Kredit kartlarından
istifadə rekord həddə
Xəbər verdiyimiz kimi, Azərbaycanda kredit
kartları ilə aparılan əməliyyatların həcmi 9
milyard manata çatıb. Bu göstəricinin həcmi
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə
40.7 faiz və ya 2 milyard 282 milyon manat çoxdur.
Ekspertlərin fikrincə, artımın səbəblərindən
biri bonus və hissəli ödəniş imkanlarının
genişlənməsi, həmçinin
populyarlaşmasıdır. Hissəli ödədikdə məbləğ
insanların gözünə böyük görünmür,
hansı ki, bu da əməliyyatları artıran səbəblərdəndir.
POS-terminallar da artır, kartdan-karta ödənişlərlə
bağlı görülən işlər də təsir edir.
Həmçinin ölkəmizdə də onlayn satış
platformaları yaradılır və sayları artır.
Kommunal xidmətlərin də artıq asanlıqla kart vasitəsilə
onlayn şəkildə ödənilə bilməsi
mümkündür. Bu da kredit kartlarının daha çox
istifadə olunmasına şərait yaradır.
Qeyd edək ki, nağd ödəniş etmədən
alış-veriş etməyə imkan verən ödəniş
kartları ilk dəfə 19-cu əsrin ikinci yarısında
Amerika Birləşmiş Ştatlarında ortaya
çıxıb. İlk ödəniş kartı 1854-cü
ildə "Hotel Credit Letter Company" adlı şirkət tərəfindən
istifadəyə buraxılıb. Təbii ki, o zaman istifadə
olunan ödəniş kartları müasir kartlardan fərqli
olaraq məhdud imkanlara sahib olub. Məsələn, haqqında
bəhs etdiyimiz ilk ödəniş kartının
imkanlarından yalnız bir neçə turizm şirkəti
istifadə edə bilirmiş. Müasir ödəniş
kartları isə ötən əsrin ortalarında meydana
çıxıb. O vaxtlar elektron texnologiya geniş şəkildə
tətbiq olunmadığı üçün insanlar nağd
ödəniş əvəzinə imzalı kağızlardan
istifadə edirdilər. Eyni zamanda o dövrdə ödəniş
kartına sahib olmaq hər kəsə nəsib olmurdu. Lakin
ötən əsrin 90-cı illərində İnformasiya
Kommunikasiya Texnologiyaları sahəsində baş verən
inqilabi yeniliklər ödəniş kartlarından istifadənin
də kütləviləşməsində mühüm rol
oynadı.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə
görə, burda vətəndaşların əsas diqqət
etməli olduqları məqam onlara kredit kartı üzrə
limit ayrılan zaman ancaq rəsmi borc və xərclərin
hesablanmasıdır: "Borclar yığıldıqca
problemli kreditlərə çevrilir. Amma bəzi insanlar kreditə
həddən artıq meyllənirlər. Bir
çoxlarının borc yükləri əməkhaqlarının
hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri,
bank olmayan kredit təşkilatlarından alınan borclar,
müxtəlif mağazalardan götürülən daxili
kreditlər, həmçinin kredit kartları daxildir".
İqtisadçı bildirib ki, kredit kartlarının
istifadəsinin genişlənməsi son dövrlər ölkənin iqtisadiyyatında şəffaflaşma
və rəqəmsallaşma ilə əlaqəlidir:
"Hökumət müxtəlif layihələr həyata
keçirməklə - ödənişlərdə ƏDV
faizi, keşbeklər, bonusların olması insanların
kartlardan istifadəyə maraqlı olmasına şərait
yaradıb. Kredit kartlarının limitinin müəyyənləşdirilməsi
fonunda banklar ciddi sürətdə requlyatatorun məhdudiyyətləri
çərçivəsində fəaliyyət göstərir.
Banklar insanların gəlirlərini nəzərə alaraq həmin
insana kredit kartlarından istifadə şəraiti yaradır. Vətəndaşın
çoxlu borclar alması xüsusən daxili kreditlər və
lombardlar dövlətin qeydiyyatına düşməyən
borclar alması onu çətin vəziyyətə salır.
Hər hansı bir şəxsin borclarının
çoxalması kredit kartlarının istifadəsi ilə
bağlı deyil, şəxsin özünün çoxlu borc
alması ilə əlaqəlidir".
Bank məsələləri üzrə ekspert Elman
Sadıqov deyir ki, insanlar kredit kartlarından istifadədə
maksimum ehtiyatlı olmalıdırlar: "Vətəndaşlar
kartla pul xərclədikləri zaman bunun fərqində
olmurlar. Sonradan krediti ödəmək zamanı çətinlik
çəkirlər. Bir neçə kredit kartından eyni anda
xərcləmə edən insanlar da az deyil: "Əhalinin
nominal gəlirləri ilə bu məbləği müqayisə
etdikdə görürük ki, elə də böyük rəqəm
deyil. Ümumdaxili məhsul fonunda da rəqəmlər qorxu
doğurmur. Ümumi iqtisadiyyatı, borclanmanı nəzərə
aldıqda, elə də risk olmadığını
düşünə bilirik. Lakin bu, məsələyə
böyük aspektdən baxdıqda əldə etdiyimiz nəticədir.
Vətəndaş mövqeyindən baxdıqda isə məsələ
dəyişir. Bu borc əhalinin müəyyən bir qrupunda
toplandığı üçün təhlükəlidir. 40
faizlik artım müəyyən riskləri doğurur.
Mikroiqtisadi baxımdan təhlil etdikdə borclanan əhalinin
bir təbəqəsidir. Onların borc yükü ilə gəlirləri
arasında hansı mütənasiblik var? Çünki adətən
yüksək gəlirli insanlar kredit kartları ilə
bağlı məsələyə daha ağıllı
yanaşırlar. Onların borc yükləri əməkhaqlarının
üç mislindən çox olmur".
Ekspertin sözlərinə əsasən, borclar
yığıldıqca problemli kreditlərə çevrilir:
"Bəzi insanlar kreditə həddən artıq meyllənirlər.
Bir çoxlarının borc yükləri əməkhaqlarının
hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri,
bank olmayan kredit təşkilatlarından alınan borclar,
müxtəlif mağazalardan götürülən daxili
kreditlər, həmçinin kredit kartları daxildir. Böhran
baş verərsə, əhalinin böyük kütləsi
ciddi problemlə üzləşəcək və
borclarını ödəyə bilməyəcək. Sonra
problemli kreditlər yaranır. İnsanlar ömürlərinin
çox hissəsini bu yüklərdən qurtulmaq
üçün xərcləyirlər. Bəzi hallarda hətta
bu borclara görə dəyərli daşınmaz əmlaklarını
itirirlər. Bu, həm banklar, həm də
iqtisadiyyatımız üçün problem yaradar, sosial gərginliyi
artırar. Bankın əsas vəzifəsi kredit verməkdir.
Onlar kredit kartları ilə bunu daha da artırırlar. Burada əsas
məsələ kreditlərin düzgün şəkildə
verilməsidir. Banklar kredit verərkən tək öz portfellərini
nəzərə almamalıdırlar. Makroiqtisadi göstəricilər,
müştərinin riskləri diqqətdə saxlanılmalıdır.
Kredit portfelinin yaxşı olması bir çox hallarda
bankları arxayınlaşdırır. Daha çox
qazanmağı düşünürlər, amma iqtisadi vəziyyətin
hər an dəyişə biləcəyini nəzərə
almırlar. Əhalinin hansı hissəsinin borcla yüklənməsi
də nəzərə alınmalıdır. Kredit kartı
borcu olanların digər borclarına da baxılmalıdır.
Kredit kartından istifadə edənlərin neçə
faizinin nə qədər borcunun olması, borcödəmə
qabiliyyəti, aylıq gəlirləri, problemli müştəri
olma ehtimalı və sair təhlil edilib nəzərə
alınmalıdır. Əhaliyə də tövsiyə edərdim
ki, kredit kartlarından səmərəli istifadə etsinlər,
izafi xərclərə yol verməsinlər".
İqtisadçı ekspert Asif İbrahimli bildirib ki,
kredit kartlarının alınması üsulları çox
asandır. Belə olduğu halda da problemlər ortaya
çıxır: "Ümumiyyətlə, kredit kartları
və digər kredit məhsulları ilə bağlı
banklarda borcların geri ödənilməməsi ilə
bağlı ciddi problemlər yaşanır. Kredit
kartlarının əldə edilməsi şərtləri
çox sadə olduğuna görə, həmin bankda əməkhaqqı
kartı olan vətəndaşa hər hansı kredit
kartları da təklif olunur. Vətəndaş da rahatlıqla
əldə edib istifadə edir. Amma bir çox hallarda
götürülən məbləği ödəməmə
halları baş verir. Düşünürəm ki, bununla
bağlı qərar veriləcək. Ümumiyyətlə,
bank kartlarının alınması ilə bağlı həm
təhlükəsizlik meyarlarının artırılması,
həm də onların əldə edilməsi istiqamətində
müəyyən beynəlxalq standartların tələblərinə
uyğun tədbirlər həyata keçirilməlidir".
İqtisadçının dediyinə görə,
kredit kartları ilə bağlı bir çox
narazılıq halları baş verirdi ki, artıq bunların
da qarşısı alınmış olacaq: "Burada
bankın əldə etdiyi odur ki, artıq borcların
vaxtı-vaxtında geri qaytarılması təmin olunacaq".
A.İbrahimlinin fikrincə, krediti ödəmə
qabiliyyəti olan insanların narahat olacağı vəziyyət
mövcud deyil: "Rəsmi iş yeri olan, kredit tarixçəsi
normal vətəndaşlarla bağlı hər hansı bir
uzaqlaşdırma olmayacaq. Sadəcə, müəyyən
proseduralarda dəyişikliklər ediləcək. Qaydalar daha
da qəlizləşə bilər".
Maliyyə üzrə ekspert Elnur Quliyev qeyd edib ki, milli
ödəniş sistemlərinin təkmilləşdirilməsi,
bankların "mobil bankçılıq" xidmətlərini
inkişaf etdirməsi plastik kartlardan istifadəni daha da sürətləndirib.
Həmçinin dövlət nağdsız
hesablaşmaların artmasında maraqlıdır və bu
istiqamətdə stimullaşdırıcı tədbirlər həyata
keçirir. Maliyyə savadlılığı artdıqca
insanlar nağdsız ödənişlərin
üstünlüklərini, plastik kartlarla ödəmənin
asanlığını, əlverişli olduğunu başa
düşürlər: "Ölkəmizdə plastik kartlardan
istifadənin artmasına təsir edən əsas faktorlar - son
üç il ərzində mal və xidmətlər üzrə
plastik kartla ödəniş qəbul edən məntəqələrin
sayının əhəmiyyətli artması, "ƏDV geri
al" mexanizminin, həmçinin banklar tərəfindən
"cashback" proqramlarının tətbiqi, plastik
kartları ödənişsiz təqdim etmələri, elektron
ticarət dövriyyəsinin çoxalmasıdır:
"Elektron ticarətin artması, xüsusilə pandemiya
dövründə nağd puldan istifadə sahələrinin məhdudlaşdırılması
istehlakçıları bank kartlarına sövq edib.
İnsanlar ödədikləri pulun ƏDV vasitəsilə
cüzi miqdarda da olsa geri qaytarılması üçün satıcıları
plastik kartla satış etməyə məcbur edirlər. Nəticə
etibarilə, dövlət istehlakçılar vasitəsilə
satıcıları nəzarətdə saxlayır. Plastik
kartlardan istifadənin əsas üstünlüklərindən
biri də kartla ödəniş zamanı xərclənən
vəsaitləri izləməyin və nəzarət etməyin
asan olmasıdır. İnsanlar şəxsi və ailə
büdcələrinin idarə olunmasında bundan istifadə
edirlər".
Bank məsələləri üzrə mütəxəssis
Emin Mahmudov isə deyir ki, kartların bu qədər sürətlə
artmasının səbəbi bankların təklif etdiyi cəzbedici
imkanlardır: "10 milyon əhalidən uşaqları və
yaşlıları çıxsaq, təxminən 7-8 milyon
insanın iki kartı olduğu anlamına gəlir. Hətta bəzi
şəxslərin 3-5 kartı var. Bank kartlarının
artmasının səbəbi bankların bir-biri ilə rəqabətə
girərək, kart istifadəçiləri üçün fərqli
şərtlər təqdim etməsidir. İnsanlar bir kartı
alıb razı qalır, müəyyən vaxt istifadə edir
və görür ki, digər bankın kartı daha
yaxşı şərtlər verir. Bu halda vətəndaş
digər kartdan da alır. İnsanlar hansı kartı istifadə
edəcəklərinə qərar verə bilmirlər. Müəyyən
sferalar üzrə bir bankın kartı daha uyğundur, digər
sahə üzrə başqa kart daha əlverişlidir. Ona
görə də hərənin 2-3 kartı olur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 21 fevral(№33).- S.7.