Kanadada “Firəngiz Əlizadə günləri”
Kanadanın Monreal şəhərində
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü Firəngiz Əlizadənin
yaradıcılığına həsr olunmuş “Firəngiz
Əlizadə günləri” keçirilib.
AZƏRTAC xəbər verir ki, “Molınarı”
kvartetinin təşəbbüsü ilə keçirilən tədbir
çərçivəsində Monreal Konservatoriyasının
tələbələri ilə ustad dərsləri, mətbuat
konfransı, yekunda isə Firəngiz Əlizadənin kvartetlərinin
tam toplusundan ibarət konsert olub.
Tədbirdən əvvəl çıxış edən
fransız jurnalist Jan Portuqeis bəstəkar-novator Firəngiz
Əlizadənin müasir musiqi mədəniyyətində
simvolların “Orient-Okzident”in qarşılıqlı təsirindən,
həmçinin müasir musiqi aləmində peşəkar bəstəkar
kimi özünü təsdiqləyən, bir çox maneələri
dəf etməyə müvəffəq olmuş Şərq
qadın bəstəkarının böyük rolundan
danışıb.
Konsert Firəngiz Əlizadənin məşhur “Rəqs”
əsəri ilə başlayıb. Bu parlaq kompozisiya dünyada
məşhurluq qazanıb. Bəstəkarın Amerika kvarteti -
"Kronos" üçün "50 for Future" layihəsi
çərçivəsində yazdığı bu əsər
dünyanın bir çox kvartetlərinin və kamera orkestrlərinin
repertuarına daxil olub.
Sonda bəstəkarın müasir kvartet musiqisinin ən
çox ifa olunan əsərlərindən birinə
çevrilmiş məşhur "Muğamsayağı" səslənib.
Qeyd edək ki, konsertdə Firəngiz Əlizadənin
“Molınarı” kvartetinin sifarişi ilə yazdığı
yeni əsərinin "Farewell" (“Əlvida”) kvartetinin
dünya premyerası reallaşıb. Kvartetin birinci violin
ifaçısı Olga Ratzenhofer Firəngiz Əlizadə kimi
nadir bəstəkarın onların kvartet qrupu
üçün yeni əsər yazmasından qürur
duyduğunu diqqətə çatdırıb.
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.19.