Təbiət
insanı yaşadır və bəzən sınağa çəkir
(Əvvəli ötən şənbə
sayımızda)
Vassallara verilən torpaq və digər növ
mükafatların əvəzində onların hərbi xidmətləri,
onun ünvanını nəzərə alaraq, feodal malikanəsi
və ya len adlanırdı. Lord - vassal münasibəti azad
adamla asılı adamın ittifaqı idi. Həmin vaxtdan frank
kralları öz təbəələrinə himayə
göstərə bilmirdilər. Lord diktatora çevrilməklə,
torpaq sahibliyi bilavasitə hökumət hüquqlarına yiyələndi
və bu, geniş yayıldı. Kralların nüfuzu olduqca
aşağı düşdü, onları
saymırdılar. Bir dəfə
hansısa knyaz, Fransa kralına təzim etdikdə, badalaq vurub,
istehza naminə onu qəsdən yıxmışdı.
Torpağa sahib olan malikanələrdə işləyənlər
kəndli sinfi idi. Lordlar kəndliləri himayə edirdilər,
onları hətta azadlıqdan məhrum etmək kimi cəzalandıra
da bilirdilər. Kəndlilər lordlara xidmət göstərməklə,
onlara bağlı olurdular.
Yeni Avropa sivilizasiyası IX və X əsrlərdə
meydana gəldi. Texnoloji dəyişikliklər də kənd təsərrüfatının
genişlənməsini sürətləndirdi. Onların
çoxu dəmirdən istifadədən asılı idi, dəmir
filizi isə mədənlərdə
çıxarılırdı və tapılmadığı ərazilərə
satılırdı. Aralıq dənizi zonasındakı kotan və
yüngül kotan ağacdan hazırlandığından tez
qırılırdı. Onlardan ancaq yüngül torpaqlarda
istifadə olunurdu. Ağır kotan isə dəmirdən
hazırlanırdı, adi eşşək və ya at tərəfindən
dartılırdı. Ağır torpaqlarda isə kotana
öküz qoşulurdu.
Kəndlinin həyatı çətinliklərlə
dolu idi. O, ilin mövsümündən asılı olaraq
müvafiq işləri görürdü. Hər mövsüm
dövrə lazım olan tapşırıqlara malik idi. Bəzi
mövsümlər daha ağır işləməyi tələb
edirdi. Kəndlilərin pəhrizi çörəkdən, bəzi
hallarda bişirilən yarma sıyığından ibarət
idi. Məhsul onun ərzaqla təminatında xüsusi əhəmiyyət
daşıyırdı, bu vaxt qış üçün ehtiyat
torlamaq da lazım gəlirdi.
Erkən Orta əsrlərdə (754-1000-ci illər)
Avropa sivilizasiyasında antik dövrdən fərqli olan hadisələri
meydana gətirdi. Bu erada fiziki mühitin başlıca
xüsusiyyətləri özünü büruzə verdi.
Fransadakı Karoliqlərin hakimiyyəti ilə yanaşı,
Avropada siyasi, intellektual və gündəlik həyatda gedən
dəyişikliklər həm də Qall, Roman, German və
Xristian praktikasından xəbər verirdi. Feodal torpaq sahibliyi
hüququ ilə birlikdə lordlar və vassallar dünyası
aparıcı mövqeyə yiyələnmişdi.
Bizans sivilizasiyası öz inkişafının zenitinə
çatdı. Hələ VI əsrdə onun imperatoru olmuş
Yustinian Konstantinopolun abadlaşıdırılması
üçün çox işlər görmüşdü.
O bilirdi ki, ondan iki əsr əvvəl bu yeni paytaxtı
tikdirmiş və öz adı ilə adlandırmış
imperator Konstantin bütün ümidlərini bu şəhərə
bağlamışdı. Yustinianın təşəbbüsü
ilə Aya Sofiya kimi min illər ərzində insanları heyran
etməyini kəsməyən və mükəmməlliyi ilə
seçilən bir məbəd tikilmişdi. Lakin 541-ci ildə
başlanan yeni xəstəlik - vəba epidemiyası apokalipsis
təsiri bağışlayırdı. Şəhərdə
xəstələnənlərin 80 faizi ölmüşdü.
Yustiniandan təkcə özünə bərabər
tanımayan məbəd deyil, həm də böyük
hüquqi dəyərə malik olan və onun adını
daşıyan Kodeks irsi qaldı və Napoleonun Mülki Kodeksi
də xeyli dərəcədə ona əsaslanırdı.
Yustinian Kodeksi də hansısa boşluq şəraitində
meydana gəlməmişdi, əsas müddəalarını Qədim
Romanın XII Cədvəl qanunlarından əxz etmişdi.
Köhnə Babistan çarı Hammurabi tarixdə ilk hüquqi kodeks yaratmaqla məşhurlaşdığı
kimi, bu qiymətli sənəd Hammurabi Kodeksi kimi
tanınır, Yustinian da öz adını daşıyan
hüquqi məcəllə ilə böyük şəxsiyyət
şöhrəti qazanmışdır. Sonrakı əsrlərdə
Bizans imperiyasının inkişafı daha sürətlə
getdi.
Mərkəzi və
Şərqi Avropada Şərqdən gələn slavyan
xalqları məskunlaşdılar. Bu dövrün ən
mühüm hadisələrindən biri VII əsrdə
İslam dininin meydana gəlməsi və İslamın sürətli
ekspansiyası idi. Məhəmməd peyğəmbərin əsasını
qoyduğu Xilafət işğallar hesabına getdikcə
böyüdü, İslam dini Asiyada və Afrikada geniş
yayılmaqla, İspaniyanın timsalında Avropaya da ayaq
açdı. Katolik dünyasından fərqli və daha
uğurlu inkişaf edən İslam sivilizasiyası meydana gəldi.
Ədəbiyyatda isə sonralar, daha dəqiq deyilsə,
XII əsrdə fiziki hissiyyata həsr olunmuş Trubadur
poeziyası yeni bədii cərəyan təsiri
bağışladı. Qərb ölkələrində qəhrəmanlıq
eposları yarandı, onları şanson de jest adlanan
müğənnilər ifa edirdilər.
Arxitekturada da roman üslubu öz təsirini gücləndirdi
və kafedral kilsələrin tikintisində qotik üslub
üstün mövqeyə çıxdı. Bu, daha çox
Yüksək Orta əsrlərin ən böyük zəfərlərindən
biri idi.
Erkən Orta əsrlərin isə ən maraqlı
hadisələrindən biri İspaniyanın xeyli ərazisini
işğal etmiş ərəblərin yaratdığı
Əl- Əndəlus sivilizasiyası idi, çünki müsəlman
İspanyası qonşuluqdakı xristian dövlətlərindən
öz inkişafına görə çox fərqlənirdi.
Yeni ərəb xilafətinin paytaxtı olan Kordoba şəhəri
elmi və mədəni inkişafına görə
özünə bərabər olanı tanımırdı.
Ərəblər bu əraziyə şəhərsalma təcrübəsi
bəxş etmiş, suvarma texnologiyasını təkmilləşdirməklə
Andalusiyanı bağlar diyarına çevirmişdilər.
Qranadadakı Al- Qambra sarayı fəvvarələrinə, heykəllərinə
və yaşıllığına görə canlı əfsanə
təsiri bağışlayırdı.
XIII əsrdə Asiyada baş verən böyük dəyişikliklər
Avropaya da öz təsirini göstərdi. 1206-cı ildə
Monqolustandakı xalqları birləşdirib, onun liderinə
çevrilən və Çingiz xan adını qəbul edən
sərkərdənin başçılıq etdiyi ordu nəhəng əraziləri
işğal etdi. Bütün Rusiyanı tutduqdan sonra,
polyakları məğlub etdi və Macarıstan
krallığının məhvinə səbəb oldu. Sonra
monqol ordusu Serbiya və Xorvatiyaya hücum etdi.
Çingiz xanın ordusu Avropanın şərqindəki
bütün ordulardan güclü idi. Monqol əsgərləri
günlərlə at belində qalır, yəhərin
üstündə də yata bilirdilər. Böyük
yazıçı Stefan Sveyq özünün "Ürəyin
dözümsüzlüyü" əsərində qeyd edir
ki, Avstriya ordusunun zabitləri də at belində yatmağa
öyrəndiklərindən, bu vaxt yıxılmırdılar
da.
Çingiz xan ordusu təkcə monqollardan deyil, həm
də işğal edilmiş ərazilərin xalqlarının
döyüşçülərindən ibarət idi. Ordu
bütün döyüşlərdə qalib gəlməklə,
Avropada qorxu xofu yaratmışdı. Onlar vuruşda hərbi
yenilikləri tətbiq edirdilər, Macarıstanda barıt
qatışığı olan yanan şarlardan istifadə
etmişdilər.
Çingiz xan qısa müddətdə dünyada ən
böyük imperiya yaratmışdı, onun ərazisi
dünyanın quru sahəsinin dörddə birini əhatə
edirdi. Çingiz xan anadan olanda isə monqol tayfası Onon
çayı ətrafındakı kiçik ərazidə
yaşayırdı. Çingiz xan öz ordusunu heç də
dini və milli mənsubluğa görə deyil,
ideyasının gücü ilə idarə edirdi. O,
işğal etdiyi xalqları tolerant münasibət göstərsə
də, bəzən qəddarlığa da yol verirdi. Buna Xorezm
şəhərini tutanda, orada qırğın törətməsi
misal ola bilər Onun tətbiq etdiyi qaydaya görə,
düşmən öldürülməli, müdafiəsiz
olanlara isə himayə göstərilməli idi.
Çingiz xanın ordusu sayca yuvarlaq saydakı bölmələrə
bölünməklə idarə olunurdu. Orduda Çin mütəxəssisləri
xidmət edirdi, Həm də Çinin inkişaf etmiş
texnologiyasından istifadə olunurdu. Onlar ərəb kəşflərinin
tətbiqinə də biganə qalmırdılar.
Çingiz xanın böyük nailiyyəti monqol
çöllərini birləşdirməyi bacarması idi,
burada yaşayan bütün tayfalar bir xalq kimi birləşdi,
milli mənsubluq deyil, köçəri olmaları, onları
bu möhkəm birliyin üzvlüyünə gətirmişdi.
Çingiz xanın 1227-ci ildə ölməsindən
sonra yeni xanın paytaxt Karakorumda seçilməsi
üçün ordu rəhbərləri ora
yığışmalı idi. Ona görə də qəflətən
monqol ordusu Avropadan qeyb oldu. Avropada belə bir şayiə
yayılmışdı ki, monqollar vuruşmaq
üçün əjdahanı öyrədirlər. Ona
görə də Fransa kralı, Xan sarayına adam göndərdi.
Sarayda monqollarla yanaşı, xristianlar, müsəlmanlar və
buddistlər var idi. Paytaxtda müsəlman məscidi fəaliyyət
göstərirdi.
Bundan bir əsr sonra, XIV əsrin
başlanğıcında türklər Kiçik Asiyada
xırda bir Osmanlı dövlətini yaratdılar. Qonşu əraziləri
işğal etməklə Osmanlı imperiyası meydana gəldi.
Sultan Mehmet Fateh 1453-cü ildə Konstantinopolu işğal etməklə,
Bizans imperiyasının mövcudluğuna son qoydu. Bu,
Çingiz xandan sonra Avropada yeni qorxu xofu yaratdı. XVII əsrin
sonunda türklər Vyananın qapısı
qarşısında dayandırıldılar. Bundan bir əsr əvvəl
isə ispanlar başqalarının da köməyi ilə
türk donanmasını Lepantoda məğlub etmişdi. XVII əsrdən
Osmanlı imperiyası tənəzzülə uğradı,
1918-ci ildə isə dağılmaqla, Bizans imperiyasının
taleyini təkrar etdi.
Sonralar krallıqların yüksəlməsi və
kilsə qüdrətinin böyüməsi baş verdi. Həyata
keçən dəyişikliklər dövlətin vəziyyətinə
də təsir göstərdi. Bu proses XI-XIV əsrlərdə
getdi. İngiltərəni və Fransanı idarə edənlər
Yuksək Orta əsrlər ərzində feodal torpaq sahibliyinin
dəstək verdiyi mərkəzləşmənin ləğvinə
yönəlmiş meyli gücləndirməyə müvəffəq
oldular. İspaniyada, Müqəddəs Roma imperiyasında da
böyük siyasi və dini inkişaf getdi. Bu proses Şimali və
Şərqi Avropaya da öz təsirini göstərdi və
onlarda da həyat islahata uğradı. Bu dövrdə həm də
Xristian kilsəsinin çağırışı ilə XI əsrdə
başlayan Səlib yürüşləri həyata
keçirildi.
Sonrakı 300 il ərzində (1000-1300-cü illər)
krallıqların yüksəlməsi və kilsə qüdrətinin
böyüməsi baş verdi. XII əsrdə isə Fransa
kralı hələ lazımi nüfuza malik
olmadığından, əslində öz xalqı ilə
Allah arasında olan keşişi xatırladırdı,
çünki onun idarəetmə səlahiyyəti olduqca məhdud
idi. Normandiya formal olaraq Fransa ərazisi olduğu halda, xeyli
müddət İngiltərə tərəfindən idarə
olunmuşdu. Dəniz qulduru Ronald tərəfindən
işğal edilən Normandiya sonralar Fransa üçün
böyük təhlükəyə çevrilmişdi.
1066-cı ildən İngiltərə kral taxt-tacına yiyələnmiş
Uilyam Fateh və onun varisləri bu böyük regionu idarə
edirdi. Axı Uilyam min gəmi ilə İngiltərənin cənubunda
sahilə çıxmış və Qastinqs
döyüşündə kral Hovardın ordusunu məğlub
edib, iki ay sonra, dekabrda İngiltərə kralı kimi
taclanmışdı. Güman edilirdi ki, İngiltərə lənətə
gəlmişdir. Lənətə gələn isə
normanların təhlükəsinə məhəl qoymayan kral
Hovard idi. İngiltərə isə
ilk dəfə mərkəzləşmiş dövlətə
çevrilmişdi. 1189-cu ildə hakimiyyətdəki sülalənin
yeni üzvü Şir Ürəkli Riçard Normandiyada Şato Qoyardı tikdirmişdi.
Fransa kralı Filip Avqust əvvəlcə ingilislərin bu
istehkamını tutmuş, sonra isə bütün Normandiyanı
azad etmişdi. O, həm də ölkəsinin ərazisini xeyli
genişləndirmişdi.
İspaniyada, Müqəddəs Roma imperiyasında,
Şimali və Şərqi Avropada bu dövr ərzində
başlıca siyasi və dini dəyişikliklər baş
verdi. Katolik dini canlandı və islahatlara uğradı. Xristianlıq
və Orta əsrlər sivilizasiyası bu eranı xarakterizə
edən mühüm cəhətlər idi. Avropa bu dövrdə
işğal məqsədi güdən müharibələrə
- Şərqə doğru, əsasən, müsəlmanlara
qarşı yürüşə başladı. Bu, tarixdə
Səlib yürüşləri kimi tanınır.
Sonrakı Orta əsrlərdə - XIV əsrdə
böhranlar və dövlətlərin parçalanması
baş verdi. Bu dövr həm də narahatlıqlarla yadda
qaldı, Qara ölüm adlanan vəba pandemiyası və
sosial böhran Avropanı başına götürdü.
Əsrin ortalarında epidemiyadan qitə əhalisinin
üçdə biri məhv oldu. Avropa dövlətlərində
müharibə və qeyri-stabillik həyatın normal
gedişini pozurdu.
Kilsə də öz təsirini göstərməkdə
tənəzzülə uğradı. Papalığın
nüfuzu XIV əsrdə xeyli aşağı
düşmüşdü. Rəssamlıqda və ədəbiyyatda
isə başlıca inkişaf
xarakterli yeniliklər baş verdi. Həm də cəmiyyətlər
şəhər həyatında və təbabət təcrübəsində
problemlərlə üzləşdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.22.