Azərbaycan-Macarıstan mədəni
əlaqələrinin geniş perspektivləri var
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli fevralın 19-da Macarıstanın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Tamaş
Yojef Torma ilə görüşüb.
Səfiri salamlayan nazir Azərbaycan ilə Macarıstan
arasında münasibətlərin yüksək səviyyədə
olduğunu bildirib. Deyib ki, Prezident İlham Əliyev ilə
Macarıstanın Baş naziri Viktor Orbanın
qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri
iki ölkə əlaqələrinin, o cümlədən mədəni
əməkdaşlığın da inkişafında müstəsna
əhəmiyyət kəsb edir.
Nazir Azərbaycan-Macarıstan mədəni əlaqələrinin
geniş perspektivə malik olduğunu bildirib, bu sahədə
yeni addımların atılmasının faydalı
olacağını diqqətə çatdırıb.
Səfir Tamaş Yojef Torma ölkəsinin Azərbaycanla
mədəni əlaqələrə xüsusi önəm
verdiyini qeyd edib. Bildirilib ki, Macarıstan kinematoqrafiya sahəsində
zəngin ənənələrə malikdir və hazırda
müasir film studiyaları fəaliyyət göstərir.
Diplomat kitabxana sahəsində də əlaqələrin
genişləndirilməsinin əhəmiyyətini
vurğulayıb, ötən ilin oktyabr ayında Azərbaycan
Milli Kitabxanasında “Macarıstan ədəbiyyatı guşəsi”nin
yaradılmasından məmnunluğunu dilə gətirib.
Adil Kərimli iki ölkənin ali təhsil
ocaqlarında Azərbaycan və macar dillərinin
qarşılıqlı tədrisi ilə bağlı təklifini
səsləndirib.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
525-ci qəzet .- 2025.- 21 fevral(№33).- S.11.