"Ulduz"
"Genç Yürekler"də parladı!
58 yaşlı "Ulduz" ilə 6 yaşlı
"Genç yürekler" Türk ədəbiyyatında
yeni cığır açdılar
1967-ci ildən Azərbaycanın paytaxtı Bakıda
Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi nəşr
olunan "Ulduz" dərgisi və 2019-cu ildən etibarən
Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində
nəşrə başlamış "Genç
Yürekler" dərgisi 2024-cü ildə Türk ədəbiyyatı
tarixinə yazılacaq bir ortaqlığa-qardaşlığa
imza atdılar.
Aylıq dərgi olan "Ulduz"un 2024-cü il
sentyabr sayında "Genç Yürekler" dərgisinin
yazarlarının əsərləri Türkiyə türkcəsində
işıq üzü gördü. Azərbaycan və
Türkiyə - iki qardaş ölkənin yazarları və
oxucuları "Ulduz"da "Genç Yürekler"i ədəbi
hadisə kimi dəyərləndirdilər, qürur duyulası
addımın əks-sədası hər iki ölkə mətbuatında
günlərlə eşidildi.
Üç ayda bir çıxan "Genç
Yürekler" dərgisinin qış sayı (14-cü
sayı) "Ulduz"a qucaq açdı. Azərbaycanın
görkəmli ədəbiyyat nümayəndələrinin qələmindən
çıxan bir-birindən gözəl və maraqlı
yazılar, əsərlər "Genç Yürekler" dərgisində
Azərbaycan türkcəsində yayımlandı. Hər iki
qardaş ölkənin ədəbiyyat adamları, ədəbiyyatsevərləri
bu ədəbi hadisəni də təqdirlə qarşıladılar.
Dərgi nəşr olunan gündən etibarən, istər
Türkiyə, istərsə də Azərbaycan mətbuatında
ədəbi hadisə ilə bağlı yazılar yer
almaqdadır.
27 yanvar 2025-ci ildə Azərbaycan
Yazıçılar Birliyində yüksək səviyyədə
təqdimatı keçirilən "Genç Yürekler"
dərgisinin qış sayını Azərbaycana dərginin
yazı işləri müdiri Cem Arslan gətirmişdi.
"Genç Yürekler" dərgisinin sahibi və
Yayın Kurulu Başkanı, şair Muhterem Şahin mətbuata
açıqlamasında "Ulduz"-"Genç
Yürekler" qardaşlığı haqqında bunları
deyib: "Bir Millet, İki Devlet: Azerbaycan-Türkiye"
sloganı ile karşılıklı sayılar
çıkaran Genç Yürekler ile Ulduz Dergisi;
kültür, sanat, edebiyat, basın ve yayın camiasında da takdirle
karşılandı. Can Azerbaycanın değerli jurnalı
Ulduz Dergisiyle 2021'den beri görüşme halindeyiz. Ulduz
Dergisinin Baş Redaktoru Qulu Ağses Bey, bize
karşılıklı olarak birer sayı çıkarma
teklifinde bulundu. Biz de hiç tereddüt etmeden kabul ettik... Azərbaycan
Yazıçılar Birliyi'nde (AYB) çok güzel bir
tanıtım programı oldu. Büyük kalem üstadı Anar
Bey, dergilerimizden övgüyle söz etti..."
Dəyərli Muhterem Şahin onu da qeyd edib ki,
"Genç Yürekler" dərgisinin yaradıcı heyəti
olaraq may ayında Bakıda baş tutacaq IV Türk
Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvətlidirlər.
"Ulduz" jurnalının baş redaktoru, şair,
publisist Qulu Ağsəs isə mətbuata
açıqlamasında dərgilərin
qardaşlaşmasının tarixindən danışdı:
"İki il öncə qardaş ölkədə
türkdilli dövlətlərin dərgilərinin fuarı
keçirilirdi. "Ulduz" jurnalı da həmin tədbirə
redaksiya heyətinin üzvü, şair Rəsmiyyə Sabirin
qismində qatılmışdı. Azərbaycana dönən
Rəsmiyyə xanım mənə ordakı dərgilərdən
bəhs etdi və "Gənc ürəklər" dərhal
diqqətimi cəlb etdi. Beləcə, dərginin baş
redaktoru Möhtərəm Şahinlə yazışdıq,
bir-birimizə əbədi əməkdaşlıq təklifi
yolladıq. İstəyimiz qısa vaxtda reallaşdı. Hər
iki dərginin - "Ulduz"da "Genç Yürekler",
"Genç Yürekler"də "Ulduz" - nəşri
bir daha sübut etdi ki, biz, ulu öndər Heydər Əliyevin
dediyi kimi, həqiqətən, iki dövlət, bir millətik!"
İndiyədək "Ulduz"-"Genç
Yürekler" qardaşlığı barədə qardaş
ölkənin "Ankara Ulus" və "İlksayfa" qəzetləri,
(həmçinin, qəzetlərin saytları) xəbər mətnləri
yayımladılar. 18 fevral 2025-ci ildə isə
"AnaHaberGazete" (anahaberyorum.com) "Genç Yürekler
Dergisinin Son Sayısı Azerbaycanda Yankı Buldu"
başlığı ilə özəl xəbər
hazırladı.
Hər iki dərgiyə Ortaq Türk mədəniyyəti
və ədəbiyyatı naminə atdıqları bu
addıma görə təşəkkür edir, qoşa
addımlayacaqları hər cığırda uğurlar
arzulayırıq!
Şəfa VƏLİ
525-ci qəzet .- 2025.- 21 fevral(№33).- S.11.