Tənəzzül haqqında yeni və
unudulmuş elm
İNSAN TƏNƏZZÜL PROSESİNDƏ
KİMDİR, NƏDİR, HARADADIR?
(III yazı)
"...Bəşəriyyət qıtlığın
səbəb ola biləcəyi bir tənəzzülün
qarşısını ala bilərmi? Bəli, bunu bacara bilərik.
Təəssüf ki, rəqəmlərə baxanda sadəcə
on faiz şansımızın olduğunu görürük. Bu
rəsm əsəri nə qədər tünd və
qaranlıq olsa da, inanmalıyıq,
çalışmalıyıq və bu şansı on bir faizə
qaldırmaq üçün nəyimiz varsa, xərcləməliyik,
döyüşməkdən qorxmamalıyıq..."
İnsan tənəzzül adlandırılan prosesin
harasındadır? Bizə necə təsir edəcək bu qədər
qarışıq bir sistem? Sayımız azalacaqmı,
artacaqmı? Hansı vərdişlərimizi tərgidəcəyik?
Hansı yeni vərdişləri qazanacağıq? Texnologiya
bizi "evimizdən" tamamiləmi didərgin salacaq? Necə
olacaq axırımız? Suallar çox, ömür yarı.
Bildiyimiz və təkzib olunmayan tək həqiqət ondan ibarətdir
ki, bunu necə başa düşürüksə düşək,
sonuncu musiqinin notlarını eşitməyimizə lap az
qalıb. Biz isə sonuncu rəqsə çoxdan
qalxmışıq.
Bir neçə başlıq altında insanın
kollapsologiyadakı yerini müəyyənləşdirək.
Tənəzzülün demoqrafiyası
İnsan sayı artır. Artıq bəzi ölkələr
bunun qarşısını almaq üçün on illərdən
bəri tədbirlər görürlər. Sayımızın
çoxluğu "qızıl orta" adlandırılan nəsilləri
narahat etməyə başlayır. Ortaya belə sual
çıxır ki, sayımızın çox olduğu bir
dünya istəyirik, yoxsa daha varlı insanların
yaşadığı dünya? Üç sosial sinfin
üçü də buna fərqli cavab verər. Kasıb
mütləqdir ki, şüuraltında öz gələcəyinə
inanmasa da, yenə də sinifdaşlarını müdafiə
edəcək. Orta standartlı sosial rifaha malik insanlar bu
sualın cavabını hər iki tərəfə
hesablanmış olaraq düşünəcək. Varlılar
isə nikbindir, onlar dünyanın daha yaxşı yer
olması üçün gücü və pulu olanların
yaşamasını arzu edəcəklər. Bir məsələ
var ki, bu sinfin nümayəndələri sadəcə arzu
etmir, həm də arzularını reallaşdırmaq
üçün çalışırlar.
Kollapsologiyada demoqrafik böhranı xarakterizə edən
iki anlayış var: Kornukopiya (Cornucopia) və Maltus (Malthus)
sistemləri.
Kornukopiya nəzəriyyəsini dəstəkləyənlər
iddia edirlər ki, insan irqi sonsuz inkişafa sahibdir. O, dayanmadan
böyüyəcək. Texnologiya onun
qarşısındakı bütün sərhədləri
yıxacaq.
Maltusçular isə daha bədbindir. Onlar hesab edirlər
ki, bəşər tarixindən bu yana, əslində,
bütün yeniliklər və inkişaf qrafiki
özünü təkrarlayır. Və bizlər bu periodun
sonuncu halqalarından birindəyik. Texnologiya insanı məlum
bir zirvəyə çıxaracaq, sonra isə o zirvədən
aşağı atacaq. Ola bilsin, bu intiharı
yaşamamış bütün sistemin
çöküşünə şahid olaq. Çünki digər
yazılarda da vurğuladım ki,
hesablamadığımız, diqqət etmədiyimiz yüzlərlə
nüans var ki, onlar "evimizi" çoxdan təhlükə
altına salıb.
Əslində, bu iki nəzəriyyə bir-birindən
çox da fərqlənmir. Çünki dövlətlərin
iqtisadi-sosial vəziyyətinə görə periodlar bir yerdə
hərəkət edə bilir. Demoqrafik artış vəziyyətində
olan dövlətlər və millətlər kornukopiyaçıların
dediyi nikbin proqnozlara inana bilərlər. Çünki
onların hələ nələrisə dəyişməyə
vaxtları var. Amma əgər artış və ya
azalış böhrana çevriləcəksə, onda
maltusçular kimi düşünməyin vaxtı gəlib
çatıb.
Tənəzzülün sosiologiyası
2003-cü ildə baş verən və 21-ci əsrin
ilk soyqırım cəhdi kimi dəyərləndirilən
"Darfur" müharibəsini yadımıza salaq.
Sosiologiyada yeni əsrdə insanları və toplumları təhlil
etmək üçün bu müharibədən daha
yaxşı neqativ nümunə yoxdur. Sudanda başlayan və
sərhədləri aşan irqlər və millətlər
arası bir müharibə də deyə bilərik buna. Səbəb
sürətlə artan əhali və xammal
çatışmazlığı idi. "İqlim müharibələri"nə
misallar çəkməli olsaq, bu soyqırım ilk beş
nümunədən biri olar. Tənəzzülün bir səbəbi
də məhz belə sosioloji böhranlardır. "Gəzən
ölülər" (The Walking Dead) serialındakı kimi
bir-birimizi yeyəcək hala düşməsək,
yaxşıdır. Çünki gələcək sosial
müstəvidə heç də yaxşı şeylər vəd
etmir.
osial-psixoloq Harald Veyzer iddia edir ki, bu cür sosial məzmunlu
müharibələr böyüməyə və artmağa məcburdur.
Çünki insanlar nə olursa-olsun, daim bir-birini
öldürmək üçün səbəblər tapacaq.
Xəstəliklər, ərazi davaları, qida
çatışmazlığı, iqlim dəyişiklikləri,
içməli su qaynaqları və sair. Təəssüf ki,
çox vaxt bu müharibələrin əsl səbəblərini
açıqlamaq yerinə, onlara din donu geyindirib fərqli hədəflər
yaradırlar.
Tənəzzülün sosiologiyasından
danışırıqsa, cəmiyyətlərin mədəni
tərəflərini də araşdırmalıyıq. Film, ədəbiyyat,
musiqi, rəsm industriyasındakı dəyişiklikləri
sezməmək mümkün deyil. Mədəniyyətin
müxtəlif sahələrində müxtəlif dəblər
yaranmaqdadır. Sənətin əxlaq, milli dəyər, sosial
fərqindəlik kontekslərini bir kənara qoyuram. Onlar onsuz
da 60-cı illərdən etibarən əridilməyə
başladı. Məsələ eybəcərlikdir. Baş verən
sürətli dəyişikliklər fonunda estetik zövqlər
eybəcərləşməyə, heç bir məna ifadə
etməməyə başlayır. Belə olan halda çarəsiz
bir insanın tapındığı sənət də
artıq ona kömək olmayacaq. Çıxış yolu sənət
üçün də mübarizə aparmaqdır. Amma kimlə,
nə ilə? Tənəzzülün böyüməməyinə
çalışmaq bundan başlayırsa, düşüncə
mərkəzləri tez-bazar işə keçməlidir. Məşhur
iqtisadçı Serge Latoş bu mövzuda
narahatlığını belə ifadə edir: "Sənəti
mədəni sömürgəçilikdən
qorumalıyıq..." Tənəzzülə aparan yolun hər
tərəfində müxtəlif sifətli müharibələr
dayanıb. Onlardan bəlkə də ən dəhşətlisi
məhz mədəni müharibələrdir.
Tənəzzülün psixologiyası
Bu və əvvəlki yazıların, demək olar ki,
hər abzasında tənəzzülün insan
psixologiyasına təsiri hiss edilir. Əlbəttə,
müharibələrin, qıtlığın, mədəni
çürümənin içində olan bir insan sakit və
aramlıq həyata malik ola bilməz. O həm də öz
psixologiyasını müxtəlif "üsullarla"
aşındırır. Hansılardır bu üsullar:
Korluq - kifayət qədər qələbəlik
informasiya tıxacında vacib olanları görməmək və
duymamaq. Vacib olanların fərqinə varanda isə iş
işdən keçmiş olur.
İnkar - məğlubiyyəti, tənəzzülü
qəbul etməmək. Bunun bir taftalogiya olduğuna inanmaq.
Beynin komfort zonasını tərk etməmək. Və bir
gün məlum olacaq ki, həddindən artıq nikbinliyin
qurbanıyıq hamımız.
Tənəzzülün politologiyası
Tənəzzül, təbii ki, siyasətə təsir
edir. İstər böyük, inkişaf etmiş,
güclü, istər inkişaf etməkdə olan, istərsə
də kiçik, gücsüz dövlətlərin müqəddəratına
kifayət qədər toxunur. Reallıq budur ki, iqlim, qlobal
istiləşmə, su qaynaqlarının tükənməyi
haqqında rəsmi partiyalardan daha çox QHT-lər
düşünür. Bu QHT-lərdən bəziləri
dövlətlər tərəfindən dəstəklənsə
də, hələ ki, heç bir ölkənin siyasətinin
ana xəttinin bu problemlər olduğunu görmürük.
Beynəlxalq iqlim konfransları, tədbirlər, iclaslar
keçirilir. Bunlardan ən vacibinə ötən il elə
Bakımız ev sahibliyi etdi. Sosioloqlar düşünür
ki, bu tədbirlərin mahiyyəti və sayı hələ
qaneedici səviyyədə deyil. Tükənən qaynaqlar
üçün ölkələr daha çox
qayğılıdır, nəinki tükənməz qaynaqlar və
təbii sərvətlər üçün.
Tənəzzülün politologiyasından
danışanda bir şeyə də diqqət edirik. Siyasi rejimlərin
bu prosesdəki davamlılığına. Kollapsologiya
haqqında kitablar yazan, araşdırmalar müəllifi
bütün iqtisadçı və sosioloqlar iddia edir ki, tənəzzül
prosesi birinci demokratiyanın divarlarını dağıdacaq.
İkinci Dünya müharibəsindən sonra Avropada,
xüsusi ilə Britaniyanın simasında bütün
böyük dövlətlərdə liberalizmi uğurlu siyasi
və iqtisadi model kimi göstərən səbəbləri
necə ki nikbin sosioloqlar ortaya atmışdı, indi də həmin
zatlar demokratiyanın bu böyük çöküş
qarşısında aciz qaldığını deyirlər.
İqlim və su mövzusunda elə problemlər var ki, onlarla
mübarizə birbaşa sərtlik və milliyətçilik
tələb edəcək.
lll
Kim necə və nə qədər bu dramatik
sonluğa hazırdır, bilmirik. Tək bildiyimiz həqiqət
təbiət və elmin min illərdir bizə sübut etdiyi
gerçəklərdir. Güvəndiyimiz tək nöqtə
də elm olmalıdır. Müharibələr haqqında
araşdırma edərkən qəribə bir statistika oxudum. Sən
demə, dünya tarixində sadəcə iki yüz il insanlar
bir-biri ilə döyüşməyib, vəssalam. Sadəcə,
iki yüz il. Bəlkə də o iki yüz ilin fəlsəfəsi,
məntiqi bizi mümkün olacaq bütün qiyamətlərdən
qoruya bilərdi. Hələlik, ölməyən və zədə
almayan tək hissimiz ümiddir. Ondan yapışmaq isə yeganə
çarəmizdir.
Rəvan CAVİD
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.20.