Məryəm ananın evi
Yerdən bir az yüksəkdə, göydən xeyli
aşağıda, dağların arasında, təpələrin
üstündə, təbiətin qoynunda, çinarların
kölgəsində, günəşin gördüyü, dənizin
baxdığı yerdə bir ev var. Savaş, xaos, intriqa dolu
dünyadan çəkilən hüzur, rahatlıq, sakitlik
sanki quraqlığın ortasında çuxura dolan son su
axıntısı kimi burada toplanıb. İzmirdəki məşhur
Məryəm Ana Evindən bəhs edirəm. Vatikanın
müqəddəs elan etdiyi, xristianların həcc yeri
sayılan Məryəm ana evindən... Dolambaclı
yolların, sıldırım qayaların, meşələrin,
ağacların ortasından keçib gedirsən. Bəzən
başın fırlanır, gözün qaralır, heç
gedib çıxmayacaqmış kimi bir hiss dolur canına, bu məqamda
qarışqanın həm sevimli, həm də dərin olan məşhur
hekayəsini yadına salıb gülümsəyir və yola
davam edirsən. Bir gün bir qarışqa uzaq diyara getmək
üçün yola çıxır. Yolda onu görənlər
hara getdiyini soruşurlar, Qarışqa sevgilisinin xəstələndiyini,
onu görməyə getdiyini söyləyir. Gülürlər,
deyirlər ki, bu ayaqla gedib çıxa bilməzsən.
Qarışqa cavab verir ki, "eybi yox, gedib çata bilməsəm
də, ən azından yolunda ölərəm". Məryəm
ananın evi də bu cür fədakarlığa layiq bir
yerdir.
İohannın vəfası
Rəvayətə görə, İsa peyğəmbər
Qüdsdə çarmıxa çəkilən ərəfədə,
son nəfəsini verməzdən əvvəl anası Məryəmi
12 həvarisindən biri olan, Yəhya kimi
tanıdığımız yaxın dostu Əziz İohanna əmanət
edir. Əziz İohann da Məryəm ana üçün
Qüdsün təhlükəli ola biləcəyini
düşünərək onu o dönəmin məşhur
şəhərlərindən sayılan Efesə gətirir.
Efes romalıların idarəçiliyində
olduğundan Məryəmi Bülbül dağının arxa
yamacındakı meşədə gizlədir və vaxt itirmdən
ona həmin yerdə balaca bir ev tikir. Əziz İohannın
İncili də burada yazdığı deyilir. Məzarı da
Səlcuqdakı Sant İohann Bazilikası içindədir. Məryəm
ananın 101 yaşına qədər yaşadığı,
məzarının yaxınlıqda - Panayır
dağının şimal-qərbində olduğu
günümüzə qədər gəlib çıxan rəvayətlər
arasındadır.
Bir yuxunun izi ilə
İzmirin Səlcuq bölgəsində yerləşən
Efes antik şəhəri yaxınlarındakı Bülbül
dağında olan Məryəm ana evinin film kimi kəşf
hekayəsi var. Hekayə Efesə heç vaxt gəlməyən,
hətta Almaniyadan bir addım kənara çıxmayan Anna
Katerina Emmerik adlı qadının gördüyü yuxu ilə
başlayır. Hər gün təkrarlanan yuxuda qadın Məryəm
ananın evinin Efes şəhərinin arxasındakı
dağda olduğunu, həm bu qədim şəhəri, həm
dənizi gördüyünü, sərin qaynaq suyunun həndəvərində
yerləşdiyini görür. Eyni zamanda rahibə olan Katerina
gördüyü yuxuları yazmağa qərar verir və
tezliklə, "Həzrəti Məryəmin həyatı"
adlı kitabını çap etdirir. Yeni çıxan kitab
xristian dünyasında böyük marağa səbəb olur
və surətlə yayılır. Vatikan bu kitab vasitəsi ilə
yola çıxaraq 1881-ci ildə Məryəm ananın evini
axtarmaq fikrinə düşür. On il sonra İzmir Fransız
Kollecinin müdiri və İbranicə mütəxəssisi
olan lazarist rahib Yevgeni Paulin də Katerina Emmerikin
kitabını oxuyur və axtarışa başlayıb Efesə
səfər təşkil edir. Bu məqsədlə o, iki rahib
və iki katoliki təlimatlandırır. 27 iyul 1891-ci ildə
dörd nəfər yola düşür. Ərazini
yaxşı tanıyan Mustafa adlı şəxsdən də
kömək istəyirlər. Fəqət, erməni katolik
rahib onları yanıldır və bir müddət əvvəl
Dəyirmandərədə iz tapdığını deyir. Qrup
da bu fikrin izi ilə Ayasuluq əvəzinə Şamlıq ərazisinə
gedir. Dəyirmandərədəki Ortodoks monastırına gəldiklərində
heyət rəhbəri Mister Yanq ordakı baş keşişə
"Həzrəti Məryəm harada vəfat edib" deyə
sual verir. Qarşılığında "Qüdsdə"
deyə cavab alır. Bu, onlarda ümidsizlik yaradır, kitab əsasında
yola çıxmaqları ilə bağlı tərəddüdə
düşürlər. Dəyirmandərə
axtarışları müsbət nəticə vermir. Amma yenə
də son ümidlə Quşadasında gecələyirlər,
ertəsi gün kompasla Ayasuluğa doğru hərəkət
edərək, Katerina Emerikin kitabını cümləbəcümlə
təqib edirlər.
Uzun axtarışlar yenə nəticəsiz qalır və
taqətdən düşmüş halda tütünlərlə
dolu əraziyə gəlib çıxırlar. Bir tərəfdən
yayın cırhacırı, digər tərəfdən
dayanmadan apardıqları axtarışlar onları susadır.
Tarlada işləyən qadınlardan su istəyirlər, ancaq
onlarda da su qurtardığı üçün qrupu
yaxınlıqda xarabaya çevrilmiş monastıra yönləndirirlər.
Susuzluqlarını yatızdırdıqdan sonra
araşdırmaçılar ətrafa göz gəzdirirlər
və gördükləri mənzərə
qarşısında heyrətdən donub qalırlar: xaraba ev,
evin arxasında dağ, qarşısında dəniz,
arxasında Efes... Bütün bunlar Katerina Emerikin Məryəmin
evi barədə yazdığı təsvirlərlə
üst-üstə düşürdü.
Çünki Emerik dağın başında Məryəm
ananın evinin olduğu yamacı, Efesi və dənizi
gördüyünü yazırdı. Qrup buranın
axtardıqları yer olduğunu dəqiqləşdirmək
üçün iki gün təpədən təpəyə
gəzirlər və görürlər ki, Məryəm
ananın evinin olduğu təpədən başqa heç
yerdən Efes və dəniz eyni anda görünmür. Beləcə, əmin olurlar və
İzmirə qayıdaraq Məryəmin evini
tapdıqlarını sevinc içində
açıqlayırlar.
Xristianların həcc yeri
Burada öyrəndiyim digər maraqlı fakt isə Məryəm
ana evinin Vatikan tərəfindən həcc yeri elan edilməsi
oldu. Mən Qüds bilirdim, ikincisi bura imiş. Müqəddəs
evdə ilk ayin və ziyarət 20 may 1896-cı ildə altı
yüz insanın iştirakı ilə baş tutur. Sadəcə
sıravi insanlar deyil, Papalar da evi ziyarətə gəliblər.
1967-ci ildə Papa VI Paul, 1979-cu ildə II Yan Paul, 2006-cı ildə
Papa XVİ Benedikin etdiyi ziyarətlər, Məryəm Ana
Evinin əhəmiyyətini daha da artırır. Kilsənin
girişində dəhlizdə qapının solundan yuxarı tərəfdə
Papa VI Paulun buraya gələrkən hədiyyə etdiyi qədimi
lampa var. Digər tərəfdə isə Papa II Yan Paulun ziyarətlərinin
xatirəsi olaraq boynundan çıxardıb verdiyi möhtəşəm
medalyon var. Özü də şüşə çərçivənin
içində qorunub saxlanır. Hər il may ayının son
bazar günü və 15 avqustda səhər saatlarında
böyük ayinlər keçirirlər. Təkcə
xristianların deyil, hər dindən, irqdən olan insanın
İzmirə gələn kimi üz tutduğu yerdir bura. Turistlərin
əlindən tərpənmək olmur. Avtobuslarla
yığılıb gəlirlər.
Məbədin içindəki sənət
Məryəm ananın evinə gedən
cığırın hər iki tərəfində
sıralanan valehedici zeytun ağacları var, həmin
ağaclar lazarist rahiblər tərəfindən 1898-ci ildə
əkilib. Zeytunlu yolun sonundakı Məryəm heykəli
İzmirdəki dini qurumlardan birinin bu müqəddər yerə
ərmağanıdır. Gözoxşayan heykəlin
yaradılış tarixi 1867-ci ilə gedib çıxır.
Kilsədə vyetnamlı katolik olan sənətçi
tərəfindən bir əsər də var. O da diqqəti ilk
çəkənlərdəndir. Əsər İohanna
İncili yazmaqla bağlı verilən vəhiyi ifadə edir.
Yönü sağ tərəfə açılan "Məryəm
ana otağı" adlandırılan bölmənin Emerikin
kitabında bəhsi keçən otağın eynisi olduğu
deyilir. Əsas otağın sağ divarında Məryəmin
üzünü təsvir edən əsər rus əsilli
fransız rəssam Ratislas Loukinə aiddir. Bundan əlavə
otağın müxtəlif yerlərində Məryəm ana
evindən bəhs edən surə və ayələr də
mövcuddur. Bunlar 1985-1986-cı illərdə İzmir valisinin
istəyi ilə işlənib. Vali bu addımı ilə
müsəlmanların da Həzrəti Məryəmi
ucaltdığını, ona sayğı duyulduğunu göstərmək
istəyib.
Kilsənin küncündəki çinar
ağacının yanında qapı var. Bir əsrdən
çox bağlı qalan qapı son vaxtlar yenidən
açılıb. Abidə Efesdən gətirilən
materiallarla inşa edilib. Olduqca balaca olan bu evin zərif
tağları, kəmərləri, oyuqları insanda
heyranlıq oyandırır. Yenə çıxışda
olan biri fransızca, digəri türkcə yazılan və
üzərində Məryəm ananın evini kəşf edənlərin
adlarının yazıldığı mərmərlər var.
Üç çeşmə
Evdən çıxdıqdan sonra sağdan
aşağıya doğru enərkən üç su
çeşməsi çıxır qarşımıza. Elə
əsas iş burada başlayır. Deyilənə görə,
bu çeşmələrdən ardıcıllıqla su
içilir. Hər birində fərqli niyyətlər edilir,
diləklər dilənir. Deyilənə görə, su şəfalıdır
və xüsusi gücünün olduğuna inanılır.
Çeşmənin yaxınlığında dilək
divarı var. İlahi, bu divarın üstündə nələr
yoxdur... Minlərlə yazılı kağız, saç, ip,
məktub, üzük, sırğa, parça və daha nələr
görmək mümkündür. Bir də görmədiklərim,
amma əmin olduqlarım vardı o divarda: xoşbəxtlik
çağırışı, istəklər, ümidlər,
arzular, xəyallar, qovuşmaq, qurtulmaq, yeni
başlanğıc, bəlkə də son və s.
İbadətgah heç bir yerə bağlı,
heç yerdən asılı deyil. Əslində
üstündə çox mübahisələr olub, ancaq
1950-ci ildə "Məryəm ana evi dərnəyi"nin
qurulması ilə məbədin çıxarış sənədi
dərnəyə verilib. Ziyarətgahın gəlir
qaynağı burada ucuz qiymətə satılan şamlardır.
Nəzərə alsaq ki, hər il bir milyondan artıq insan tərəfindən
ziyarət edilir, onda görərik ki, bu məbləğ elə
də kiçik deyil. Dərnəyin hazırkı rəhbəri
Noel Mikalafdır. On iki ildir bu öhdəlik onun üzərindədir.
Ətrafa, burada işləyənlərin
davranışlarına fikir versək, görərik ki,
işini layiqli şəkildə yerinə yetirir.
Mənə gəldikdə isə, bu əsrarəngiz
yerin təsirindən hələ də çıxa bilməmişəm.
Məbədlə bağlı çoxlu rəvayətlər
var. Amma hiss etdiyimə inanmağı seçdim. Ürəyim
deyir ki, Məryəm ana həqiqətən də burada
yaşayıb, ömrünü burada tamamlayıb, ruhu da
hardasa buralardan bir yerdədir. Yoxsa bu cür gözəlliyin,
hüzurun, sakitliyin, qəbullanmışlığın, təlaşsızlığın
başqa adı yoxdur. Varsa da, mən bilmirəm.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.21.