Anama məktublar
Anama ünvanlanmış bu məktublar nə oyaq xatirələrin
kükrəməsidir, nə də ocaq yeri kimi soyumuş
duyğuların közərməsi. Bu, bir qəlb
yanğısıdırmı, hüznlü bir könül
çırpıntılarıdırmı? Bəlkə, bu,
bir borc hissidir, daxili çağırışdır?Ana ruhu
qarşısında övlad ehtiramıdır? Yoxsa, anasız
ömrün yaşam formasıdır, ovuntusudur, təsəllidir?
Bəlkə, bununla mən anasız dünyamda yeni bir analı
dünya axtarışına çıxmışam?
Bütün bunların, cavablı-cavabsız sualların bir məntiqi
var - ana məhəbbətinin cazibəsi. Bütün bunlar, hər
bir halda, anasızlayanda, anasız anlarımda
özünüaxtarışım, özünütapmam və
ən nəhayət, özünüyaşatma vasitəmdir.
Bu məktublar hələ çox yazılacaq, Anacan!
Ömrüm boyunca sürəcək. Sənə
ünvanlanmış bu ürək sözləri, bu qəlb
çırpıntıları, hər şeydən əvval,
mənim özümlə həsb-halımdır. Sənsiz sənə
ünvanlanan bu qanadlı cümlələr, mənə elə
gəlir ki, həm də mənim özümün özümə
məktublarımdır. Axı, bu, həm də etirafdır.
Biz bu ünvanda axı, qovuşuruq.
Çox xahiş edirəm, Anacan, həzin notlar səni
kövrəltməsin, sətirlərə səpələnmiş
solğun təbəssümüm səni qüssələndirməsin,
kədər və gözyaşlarım ruhunu incitməsin...
Üçüncü məktub
"Cənnət anaların ayaqları
altındadır".
Həzrəti Məhəmməd
Ana! Mən həmişə səninləyəm, sənin
yanındayam... Başqa cür ola bilərmi?.. Biz sağ-salamatıq.
Hər şey yaxşıdır. Bircə, sənsizliyin
göynərtisindən başqa...
Ana! Bu cümə axşamı da ordaydım,
yanındaydım, məzarının başında, mənimçün
ən müqəddəs bir ünvanda. Sənsizləşdikcə
bu ünvanda səninləyəm. Qəbrin üstündəki
gülləri yerbəyer səhmana saldım, çiçəkləri
suladım... Üzümü başdaşına
sürtdüm, nəfəsimlə qəbrini isitdim - mənə
belə gəldi... Neynim, anacan?.. Əlimdən nə gələr?..
Gücüm yetən budur... Bu da bir təsəllidir, ruhun və
qəlbin dincliyimə köməkdirsə, yetərlidir. Yetərli
olsa da, ovundurucu deyil axı, anacan! Mən belə istəmirdim
axı, ana! Bu nə sınaqdır, mən yaşayıram, bu
nə burulğandır, mən düşmüşəm, bu nə
qovğadır, mən çabalayıram?.. Düzdür, həyat
əbədi deyil, bir gün gələn, bir gün gedəcək.
Amma elə insanlar var ki, onların çox yaşamağa haqqı
var. Allah belələrinə ölməzlik verməsə də,
gərək uzun ömür verə. Bizim sənə
ehtiyacımız var idi axı, ana!.. Sən, hələ
yaşamalıydın, ana! Biz sənin qalın kölgəni
öz üzərimizdə hələ uzun müddət hiss eləməliydik...
Əlindən tutmaq, üzümü üzünə söykəmək,
səsini eşitmək, nəfəsini hiss etmək
amacındaykən soyuq mərmər parçalarına pənah
gətirirəm, lal-dinməz, ağır sükut yüklü
daş yastığına sığınıram. Bu nə xəyaldır,
bu nə təsəlli, bu nə özünüovutmadır?!
İlahi, əlimdən nə gələr?.. Geniş qəlbi,
təmiz mənəviyyatı, pak əxlaqı ilə
dünyaya sığmayan gözəl bir insan, böyük bir
Ana görən bura, bu dar məzara necə sığıb?..
Adam inanır da, inanmır da... Başının
üstünü kəsdirirəm, başdaşınla
üz-üzə dayanıb xəyallanıram...
Şüurumdan, qəlbimdən nələr gəlib
keçmir, ilahi?! Şıltaq uşaqlığım, qaynar gəncliyim,
analı günlərim... Bunlar təkcə göz
önündə dayanmır, həm də sənləşir,
səninlə bir nəfəs alır, canlanır,
bütövləşir... Sakitləşirəm,
reallığa qayıdıram, taleyə boyun əymək
zoruna gəlirəm... Bəlkə öyrəşirəm?.. Bəlkə
ölümə, sənin ölümünə, yoxluğuna
alışıram?! Bəlkə yoxluğunla
barışıram, ana?!
Ən ağrılı, ən hüznlü, ən
yandırıcı hiss-ölüm hissidir. Ölüm...
yoxluq... boşluq... Ey, səni yox olasan ölüm, qoca bilmir,
cavan bilmir, gözəl bilmir, çirkin bilmir... Qara yel kimi kim
gəldi ağzına alır. Amma nə yaxşı ki,
ölümdən güclü olan misilsiz insan məhəbbəti,
ölməz, yenilməz insan ruhu var... Bəlkə düz demirəm,
anacan?! Milyon belə dar məzar səni məndən ayıra
bilərmi!?. Milyon ölüm olsun, səni məndən
alıb apara bilərmi!? Heç vaxt!..
Ömür boyu həyatımızı, cari günlərimizi
bəzən sevinclə, bəzən kədərlə, bəzən
də eləcə, hissiz-duyğusuz, boz, donuq bir vərdişlə
yaşayırıq. Yaşadıqca öyrəşirik,
alışırıq. Amma anacan, sənə qədər
ölümə belə baxmamışam - kənardan, ötəri
nəzər yetirmişəm... Mən onunla çox
görüşmüşəm - hansısa bir
tanışın, yadın-yaxının timsalında, lakin demə,
bu, onunla uzaqdan-uzağa görüş, ötəri ünsiyyət
imiş... Biz sadəcə görüşmüşük,
yaxından tanış olmamışıq. Müxtəlif
adamların yasında iştirak etmişəm, hətta mərhumlardan
çoxunu son mənzilə qədər ötürmüşəm
- ölümü tanımamışam, ölüm mənə
toxunmayıb... Səndən sonra bildim ki, ölüm
varmış... Səndən sonra bildim ki, ölüm nədir...
Bu hiss məndən də keçdi... Bu həyatı mən də
yaşadım... Ölümü gördüm, tanıdım,
daha mənə ölüm yoxdur. Ölümü görənlər
əbədiyyətə qovuşur. Şopenhauer deyir ki,
ölüm haqqında düşüncələr adama
ölümün özündən daha çox əzab verir. Sən
öz ölümünlə bizi bu əzablardan da qurtardın,
mənim əzabkeş anam! Sən bu fədakarlığınla
bizi ölüm qorxusundan, ölüm əndişəsindən
də xilas etdin, mənim fədakar anam! Biz ölümü
gördük, ölüm bizimçün adiləşdi, indi
o bizimçün qorxulu deyil. Sən öz ölümünlə
ölümü də öldürdün, ölümə
qalib gəldin, ölümsüzlük qazandın, mənim
ölməz, əbədi anam! Görünür, sənin kimi
mərd, müqəddəs adamların fonunda ölüm əhəmiyyətini
itirir, əbədiyyət yaranır... Düşünürəm
ki, dünyaya əbədi rahatlıq üçün gəlmiş
insan ölmür, əbədi rahatlığa qovuşur. Belədə
ölüm xofu əbədi rahatlıq duyğusuyla əvəz
olunur...
Əziz anam! Baxma ki, deyirəm, bəlkə öyrəşirəm?..
Yox, yox, ana! Heç, öyrəşə bilərəmmi?..
Yoxluğuna heç, alışmaq olarmı? Vaxt ötdükcə
səni özümdə, içimdə, qəlbimdə,
ruhumda, varlığımda daha çox hiss edirəm. Qüssə,
kədər dolu günlərimi, bir az da günahkarcasına
yaşayıram. Sənə kömək edə bilmədim
axı! Təsadüflər yoxdur. Bu dünyada hər şey
ya sınaq, cəza, mükafat, ya da hansısa hadisənin
yaxınlaşmasını qabaqcadan bildirən əlamətdir.
Sən xəstə yatırdın. Qəribə, təzadlı,
anlaşılmaz hisslər keçirirdim. Yox... yox... Bircə
bu olmayaydı, ana! Bu, ola bilməzdi, ana! Bu hissi, bu duyğunu mən
yaxına buraxa bilməzdim! Bəs onda ürəyim niyə belə
döyünür, qəlbim yerindən niyə çıxmaq
istəyirdi? Niyə dolaşıq, qarışıq hisslərlə
çırpınırdım?.. Elə bil burulğana
düşmüşdüm. Niyə, ana?! Bu, sənsizliyin
qabaqcadan duyulan ağrı-acılarıydımı,
yaşanan əlamətləriydimi?..
Anacan, biz dözdük, mən dözdüm.
Düşünürdüm ki, dözə bilmərəm, amma
dözdüm. Dağ imişəm, daş imişəm, nə
imişəm, bilmirəm. Bu altı ay on üç gün
sanki bir ömür boyu sürdü. Bu, ömür deyildi,
iztirab idi. Sonu görünməyən işgəncə dolu
zülmətli bir boşluq idi. Altı ay on üç
gün... Ömrümüzün səksəkəli,
üzüntülü tarixi, yaddaşımızın
amansız xatirəsi... Altı ay on üç gün.. Təlatümlü,
fırtınalı bir həyat... Sən orda, palatada sonsuz və
ümidsiz bir aləmdəydin. Ölümlə həyat
arasında çarpışırdın. Qəlbimdə
ağır kədər, üzüntülü qüssə
çar-naçar, yaşayırdım. Xaricdən həkimlər,
dava-dərman, qayğı-nəvaziş, daha nələr.. nələr...
Nə faydası?.. Xəcalət çəkirdim, ana! Əlimdən
bir şey gəlmədiyindən, sənə kömək edə
bilmədiyimdən üzülür, əzab çəkir və
utanırdım. Özümü həyatda hələ bu qədər
aciz, çarəsiz və gücsüz görməmişdim.
Nə edim, anacan, nə edim ki, mənimlə bir ağız
danışasan, nələri qurban verim ki, səsini eşidim,
səninlə kəlmə kəsim, səsinə qurban, ay ana!
Hər şeyi qurban verərdim, bir kəlmə "Yusif"
desəydin! Nə edim, belə anda qurban da kömək etmir,
qurbanlıq da, qurbanın olum, ay ana!..
Əziz anam, gözümüzün nuru! Yaşadıq
o anları, yaşaya bildiyimiz qədər. Palatada sakitcə
uzanıb göylə yer arasında vuruşur,
ölüm-dirim anlarıyla çarpışırdın. Bəs
mən necə, yaşayırdımmı, yaşaya bilərdimmi,
ay ana?! Mən səndən öncə ölməmişdimmi,
səndən qabaq o dünyada deyildimmi, ana?! Təsəlli
axtarıram, göydə uçan quşların qanad
çırpıntılarında, yerdə gəzən
qarışqaların səssiz qatarında, küləkdə,
günəşin rəngində, yarpaqların
pıçıltısında, insanların sifətində, hər
şeydə, hər şeydə ümid axtarıram. Nə qədər
xoş əlamətlər gözləyir, ələkdən-xəlbirdən
keçirirəm, nə qədər istixarələr edirəm.
İnsanların üzünə baxmaqdan yorulmuram, xoş bir təsəlli,
ümidverici soraq üçün... Insanların
danışığına qulaq kəsilirəm, yaxşı
bir söz eşitmək üçün... Bu an, anacan, ən
pis adam da dünyanın ən xeyirxahı, ən əməlisalehi
kimi görünür, mənə... Axı onlar səndən
xoş soraq gətirə bilər... Həkimlər ağ
xalatlı mələklər kimi görünür
gözümə, xilaskar bir ümid işığı kimi.
Onlar səndən müjdə verər, məni xoşbəxt
edə bilərlər axı... O xoş sözü, o müjdə
dolu işıqlı sifəti gözləyə-gözləyə
qaldım, anacan! O sözü mənə deyən olmadı.
Qayğı gördüm, təsəlli eşitdim... mənə
bunlar lazım idimi? Mən o sözü gözləyirdim, mən
o muştuluğu gözləyirdim, olmadı, deyilmədi,
çatdırılmadı... Heyhat!..
Mərkəzi Klinik Xəstəxananın
qarşısındakı balaca, xudmani köşk məndən
ötəri ümid adasına çevrilmişdi.
İnsanların üzünə baxırdım, acizanə
şəkildə ümid işartısı axtarırdım.
Uşaq kimi səksəkəli baxışlarla nigaran-nigaran
ora-bura döyükürdüm. Sanki sənin həyatın,
ömrümün mənası bu üzlərdən,
intizarında olduğum sözlərdən
asılmışdı, tükdən asılan kimi... İlahi,
bu sözü mənə deyən tapılacaqdımı?.. Elə
bil ki, insanların üzü dönmüşdü... Sanki
insanlar daşlaşmışdı... İnsanlar niyə belə
qəddarlaşıb, - öz-özümə
düşünürdüm. Bilmirlər ki, mən ana xəbəri
gözləyirəm?.. Eləsə sifətlərdəki bu
donuqluq, buz soyuqluğu nədir?
İnsanlar ötüb keçirdi... Hərəsi
öz dərdində, öz hayında... Hər kəs öz kədər
yükünü daşıyırdı... Mənsə elə
bilirdim ki, hamı mənim dərdimi yaşamalıdır.
Başqa cür düşünməyə yer vardımı?..
Əziz anam! Sən demə, insan üçün xəstəxana
da doğmalaşarmış, hamının
qaçdığı, hamının uzaq olmağa
çalışdığı arzuolunmaz, əlahiddə bir məkan
da lazım gələndə bu qədər munis
olarmış... Bu günlərdə xəstəxana mənim
üçün vətən timsallı bir şey
olmuşdu... Çəkdikcə çəkirdi məni.
Heç yerdə qərar tuta bilmirdim. Vətən, sən
idin, əziz anam! Sənin cazibən idi məni ora çəkən!
Sən ordaydın, demək, bütün dünya ordaydı. Sən
ordaydın, demək, Vətən bu balaca palataya
sığışmışdı. Ana ünvanıdır, elə
Vətən ünvanı... Ana Vətən!.. Elə belə
demirlər, mənim vətənim, Vətən ünvanım
anam!
Altı ay on üç gün... Get-gəllər,
hüzn, qüssə dolu günlər, səksəkəli
düşüncələr, ürək
çırpıntıları, intizar dəqiqələr,
saatlar... İsti, bürkülü yay qurtardı... Sonra sərin
payız yelləri, yağışlar... Ən nəhayət
qış... qarlı-sazaqlı... Əslində mən bu
günləri fəsil-fəsil ilin dönümləri kimi
yaşamadım. Mənimçün bu fəsillərin də
bir ünvanı vardı - sənin palatan. Demə, günəş
burda doğub, burda batırmış, sərin payız yelləri
havasını burdan alırmış, elə qarın
şaxtası, sazağı da burda başlamışdı...
Mənimçün dünya bu balaca otaqdan ibarət idi...
Havasıyla, fəsliylə... Həm də dəyişməyən
ətriylə. Bu qədər dava-dərman qoxusu içində
sənin ətrin, sənin iyin necə aydın, təmiz hiss
olunurdu, mənim ətirli anam! Bu, Ana ətriydi, Ana
varlığının təcəssümüydü. Burada da
ay ana, mənə mərhəmət göstərdin, yeganə
mənə! Heç kimlə danışmadığın
halda, - "məni eşidirsən, ana," - deyəndə
başını tərpətdin, təsdiq əlaməti
olaraq... Yalnız bir dəfə... Bu da bəs idi... Bu mərhəmətini,
bu diqqətini dünyaya dəyişmərəm, mənim
sevimli anam!
Anacan, yadındadır?! Əllərimi sənə
toxundururdum, sığallayırdım... Tərpənirdin,
reaksiya verirdin, sifətində xoş bir ifadə cilvələnirdi.
Yəqin təmasımı hiss edirdin, bilirdin mənəm, odur
ki, xoşbəxt-xoşbəxt təbəssümlənirdin. Sənə
qəribə gəlməsin, ana! Bu günlərdə də mən
xoşbəxt anlarımı yaşayır, sevinirdim. Axı sənlə
bir yerdəydim, sənli günlərim davam edirdi. Sən
sağ idin ana, dəxli yoxdur, xəstə, sağlam, sən mənimlə
idin. Əlim əlinə dəyirdi, gözlərim gözlərinə
baxırdı, səni oxşayır, sığallayır, əllərindən,
saçlarından öpürdüm... Saçlarını
yuyurdular. Bəzən heç kimi qoymurdum, özüm yuyurdum.
Həmin saçlar idi, lap uşaqlıqda gördüyüm
kimi... Ətirli, isti, bir az nəm, ipək kimi parlaq
saçlar...
Yaşamışam anacan, bu xoşbəxtliyi də
yaşamışam. Həmişə dua eləyirdim ki, ey
böyük Allah, anamı bizdən alma, qoy yaşasın. Lap
elə bu şəkildə, mən razıyam. Təki mən
onu hər gün görüm, ona toxunum, səhərləri
onunla birgə açım, axşamları onunla yola salım.
Bütün ömrümü sənə xidmətə həsr
edərdim. Bunu ömrümün mənası bilərdim, ana!
Nə etməli, qismət deyilmiş, tale bunu da çox
gördü.
Bahar bayramı, Novruz mənimçün səninlə
daha çox bağlıdır. Novruz xoşbəxtliyinin hər
elementində, hər simvolunda sənin nişanən var, ana! Həmişə
Novruzqabağı ev-eşiyi silib-süpürər, hər
yeri parıldadardın. Evimiz çiçək kimi üzə
gülərdi... Hələ bişirdiyin şirniyyatları,
şəkərbura-paxlavaları, demirəm. Dəmlədiyin
aşın ətri aləmə yayılardı. Evimizdən
yüngül, xoş bahar ətri, yaz nəfəsi gələrdi.
Sənsiz bir Novruz yola saldıq. Nə həmin dadı-tamı
gördük, nə də həzin yaz havasını hiss etdik.
Sən demə, həmin ləzzət, o dad-tam da sənmişsən,
həmin yüngül bahar nəsimi də sənin nəfəsinmiş...
Niyyətim qəlbimdə qaldı, ana! Novruz
günü səni aparacaqdım evə, qismət olmadı. Elə
bil ürəyimə danmışdı ki, sənli son
Novruzumuzdu. Odur ki, çox istəyirdim evimizdə, bir yerdə
keçirək, bayramı. Novruz bayramını heç vaxt sənsiz
təsəvvür eləməmişəm, ana! Son illər
Novruzu Şüvəlanda, bağ evimizdə
qarşılayardıq. Deyib-gülər, tonqal üstündən
tullanardıq. Sevincdən üzün şölə
saçardı, balalarını bir yerdə görüb fərəhlənərdin.
Səninçün bayram deyilən şey, elə bu idi. Bu da
bizim ailə idi, Şəfiqəli günlərin sevinc
payı... Heyif!..
Sənsiz keçən ilk Novruzu "qara bayram", -
deyə qarşıladıq... Sənsiz səni andıq, səni
hiss etdik... Əlin dəymiş, izin qalmış, hərarətin
hopmuş hər şey səni bir daha yaşatdı, mənim əbədiyaşar
anam. Amma bu bayram günündə də hər şeydə
bir qüssə və kədər vardı. Sanki hər şey
sənin xiffətini çəkirdi, dilsiz, cansız əşyalar
da... Səki boyunca əkdiyim yasəmənlərin ətrafı
bürümüş tünd ətrində də, yavaş-yavaş
çiçəkləyən ərik ağacının xəfif
titrəyişində də, havada da - o sənin nəfəsin
dediyim bahar nəsimində də, sanki utanırmış kimi
sifətini az-az göstərən, bulud örpəyini atmaqdan
çəkinən günəşin zərif şöləsində
də mən bu qüssəni, bu kədəri gördüm, bu
xiffəti hiss etdim. Vəfalı itimiz Qrafın
sarışın gözləri də xəyallanır, yol
çəkir, könülsüz-könülsüz uzaqlara
baxırdı. Elə bilirsən, o, sənin xiffətini eləmir?..
O da sənin yoxluğundan küskündür. Beləcə
keçdi, sənsiz heç vaxt təsəvvür etmədiyim
sənsiz keçən ilk Novruzumuz. Yəqin bundan sonrakı
bayramlarımızın da dadı-tamı olmayacaq... Sənsiz
nə bayram, nə şadlıq, anacan!..
Həqiqətin meyarı zamandır, -deyirlər. Həqiqət
zaman hüdudlarında sınanır. Səndən
ayrıldığım zaman həddi böyüdükcə mən
sənə daha da yaxınlaşıram, sənə daha
çox qovuşuram. Yara soyuduqca göynərtisi artır...
Otururam, başımı tuturam, tənhalaşıram, sənə
qovuşur, sənli günlərim kino lenti kimi gözlərim
önündə canlanır. Şəkillərinə
baxıram, yaddaşım hərəkətə gəlir, sənin
obrazın, canlı surətin huşumu, şüurumu çəkib
aparır. Cavanlıqdan ta ahıllığadək
ömrünü eyni səmimiyyətlə yaşamısan.
Şəkillərdə zaman-məkan dəyişir, həyatın
müxtəlif anları bir-birini əvəz edir, sənin
üzündəki nur, səmimiyyət dəyişmir, anacan! Mənə
baxan bu gözlər, bu saf, təmiz təbəssümlər səmimiyyətlə
doludur. Sən həmişə belə olmusan, pislikləri, xəbis
duyğuları həyatına, qəlbinə yaxın
buraxmamısan. "Ən böyük ləyaqət səmimiyyətdir",
- sözləri sənə necə də yaraşır!.. Sən
belə yaşadın, can ana, sadə, səmimi, özünə,
özgələrə xəyanət etmədən. Sən belə
yaşadın, dünyaya sığmayan geniş qəlbinin səmimiyyət
yükünü bölüşə-bölüşə, mənim
qəlbigeniş, gözü-könlü tox anam!
Başqa bir təsəllim səndən yadigar şeylər,
pal-paltarlardır, anacan. Göz bəbəyi kimi qoruyuram.
Ən qiymətli nemətimdir mənim. Səni mənə
andıran, xatırladan hər şey mənə necə əziz
olmasın, mənim əziz anam?! İllah da ki,
yaylıqların. Hər biri bir yaddaş xəzinəsi,
duyğu boxçası, xatirə saxlancıdır. Sənin
iyin, ətrin hopub bu yaylıqlara. Elə bil sehrli bir qüvvə
bu ətri, bu iyi günü-gündən artırır, təravətləndirir...
Onları bağrıma basıb qoxlayıram... Elə bil səni
bağrıma basıram, anacan! Yaylıqlarından
aldığım iyinə, ətrinə qurban, mənim ətirli
anam!
Son vaxtlar tez-tez xəstələnərdin,
ağrıların şiddətlənərdi. Bir kəlmə
giley-güzar, sızıltı, inilti, eşitməzdik dilindən.
Bizi narahat etməməkçün ağrılarını
içində yaşayırdın. Sən bəşər
deyilmişsən, mələkmişsən, ana! Hər şeyə
dözürdün, dərdini, ağrı-acını da
hamıdan mərdliklə gizlədirdin, mənim mərdanə
anam! İstəmirdin dərd çəkək, kədərlənək,
narahat olaq. Hardandı səndə bu qədər
güc-qüvvət, mərdanəlik, dəyanət, ay ana?!
Bizi düşünürdün, ailəni,
övladlarını incitmək istəmirdin. Əliyə,
Yusifə dərd vermək istəmirdin... Mələklik necə
olur, ey mələksima anam?!
...Altı ay on üç gün! Mənim kədərimin,
qüssəmin yaşıdına çevrilmiş, bəzən
ümidli, bəzən ümidsiz, nigaran, səksəkəli bu
günlər bir ömrün yükünü
daşıyıb. Sənin də bəxtinə bu
düşdü, altı ay on üç gün. Sən də
zamanın ağır bir parçası kimi bizimlə çəkdiyini
çəkdin, altı ay on üç gün... Amma dözmədin,
qırıldın... İnsan dözdü, zaman dözmədi...
Qəfil qırıldın, ağır qırıldın,
sanki parçalandın... Kim tab gətirərdi bunu
saxlamağa, hansı çiyin dözərdi?..
Türkiyədə müalicədəydim... Bu qəfil
xəbəri eşidəndə büküldüm, qıvrıldım,
içimdə sanki bir sim qırıldı. O simin səsi
qulaqlarımdadır. O simin səsi yəqin mənim içimdə
əbədi çalınacaq, qulaqlarımda əbədi
eşidiləcək.
Dərdin rəngini kim bilir, görən olubmu?..
Hansı rəssamın fırçasında canlanıb bu kədər?..
Bəs faciənin yaşı neçədir, neçə min
il yol gəlir?.. Həmin o anda mən bu suallara cavab verə bilərdim.
Verdim də. Özümün özümə yönəltdiyim
suallara cavab da verdim. Mən anamı itirmişdim. Təkcə
ana itirmişdimmi? Mən səninlə inamımı,
ümidimi, təsəllimi də itirmişdim, anacan! Mən nə
etməliyəm, nə edə bilərəm, ana! Artıq sən
yoxsan, bu, həqiqətdir. Nə qədər
acıymış həqiqət!.. Bu dar macalda Hippelin sözləri
köməyimə gəlir: "İnsanı kamilləşdirən
yalnız dərdləridir". Allaha şükür ki, dərd
sarıdan kasıb deyilik...
Ağrılar altda qıvrılır, səni
düşünürdüm ana! Gözəl çöhrəni,
nurani sifətini, alicənab görkəmini yadıma salıb
dünyanın faniliyi haqda düşünürdüm. Ey gidi
dünya, mənim anama da qıydınsa, səndən ta nə
gözləyəsən?.. Təsəlli axtarmıram... Yox, təsəlli
nəyə lazım? Nəyə gərəkdir? Onsuz da yolumuz
birdir... Təsəlli lazımdırsa, bu da təsəlli. Sənə
doğruyuq, üzü sənəyik. Özün də
yaxşı bilirsən ki, sən ölməmisən, sadəcə
dünyanı dəyişmisən. Nizami elə belə demir
ki: "Ölüm ölmək deyil, yer dəyişməkdir".
Sən yerini dəyişibsən, daha təmiz, daha saf, bakirə,
halal bir dünyaya qovuşubsan. Darıxma, ana, gec-tez
yanındayıq...
Bu gün cismən ayrı olsaq da, ruhunla
baş-başayam. Hər an, hər dəqiqə səninlə
söhbətləşir, sənə hesabat verirəm.
Heç narahat olma, ana! Əmanət qoyub getdiklərindən
arxayın ol, bildiyin kimi hamının qarşısında
kiçiklik edirəm. Sağlığında dediyini deyib,
tapşırmalısını tapşırıbsan. Nigaran
olma, hər şey qaydasındadır. Bu, mənim borcumdur, sənin
qarşında, o müqəddəs ruhun qarşısında
şərəfli vəzifəmdir. Mən bundan həzz
alıram ana, məndən umduğunçün sevinirəm,
ana! Ən azından, sənin ruhuna xidmətdən məmnunluq
duyuram, həzz alıram, ana! Həmişə əmr elə, o
böyük, o təmiz, o saf ruhun qarşısında həmişə
müntəzirəm, ana!
Sənin Yusifin
Yusif İLDIRIMZADƏ
525-ci qəzet .- 2025.- 21 fevral(№33).- S.8;9.