Təsviri sənət
üçün ilham qaynağı: Üzeyir Hacıbəyli
obrazı
Milli musiqi mədəniyyətimizin tərəqqi
tarixində misilsiz xidmətləri olan böyük bəstəkar
Üzeyir bəy Hacıbəyli və onun zəngin bədii
irsi rəssam, heykəltaraş və digər yaradıcı
ziyalılarımızı ilhamlandıran ən başlıca
mövzular sırasındadır. Bir çox sənətkar
dahi Üzeyir bəyə və onun əsərlərinə
ithafən dəyərli sənət nümunələri ortaya
çıxarmaqla sonsuz məharət göstəriblər.
Rəssam Mikayıl Abdullayevin portret
yaradıcılığı Üzeyir Hacıbəyli
mövzusunda da olduqca məhsuldar alınıb. O, bəstəkara
bir neçə portret həsr etmiş, Üzeyir bəy
dühasının böyüklüyü haqqında ən dəqiq
konturları da, zənnimcə, məhz o verə bilmişdi.
Portretlərin müvəffəqiyyəti isə rəssamın
canlı natura müşahidəsi ilə izah olunur. 1943-cü
ildə yaradılmış, sadəliyi, səmimiliyi, mənəvi
zənginliyi ilə tamaşaçının qəlbinə
yol tapan Üzeyir Hacıbəyli portreti rəssam M.Abdullayevin
mühüm nailiyyəti idi. Portretin ərsəyə gəlməsi
ilə bağlı rəssam "Yazılarım" adlı
xatirəsində bildirir: "Yadımdadır, 1943-cü ildə
C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin
açılışına hazırlıq
görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız
Üzeyir Hacıbəylinin portreti olmalı idi. Bu şərəfli
iş bu sətirlərin müəllifinə
tapşırıldı. Mən portreti naturadan çəkmək
niyyətində idim. Üzeyir bəyin bu işə
razılıq verməsi xəbəri mənə çatanda
sevinc qarışıq həyəcan keçirməyə
başladım. Konservatoriyanın direktoru Üzeyir bəyin
kabinetində, pəncərə qabağında iş yerimi
rahatlayaraq molbertin ayaqlarını açıb qurdum və rəngləri
sahmanladım. Lövhə üçün
hazırladığım çərçivəli kətanı
üçayaqlı molbertə bənd etdim. Divardan asılan qədimi
saatın zəngi on dəfə çaldı. Üzeyir bəy
kabinetə daxil olanda mən cəld ayağa qalxdım və
biz ehtiramla salamlaşdıq. Sonra o, kresloya əyləşdi və
əllərini kreslonun qolları üstünə qoyub
soruşdu: "Necə oturmalıyam?" Mən tez cavab
verdim: "Elə bu cür, oturduğunuz kimi sərbəst".
Kompozisiyanın mərkəzində görkəmli bəstəkarın
məğrur surəti yüksəlir. Rəssamın qəhrəmanı
yaratmaq eşqi ilə yaşayan bir sənətkardır. Gərgin
zehni əməyin və yaradıcılıq prosesinin nəticəsində
yaranmış bu portretdə dahi şəxsiyyətə
böyük hörmət və məhəbbət
açıq-aydın hiss olunur. Rəssam bu əsərində
canlı naturanın real xassələrini təcəssüm
etdirməklə və boyaların ahəngi vasitəsi ilə
bədii formanın orijinallığına nail ola bilib.
M.Abdullayev həcm etibarilə çox da böyük
olmayan bu tablonu üç-dörd günə bitirmiş və
muzeyin tələsməsinə baxmayaraq, portreti çox bəyənən
bəstəkara bağışlamışdı. Lakin rəssam
tezliklə muzey üçün ikinci, daha böyük portret
üzərində işləməyə başladı.
Üzeyir bəy rəssama növbəti dəfə də
böyük məmnuniyyətlə poza vermişdi. İkinci
portretdə dahi bəstəkar kabinetindəki iş
masasının arxasında əyləşib, əllərinin
barmaqlarını bir-birinə keçirib.
Sənətkar, bəlkə də, yeni bəstələdiyi
əsərindən indicə ayrılıb. Tünd koloritli bu
portretdə bəstəkarın üzü və əlləri
işıqlandırılıb, onun təmkinli siması,
düşüncəli nəzərləri həssaslıqla
canlandırılıb. Bu cəhətlərə istinad edən
rəssam dahi bəstəkarın portretini romantik səpkidə
yaradıb, onun şəxsiyyətinə xas əzəməti,
musiqiylə yoğrulmuş ruhunu ifadə etməyə müvəffəq
olub.
M.Abdullayev 1944-cü ildə növbəti portreti işləməyə
başlayıb. Bu portret üçün Üzeyir bəy
özünün ən çox xoşuna gələn fotoşəkillərindən
birini rəssama bağışlamışdı. Rəssam bu
fotoşəkilin köməyi ilə portreti uğurla
tamamlayıb.
Böyük rəssam Tahir Salahov da portret janrında
ardı-arası kəsilmədən axtarışlar
aparıb, cismani və mənəvi gözəlliyi ahəngdar
şəkildə birləşdirən surətləri nəqş
etməyə çalışıb. "Portretlərimin
hamısı mənim üçün əzizdir.
Çünki onlar mənim doğmalarımın, sevdiyim
insanların, əsl sənətkarların portretləridir. Mən
o əsərləri sahiblərinə görə çox sevirəm,
zəhmətimə görə yox" - deyən rəssamın
özünəməxsus "sərt üslub" unda
yaratdığı daha bir parlaq obraz Üzeyir Hacıbəylidir.
Lakin sənətkar bu portretində öz üslubunu sadəcə
təqlid etməmiş, onu novatorcasına zənginləşdirməyə
çalışmış və buna müvəffəq
olmuşdu. Kəskin profildən təsvir edilmiş görkəmli
bəstəkar nəzərlərini qarşısındakı
not vərəqlərinə dikib.
O, sanki bütün diqqətini cəmləyərək
yenicə bəstələdiyi musiqi əsəri haqqında
düşünür. Rəssam bu dəfə də təsvir
etdiyi şəxsin xarici bənzəyişini verməklə
kifayətlənməyib, obrazın daxili aləmini aşkara
çıxarmağa xüsusi səy göstərib. T.Salahov,
hər zaman olduğu kimi, bu portretində də təsvir etdiyi
obrazın fəaliyyətinə işarə edən önəmli
motivlərə xüsusi əhəmiyyət verib. Misal
üçün, fona royal əlavə etməklə əsərin
məzmununu daha dərin və mənalı göstərməyi
bacarıb. Sərbəst rəng yaxıları vasitəsi ilə
təsvirin həcmli alınmasına nail olub. Sərt cizgilər,
tünd rənglər yenə də T.Salahovun rəsm əsərinin
əsas bədii ifadə vasitəsidir. Seçilmiş
mövzu, bəstəkarın o andakı vəziyyəti və
rənglərin dolğunluğu rəssamın bu əsərində
bir-birini uğurla tamamlayır.
Ü.Hacıbəylinin təsviri sənət sahəsində
portretləri ilə yanaşı, monumental heykəlləri,
büst heykəlləri, dekorativ səciyyəli portret
qabartmaları da işlənib. Bu baxımdan, bəstəkarın
Azərbaycan heykəltaraşlığının
aparıcı inkişaf tendensiyasını müəyyən
edən təsvirləri içərisində sənətkar
Tokay Məmmədov tərəfindən hazırlanan heykəl
və büst heykəlləri xüsusi əhəmiyyət yer
tutur. T.Məmmədovun
ailəsində Ü.Hacıbəylinin adı həmişə
dərin ehtiramla anılıb. Heykəltaraşın anası
Zivər xanım gənc yaşlarında skripka çalıb
və Ü.Hacıbəylinin dirijorluq etdiyi türk musiqi
qrupuna ilk skripkaçı kimi qəbul olunub. Eyni zamanda ilk
peşəkar qadın heykəltəraşımız olan Zivər
xanım Üzeyir bəyi, ona poza verməsi üçün
razı sala bilmiş, bununla da dahi bəstəkarın belə
bir imkan yaratdığı yeganə heykəltəraş
olmuşdu.
Ü.Hacıbəylinin Bakı Musiqi
Akademiyasının qarşısında, kresloda əyləşən
klassik abidəsi bir çoxumuza doğmadır. T.Məmmədovun
quraşdırılmış ilk monumental abidəsi məhz bu
heykəldir. Abidədə dahi bəstəkar
yaradıcılıq məqamında təsvir edilib. Sənətkarın
məğrur oturuşu ilk baxışdaca nəzərimizi cəlb
edir. Onun bir ayağını digərinə nisbətən
önə atması, əlini çənəsinə söykəməsi,
obrazın ifadəliliyini gücləndirən geyiminin
düzgün seçilməsi, eyni zamanda abidənin dəqiq
proporsiyası kimi detallar fiqura daha da möhtəşəmlik,
obraza qətiyyət qazandırıb. Bəstəkarın əlindəki
not vərəqləri isə onun öz işinə olan məhəbbətinin
simvolu kimi qəbul olunur.
Dahi bəstəkarın bu heykəlini izlədikdə
belə qənaətə gəlirik ki, iri ölçü
monumental əsərin təsir gücünü müəyyən
edən yeganə meyar deyil. Əslində monumentallıq
yalnız əsərin fiziki parametrləri ilə yox, ifadə
olunan obrazın mənəvi aləmi ilə
ölçülür.
Azərbaycan milli heykəltaraşlıq məktəbinin
görkəmli nümayəndəsi Ömər Eldarovun orijinal
və təkrarsız fərdi üslub xüsusiyyəti ona
Üzeyir bəyin qəbirüstü abidəsini
hazırlamağa imkan verib. 1954-cü ildə ucaldılan
memorial abidə Azərbaycanda tuncdan tökülən ilk heykəl
idi. Ü.Hacıbəylinin olduqca plastik, kompozisiya
baxımından mükəmməl, klassik ənənələrə
uyğun hazırlanmış bu abidəsində şeiriyyətlə
musiqinin birgə ahəngi nəzərə çarpır. Abidə
möhkəm, tamamlanmış, dəqiq
ölçülüb-biçilmiş komponovkası, eyni
zamanda təsirli psixoloji ifadəliliyi ilə seçilir. Bəstəkarın
bu abidəsi, onun sənətinin mənəvi keyfiyyətlərinin
inikası ilə işıqlanıb.
Bu gün dahi bəstəkarın ev-muzeyini rəsm qalereyası adlandırsaq,
yanılmarıq. Görkəmli bəstəkarın muzeydə
sərgilənən portretlər qalereyasının müəllifi
isə rəssam Ənvər Əliyevdir. O, "Üzeyir
Hacıbəyli və Hüseyn Cavid", "Üzeyir
Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə",
"Üzeyir Hacıbəyli və Şarl de Qoll",
"Üzeyir Hacıbəyli və Məleykə xanım
Peterburqda", "Üzeyir Hacıbəyli Kocori
yaylağında", "Rostropoviçlər ailəsi
Hacıbəylilər ailəsinin qonağıdır" kimi
tarixi əhəmiyyətli tablolarında Üzeyir bəy
dühasının möhtəşəmliyini aydın əks
etdirib.
Beləliklə, Ü.Hacıbəyli obrazının təsvir
olunduğu bir silsilə əsərə nəzər
salmış olduq. Bu əsərlərin
üstünlüyü yalnız bədii cəhətdən
maraqlı, orijinal həldən deyil, həmçinin dahi bəstəkarın
yüksək mənəvi dəyərlərə malik
olmasından qaynaqlanır. İsmayıl Axundov, Hüseyn
Əliyev, Tağı Tağıyev, Nəcəfqulu
İsmayılov, Vəcihə Səmədova, Elmira
Şahtaxtinskaya, Fuad Əbdürrəhmanov, İbrahim Zeynalov və
bir çox başqa sənətkarlarımız həm
monumental heykəltaraşlıqda, həm də dəzgah
işlərində bu obraza böyük ehtiram hissi ilə
müraciət etmiş, ona əbədilik
qazandırmışlar. Bu gün əminliklə deyə bilərik
ki, istər Ü.Hacıbəylinin bədii-psixoloji tutuma malik
heykəl və portretləri, istərsə də bəstəkarın
əsərlərindən ilhamlanaraq yaradılan, janr və
növ müxtəlifliyi ilə seçilən lövhələr
Azərbaycan təsviri sənətinə qiymətli töhfələrdir.
Şəmsiyyə ZALOVA
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.23.