"Başa gələr
nələr, nələr..."
VƏ YA XATİRƏLƏRİ "YADDAŞIN
XƏYANƏTİ"NDƏN QORUMAQ NAMİNƏ YAZILANLAR
...Başlanğıcda adıyla məni özünə
çəkdi bu kitab: "Başa gələr nələr, nələr..."
Sevdiyim şair Vaqif Bayatlının şeirindən iqtibas idi.
Qeyri-ixtiyari sonrakı misraları pıçıldadım:
"Ala gözə qara kədər, yazılıbsa qəza-qədər..."
misralarındakı sadəliyin ovsunlayan gözəlliyi...
Üz qabığında da qeyd olunduğu kimi, bu avtobioqrafik bədii
nəsr kitabını, adətimə uyğun olaraq, əvvəlcə
ayaqüstü vərəqlədim: oxunaqlı gəldi...
Yazıçı-publisist, tərcüməçi Səməd
Səfərlinin imzası hələ uzun illər əvvəl
"525-ci qəzet"dən mənə tanış idi,
vaxtaşırı hekayə və məqalələri
işıq üzü görürdü. İlk hekayələr
kitabı "Üçbucaq" 2010-cu ildə çap
edilib. İtalyan yazıçı Antonio Tabukkinin "Pereyra
iddia edir" romanı onun tərcüməsində 2012-ci ildə
Azərbaycan dilində nəşr olunub. Müəllifin
2024-cü ildə "TEAS Press Nəşriyyat Evi" tərəfindən
çap edilən "Başa gələr nələr, nələr..."
kitabının gözəçarpan annotasiyası "xarici
ölkəyə yollanmış bir tələbənin
yaşadığı həyəcanlı, məzəli və
macəra dolu əhvalatlar" vəd edirdi. Nəşrin
redaktorları Yusif Rzayev, Könül Nəsibova və Kərim
Kərimli, illüstratoru Ruhulla Həsənzadədir.
Müəllif kitabın "Ön söz"ündə
"ürək-can qoyub" bu hekayələri qələmə
almağının, "xatirələri tək-tək
qovalayıb sətirlərə düzməyinin" əsas səbəbini
elə ilk cümlərdən yumoristik tərzdə nəql
edir. Səbəbsə sadə göründüyü qədər
də "qəliz"miş: "Beyində müəmmalı
ağırlığın məngənəsinə
düşmüş, imdad diləyən xatirələrin
xilası..." Üstəlik, hafizə gec-tez onu alt-üst edə
biləcək xatirələrlə siləbəsilə
doludursa, yazmaq lazımdır. Çünki
yazıçının qeyd etdiyi kimi, "yaddaşın xəyanəti"
daim gözləniləndir... Bu yanaşma mənə həm də
sosial psixoloq James Pennebakerin "yazı terapiyası"
metodunu xatırlatdı. Kiçik bir fərqlə -
buradakı "yaz, qurtul" üsulu psixoloji travmalarla deyil,
"başa gələn nələr"isə bir kitabda, el
diliylə desək, bədii şəkildə baş-göz eləməkdir.
"Ön söz"dəcə müəllifin hər bir
yazarın içində yuva salan haqlı
narahatlığı da ironik çalarla boy göstərir:
"Bu zəmanədə kitab oxuyan qalıbmı?" Hedonik
zövqlərin mənəvi-ruhi doyumun önünə
keçdiyi "bu zəmanədə" müəllifin
sarkastik alternativ variantı da hazırdır: "Deyəcəklər,
niyə bu qədər əziyyət çəkirdin? Ondansa
bizi babat bir restorana aparardın, qonaqlıq verəydin. Süfrəni
başdan-başa doldurardıq, qədəhlərə şərab
süzərdik, boğazımızı yaşlayardıq, sən
də bu hekayələri bala-bala rəvayət eləyərdin
də..." "Ön söz"ün son məzəli
ironiyasını müəllif möhür kimi vurur
yazının yekununa: "Doğru sözə nə deyəsən,
təmiz söhbətdir, vallah..."
Sadə, axıcı, canlı dillə qələmə
alınan hekayələrdə yumor, özünəironiya,
sarkazm və özünütənqidin müxtəlif
çalarları özünü göstərir.
Kitabda baş qəhrəmanın təhsil almaq və
iş həyatına başlamaq məqsədilə getdiyi
Rusiya və Birləşmiş Krallıq kimi bir çox
aspektdən bir-biri ilə ziddiyyət təşkil edən,
başqa dilin, fərqli adət-ənənələrin
hökm sürdüyü iki cəmiyyətdə
qarşılaşdığı maraqlı, həyəcanlı,
bəzən də təhlükəli hadisələr və həyatın
təkrarsız anları bədii şəkildə təsvir
olunur. Bu kitab ümidverici şəkildə uğursuzluq və
çətinliklərin də, nailiyyətlər kimi həyatın
ayrılmaz parçası olduğunu, bir gün xoş xatirələrə
çevriləcəyini xatırladır.
Mətnlərdə müəllifin özünəməxsus
sadə, lakin çoxqatlı təhkiyəsindəki dil-ifadə
oyunları, simvolizmi və fəlsəfi incəlikləri
öz əksini tapıb. Hekayələrin dili o qədər
sadə və səmimi təsir bağışlayır ki,
oxucu hər bir mətndə özünü həmin söhbətlərin
içində, həmin sosial atmosferdə, bəzənsə
lap situasiyaların mərkəzində hiss edir.
Kitabın şərti olaraq "Rusiya" və
"Birləşmiş Krallıq" bölümlərində
yer alan hekayələrdə müəllif oxucusunu ironiya və
ya psixoloji təhlil yolu ilə hadisələrin ədəbi
axarına salıb apara bilir. Hekayələrin diqqətçəkən
cəhətləri müəllifin həm də özünəgülmə
bacarığını əks etdirən obrazlı bədii
dil, eləcə də hadisələrin gedişatı ilə
maraqlanan hər kəsi ümumən pozitivliyə
çağıran yaşanmış təcrübələrin
prozaik təsviri və zəngin frazeoloji, idiomatik
"baqaj"dır. "Rəqqas stəkanlar" hekayəsində
fırıldaqçılığa məruz qalan iki nəfərin
peşmanlığında olduğu kimi: "...Onda ikimiz də
dərk elədik ki, təhsil-filan yaxşı şeydir,
faydalıdır, amma həyatda uğur qazanmağın yeganə
şərti deyil. Hələ bilmədiyimiz, öyrənəcəyimiz
çox incə məsələlər var. Bütün
bunları fikirləşə-fikirləşə hiss edirdik ki,
qoltuğumuzun "şişi çəkilib". Bəli,
çiyinlərimiz boşalmış, qollarımız
yanımıza düşmüş, burnumuz "göydən
yerə enmişdi"...
Mətnlərdə müəllifin insan təbiətinə
və sosial münasibətlərə dair fəlsəfi
düşüncələri və təhlilləri həm də
şəxsi, mənəvi qiymətləndirmələrdir.
Səməd Səfərlinin daha çox modernist
üslubda qələmə aldığı bu hekayələrin
bəzilərində yalın minimalist yazı tərzi ilə
və təfərrüatlı təsvirlərə girmədən
avtobioqrafik fonda psixoloji, ədəbi lövhələr
yaradılıb.
Müəllif ironiya və bəzən absurdluğa
varan təhlilləri ilə dünyaya baxışını
göstərir, həyatın fərqli perspektivlərini
anlamağa çalışır. Hər bir mətnin
altındakı dərinliyə enməyə
çalışarkən müəllif "ağrısız"
məqamları da həm təbəssümlə, həm də
düşündürərək oxucuya təqdim edir.
Üslubda həm təsvir, həm də təhlil
balanslaşdırılıb, baş verənlər bəzən
gözlənilməz absurdizmə də meyllənir.
Müxtəlif vaxtlarda Rusiya və İngiltərə
kimi sərt kontrast təşkil edən iki ölkədə təhsil
alan tələbənin total nəzarət duyğusu ilə
(müəllif "Rusiya" bölümündə zorakı
polislərin mətnlərdə "görünüb"
yaratdığı xof və vahiməni oxucuya da
ötürür) "Birləşmiş
Krallıq"dakı süni nəzakət pərdəsinə
bürünən və bəzən formal xarakter
daşıyan azadlıq hissi arasında mənəvi
sıxışması mətnin alt qatından hiss edilir.
Soyuğu və "soyuqluğu" ilə ilikləri titrədən
"nizam-intizamlı" Moskvada da, yağışın əskik
olmadığı, sözün hər mənalarında
"Dumanlı Albion"un daha çox fərdi
düşüncə aşılayan rəngarəng "Reynçestr"ində
də hər iki ölkənin təhsil sistemlərinin, mədəniyyətlərinin
yaratdığı təbii gərginlik, bədii ziddiyyət
kitabda öz əksini tapıb. Əsərin baş qəhrəmanı
tələbənin introspektiv baxışları və
özünəməxsus kimlik axtarışı isə
bütün bu ziddiyyətlərin fonunda hekayələrin təməlini
təşkil edir. Avtobioqrafik bədii nəsrdə oxucular
yalnız iki fərqli ölkənin mədəniyyətini
deyil, həm də tələbənin daxili dünyasında
baş verən kontrast dəyişiklikləri hiss edirlər.
Kitabdakı əhvalatlar ayrı-ayrı hekayələr
kimi təqdim olunsa da, bu, bütövlükdə əsərin
baş qəhrəmanının "romanı"dır.
Hekayələrdə fərqli süjetlər, situasiyalar yer
alıb, bəzilərində hətta üslub, dil, bədii həll
məsələləri də fərqlidir, amma mütaliə
zamanı hekayələrin gözəgörünməz roman
süjeti ilə bir-birinə
"bağlandığının" fərqinə
varırsan. Müxtəlif dramatik olaylarda, ekstremal situasiyalarda,
gərgin qarşılaşmalarda və adi məişət zəminində
də bir insanın psixologiyasının fərqli qatları,
şüuraltının rəngli təzahürləri oxucuya
açılır.
"Etibarsız" hekayəsi xüsusilə diqqətimi
çəkdi. Hekayənin əsas qayəsi dostluq, fərdi
maraqlar, etik dəyərlər və sosial qavrayışın
bir araya gəldiyi vəziyyətlərdə insan
psixologiyasının necə işlədiyini göstərməkdir.
İki dost arasında etibarın sarsılması mövzusunun
həm ironik, həm düşündürücü, həm də
psixoanalitik məqamları triller janrı kimi gərgin, dramatik
süjetlə işlənib. Kənar şəxslərin
girişinin qadağan edildiyi Tədqiqat İnstitutuna dostunun
manipulyativ təkidi ilə daxil olmaq məcburiyyətində
qalan tələbənin gözlənilməzliklər qarşısında
sadəlövh məsumluqla, qeyri-iradi dilə gətirdiyi
cümlə sonralar ona yönəldilən etibarsızlıq
ittihamı kimi düşündürür. Əcəba,
hansımız həyatın ekstremal, gözlənilməz
"sürprizləri" qarşısında verdiyimiz qərarları
əvvəlcədən təxmin edə bilərik?!
Mətnin dili sadə, canlı və təsirlidir.
Burada müəllifin danışıq dili ilə yazı dili
arasında müəyyən bir harmoniya qurduğu
görünür. Bəzi təsvirlər, xüsusən də
Moskvadakı gəzintilər, institutun təsviri və futbol
matçına hazırlıq prosesi, yəqin, oxucunu hadisələrin
içinə çəkməyə hesablanıb.
"Etibarsız" hekayəsi oxucuya etik dilemma təqdim edir:
dostluq nə dərəcədə qurban istəyir? Qəhrəmanın
davranışı riyakar, yoxsa reallığa uyğun,
sonrası fikirləşmədən atılan bir addım idi?
Müşfiq haqlıdır, yoxsa dostu (müəllif)? Cavablar
subyektivdir və oxucunun dünyagörüşündən
asılıdır. Nəticə olaraq, "Etibarsız"
sadəcə bir dostluq hekayəsi deyil. Bu, insan
psixologiyasının, etibarlılıq
anlayışının və maraq toqquşmalarının əks
olunduğu ədəbi və psixoloji mətndir.
"Lift nitqi" hekayəsi isə simvolikası, məcazları
ilə də yadda qalır. Həyatda yüksəlmək
üçün qısa, lakonik və effektiv təqdimat vermək
bacarığını simvolizə edir. Lakin müəllifin
"lift nitqi" heç cür reallaşmır. Bunun əvəzində
o, bambaşqa, gözlənilməz üsulla Devidin diqqətini
çəkir - qol güləşi ilə. Əslində
peşəkar aləmdə mövcud olan gizli güc mübarizəsinin
rəmzidir bu. Devid Vilson və müəllifin mübarizəsi
sadəcə bir idman yarışı deyil, həm də
simvolik bir status qarşıdurmasıdır. Devid Vilsonun məğlubiyyəti
onun üçün ağırdır, çünki o,
liderdir və daima qalib olmağa öyrəşib. İdarəetmədə
olan insanlar üçün simvolik məğlubiyyətlər
belə, onların reputasiyasına təsir edə bilər.
Müəllif isə qələbəyə tərəddüdlə
yanaşır. O, iş dünyasında etik dəyərlərlə
və şəxsi maraqları arasında qalıb. Bu, iş
mühitində insanların psixoloji yükünün və
ikili düşüncə tərzinin ifadəsidir, həmçinin
həyatda uğurun bəzən
planlaşdırılmadığını və təsadüflərin
nailiyyətlərimizdə rol oynadığını göstərir.
Hekayədə üslub səlis, təsvirlər güclü,
məzmun çoxqatlıdır. Sonuncu sual isə
açıq qalır: Devid Vilson doğrudan da ona dəstək
olmuşdumu, yoxsa onu sadəcə aradan
çıxarmışdı? Qərar oxucunundur...
"Nakam sevgi", "Mələk və
İblis" hekayələrində isə qadın-kişi
münasibətlərinin maraqlı tərəfi işlənib:
insanları gözəllik bir araya gətirir, fərqli
dünyagörüşü, ayrı xarakter cizgiləri
ayırır... "Sevginin düsturu varmı?" ritorik
sualını bəzən təzadlı - "yadlar
arasında özümüzünkü,
özümüzünkülər arasında yad..."
düşüncəsi simvolik mənada cavablaya bilir...
Səməd Səfərli baş qəhrəmanın
vətənpərvərliyi ("Qarabağ" futbol
komandasına azarkeşliyi, kanadalıya bişirdiyi yarpaq
dolması, hər fürsətdə Azərbaycan təəssübkeşliyi,
polis şöbəsində həmvətəninə
bacardığı dəstəyi göstərmək cəhdləri),
yardımsevərliyi, səmimiliyi, pozitivliyi ilə
yanaşı, bəzən də bədbinliyi, ümidsizliyi,
naqolay vəziyyətlərdə
çaşqınlığı, peşmanlığı,
seçimləri, imtinaları ilə bütünlükdə
İnsan portreti yaradıb. Süni tərzdə qəhrəmanlaşdırmadan,
göylərə qaldırmadan, amma yerin dibinə də
gömmədən, fərqli həyati situasiyalarda xarakter və
davranış palitrası ilə sözlə İnsan
"çəkib".
Müəllifin təbirincə desək, "min bir zəhmətə
qatlaşması" nəticəsində başa gələn
yığcam və maraqlı kitabı oxuyub bitirəndə
gözlənilməz macəralardan keçən həmin tələbəsayağı,
başlanğıcda olduğu kimi, yenə qeyri-ixtiyari təkrarladım:
"Başa gələr nələr, nələr..." Amma
müəllifin ümumən kitabın ruhuna hopan pozitiv əhvalı
ilə həm də düşündüm ki: "Başa gələn
çəkilər..."
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.18.