Gənclər Kitabxanasında Beynəlxalq
Ana Dili Günü qeyd edilib
Respublika Gənclər Kitabxanasında 21 Fevral - Beynəlxalq
Ana Dili Günü münasibətilə biblioqrafik icmal, ənənəvi
və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda əlamətdar
günün yaranma tarixindən, ölkəmizdə
keçdiyi inkişaf mərhələsindən ətraflı
bəhs edilir.
Virtual sərgidə Ana dili sahəsində Ümummilli
Lider Heydər Əliyev və Prezident İlham Əliyevin
müdrik siyasətinə dair fikirlər, bu sahədə
imzalanan qanun və sərəncamlar haqqında məlumatlar
öz əksini tapıb. Materiallarda akademik Nizami Cəfərovun
“Dilin tarixi” məqaləsinin tam mətni, görkəmli şəxslərin
dəyərli fikirləri, “Heydər Əliyev və Azərbaycan
dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyevin dil siyasəti”,
“Qədim türk yazılı abidələrinin dili”, “Dildən
dilçiliyə”, “Dilimiz, düşüncəmiz”, “Müasir
Azərbaycan dilinin üslubiyyatı”, “Tarixi yaddaş milli dil
güzgüsündə”, “Azərbaycanşünaslıq məsələləri”
kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa
annotasiyası və dövri mətbuat nümunələrinin
siyahısı yer alıb.
Materiallarla kitabxananın rəsmi saytından
tanış olmaq mümkündür.
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.15.