtdıqdan sonra
kənddə hamam tikdirmiş, körpü çəkdirmiş,
yol saldırmışdı. Şərq üslubunda
tikilmiş Hacı Hüseyn hamamından bu gün də istifadə
edilir.
Atamın əmisi Ali baba kolxoz quruculuğuna etiraz
etmiş, hədə-qorxuya baxmayaraq, ömrünün
axırınadək kolxoza yazılmamışdı. Ata-baba sənətini
yaşadaraq irili-xırdalı, müxtəlif
naxışlı səbətlər, cevend (asılqan),
gündən qorunmaq üçün papaqlar, zənbillər və
sair toxuyardı. Bir gün ona xəbər verirlər ki,
bağa oğru girib. Oğrunu əli-qolu bağlı onun
yanına gətiriblər. Ali baba oğrunun qollarını
açdırır, qabağına çay-çörək
qoydurur. Sonra da ona çörək, ayrı-ayrı torbada
buğda, düyü, un verərək yola salır. Deyir ki,
oğurluq kişiyə yaraşan deyil, çətinlik çəkəndə
yolunu bizə tərəf sal.
lll
Yadımdadır, o gün Ləkər
körpüsünə çatanda babam kəl arabasını
saxladı. Bir qədər kənarda Ləj meşələri
uzanırdı. Babam gözlərini uzanan yoldan çəkmədən
dedi:
- Bu tarixi yadında yaxşı saxla, övladım.
1918-ci ilin mart qırğınlarını yaddan
çıxarmaq olmaz. Qaçaqaç dövründə
burada - Ləkər körpüsü ətrafında qanlı
vuruşma getmişdi. Şəhərdə görünməmiş
talanlar və qırğınlar törədilmiş,
mayakın ətrafında onlarla günahsız insan güllələnmişdi.
Qonşu Vilvan, Veravul, Cil, Osakücə kəndlərinin sakinləri
qırğından qurtulmaq üçün
yaxınlıqdakı meşələrə çəkilmişdilər...
Babam köksünü ötürərək azacıq
fikrə getdi, yaddaşını vərəqləyirmiş
kimi gözlərini uzaqlara dikdi. Sonra dillənib:
- 1918-ci il mart-aprel ayları idi, - dedi. - Kəndimizə
bir dəstə atlı gəlib cavanları bir yerə
yığdı. Onlar rus və başa düşmədiyimiz
dildə danışırdılar. Şıvkunovu ilk dəfə
onda gördüm. Dəstə bizi başına
yığıb Ləkər körpüsünədək
müşayiət etdi. Kəndimizdən Ali Əzimov,
Mikayıl Quliyev, Davud Rəhimov, Mahmud Şərifov və
başqaları da bizimlə idilər. Hərəmizə bir
tüfəng verib dedilər ki, səngər qazın,
vuruşacaqsınız. Biz düşmənin kimlər
olduğunu bilmirdik, amma itaət edərək səngər
qazdıq. Bizə güllə verməmişdilər. Deyirdilər
ki, patronu "düşmən" yaxınlaşanda verərik.
Qaranlıq düşərkən özümüzü Ləj
meşəliyinə tərəf verdik, oradan
özümüzü kəndə çatdırdıq. Bundan
qəzəblənən şıvkunovçular Girdəni,
Veravul və Vilvan kəndlərini top atəşinə
tutdular. Vilvan kəndində bir neçə ev yandı, ölənlər
də vardı. Adamlar Osakücə meşəliyinə
çəkildiyindən tələfat çox olmadı.
Atışma sakitləşəndə Şıvkunov öz
quldur dəstəsi ilə yenidən kəndə gəldi,
tüfəngləri istəyirdi. Ağsaqqalların təkidi
ilə silahları qaytardıq. Gülləmiz olsaydı,
quldurlarla döyüşərdik, amma o vaxtlar güllə
tapmaq müşkül məsələ idi.
Şıvkunovun əmrinə itaət etmədiyimizə
görə bizi ağaca sarıyıb öldürmək istəyirdilər.
Amma təsadüfən kəndimizə gələn İbi
İbayevin partizan dəstəsi onlarla döyüşə
girdi. Nəticədə Şıvkunovun dəstəsi
qaçmaq məcburiyyətində qaldı. Sonralar eşitdik
ki, Ləkər körpüsü ətrafında 10 nəfər
öldürülüb.
1918-ci il mart soyqırımı ata tərəfdən
Ağabacı nənəmin
gözlərinin qabağında olmuşdu. O, 1894-cü
ildə qardaşı Yəhya ilə İrandan qaçaraq Lənkəranın
Vilvan kəndində sığınacaq tapmışdılar.
Həmin dövrdə şah zülmündən
qaçanların çoxu Lənkəranın Kiçik Bazar
hissəsində yerləşmişdi. Bu gün də həmin
məhəllədə yaşayan tayfalar "giləklər"
adı ilə tanınırlar.
Həmin günlərdə ata tərəfdən
Şeyx Ağacan baba Ağabacı İsmayıl qızına
elçi düşmüş, bu izdivacdan 8 övladı - 5
oğlu, 3 qızı olmuşdu.
"Qaçaqaç dövründə ata tərəfdən
babam Ağacan Əzimov kəndin cavanları ilə dağlara
çəkilərək erməni-denikinçi dəstələri
ilə vuruşurdu. Atışma qızışanda kənddə
qalan qadınlar uşaqlarını yanına alıb Osakücə
meşəliyinə tərəf üz tutmuşdular.
Ağabacı nənə uşaqlardan yalnız ikisini - Babacan
və Zülfünü çiyninə alıb qaça
bilmişdi. Hələ bir yaşına çatmamış
körpəsi Əliağanı isə Allahın ümidinə
qoyaraq həyətdəki yekə nil ağacının
oyuğunda gizlədə bilmişdi. Ağabacı nənə
səhər sakitlikdə evə qayıdarkən oğluna tərəf
qaçır. Görür ki, körpə hələ də
sakitcə uyuyur. İllər keçəndən sonra,
övladları yaşa doldu. Dörd oğul övladından təkcə
Əliağa Əhədov (bu sətirlərin müəllifinin
atası - red.) müharibədən sağ qayıtdı. Baba,
Zülfü və Əjdər 1941-1945-ci illərdə
faşistlərlə vuruşmada həlak olmuşdular".
(E.Əhədov. Daşnak-bolşevik zülmünün Lənkərandakı
izləri, "525-ci qəzet",
19.04.2023).
lll
Evimizin qabağında kolxozun tarla düşərgəsi
yerləşirdi. Əməkçilər fasilə vaxtı
burada dincəlirdilər. Bir dəfə axşamüstü ətraf
sakitləşəndə biz uşaqlar maraq hissi ilə
ordakı kitabxanaya girib kitablara baxmağa başladıq. Hələ
məktəbə getməsək də, kitablardakı şəkilləri
cırıb köynəyimiz altında gizlədirdik. Yaşca
bizdən böyük olan Akif dedi ki, kitabı niyə
cırdın, Stalin gəlib səni tutar!
Soruşdum ki, Stalin kimdir? Dedi ki, Moskvada oturur, durbini ilə
hər tərəfi izləyir, bilsə ki, şəklini
cırmısan, səni tutub aparacaq. Qorxudan Stalinin şəklini
elə düşərgənin həyətindəcə
basdırdım ki, məni tutub aparmasınlar.
Aradan bir neçə gün keçmişdi.
1954-cü ilin mart ayı idi. Adamlar tarla düşərgəsinin
yaxınlığında yaşayan Ali babanın həyətinə
yığışmışdılar. Qabağımızda
dayanan "Pobeda" maşınından qoucağı
qundaqlı bir qadın və əyninə meşin kurtka
geyinmiş bir kişi düşdü. Mən isə ətrafdakılara
əhəmiyyət vermədən maşının yanında
dayanıb siqnalı basdım. Bu vaxt adamlar məni gələnlərə
göstərərək "odur" deyib səslərini
qaldırdılar. Əmim oğlu Akif cəld bir hərəkətlə
mənə yaxınlaşaraq dedi:
- Demişdim, axı, Stalin səni tutacaq, qaç,
aradan çıx!..
Kişi ilə qadın mənə tərəf gələn
anda götürüldüm. Həyət boyu
qışqıra-qışqıra qaçırdım. Nə
qədər çalışsalar da, məni tuta bilmirdilər.
Nəhayət, özümü Əmənulla babama və nənəmə
çatdırıb qollarından yapışdım.
Qışqırırdım ki, məni Stalindən xilas etsinlər.
Əmənulla babam üzünü yana çevirərək
için-için ağlayırdı. Sürəyya nənəmin
ah-naləsi yerə-göyə ucaldı, pis adamları o ki var
qarğadı, sonra da bayatı çəkdi. Bu vaxt uzaqdan gələn
qadın əllərini geniş açaraq mənə tərəf
atıldı,
- Əziz balam, - deyib, məni bağrına basdı -
Elə qışqırdı ki, başımın tükləri
biz-biz oldu. Qadını hardasa görmüşdüm, amma
heç cür xatırlaya bilmirdim. Amma daxilimdən baş
qaldıran hansı qüvvəsə məni ayaq saxlamağa məcbur
etdi. Sonra Stalin bildiyim meşin paltonlu kişi məni
qucağına alıb başı bərabərinə qaldırdı.
- Maşallah, yekə kişi olmusan, - dedi.
Sonralar valideynlərimin kimliyini bilsəm də, Əmənulla
babamın, Sürəyya nənəmin yanında
yaşamağa üstünlük verdim. Mehriban bacım da
bizimlə yaşayırdı. Ana tərəfdən olan babam və
nənəmin Tabaradan başqa övladları
olmadığından meyllərini biz bacı-qardaşlara
salmışdılar. Bizi əzizləyə-əzizləyə,
son tikələrini yedizdirə-yedizdirə, lakin
cızığımızdan çıxanda tənbeh
oluna-oluna böyüyürdük.
lll
Mənim üçün ən
darıxdırıcı vaxt yay ayları idi. Müdiri məzuniyyətə
çıxdığına görə kitabxana bağlı
olardı. O dövrdə kəndimizə qəzet və jurnal
çox az sayda gələrdi. Mən qəzetə həsrət
idim, ailəmizdə abunəçi yox idi. Yol kənarında,
xəndək qıraqlarında saralmış qəzet
parçalarını görəndə çox sevinərdim.
Əmənulla baba bu həvəsi məndə görəndə
bəzən dükan qabağında poçtalyondan mənə
qəzet alardı. Həmin gün sevincimin həddi-hüdudu
olmazdı.
Dördüncü sinifdə oxuyanda babamla şəhərin
Böyük Bazar hissəsinə getmişdim. Orada kitab
dükanında Füzulinin "Leyli və Məcnun"
kitabını görəndə babamdan xahiş etdim ki, onu mənə
alsın. Babam əvvəlcə duruxdu, cibindəki pulu ona
uyğun deyildi. Dedim ki, baba, kitabda ərəb əlifbası
ilə yazılar var, "Quran" sözləridir, oxusam,
savaba çatarıq. Bu sözdən sonra babam əlindəkiləri
son qəpiyədək verib kitabı aldıq. Avtobusda qonşu
Separadi kəndindən olan bir müəllim babama dedi ki,
kitabı nahaq almısan, yaşına uyğun deyil. Kitabı əlimə
alıb elə rəvan oxudum ki, avtobusdakılar heyrətlərini
gizlətmədilər. Sən demə, kitabı mənə
oxutduran müəllim mənim kimi oxuya bilmirmiş. Məhəllədəki
uşaqlar, hətta yaşlı adamlar bizə gəlib
xahiş edirdilər ki, onlara "Leyli və Məcnun"dan
oxuyum. Mən oxuyardım, babam da, nənəm də buna sevinir
və səxavətlə süfrə açardılar.
lll
Babam Əmənulla Əzimov məni Lənkərandan
hərbi xidmətə yola salarkən
(17.11.1967)
1967-ci il noyabrın 17-də hərbi xidmətə yola
düşərkən babam üzünü mənə tutub
dedi:
- Çalış, Vətənə layiqincə xidmət
edəsən, Həzi Aslanov, Baloğlan Abbasov kimi ad
çıxarasan.
Babam II Dünya müharibəsi başlayanda
könüllü olaraq hərbi xidmətə yola
düşmüşdü. Gürcüstanın Kutaisi şəhərində
xidmətə başlamış, yaşı çox
olduğuna görə tərxis olunmuşdu.
Müharibə dövründə kəndimizdən 128
gənc silaha sarılmış, onlardan 76 nəfəri, o
cümlədən 3 əmim geri qayıtmamışdı, təkcə
atam Əliağa Əhədov sağ-salamat evə
dönmüşdü. Sonralar başı çox bəlalar
çəkdi. Atam Qazaxıstana sürgün edilənədək
rayonun Separadi kənd həkim məntəqəsinin müdiri
işləmişdi.
Atam Əliağa Əhədov (1954)
Dörd yaşında olduğuma görə o illəri
heç cür xatırlaya bilmirəm. Bir il sonra anam Tabara
xanım da Qazaxıstana getmiş, orada şəfqət
bacısı işləmişdi. Hər ikisi "ellər
atası" Stalinin ölümünədək Qazaxıstanda
qalmalı olmuşdu.
Orduya getməzdən əvvəl babam məni ova
aparıb tüfəng atmağı öyrədərdi. Deyərdi
ki, əsgərlikdə lazım olacaq. Belə də oldu. Təsadüfi
deyildi ki, atıcılıq təlimlərində həmişə
fərqlənərdim.
1969-cu ildə, hərbi xidmətdə olarkən
"Na straje" qəzetində vətənpərvərlik
mövzusunda "Ən yaxşı oçerk" müsabiqəsində
qalib çıxdım. "Kommunist" oçerkimə
görə birinci mükafata, SSRİ Müdafiə Nazirliyinin
fəxri Fərmanına layiq görüldüm və 15
günlüyə növbədənkənar məzuniyyətə
buraxıldım.
lll
Yadımdadır, 1971-ci il fevral ayında Lənkəran
radio verilişləri redaksiyasında işlədiyim vaxtlar
idi. BDU-nun jurnalistika fakültəsində qiyabi yolla təhsil
alırdım. Həmin günlərdən birində məni Lənkəran
Şəhər Partiya Komitəsinə
çağırdılar. Dedilər ki, üçüncü
katib Şövkət Səfərova səni
çağırır. Narahat oldum. Fikirləşdim, görəsən
nə etmişəm ki, katib məni görmək istəyir.
Yolda Lənkəran Təhsil Şöbəsinin kabinet
müdiri İsa Ağayevlə rastlaşanda o, ayaq saxladı.
Biləndə ki, Şövkət Səfərova məni
çağırıb, gülümsündü. "Narahat
olma, - dedi. - Yolun uğurlu olsun!" Sonralar bildim ki, İsa
müəllim Şövkət müəllimin həyat
yoldaşıdır.
Partiya komitəsində katibin köməkçisi gəldiyimi
görüb məni içəri dəvət etdi. İlk dəfə
idi ki, Şövkət müəllimi görürdüm. Məni
görüb ayağa qalxdı, əlini mənə uzatdı.
- Allah sənə insaf versin, müharibə
mövzusunda verdiyin radio oçerkə qulaq asandan rahatlıq
tapmıram. Atamın da adını çəkdiniz, səhərədək
yuxuya gedə bilməmişəm.
Katib faktları haradan əldə etdiyimi soruşanda
gözləri doldu və mənə minnətdarlıq etdi,
sonra kimliyimlə maraqlandı. Vilvan kəndindən olduğumu
biləndə gülümsündü, dedi ki, babanız Əmənulla
əmini, ananız Tabarə xanımı yaxşı
tanıyıram. Əmənulla əmi halal adamdı. 7-ci sinfi
bitirəndə briqadasına hesabdar təhkim olunmuşdum.
Yadımdadır, bir dəfə başımızın
üstündən durna qatarı keçirdi. Baban yaxşı
ovçu idi, dedilər ki, qabaqdakı quşu nişan
alsın. Baban isə əksinə etdi, durna qatarının
axırında qanad açan durnanı nişan aldı və
quş düz qabağımızda düşdü. Baban dedi
ki, əgər qabaqdakı quşu vursaydım, onda durnalar pərən-pərən
olardı, bu da günah sayılır.
lll
Ana tərəfdən nənəm Surəyya Əzimova
(1978)
Ana tərəfdən Sürəyya nənəm məni
7-8 yaşlarımda "Quran" dərsinə qoymuşdu. Gələcəkdə
məni dindar görmək istəyirdi. Sürəyya nənəm
bəstəboy, ağbəniz, xanım-xatın arvad idi.
Talış qadınlarına məxsus tərzdə
başına dingə vurardı. İşgüzar, təmizkar
qadın idi. Evin səliqə-sahmanına fikir verərdi. Səliqəsiz
işlərdən, tör-töküntüdən xoşu gəlməzdi.
Mal-qaraya, toyuq-cücəyə baxar, həyətyanı sahədə
tərəvəz əkib becərərdi. Toya, yasa getməyə,
xəstəyə dəyməyə də vaxt tapardı.
Yaxşı xörək bişirməyi vardı. Bişirdiyi
plovun dadından doymaq olmazdı. İdarəyə qonaq gələndə
çox vaxt xörəyi ona tapşırardılar.
Sinəsi söz boxçası idi. Çoxlu
bayatılar, mahnılar bilərdi. Mənə deyərdi ki,
bildiklərimi yaz, gələcəkdə lazım olacaq. Mən
də yazardım, amma əsgərlikdən sonra onları
itirdim. Bu gün də nənəmin şeir dəftərçəsinə
görə çox heyifsilənirəm.
Səkkizinci sinfə qədər kənd məktəbində
oxudum. Orta məktəbi Lənkəran şəhər 1
nömrəli məktəbdə davam etdirdim.
lll
Yay tətili günlərində kolxozda işlədiyimiz
günlər də yadımdadır. Biz sinif uşaqları bir
yerə yığışar, tarlaya valideynlərimizin köməyinə
çıxardıq. Müxtəlif işlərdə
çalışırdıq. Tərəvəz
yığıb qablaşdırır, yeşikləri qəbul
məntəqəsinə aparır, bəzən çay tədarükündə
fəhlələrə kömək edirdik. Heyvanları
örüşə apardığımız, ot, odun tədarük
etdiyimiz vaxtlar da olub. Evə yorğun-arğın
qayıdardıq. Sürəyya nənəm "can-can!"
deyə-deyə əllərimi, kürəyimi
ovuşdurardı ki, yorğunluğum çıxsın.
1958-ci ildə kənd klubunda ilk dəfə kinofilmə
baxanda heyrət içində donub qaldım. Böyüyəndə
kinomexanik olacağımı qət etdim. İlk dəfə
kitabxanaya gedib, onun oxucusu olduqdan sonra kitabxanaçı olmaq
arzusuna düşdüm. Sonra fotoqraf olmaq istədim.
Poçtalyonun qəzet, jurnal və məktub
payladığını görəndən sonra başqa bir
arzuya düşdüm, fikirləşdim ki, poçtalyon olum. Amma
1961-ci ildə qəti qərara gəldim: "Jurnalist
olacağam". Bu arzu məndə "Azərbaycan
pioneri" qəzetində ilk məqaləm çıxanda
baş qaldırmışdı. Bu arzuya məndən bir sinif
yuxarı oxuyan, ana tərəfdən əmim nəvəsi
Kamal Rəhmanov da qoşulmuşdu. Hətta orta məktəbi
bitirən ili şəhərə fotoqraf Əliisgəndərin
yanına gedib, əlimizdə "Jurnalistika məsələləri"
kitabı, şəkil də çəkdirmişdik.
"Azərbaycan pioneri" qəzetində məqalələrimə
görə mənə çoxlu dostluq məktubları gəlirdi.
Onların arasında Dəvəçidən (indiki Şabran)
Aydın Tağıyev, Şamaxıdan Etibar Etibarlı, Qubadan
Zakir Mürsəlov, Elmira İmanova, Bakıdan Sevil Məşədiyeva,
Ağdamdan Dilqəm Tağıyev və başqalarının
adları bu gün də yadımdadır.
Bir dəfə "Sovet kəndi" qəzetində,
"E.Əhədzadə" imzası ilə, kənddəki
yolların bərbad olması haqqında məqaləm
çıxmışdı. Poçtun qabağında
gördüm ki, kolxoz partiya komitəsinin katibi İlyas
Əliyev qəzetin həmin nömrəsini kəndin
ziyalılarına göstərə-göstərə
"E.Əhədzadə"nin kim olduğunu öyrənmək
istəyir. Mən isə kənarda dayanıb ətrafı sakit
baxışlarla süzürdüm. Az sonra partkom dodaqaltı
deyinə-deyinə çıxıb getdi. Amma qəzetdəki
çıxışımdan sonra həmin yol təmir edilib
qaydaya salındı. Qəzetin gücünü onda
gördüm. Bu əhvalatdan sonra özümdə jurnalist
olmaq qətiyyəti daha da gücləndi.
Xatirimdən heç vaxt çıxmır. Doqquzuncu
sinifdə oxuyarkən sovxoz partiya komitəsinin katibi Şadulla
Əzimov bizə gəlib dedi ki, dərsdən sonra şəhər
Partiya Komitəsinə gedəcəyik, ikinci katib səni
görmək istəyir, narahat oldum, fikirləşdim ki, mən
hara, katib hara?!
Qəbulda bizdən başqa heç kəs yox idi.
Katib bizi görəndə qarşısındakı məktubu
əlinə alıb mənə göstərdi:
- Sən yazmısan, yoxsa başqasına
yazdırmısan? - soruşdu.
Katib Kamal Axundovu tanımışdım.
- Özüm yazmışam, - dedim. - Bizə komsomol
bileti təqdim edəndə dediniz ki, komsomolçu cəsarətli
olmalıdır, heç nədən qorxmamalıdır...
Kamal müəllim bu dəfə nədənsə
mülayim vəziyyət aldı, buna baxmayaraq, oturduğu
kresloda qurcalandı. Partkom Şadulla Əzimov məni
müdafiə məqsədilə:
- Yoldaş katib, - dedi, - bağışlayın, hələ
uşaqdır, onu bağışlayın...
- Uşaq da olsa, düz deyir, bizə belə cəsur,
diribaş komsomolçular lazımdır, yoldaş partkom!..
Katib "Kommunist" qəzetinə
ünvanladığım məktubu açıb oxumağa başladı:
- "Siçanlar tərəkəmə
oynayır".
Sərlövhəni oxuyan kimi katib gülməkdən
özünü saxlaya bilmədi, sonra vəzifəsinə
uyğun olmayan bir tərzdə şaqqanaq çəkdi.
- Oyunun olsun, ay uşaq, - deyib şagird vərəqində
yazdıqlarımı bərkdən oxumağa başladı:
- "Kəndimizdə Abdulla əminin bir kitab
mağazası var. Heç yerdə təsadüf olunmayan
siçanları burada tapmaq olur. O gün mağazaya yolum
düşmüşdü, kitab almaq istəyirdim.
Gördüm ki, ana siçan balalarını başına
yığıb kitabın vərəqlərini çevirməyə
başladı. Sonra başladılar civildəşməyə.
Ana siçan mağazanın ortasında qoşulmuş tələyə
yanaşdı və quyruğu ilə tələdəki pendiri
yavaşca qırağa çəkdi. Pendir yerə
sıçrayanda siçovullar növbə ilə pendirə
yaxınlaşıb ondan bir dişdəm qopartdılar. Pendiri
yeyən və qarınları dolan bala siçanlar ana
siçana qoşularaq başladılar rəqsə. "Tərəkəmə"
oynayan məqamda Abdulla əmi mağazada peyda oldu. Vəziyyəti
belə görüb əlindəki daşı siçanlara
atmaq istədi. Amma nəsə fikirləşərək
dayandı, dedi ki, bu daşı ataram mağazaya rəhbərlik
edənlərin kabinetinə, qoy gəlib bir əncam çəksinlər".
Çox keçməmiş, məktubum öz təsirini
göstərdi. Kitab mağazası üçün yeni bina
tikildi.
İllər keçəndən sonra mən də,
Kamal Rəhmanov da jurnalist olduq. Kamalın kiçik
qardaşı dilçi-alim, "Olimpiya" jurnalının
baş redaktoru Cəmaləddin Rəhmanov bizdən daha irəli
gedərək Respublikanın Əməkdar jurnalisti adına
layiq görülüb. O, jurnalistika sahəsində ilk fəxri
ad almış lənkəranlı - vilvanlıdır.
lll
Əmənulla babamın həyatla bağlı nəsihətlərini
tez-tez xatırlayıram. Doğrudan da, insanı yaşadan
işıqlı, yaxşı əməlləri olur. Bu
gün belədir, sabah da belə olacaq. Hər keçən
gün tarixə çevrilir, hələ həyata keçiriləsi
o qədər işlər var ki...
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
525-ci qəzet .- 2025.- 21 fevral(№33).- S.12-13.