Tofiq Abdinin ötərgi qorxuları
və əbədi ömrü
Hələ İstanbulda yaşadığı vaxtlarda
- ötən əsrin son ilində yazırdı:
"Mənim yoxluğumla
bir ölüm doğulacaq...
Onun da beş yaşı olacaq,
sonra on yaşı olacaq..."
Fevralın 24-də Tofiq Abdinin - təkrarsız,
unudulmaz şairin, qürbətdə Vətəni içində
yaşadıb, Vətəndə qürbəti
çölündə yaşamış işıqlı
şəxsiyyətin, öz misrasıyla söyləsək,
ölümünün on bir yaşı tamam olur. Zaman su kimi
axır, xeyli böyüyüb şairin ölümü...
2009-da nəşr olunmuş "Poeziya"sını
ölümünün "yeniyetmə yaşında" təzədən
vərəqləyirəm, misralarının ardından narahat,
amma şəfqət dolu baxışlarla boylanır.
Barmaqlarımı kitabın səhifələrinə əlfəcin
edib qatlayıram hələlik, xatirələr yumaq kimi
çözələnir yaddaşımda...
Uzun illər birgə
çalışdığımız "525-ci qəzet"in
səhifələrində Tofiq Abdinin imzası oxuculara
tanış, redaksiyanın köhnə koridorundakı
qıvraq addımlarının səsi isə orada işləyən
hər kəsə doğma idi. Onu şəxsən
tanıyanların əzizi Tofiq Abdin, sözün hər mənasında,
"dik onurğası", təmənnasızlığı,
iddiasızlığı, təmiz və narahat (!) ürəyi
ilə hafizələrdə sevimli, silinməz izlər
buraxıb. Qəzetin redaksiyasının şüşəli-şüşəsiz
qapılarının hamısı onun üzünə
açıq idi, hər kəslə tək-tək
salamlaşıb istiqanlılıqla hal-əhval tutardı, bəzilərimiz
üçün cibindən şokolad çıxarıb
masaya qoyardı. Demək olar, bütün bayramlarda əvvəl
telefonlarımızın ekranı, sonra da ürəyimiz də
onun məxsusi, səmimi təbrik mesajları ilə
işıqlanardı. Çox dadlı olurdu söhbətləri.
Bəzi cümlələri dilimizin əzbəri idi. Şux
geyim tərzi nikbinlik gətirdiyi kimi, xoş deyim tərzi də
güldürüb-düşündürürdü:
"- Necəsiniz, Tofiq bəy?
- Belə də, qurban olum, idarə olunuruq..."
Əslində "idarə olunan" dünyanın ipə-sapa
yatmaz, idarəolunmaz adamı, çılğın şairi
idi. Muğan düzünün genişliyindən
süzülüb gələn ramedilməz ruhu göydələn
binaların, ürəkdələn adamların
"sıxlığında" istəmədən
"şəhər adamı" olub özünə kəsdiyi
"cəza" ilə yaşayırdı. Onun
üçün ən böyük cəza unudulmaq idi:
"Mən şəhər adamı oldum -
Üzüm dönük... Unut məni!"
Tofiq Abdinin poeziyası üç məşum insani
qorxunun üzərində bərqərar olmuşdu:
ölüm, qürbət və unudulmaq... Şairə görə,
unudulmaq qürbətin özü idi, ölüm üzü
idi... O, "şəhər adamı" olmuşdu, bəlkə
də məcburən, bəlkə də özünü
axtara-axtara... Unudulmaqdan nə qədər qorxsa da,
keçmişində unutduqlarının verdiyi cəzaya -
unudulmağa da könlüncə təslim idi.
İnsan qürbətə gedəndə özüylə
doğulduğu, böyüdüyü Vətənə aid nələrisə
aparır, bunsuz qürbət çəkilməz. Tofiq Abdin
üçün qürbət təkcə başqa ölkə,
ayrı şəhər deyil, unudulmaq qorxusu və
yadlaşmaqdır. Unudulmaq ölməkdən də
ağırdır, qatbaqat ölməkdir... Qürbət təkcə
insanın ayaq basdığı torpaq deyil, həm də
içində yaşadığı nisgilin tikanlı məftilləridir.
O "sərhəd"in hər iki tərəfində də
yad baxışlar, soyuq ürəklər vardı...
Tofiq Abdinin qardaş Türkiyədə
yaşadığı illər boyunca məngənəsində
sıxıldığı qürbət, məkan
anlayışı ilə bağlı deyildi, keçmişin
xiffəti, adam qəribliyi, doğmalıq nisgili idi...
"Bu yerlərdə adamlar sanki qara daş,
Binalarında heç olmasa isinmək olur,
İnsanları buz salxımları kimi
Qarşına çıxır, qardaş..."
O ötüb keçən gəncliyin, qoyub getməli
olduğu Bakının, istədiyi kimi yaşaya bilmədiyi
ömrün qəribi idi. O boyda qürbətin içində
Vətəni yaşadırdı, lap doğrusu, Vətən
kimi yaşayırdı:
"Pəncərədən baxıram,
Pəncərədən o yana İstanbul
Amma neyçün
havadan şor torpaq qoxusu gəlir?
Amma neyçün
qara mazut axır küçələrdən?
Baxıram ki, şamlar yanır
Elektriki keçmiş evlərdə...
O şama pərvanəyəm.
Mən bu işıq seli içində
O şamlı gecələrçün
dəli-divanəyəm...
Ah, bir düşsəydi bu axşam,
Ah, bir açılsaydı bu şəhər..."
Dünyanın ən gözqamaşdıran meqapolisi də
məğlub olur "şamlı gecələr"in
nostaljisinə... İnsanın içində
yaşatdığı Vətənə heç bir urbanistik
möcüzə dov gələ bilmir. Günlərin bir
günü, keçmişin uzaqlığında və
uşaqlığında - axşamlar bütün ailənin
işıq sönəndə ətrafına
yığışdığı şamın
yandırıldığı doğma evlərin kölgəsində
qalır böyük şəhərlərin elektrikli
binaları... Bu emosional kulminasiyada şair cismən yeni
dünyanın içindədir, ruhunu isə keçmişə
təslim edib. Bu şəhərin axşamı onun psixoloji həbsxanasıdır.
Çölünü İstanbul sıxır, içini
ölüm və unudulmaq qorxusu... "Unudulmadan
yaşamaq" - qürbətdə ən böyük təsəllisi
olub Tofiq Abdinin. Təsəllidən daha çox ümid
közərtisi... Unudulmasan, yenə birtəhər dözmək
olar qürbətə, unudulmusansa, şairin təbirincə,
"yaşadığın ömür haram olur orada da, burada
da..."
Tofiq Abdinin "Poeziya"sını səhifə-səhifə
çevirdikcə əvvəl gözümdən qaçan
nüans bir əlçim dolu bulud kimi asılıb qaldı
hafizəmin səmasından: Güllələnmiş at
metaforası... Məğlubiyyətin, gücün itirilməsinin,
arzuların yarımçıq qalmasının, taleyə təslimiyyətin
simvolu...
"...Altımdakı at vurulur,
Üstümə boş yəhər gəlir...
Gözlədiyim bu xəyanət
Bəs niyə birtəhər gəlir?.."
Həyatımızda zaman-zaman o "atların
vurulması" səhnəsi çoxumuza tanışdı.
Bir andaca güvənini, dayaq nöqtəsini itirməyin nə
demək olduğunu yaxşı bilirik.
Ayağımızın altından yer qaçıb, söykənəcəyimizi
itirmişik. İçimizdəki qaranlıq boşluqlara
vurulan atların boş yəhərləri atılıb
qalıb... "Gözlədiyim"iz xəyanətlər nəticəsində
neçə at vurulub öldürülüb, məğlubiyyətimizlə
barışıb kəlləmayallaq
düşmüşük üzüqoylu torpağa... Şair
pusquda durub onu gözləyən xəyanətin nəfəsini
hiss edir, onu gözləyir, hətta ona hazırdır, amma yenə
də qarşılaşanda içi titrəyir... Gözləsən
belə, heç bir ayrılığa, xəyanətə tam
hazırlıqlı olmursan. Boş yəhər önünə
düşəndə anlayırsan... Amma çıxıb gedə
də bilmirsən, güllələnən o at da, məğlubiyyətini
yaşadığın bu ömür də səninkidir
axı...
"Sonunda bu günə gəldim,
Gəldimsə, demək, ölmədim...
Gücüm çatmır çəkib gedim,
Güllələnən o at mənim..."
Tofiq Abdinin ölüm qorxusu haqqında
yazdığı şeirləri də əslində
ölümün vəsfidir. "Adam adam itkilərdən
çat-çat olan həyatı" onu
ağrıdırdı. Onu ölümdən daha çox
doğma itkilərin gətirdiyi iztirabın dözülməzliyi
ağrıdırdı, qorxudurdu. O, ölümün
labüdlüyünü bilirdi, yoxsa yazmazdı ki,
"ölüm qoxuyur üst-başım / ölüm qoxuyur
yaddaşım..." Bilirdi ki, ölüm çöldə də
var, içəridə də, insan hər yerə özüylə
daşıyır bu labüd kodu...
"Savaş boyu doğulsam da,
Uduzuram hər savaşı.
Bu meydanda hər şey tanış,
Hər şey yaşanmış min kərə.
Bəs niyə ağrıyır canım
Öyrəşdimsə itkilərə?"
O "tanış meydan"da hamımız
varıq... Tofiq Abdin hamımıza yazıb: itkilər həyatın
norması olsa da, onlar heç birimiz üçün adiləşmir.
İnsan ağrıya öyrəşə bilərmi? Bəlkə
də yox, çünki hər yeni itki ağrısını
da özü ilə gətirir. Bu misralarda təkcə bir fərdin
yox, bütöv cəmiyyətin, bir nəslin yaraları var.
Tofiq Abdin bir daha oxucuya hiss etdirir ki, itkilərə
alışmaq olmur - çünki hər yeni yara özündən
əvvəlkini qanadır... Nə qədər instinktiv
qorxulardan, itkilərdən yazsa da, Tofiq Abdinin bütün
poeziyasının ruhunda sabaha bəslənən ümidin
varlığına inanc var:
"Həyəcan içində Yer kürəsi
Fırlanar belədən-belə...
Yaxşı ki, sabaha ümid var hələ!"
2014-cü ilin 24 fevralınacan o ümid Tofiq Abdini
yaşadıb, fevralın 25-dən bəri biz o ümidin
davamını yaşayırıq... Şeirlərinin birində
yazırdı: "Orada məni xatırlayan varsa, salam
olsun..." Yer-yerdən səslənən "əleykümsalam"ları
eşidirsən, Tofiq bəy?! Burada səni tez-tez
xatırlayırıq, həm də çox xoş, çox
aydın - Özün kimi!
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.19.