“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan "Dağıdılmış irs: səssiz şahidlər" fotoalbomu çap olunub. Fotoalbom Ermənistanın Qarabağ və Şərqi Zəngəzurun işğalı müddətində (1992-2023-cü illər) Azərbaycanın mədəni irsinin dağıdıldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Fotoalbomun tərtibatçısı məşhur fotoqraf Reza Deqatidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan fotoalbomda Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və işğaldan sonrakı fotoları yer alıb. Albomdakı fotolar tarixi faktlar olmaqla yanaşı, mədəniyyətin məhv edilməsinin ağır nəticələrini və onun bərpasının vacibliyini önə çıxarır.

Qeyd edək ki, Azərbaycanın tarixi torpaqlarının 30 ilə yaxın davam edən işğalı zamanı minlərlə tarixi mədəniyyət abidəsi - dini abidələr, qədim daş heykəllər, muzeylər, tarixi memarlıq dəyərinə malik yaşayış binaları xarabalığa çevrilib. Talan edilən və ya dağıdılan abidələrə 78 məscid, 22 muzey, 808 istirahət obyekti, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert salonu, 9 tarixi saray və 700-dən çox kitabxana daxildir. İşğal dövründə hətta qəbirlər murdarlanıb, dəfn olunan mərhumların qalıqları vandalizmə məruz qalıb.

Bütün bu vəhşiliklərin məqsədi Qarabağda və ətraf ərazilərdə azərbaycanlıların minilliklər boyu yaşayan mədəni irsinin izlərini silmək idi.

"Dağıdılmış irs: səssiz şahidlər" fotoalbomu Azərbaycanın qədim mədəni irsinin silinməsinə yönələn düşünülmüş siyasəti ifşa etmək məqsədi ilə nəşr olunub. Fotoalbom Ermənistanın Azərbaycanın maddi-mədəni irsinə qarşı törətdiyi cinayətlərin yalnız bir hissəsini əhatə edir.

İngilis dilində nəşr olunan fotoalbom müharibələrin sülhə, inkişafa və bəşəriyyətə verdiyi acı nəticələr haqqında düşünməyə vadar edir.

 

525-ci qəzet .- 2025.- 21 fevral(№33).- S.11.