ÜRƏKLƏRDƏN
TİKANLARIN ÇIXACAĞI GÜNLƏR
Bu nəğmələrdən hansılarısa onlarla
gəlmişdi, hansılarısa onlardan bir az əvvəl,
hansılarısa bir az sonra. Ancaq nədirsə, Güneydən
bu taya uçub gəlmiş nəğmələrin
hamısında, hətta ən şuxlarında belə, lap dərində
də olsa, narın bir kədər həmişə vardı.
Biri həkim idi, digəri mühəndis, biri müəllim
idi, başqası alim... yəni onların arasında hər
peşədən olan insanlar vardı. Əksəri də
öz sahəsində yaxşı mütəxəssis
sayılırdı. Hərçənd, təxminən
hamısı ilk gəncliklərində tamam ayrı işlərlə
məşğul olmuşdular və həyat başqa axarla
davam etsəydi, yəqin ki, sonradan qazandıqları
ixtisasları deyil, elə əvvəldən niyyət etdikləri
sahələri seçərdilər. Lakin hansı peşəyə
üz tutmalarından, hansı vəzifədə
çalışmalarından asılı olmayaraq onların
hamısı sonacan inqilabçı, siyasətçi, vətənsevər,
xalqayanan olaraq qaldılar.
Onlar Sovet Azərbaycanına başlarında azadlıq
havası gəlmişdilər.
Cənubi Azərbaycanda qurulan Milli Hökumət
1946-cı il boyu davam edərək onların hər biri
üçün ən gözəl şeir kimi
yaşanmışdı.
Sonra yol qəfilcə qanla-qadayla
qırılmışdısa da, mühacirət edərək
Sovet Azərbaycanına sığınmış bu
mübarizlər əqidə adamı olaraq qalırdılar.
Onların bir çoxu ilə ünsiyyətim vardı
və sanki mayası başqa cür yoğrulmuş bu
insanların artıq Pişəvəri zamanından onillər
ötəndən sonra da gündəlik söhbətlərində
birinci yerdə siyasi gündəm və bir də xeyli geridə
qalmış illərin dərinində qalmış, amma atəşi
soyumamış - fədai olduqları əyyamların xatirələri
dururdu.
Məmməd Salmanov həmin qafilədən idi. O
taydan bu taya lap cavan yaşında keçsə, elə tezliklə
musiqiyə bağlansa, 1958-ci ildə Moskvada Tələbə və
Gənclərin Ümumdünya Festivalında uğurla
çıxış etdikdən sonra vaxtına görə
böyük nailiyyət sayılan respublikanın Əməkdar
artisti fəxri adına layiq görülsə,
ömrünün sonunadək musiqi, sənət onun həyatının
başlıca mənasına çevrilsə də, Məmməd
Salmanov da firqəçi dostlarından sən deyən fəqrlənmirdi.
Keçmiş Qənnadı fabrikinin
yaxınlığında cənubi azərbaycanlı siyasi
mühacirlərin hər şəraiti olan böyük
binaları, geniş həyətləri vardı. Səliqə
ilə öz qəzetləri çıxırdı, mütəmadi
toplaşırdılar, müxtəlif tədbirlər
keçirirdilər, müzakirələr aparırdılar və
musiqisiz də ötməzdi. Orada Məmməd Salmanovu da,
Novruz Feyzullayevi də, onlara qoşulub milli sürudu, Cənub
nəğmələrini xorla oxuyan köhnə mühacirləri
də az eşitməmişəm, hətta bəzi məclislərini
lentə də almışam. Özləri gedib, səsləri
durur...
Vaxt keçdi, nəsillər dəyişdi, daha o
köhnələrdən 3-5 nəfər qala-qalmaya.
Qalanlar da çox ixtiyarlaşıblar, daha
keçmiş, tanış ünvana getməyə halları
da yoxdur. Heç köhnə ünvandakı tanış
binadan da bir şey qalmayıb. Keçmiş iri mülkün
balaca bir guşəsində o ata-anaların tudəçiliyə
sədaqətli övladları ara-sıra
yığışırlar.
O ötmüş çağlar ki o insanlarla tez-tez
görüşürdüm, bəziləri ilə Elmlər
Akademiyasının əvvəlcə
çalışdığım Fəlsəfə və
Hüquq, sonralarsa köçürüldüyüm Şərqşünaslıq
institutlarında həm də birgə işləyirdik.
1970-80-ci illər idi və Təbrizə, Ərdəbilə,
Zəncana, Urmiyəyə, Xoya, Səlmasa... aparan yollar
bağlı idi.
Həmin yolları Balaş Azəroğlu, Mədinə
Gülgün, Əli Tudə, Söhrab Tahir, Həkimə
Billuri, Əbülfəz Hüseyni... şeirlərində,
Rübabə Muradova, Məmməd Salmanov kimi müğənnilər
avazlarında, yerdə qalanlar da xəyallarında,
yuxularında hər gün qət edə bilirdilər.
Amma istisnasız olaraq hamısının ürəyində
həsrət sağalmayan yara kimi həmişə
zoqquldayırdı.
Çünki hər birinin o tayda kimi və kimlərisə
qalmışdı.
Dəyişən zamana, 1990-cı illərə gəlib
çatmayanlar elə həmin hicran acısını,
ayrılıq nisgilini özləri ilə apardılar.
Məmməd Salmanovun oğlu, atası kimi
musiqiçi olmuş Niyazi söyləyirdi ki, yolların hələ
bağlı olduğu vaxtlarda hərdən atam Tehrandakı nənəmlə,
bibimlə telefonla danışardı. Hər iki cümlələrindən
biri "səsinə qurban olum" idi.
...Nəhayət ki, vədə yetişdi, artıq Azərbaycan
müstəqilliyini bərpa edəndən sonra Məmməd
Salmanova da bitməz kimi görünən ayrılıqlardan
sonra İrana səfər etməyə yol açıldı.
Yenə oğlu Niyazi nağıl edirdi ki, bu səfərə
atamla ikimiz gedirdik. Astarada sərhədə gəlib
çatdıq, buraxılış məntəqəsində o
tayda bibim uşaqları ilə dayanmışdı, bu tayda
atamla mən. Bibimin yoldaşı hərbi həkim
olduğundan sərhədçilərlə
danışmışdı, onları başqa adamlara nisbətən
daha yaxına, digərlərindən bir qədər irəli
buraxmışdılar, aramızda 50-60 metr məsafə
ola-olmaya. Atam baxdı, kədərli-kədərli köks
ötürdü və dedi ki, bax e, 46 il bu boyda yolu keçə
bilməmişik...
1992-ci il idi, 1946-cı ildən başlayan həsrətin
46-cı ili tamam olurdu, bunca uzun vaxt ərzində ürəyin
dərinlərinə işləmiş həsrət
acısının köklərini daha heç bir vüsalla
ömürdən çıxarmaq mümkün deyildi.
...Orda, Zəncanda və Tehranda ötən
uşaqlıq, yeniyetməlik illərində Məmməd
xalça toxumağı öyrənmişdi.
Hər işində dəqiq, səliqəli,
zövqlü olduğundan bəlkə də ardınca getsəydi,
mahir xalçaçı kimi məşhurlaşardı.
Musiqiyə bağlandı, müğənni kimi
şöhrətləndi və doğmaları bunu da təsdiqləyir
ki, onillərlə məşğul olmasa da, xalça
toxumağı unutmamışdı, barmaqlarının ilmə
vurmaq ustalığı da elə əvvəlki gücündə
idi.
Oğlu Niyazi bunu da söyləyirdi ki, 1992-ci ildə
İranda olduğumuz günlərdə bir dəfə
xalçaçı dükanına girdik, atam xalçanın
elə incəliklərindən danışmağa,
satıcı ilə əriş-arğac, ilmələrin
sıxlığı barədə elə peşəkar
söhbət aparmağa başladı ki, kişi
çaşıb qaldı.
...Məmməd Salmanovu hamı əsasən mahnı
ifaçısı kimi tanıyırdı. Amma onun xoş
muğam oxuması da, məlahətli boğazları, lətif
xırdalıqları da vardı.
Xalçaçı olmadı. Amma elə ki muğam gəzişmələrini
başlayırdı, görürdün ki, əsl
xalçaçıdır ki, var! Bir təsnifin ortasında
sanki hana qururdu, çeşni düzürdü,
başlayırdı ilmə-ilmə, naxış-naxış
toxumağa...
...Hər nəğmənin içində tarixlər
uyuyur. Məhz cəm halda - tarixlər. Bir var - mahnının
özünün yaranma tarixçəsi, bir var -
mahnının içərisində cərəyan edən
tarixçə, bir də var - mahnının illər boyu gəzdikcə,
oxunduqca yaranan tarixçəsi...
Üst-üstə qalaqlanan hadisələr, olmuşlar
adicə bir nəğmənin insan həyatına bənzəyən
taleyini, sərgüzəştli ömrünü yaradır.
Saysız dəfələr tanış nəğmələri
dinləsək də, sanki onun təkinə enmirik, onların
öz ömründən xəbərsiz qalırıq və məhrəm
hesab etdiyimiz köhnə mahnıların çoxu bu səbəbdən
bizə ürəyini axıradək açmır, onların
dərinlərindəki neçə gizli qapı bizlərə
qıfıllı qalır.
Onillər boyu ruhumuzu həzin səslənisləriylə
həsrətlisi olduğumuz Təbrizə qovusduran sevdalı
"Qaragilə" Şimala, elə Məmməd Salmanovgilin
firqəçilər nəsli kimi, 1945-46-cı illərdə
gəldi.
Cənubi Azərbaycanda Milli Hökumətin qələbə
çalıb yaşadığı fərəhli aylarda
oralarda uzunmüddətli ezamiyyətdə olmuş
şimallı siyasi xadimlər, şair və
yazıçılar, mədəniyyət xadimləri, əsgərlər
günlərin birində bütün sabahlı ümidlərinə
"əlvida!" deyərək geri qayıtmağa məcbur
qalanda özləri ilə ömürlərinin sonunadək
unutmayacaqları Təbriz xatirələrini, bir də
zümzümə etməkdən doymadıqları nəğmələri
gətirdilər.
"Qaragilə" bu şərqilərdən ən
sevimlisiydi...
"Qaragilə"ni adi insanlardan tutmuş məshur
müğənnilərə qədər çoxları
oxuyub. Amma bu məhəbbət təranəsi - bir
qaragözlü qıza sevgidən ötən bu qocalmaz nəğmə
yalnız sevdanın yox, ən əvvəl Azərbaycanın
bölünməkliyinin, Təbriz hicrinin
acılığını içəridən duyanlara daha məhrəm
olub. "Qaragilə"ni butaylılar da ifa edib, ancaq
otaylıların oxusundakı "Qaragilə"si həmişə
daha təsirli, daha yapışıqlı alınıb.
Rübabə Muradova "Qaragilə"ni sadəcə
oxumurdu ki! "Qaragilə"yə qarışıb
yanırdı, yaxılırdı, əriyirdi.
Maestro Niyazi Cənubla, Təbrizlə ilk dəfə
uşaqkən görüşmüşdü.
Çoxlarından fərqli olaraq, sonralar da neçə kərə
İrana yenə səfər etmisdi.
Cənubun dərdləri - uzun gecələrdə
ikilikdə söhbətlərimizdən yaxşı
xatırlayıram ki - ona çox yaxın idi.
Və Maestro Cənubun rəmzlərindən
saydığı "Qaragilə"yə biganə qala bilməmisdi.
Onu 1968-ci ildə bəyənimli bir tərzdə simfonizə
etmisdi, Şövkət xanım da həmin isləməni
simfonik orkestrin müşayiəti ilə əla oxumuşdu -
lenti qalır, neçə dəfə təkrar-təkrar dinləyin,
yenə ilk dəfə eşidirmiş kimi
duyğulanacaqsınız.
Amma Cənubi Azərbaycan mövzusunu sovetin buralarda
örtülü etdiyi əyyamlarda efirdə, ekranda eşidilən
"Qaragilə" senzura cərrahiyyəsinə
uğradılmışdı. Onun Güneyliliyini sezilməzləşdirmək
üçün "Təbrizin yolların dolanbadolan"
misrası dəyişdirilərək "Şəhərin
küçələrin dolanbadolan" edilmişdi. Lakin tək
bu misra yox, başqa budamalar da varmış. Bəxtlərinə
siyasi mühacirlik yazılmış, ömrün böyük
parçasını Cənubdan aralı yaşamağa vadar
qalmış qocaman təbrizlilər yada salırlar ki,
onların gəncliklərində orda oxuduqları, dinlədikləri
"Qaragilə" indi oxunandan daha genişmiş. Ancaq mən
"Qaragilə"nin tapdığım bütöv mətnini
onlara göstərəndə təəccübləndilər
- bu mükəmməl mətnin çox hissələri
heç onlara da bəlli deyilmiş. Misralarında Cənubun,
Təbrizin neçə nişanəsi, izi olan bu "Qaragilə",
əlbəttə ki, Sovet Azərbaycanında
qayçılanmadan, Təbriz və Cənub əlamətlərindən
arıtlanmadan meydana buraxılmazdı.
Və buraxılmayıb da. İlk dəfə
rastlasdığım köhnə "Qaragilə"nin bu
yeni mətni düşüncəmdə büsbütün
yeni bir aləm açdı. Birinci dəfə "Heydərbabaya
salam"ı mütaliə edəndə heç vaxt görmədiyim
Cənubu qarış-qarış gəzdiyimi zənn etdiyim
kimi, yolunub lümələşdirilməmiş "Qaragilə"
də məni qanadına alıb Təbrizə apardı, odlu
bir eşqin ayrı yerdə yox, məhz Cənubda, Təbrizdə
yaşanmış tarixçəsini xəyalımda
canlandırdı. Lakin "Qaragilə" haqda
yazıçı Qılman İlkinin, rəhmətliklər
Cahangir Cahangirovun, Ənvər Məmmədxanlının indi
hafizəmdə sıraladığım söylədikləri
xəyalımda bir ayrı mənzərəni də dirildir.
Mürtəza Müsfiqi Kazıminin "Qorxulu
Teh-ran"ını, oradakı qırmızı fanarlı
"xəstə bir məhəllə"ni, kor olmuş qismətin
həmin xəstə məhəlləyə uğratdığı
özünü satan talesiz qadınları...
Düyünlü və qırıq sevdadan ötən
"Qaragilə"ni kəc bəxti Təbrizdəki fahişəxanalara
ürcah edibmiş. Məzmunu saf bir məhəbbətdən bəhs
etsə də, həmin mahnı orda yaranıb, orda ifa edildiyindən
cəncəlli reputasiyası "Qaragilə"yə camaat
içərisinə azadca çıxmağa imkan
vermirmiş.
"Məriz məhəllə"dən qıraqda
onu çalıb oxumağa utanar, ayıb sayarlarmış.
Mahnı Şimala gəlib radioda, konsertlərdə səsləndiyi
ilk dövrlərdə burdakı cənublular "Qaragilə"yə
göstərilən bu "hörmət"ə heyrətlənərmiş.
Bunu mənə köhnə cənubluların neçəsi
söyləmişdi.
Ancaq "Qaragilə" Şimalda "bəraət"ini
qazanandan sonra Təbrizə təzədən qayıdıb
dillərə, dodaqlara qonur və daha heç vaxt "bimar məhəllə"lərdəki
"qırmızı fanarlı evlər"in dustağı
olmur...
Kesməkesli taleli "Qaragilə"nin yeni cilvədə
daha bir qayıdışının qapısını
açan nəşr ili, təəssüf ki, göstərilməmiş,
amma ehtimalən qırxıncı illərin sonlarında Təbrizdə
"Çəmənara" nəşriyyatında ərəb
əlifbası ilə basılmış "Azərbaycan təsnifləri"
adlı kitabdır. Gərək bu kitab əslində
musiqiçi və musiqişünaslarımızın diqqətini
çoxdan çəkəydi. Pərviz Pərvizinin tərtib
etdiyi "Bakı və Qafqaz təsnifləri",
"Türk Təbriz təsnifləri" və "Türk
İstanbul təsnifləri" adlı üç bölməyə
ayrılmış, 95 səhifəlik kitabçaya bu gün
unudulmuş, oxunmayan onlarca nəğmə daxil edilib.
"Qaragilə"nin tam mətnini də ilk dəfə orda
gördüm və təqribən 30 il əvvəl
hamınınkı etməyə çalışdım -
radioda veriliş hazırladım, mətni bir qəzetdə dərc
etdirdim. Lakin indiyədək gözlədiyim addımlar
atılmayıb və bu əziz nəğmənin gerçək
mənada tamlığı ilə
hamınınkılaşmasından ötrü gərək
müğənnilərimiz həmin mətnə üz tuta.
Alma iki cür olar, mən meyxoşam, Qaragilə, mən
meyxoşam,
Mən üzdən xoş deyiləm, yarın
xoşuyam, Qaragilə, yarın xoşuyam.
Dağlar meşədir,
Qəlbim şüşədir,
Göz yola dikmək, Qaragilə,
Mənə peşədir.
Təbrizin yolların dolanbadolan, Qaragilə,
dolanbadolan,
Nə sənə qız əskikdir, nə mənə
oğlan, Qaragilə, nə mənə oğlan.
Sənin o gözlərüvə mən özüm
qurban, Qaragilə, mən özüm qurban.
Miz üstə qətdan,
İçi boş olu,
Sevgi sevgisin, Qaragilə,
Görsə xoş olu.
Gəlmisdim dərbəndüzə, keyfim
düşübdü, Qaragilə, keyfim düşübdü
("Dərbənd" - Təbrizdə darvazaya,
alaqapıya deyərlər),Sənin gözlərüvə
gözüm düşübdü, Qaragilə, gözüm
düşübdü.
Mən bura gəlməzdim, işim
düşübdü, Qaragilə, işim
düşübdü.
Gəlirdim sizdən,
Ağ corab dizdən,
Allah ayırmaz, Qaragilə,
Bir-birimizdən.
Gedirsən Tehrana, məni də apar, Qaragilə, məni
də apar,
Bu yazıq canımı zillətdən qurtar, Qaragilə,
zillətdən qurtar.
Ağ corab peskəş,
Ayağa kesməz,
Olsa yarımdı, Qaragilə,
Olmasa heç kəs.
Qolunda qol saatın təraş-təraşdır,
Qaragilə, təraş-tərasdır,
Kim öpüb ləbləründən, ləblərün
yasdır, Qaragilə, ləblərün yasdır,
Sevirəm gözlərüvü, əfsus,
qanyasdır, Qaragilə, əfsus, qan-yaşdır.
Dərbəndi keçdük,
Fərari düsdük,
Başuva dolanım, Qaragilə,
Harda sevisdük?
Boynuva salmısan zülfündən zəncir, Qaragilə,
zülfündən zəncir,
Mən sənin əsirinəm, məni bir dindir, Qaragilə,
məni bir dindir.
O şirin dilləründən məgər kim incir,
Qaragilə, məgər kim incir?
Qızılgül əsdi,
Cəbrimi kəsdi,
Sil gözün yaşın, Qaragilə,
Ağlama, bəsdi.
Əlündən ver mənə o dəstə
gülü, Qaragilə, o dəstə gülü,
Sənin əvəzündən iylərəm onu,
Qaragilə, iylərəm onu,
Gözümün yaşıylan sularam onu, Qaragilə,
sularam onu.
Sən özün gülsən,
Gülü neynirsən,
Dindirmə məni, Qaragilə,
Ki öldürürsən.
Qapımızın qabağı nar
ağacıdır, Qaragilə, nar ağacıdır,
Narını sındırmışam, içi
acıdır, Qaragilə, içi acıdır.
Sevgilini yoldan edən bir cüt maçıdır,
Qaragilə, bir cüt maçıdır.
Dərbəndi keçdük,
Düsdük fərari,
Sevgili bir olur, Qaragilə,
O da vəfalı.
Evlərinin dalısı dənə xurmadır, Qaragilə,
dənə xurmadır,
Əlin vurma məməmə, məməm
xırdadır, Qaragilə, məməm xırdadır.
Gəl qapı dalısına, anam burdadır, Qaragilə,
anam burdadır.
Əksün məndədir,
Vermiyəcəyəm,
Səndən gözəlin, Qaragilə,
Neyliyəcəyəm?
Gülüstan bağında radio çalırlar,
Qaragilə, radio çalırlar
("Gülüstan" - Təbrizdəki məşhur
bağdır ki, 1940-cı illərdə sovetlər o
bağın mərkəzində büləndqu - reproduktor
qoyublarmış - səhər-axşam səslənərmiş.
Və mahnıda da məhz bu, nəzərdə tutulur).
Zülmnən sevgilimi məndən alırlar, Qaragilə,
məndən alırlar.
Bilmirəm səbəb nədir ayrı salırlar,
Qaragilə, ayrı salırlar
Dərbəndi döndüm,
Sevgimi gördüm,Gəl halallaşaq, Qaragilə,
Bəlkə mən öldüm.
Sevgimin həyətində gül yeri qazdım, Qaragilə,
gül yeri qazdım,
Sevgimi görəndə huşumu azdım, Qaragilə,
huşumu azdım,
Ərzi-salam əvəzi gileylik yazdım, Qaragilə,
gileylik yazdım.
Xiyaban enli,
Axtarır məni,
Könlü istəsə, Qaragilə,
Dalınca gəli.
Xiyabana gül gəlib güldanı bilir, Qaragilə,
güldanı bilir,
Sevgilim məni görüb uzaqdan gülür, Qaragilə,
uzaqdan gülür.
Yaxına gəlməyir, öz işin bilir, Qaragilə,
öz işin bilir.
Əldə çıraq qaz,
Sarıdı yanmaz,
Kefcil oğlanın, Qaragilə,
Vəfası olmaz.
(Qazla işləyən, neon lampası kimi işıq
verən və Almaniyada istehsal edilən belə
çıraqlar Təbrizə 1930-cu illərdə gəlib
çıxıb).
Yarımın bağının dövrəsi xəzəl,
Qaragilə, dövrəsi xəzəl,
Hamının sevgisi oranı gəzər, Qaragilə,
oranı gəzər.
Hansı kafir balası bu zülmə dözər,
Qaragilə, bu zülmə dözər?
Dərbəndi döndüm,
Sevgimi gördüm,
Gəl halallaşaq, Qaragilə,
Bəlkə mən öldüm.
Uca dağlar başında narış qaşlaram,
Qaragilə, narış qaslaram
(Təbriz ağzıdır: narış - narınc.
Qaslaram - yəni dilimlərəm),
Yarımın ayağına givə baslaram, Qaragilə,
givə baslaram
(Givə - altı da, üstü də
pambığın xüsusi növündən toxunan,
ayağı sərin saxladığı üçün yayda
geyilən basmaq).
Yarım etsə səfər, mən naxoşlaram,
Qaragilə, mən naxoşlaram.
Əlündə qarman,
Veriri fərman,
Xudam eyləsin, Qaragilə,
Dərdüvə dərman.
Qaradır qasların, arasına bax, Qaragilə,
arasına bax,
Bivəfa sevgimin vəfasına bax, Qaragilə, vəfasına
bax.
Aç ürəyim başını, yarasına bax,
Qaragilə, yarasına bax.
Qızılgül xəndan,
Vərşo qələmdan,
Ölüm yaxşıdır, Qaragilə,
Aşiq olmaqdan
(Vərşo - yəni melxiorla işlənmiş.
"Vərşo" da, güman ki, "Varşava"
sözünün təhrif olun-muş şəklidir. Bəlkə
də o çağlar melxior əşyalar Varşavadan gəldiyindən
bu deyiş dilə düşübmüş.
Qaz çırağın da, givənin də, vərşo
qələmdanın da nə olduğunu vaxtilə Balaş Azəroğludan
öyrənmişdim.
"Qaragilə"nin geniş mətnində nabələd
olduğum bu Təbriz cizgiləri ilə rastlaşanda Balaş
müəllimə zəng çalmışdım, xəstə
idi, amma suallarımı eşidən kimi
qırışığı açılmışdı, həvəslə
izahlarını vermişdi və hiss etmişdim ki, "Qaragilə"
onu gəncliyinə - 1930-40-cı illərin Cənubuna
qaytardı.
Və bunu da düşünmüşdüm ki, yəqin,
Balaş müəllim dəstəyi yerə qoyandan sonra da hələ
uzun müddət həmin sərab olmuş illərin
yaddaşları arasında qalacaq).
Ayağımı yandırır küçələr
daşı, Qaragilə, küçələr daşı,
Özümü yandırıb gözümün
yaşı, Qaragilə, gözümün yaşı.
Çox yaman yoldan eylir yarımın qaşı,
Qaragilə, yarımın qaşı.
Qızılgül kolu,
Kəsməsin yolu,
Alma yanaqlar, Qaragilə,
Öpsəm nə olu?
Gəlmişəm otağuva oyadam səni, Qaragilə,
oyadam səni,
Nə gözəl xəlq eləyib Yaradan səni,
Qaragilə, Yaradan səni.
Götürüb mən qaçaram aradan səni,
Qaragilə, aradan səni.
Əksin məndədir,
Vermiyəcəyəm,
Səndən xosgilin, Qaragilə,
Sevmiyəcəyəm.
Göz yaşı ilən sularam Tehran yolunu, Qaragilə,
Tehran yolunu,
Bir ildir görməmişəm yarın boyunu, Qaragilə,
yarın boyunu.
Sevgim sala boynuma bala qolunu, Qaragilə, bala qolunu.
Əlündə qarman,
Veriri fərman,
Xudam eyləsin, Qaragilə,
Dərdimə dərman.
Gülüstan bağının gəl təpəsinə,
Qaragilə, gəl təpəsinə,
Ana, mən vurulmuşam gül qönçəsinə,
Qaragilə, gül qönçəsinə.
Hələ baş qoymamışam yar sinəsinə,
Qaragilə, yar sinəsinə.
Qızılgül xəndan,
Vərşo qələmdan,
Ölüm yaxşıdır, Qaragilə,
Aşiq olmaqdan.
"Qaragilə" bir misilsiz abidədir, gərək
qədri gərəyincə bilinə və könül istər
ki, bu qiymətli səs heykəlimiz bugünə, bugündən
isə sabaha ilkin gözəlliyində təqdim edilsin.
Çağdaş baxıla (lap Niyazinin simfonizəsindən
də yararlanaraq) "Qaragilə"ni oranjiman etmək, bəndlər
çox olduğu üçün mahnını müəyyən
qədər teatrladırmaq, bir yox, bir neçə müğənninin
və xorun müşayiəti ilə lentə almaq olar.
Bu siz, bu da gözəl "Qaragilə"miz...
...Taleyiylə insana oxşayan hər mahnının, o
sıradan duyğulu "Qaragilə"nin də öz şəkli-şə-mayili
var (Rəssamlarımızdan "Qaragilə"nin şəklini
çəkənlər də olub).
...Düşündüm ki, bəs ələkdən
keçirilməmiş bakirə mətninin
qarşınızdakı əlvan sözlərindən, mənim
o sözlərlə ilgili çatdırdıqlarımdan sonra
içərisinin "şəkli" az-çox askarlanan
"Qaragilə"nin çöhrəsini təsvir edən
hansı gerçək şəkil yaraşar ona?
Bir Təbriz gözəlininmi, Gülüstan
bağınınmı, bulanıq Arazınmı, Xudafərin
körpüsününmü, Azərbaycanın o taylı-bu
taylı bütöv xəritəsininmi?
...Unudulmaz Rübabə xanım Muradovada dayandım.
"Qaragilə" elə odur ki, var. Qırıq
taleyiylə, intizarlı gözləriylə, yanıqlı
avazıyla...
...O adamı hamınız tanıyırdınız
(bunu arxayınlıqla deyirəm, çünki hamınız
onu eşitmisiniz, səsindən tanıyırsınız),
amma heç biriniz onun adını bilmir (Bunu da kiminsə qəfildən
qalxıb "Bəs mən? Mən bilirəm!" deyəcəyindən
ehtiyatlanmayaraq söyləyirəm, çünki bu sarıdan
da əminliyim var).
Səbəb sadədir - o adamın adı yoxdur. Bu qədər
məşhur adamın deyil, elə hər sıradan olan
adamın da yaxşıdan-yamandan nəsə bir adı
hökmən olur. Bununkusa yoxdur. İstəyir inanın, istəyir
şəkk edin, amma bu, danılmaz həqiqətdir ki, var! O
adam anadan olub və ona ad qoymayıblar. Özü də təəccüblüsü
odur ki, bu adamın ömrün son parçasında artıq 5
pasportu vardı və dünyanın 5 ölkəsinin vətəndaşı
idi.
Heyrətlənəcəksiniz ki, necə ola bilər
adı olmayan adama pasport verilə.
Birinci pasportunu İranda almışdı. Növbəti
pasportunu Almaniyada aldı. Sonrakını Amerika Birləşmiş
Ştatlarında verdilər. Bunun ardınca gələni isə
Kanadada. Sonuncu 3 ölkə də elədir ki, yüz cür
yoxlamadan keçirməmiş, dərindən-dərinə
araşdırmadan bir kəsə pasport kimi ciddi sənədi
verməzlər. Ona həmin çəkçevirçi
ölkələrdə də pasportları rahatlıqla veriblər
və öz adının olmaması məsələsini də
qurdalayan olmayıb. Üstəlik, hələ bizdə ikili vətəndaşlıq
məsələsi olmaya-olmaya gör nə qədər
hörməti var ki, Azərbaycanda da ona 2009-cu ildə pasport
verilib.
Pasportda adətən adamın adı, soyadı
yazılır. Onun da pasportunda ad və soyad yazılıb.
Soyadı həqiqidir - bu heç, onunla işim yox. Adsa
özününkü deyil.
Bir daha təsdiqləyirəm - bu adamın
doğulandan adı olmayıb, onun doğumunu da rəsmi
kitablarda qeydiyyata salmayıblar, ona dünyaya gəlməsi ilə
bağlı doğum şəhadətnaməsi də
almayıblar.
Çox da indiyəcən sizə belə hadisə
rast gəlməyib. Rastınıza çıxmayıbsa,
heç vaxt "ola bilməz" deməyə də tələsməyin.
Olanda olur. Elə biri bu!
Bu adsız adam Təbrizdə doğulmuşdu.
Böyük külfət imişlər. Ailədə 9
uşaq olublar. Şahlıq əyyamları imiş. Azərbaycanlı
ailəsində təvəllüd tapan uşaqlara dərhal sənəd
almaq sən deyən asan iş deyilmiş. Həm də 1950-ci
illərmiş, şah bir qaçandan sonra dübarə
qayıdıbmış, vəziyyət lap
qarışıqmış.
Bəzən aylarla, aylar nədir, illərlə bir
parça kağızdan ötrü Azərbaycan ailələri
idarələrin yolunu gedib-gəlməli olurmuş. Bu təzə
doğulan uşağın özündən böyük
qardaşı vəfat edibmiş. Vaxtilə o fağıra da
doğum şəhadətnaməsini xeyli süründürməçilikdən,
uzun ləngimədən sonra alıblarmış.
Nə ölənin vəfatını rəsmi
qeydiyyata salırlar, nə də bu təzə doğulanın
anadan olmasını rəsmən təsdiqlətdirirlər.
Ailə "elə vəfat edən uşağın
doğum şəhadətnaməsi bununku olsun" qərarını
verir.
Nə təzə şəhadətnamə almaq
üçün gedib məmur qapılarını döyməyə
lüzum qalır, nə də bu uşağa yeni bir ad fikirləşməyə
ehtiyac yaranır.
Elə ölən qardaşının adı və
soyadını ondan yadigar qalan sənədi ilə birgə aid
edirlər bu körpəyə və dünyaya adsız gəlib
adsız yaşayacaq bu uşaq dönüb olur Yaqub
Zurufçu!
Təbii ki, uşağın özünün bundan xəbəri
yox idi, bu gerçəyi böyüyəndən,
iş-işdən keçəndən sonra biləcək və
görəcək ki, heç bu dünyada özünün
olmayan və artıq səninkiləşmiş adla yaşamaq
da fəna deyilmiş. Onsuz da həyatda çox şeylər
şərtidir.
Valideynləri, bacı-qardaşları, qohum-qonşu tədricən
dəyiş-düyüşə alışır və bir qədər
sonra daha heç yada da düşmür ki, belə bir ad
varisliyi, bu sayaq sənəd ötürücülüyü
olubmuş...
...Mirzə Ələkbər Sabirin oğlu, unudulmaz Məmmədsəlim
Tahirli mənə söyləyirdi ki, o, atasının
sonbeşiyi olub.
49 yaşında dünyadan köçən
zavallı Sabir onun heç üzünü görməyib. Həyat
yoldaşı hamilə imiş, amansız xəstəlik dahini
aparır və az sonra oğlu dünyaya gəlir (Bəzi mənbələrdə
Məmmədsəlim Tahirlinin 1908-də doğulduğu
göstərilsə də, yanlışdır. Hər halda
düzünü can yiyəsi bilər. 1983-cü ildə isə
bunları Məmmədsəlim müəllim mənə
danışıb və mən də hamısını
yazmışam lentə ki, gələcəkdə doğrunu
sübut etməkçün "Quran"a əl basmaq zərurəti
ortaya çıxmasın).
Sabirin sonuncudan əvvəlki bir neçə
uşağı elə körpəykən vəfat edibmiş.
Bu qəmli qəziyyəni də Məmmədsəlim müəllim
özünə xas şuxluqla nağıl edirdi.
Heç mümkündürmü Sabirin oğlunda mizah
damarı olmaya?!
Məmmədsəlim müəllim məzə ilə
danışırdı ki, ailənin, nəslin başbilənləri
qərara gəlirlər Əzrayılı aldatsınlar:
"Mənim adımı Məmmədkazım qoyurlar. Amma
başlayırlar Məmmədsəlim
çağırmağa ki, Əzrayıl çaşsın.
O gümanla ki, Ölüm Mələyi
tapşırığını alıb vəzifəsini yerinə
yetirməyə gələndə başlayacaq Məmmədkazımı
axtarmağa. Tapmayıb naçar qalacaq, əliboş
qayıdıb gedəcək".
Və Məmmədsəlim müəllim gülə-gülə
bunu da əlavə edirdi ki, görürsənmi, fəndimiz
özünü doğruldub, yaşım 70-i keçib, səninlə
üzbəüz oturub söhbət edirəm, indi sən
Əzrayıla həqiqəti açmasan, bundan sonra da
yaşayasıyam.
...Bir Allah şahiddir ki, mən o sirri açıb eləmədim,
amma Məmmədsəlim müəllimi 1993-cü ilin
yanvarında itirdik...
O dəyərli insan, qiymətli müəllim və
alim 80-dən çox yaşadı.
Ümid edirdim və arzulayırdım ki, dost
saydığım, taleyində təqribən oxşar
azdırıcı əlamət olan Yaqub Zurufçu 90-ı
adlasın, 100-ü də keçsin.
Məmmədsəlim müəllimin əsl adından
başqa iz azdırmaqçün verilmiş ikinci adı da
vardı, xətasız-bəlasız 80-i keçdi. Yaqub
Zurufçununsa haçansa onu (və növbəmiz
yetişincə hər birimizi) aparmağa gələcək
Qüvvəni duyuq salacaq əlavə adı-filanı da yox
idi. Daşıdığı adın sahibi də haçansa
gəlməli olan Mələyinin dəftərində 60 ildən
çox idi ki, yoxlar siyahısında idi. Odur ki, istəkli
dostumuzun Göylərdən heç bir təhlükə
gözləmədən sanki hələ onillərlə rahatca
yaşayıb-yaratmaq, bizləri yeni oxularıyla feyziyab etmək
girəvəsi vardı. Heyiflər ki, 2021-in sentyabrında 65
yaşında getdi.
...Yaqub Zurufçu dünyanın çox ölkələrində
olub, çox səhnələrdə çıxış
edib, çox nəğmələr oxumuşdu. Bir-birinə bənzəməyən
o konsertlərin hamısını bənzər edən bir cəhətsə
həmişə göz önündə idi. O, harda
oxuyur-oxusun, mütləq həmişə oxularının
arasından Təbriz də boylanırdı, Bakı da. Onun
dilində də, səsində də, varlığında da
Azərbaycan həmişə bütöv idi.
Yaqub Zurufçu Arazın keçilməz
ayrılıq çayı olduğu illərin də şahidi
idi, Arazın o tayla bu tayı qovuşduran bir rəmz olduğu
həyəcanlı tarixləri yaşamaq da qismətinə
düşmüşdü. Bir dəfə Yaqubdan soruşdum
ki, heç Arazda üzmüsünüzmü?
Anladı bu sualı nəyə görə verirəm.
Bildi ki, bu suala ürəyim istəyən cavabı verməsə,
sadəcə "hə", yaxud "yox" desə,
ardınca hökmən əlavə sualım olacaq, ən
azı xəbər alacağam ki, "heç Arazda çiməndə
balaca qara balığa tuş düşməmisiniz?"
Yaqub Zurufçu Təbrizin məşhur Çərəndab
məhəlləsində böyümüşdü və mənə
qırıq taleyi ilə, parlaq istedadı ilə ikinci
Müşfiq kimi görünən Səməd Behrəngi də
həmin Çərəndab uşaqlarından idi. Bəxt elə
dövr etmişdi ki, Səməd Behrəngi Yaquba dərs də
vermişdi. Səsi olduğunu bilincə, ona bir nəğmə
oxutdurub qabiliyyətini duyunca kimlərdən olduğunu
soruşmuşdu və bəlli olmuşdu ki, Yaqubun
böyük qardaşı ilə Səməd dostdur.
Səməd: "Sənin yaxşı səsin var,
tanınan oxuyan ola bilərsən. Sənə bir xalq
mahnısını da mən öyrədəcəyəm",
- deyibmiş.
Və "Evləri var xana-xana" mahnısı Yaquba
Səməddən yadigar qalmışdı.
...Sellər tək Saranı aparmayıb ki!
Daşqınlar-sular yalnız Xançobanın sinəsinə
dağ çəkməyib ki! Xan Arazın boynunda Səməd
suçu da var! Onun da həyatı Arazın bulanıq
sularında bitib.
Yazıq Araz!!! Hansı pırtlaşıq
düyünümüz olub, deyilməsi müşkül
hansı dərdimiz çıxıbsa, əsas səbəbkar
qalıb bir qıraqda, səni qınamışıq, səni
qarğımışıq, səndən gileylənmişik.
Səndən olsaydı, Səmədə qıyardınmı?
Səməd gəlir gülə-gülə,
Döşündə bax qızılgülə.
Hər əlində dörd kitab,
Döndərir bizim dilə.
Bu nəğmə Səməd Behrəngi
haqqındadır. Bunu Yaqub Zurufçu oxuyardı.
Oxuyurdu, qəhərlənirdi, sözlər onu alıb
qayıtmaz dünənə aparırdı, bu bircə bəndin
içindən bütöv bir tarix, neçə-neçə
ömür, itkilər, həsrətlər, ayrılıqlar,
mübarizələr, acılar və ümidlər
keçirdi.
Belə ürəksıyıran misralar, bu cür
yaranın qaysağını qoparan nəğmələr, bu
sayaq nostalji daman musiqi parçaları onunçün sadəcə
şeirlər, havalar, mahnılar deyildi.
Bütün bunlar onunçün özünün və
millətinin, yurdunun taleyi, keçib gəldiyi və davam edən
keşməkeşli yolu idi. Ona görə də ən məşhur
oxuyanlardan sonra Yaqub Zurufçunun oxuduğu
"Ayrılığ"ın niyə əvvəlkilərin
hamısından təsirli olmasına heyrətlənməyin.
Başqaları nəğmə oxuyub, o öz taleyini!..
...Aranımızdan çox-çox ucalarda, gözəl
Şuşanın Cıdır düzündə sehrli bir
gül bitir. Adına "Xarıbülbül" deyirlər.
Hər çiçəyində köksünə tikan
sancılmış bir sarı bülbülün şəkli,
heykəlciyi var. Torpağımızın bu möcüzəli
çiçəyi "Qırmızı kitab"a da
düşüb. Dünyanın düz vaxtında, 1960-larda,
1970-lərdə mərc çəkərək hər il yaz
açılanda, yay gələndə bu inanılmaz
çiçəyi görmək üçün
Şuşaya gedənlər az olmurdu. Şübhə
içində gedib görürdülər ki, söylənənlər
düz imiş və heyrət içində geri
dönürdülər (Söyləyirdilər ki, bu
çiçək Cıdır düzündən başqa
heç yerdə bitmir. 1990-cı ilin yayında
Çexoslovakiyada, Bratislava şəhərində idim. Meşə
yolu ilə enərkən qəfilcə bir çiçək
diqqətimi çəkdi. Ürəyimdə ona ad da verdim -
"Xarıbülbül"ün qardaşı". Bu
çiçəyin üstündə başı sambrerolu bir
uşaq heykəlciyi vardı. Bir neçəsini yadigar
qalsın deyə üzdüm. Çox sonralar oxudum ki, sən
demə, üzərində çeşidli fiqurlar olan bu qəbil
çiçəklər dünyada az deyilmiş.
Və günlərin birində rastıma
"Xarıbülbül"lə bağlı adamı
diksindirən bir hadisə də çıxdı. 1990-cı
illərin axırları idi. Metroda gedirdim, axşamüstü
idi, adam azdı, bayaqdan bəri gendən mənə diqqətlə
baxdığını sezdiyim bir cavan keçib əyləsdi
yanımda. "Şuşadanam, sizi tanıdım, - dedi, - elə
axtarırdım ki, sizi tapıb bir möcüzəyə
oxşayan hadisəni xəbər verim.
Qaçqınlıqdı. Şəhərdən aralı,
Radiozavod tərəfdə bir koma düzəltmişəm.
Evin yanında bir balaca bağ da saldım. Bu yaz nə görsəm
yaxşıdır? Orda "Xarıbülbül" bitib. Nə
sirdir bu, anlaya bilmirəm. Çiçəyin toxumu əsyalarımıza
qarışıb gəlibmi, ya elə
"Xarıbülbül" də hamımız kimi
qaçqın-köçkün düşübmüş,
ardımızca bura pənah gətirib?").
..."Xarıbülbül"ün Güneydən əsən
mehlərə qoşularaq bizə çatan bir ayrı macərası
da olub.
Qarabağdan Tehrana yol çox uzaqdır. 1801-ci ildə,
adı yanıqlı misraları ilə tariximizə həmişəlik
həkk olunmuş "Ağabacı" təxəllüslü
Ağabəyim ağanı (1870-1832) tale qova-qova o qərib
şəhərə aparıb çıxarmısdı.
Vaxtın və şəraitin hökmü ilə Qarabağ
xanı İbrahim Xəlil xan nazlı qızını
İran hökmdarı Fətəli şah Qacara ərə
verməyə vadar qalmışdı. Nəslin daha bir ürəyi
şeirli övladını, Xurşidbanu Natəvanın bibisi
Ağabəyim ağanı ərə verməyinə vermisdilər,
ancaq ömrünün axırınadək Fətəli
şah onun vüsalına yetə bilmədi. Ağabəyim
ağa qız qarıdı. Ağrısını, nisgilini ana
dilində və farsca qələmə aldığı
şeirlərə səpdi.
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə
getdi.
Bu bircə beytinə Ağabəyim ağanın
möhnətli ömrünün bütün qüssəsi, təəssüfü,
ümidsizliyi hopub.
Elin söylədiyidir. Ürəyindəki yurd həsrətini,
vətən yanğısını ovutmaqçün Ağabəyim
ağa Tehranda bağ saldırıb, adını da "Vətən
bağı" qoyubmuş. Bağa bu adı səbəbsiz
verməmişdi. O bağ elə Tehranın içindəki
Şuşa, Qarabağ kimiydi. Bağın torpağı da,
ağacları da, çiçəkləri də doğma
Qarabağdan gətirilmisdi. Hansı tingi, hansı gülü,
hansı göyərtini gətirib əkmişdilərsə,
tutmuşdu, böyüyüb qalxmışdı. Tək
"Xarıbülbül"dən savayı. Bu həssas
çiçək yad torpağa isinişə bilməmişdi.
Əslində elə Ağabəyim ağa özü də
beləydi və bu çiçəyin sədaqəti
ağrıya çevrilib onun ürəyini titrətmişdi,
kövrək misralara dönmüşdü. Sonra bu
ağlamsınan sətirlər çevrilib nəğmə
oldu, Tehrandan baş götürərək Güney Azərbaycan
boyu dolaşdı, oralardan da durnalar kimi Qarabağ sarı
uçdu, illərdən süzülə-süzülə bu
günə də gəlib çatdı:
"Vətən bağı" al-əlvandır,
Yox içində "Xarıbülbül".
Bu da belə bir dövrandır,
Səsin gəlsin barı, bülbül!
Bu, "Sarı bülbül" adı ilə məshur
olan xalq mahnısının tarixçəsidir. Bu
üzüntülü əhvalat, bu göynəkli nəğmə
illər ötdükcə aşıqların dilində,
sazların telində "Tahir və Zöhrə"
dastanına da keçdi.
"Sarı bülbül" günümüzə
çatanacan başına nələr gəlib, hansı
görəcəklərlə tuş düşüb?
Mahnının ilk bəndi çox zaman belə oxunur:
Vətən bağı al-əlvandır,
Yol üstündə sarı bülbül,
Ömür sürməli dövrandır,
Çal əlində sazı, bülbül.
O nəğmənin yarandığı gündən bəri
çox şey dəyişib və "Sarı
bülbül"ün özü də zaman ötdükcə
xeyli təhrif edilib. Misraları bu kökə sovet
dövrünün əli bolşevik qayçılı
senzorları, xəfiyyə düşüncəli
redaktorları salıb. Köhnə nəğməni təzə
məfkurəyə uyğunlaşdırıblar, əski
mahnının dilini sovet quruluşunu və həyat tərzini
təqdirə və tərənnümə, yaşamalı
çağlar olduğunu bəyan etməyə məcbur
qılıblar.
Burda bir neçə yanlış var. İkinci misra əsaslı
şəkildə təhrif olunub. Necə yəni "Yol
üstündə sarı bülbül?" Bülbülü
gül üstündə, budaqda görərlər, yolda yox ki!
Əvvələn, məntiq itir, ikincisi də, bir misra
ötüncə gələn kəlmə qafiyəlikdən
çıxır. "Sarı" hara, "sazı" hara?
"Ömür sürməli dövrandır".
Yox, Ağabəyim ağa heç vəchlə belə deyə
bilməzdi. O, hicranlı, qəribsəməklə ötən
bir ömür sürüb və ona görə də soyuq ah
çəkərək "Bu da belə bir
dövrandır" deyib.
Əslində qoşqunun bakirə variantında
dördüncü misra "Çal əlində tarı,
bülbül" kimidir. Lakin o nəğmə, o şeir
aşıqlar tərəfindən "Tahir və Zöhrə"
dastanına gətirilərkən ozanlar üçün daha
doğma olan saz bu şeirdəki "tarı" da
sıxısdıraraq misradan çıxarıb.
"Sarı bülbül" bu gün də oxunur və
özü də çox oxunur. Bu mahnıya uşaqlardan
tutmuş tanınmış müğənnilərimizə qədər
çoxları üz tutur. Dinləyirik və hər dəfə
də yanlıslarla, bəzən hətta təzə əlavə
olunan səhvlərlə tuş düşürük.
Ağabəyim ağanın təşvişli,
sıxıntılı həyatı boyu çəkdikləri
bəs etməzdimi ki, bizlərə bəlli yeganə nəğmə
yadigarı da bu umulmaz rəftara məruz qalsın.
...Şama aşiq pərvanə sevgisinin şiddətindən
özünü oda yaxıb qanadlarını qarsar. Eşqin səfasına
çatmaq cəfa çəkmədən mümkün olmur.
"Xar" tikan deməkdir və qızılgülü kim
tikansız gördü?! "Xarıbülbül" dediyimiz
əslində "Xarrıbülbüldür", yəni
köksünə tikan girmiş bülbül.
"Xarlı" deyilə-deyilə, dildə-ağızda dəyişə-dəyişə
"xarrı" olub.
Üç onilə çatan əzablı müddət
boyunca göyçək Qarabağımızın
bağları da, dağları da qara rəngin kədərinə
büründü, hər qarabağlı da, bağrı
Qarabağa bağlı hər azərbaycanlı da qanıqara
yaşadı, qaraqabaq dolandı, sinəsini tikan dələn
yaralı bülbülə bənzədi, o dərdli illət
davam etdikcə Şuşanın
yamaclarında-ucalıqlarında bitən xarı
bülbüllərlə görüşə bilən təkcə,
ən əlçatmayan uzaqlara qanadlana bilən, o qəm
çilənmiş nəğmə idi ki, bir zamanlar Güneydən
uçaraq Arazı adlamış, bu taya gəlmişdi.
Ancaq Güneydən bura gələn neçə
sözün də, nəğmənin də, elə Güneyin
özünün də köksündə hələ o qədər
tikanlar sancılı qalır ki! Əlbəttə ki,
xarrıbülbülün, Şuşanın, Qarabağın
köksündəki tikan biryolluq çıxdığı
kimi, o tikanlardan da qurtuluşların gözəl günləri
mütləq gələcək!
15 fevral 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.16-17;24.