Ana dilimiz: var olsun ki, var olaq!
Dünyaya gələndən sonra
qavradığımız ilk anlayışlardan, yiyələndiyimiz
ilk imkanlardan biri dildir - ana dilimiz. Dil sayəsində
düşüncələrimiz, mədəniyyətimiz,
intellektimiz formalaşır. Bir sözlə, dil, xüsusilə
də ana dili insanlar arasındakı rabitə də daxil
olmaqla hər şeyin təməlidir. Bəlkə də
bir-birimizi anlamaqda bu qədər çətinlik çəkməyimizin
də əsas səbəblərindən biri öz dilimizin
norma və qaydalarına uyğun danışa bilməməkdir.
İnsanların bu qədər aqressiv, bədbin, dəymədüşər
olması və hər şeyi səhv anlaması əsasən
dilimizə hakim ola bilməməkdən qaynaqlanır. Fiziki
zorakılığın belə təməlində
özünüifadə bacarığının olmaması
dayanır. Hətta araşdırmalar göstərir ki, öz
ana dilinin qaydalarına uyğun şəkildə danışa
bilməyən insanlar əcnəbi dil öyrənməkdə
daha çox çətinlik çəkirlər. Öz ana
dilində doğru yazıb danışmağı bacarmayan bir
insan başqa dili necə öyrənsin axı?!
Son illər Azərbaycan dilinin "kirləndiyi"
mövzusunda fikirlər səsləndirilir. Təbii ki, bu
düşüncənin mərkəzində çox vaxt
dilimizə daxil olan yad sözlər dayanır. Hətta bu
minvalla dilimizin "kirlənərək" yox olması təhlükəsi
ilə qarşılaşa biləcəyimizin proqnozunu verənlər
də olur. Ancaq unutmamalıyıq ki, dil dəyişib
inkişaf etməyə meyilli bir varlıqdır və demək
olar ki, dilin "kirlənmədiyi" bir dövr olmayıb.
Yad kəlmələrin dilə daxil olması dili "kirlətməz",
onu yox olma təhlükəsi ilə
qarşı-qarşıya qoymaz. Bunun ən gözəl
örnəyi ingilis dilidir. İngilis dili günümüzdə
dünyanın ən güclü və canlı dili hesab
olunur. Ancaq bu dilin də söz boğçasına nəzər
salsaq, görərik ki, dörddə biri german əsilli,
qalanı isə fransız, latın və yunancadandır. Məntiqlə
düşünsək, bu günə kimi yox olsaydı, elə
birinci ingilis dili yox olmalı idi. Dilin yox olma təhlükəsini
müəyyən edən meyarları UNESCO belə
sıralayır: danışanların sayı, dilin nəsildən-nəsilə
ötürülməsində fasilələrin
olub-olmaması, dilin yayıldığı ərazilərin
genişliyi və sair. Bu meyarlar müstəvisində
baxdıqda görərik ki, Azərbaycan dili
günümüzdə ən etibarlı və ənənəsini
qorumağa müvəffəq olan türk dillərindən
biridir. Dillərin bir-birindən söz alıb-verməsi təbii
və qaçılmaz hadisədir. Dilçilərin fikrincə,
dilə daxil olan alınma sözlər dili zənginləşdirir.
Söz mübadiləsi dilin sintaksis strukturunda baş verən
dəyişikliklər qədər təhlükəli deyil.
Bu gün dilimizlə bağlı əsas
qayğılanmalı olduğumuz vəziyyət dilin
degenerasiyaya məruz qalmasıdır. Sözlər yalnız
cümlələrdə doğru işlənilən zaman məna
və dəyər qazanır. Yəni "dil - səsli
düşüncə, düşüncə isə səssiz
dildir" deyə bilərik. Son 20 ildə sosial media istifadəçilərinin
sayının artması ilə qarşımıza
"bambaşqa" Azərbaycan dili çıxdı. Uzun illərdir
bir çox sosial platformaların aktiv istifadəçisiyəm.
Bu platformalarda məni ən çox məyus edən məsələlərdən
biri də dilin doğru istifadə edilməməsidir. Sosial
medianın, internetin günümüzdə bizə diktə
etdiyi sürət, qismən də xalqımızın səbirsiz
və həyəcanlı təbiətindən qaynaqlanan səbəblərdən
ünsiyyət əsnasında qəribə ixtisarlara və əcnəbi
sözlərə əl atılır. Məsələn:
"salam"ı - slm, "oldu"nu - OK,
"universitet"i - uni, "necəsən"i - ncsn,
"üzr istəyirəm"i - sorry,
"qardaş"ı - bro, "sevgilim"i - aşkım,
"ərim"i - kocişim ilə əvəzləmək az
qala adiləşib. Ən acınacaqlısı da insanların
bu mövzuda bir-birindən təsirlənmələridir. Bu
cür kəlmələri səmimi olduğumuz mühitlərdə,
dost-tanış arasında zarafatyana işlətsək də,
tədricən dilimizdə oturuşur və istifadəsi adi hal
olmağa başlayır. Məhdud sayda bu cür sözlərə
tez-tez müraciət etmək doğma söz
boğçamızın da kasıblaşmasına səbəb
olur.
Təbii ki, bu prosesdə günahkar təkcə sosial
media deyil. Hətta təhsil müəssisələrində fəaliyyət
göstərən Azərbaycan dili müəllimlərinin bir
çoxu, professorların, akademiklərin,
yazıçıların əksəriyyəti belə xətalarsız
cümlə qurmaqda, yazı yazmaqda çətinlik çəkir.
Dilimizin bu gün yaşadığı ən əhəmiyyətli
problemlərdən biri də şübhəsiz ki, təhsildən
qaynaqlanır. Məktəblərdə Azərbaycan dilinin tədrisinə
kifayət qədər əhəmiyyət vermirik. Ana dilinin
öyrənilməsində ədəbiyyatla yanaşı, təhsil
ocaqlarının da (bağça, orta və ali məktəblərin)
üzərinə məsuliyyət düşür.
. Ancaq çox maraqlı bir məqamdır ki, 70 il yad
imperiyanın təsiri altında qalsalar da, o dövrdə
insanlar Azərbaycan dilində daha səlis cümlələr
qurur və dilimizin ənənələrinə sadiq qala
bilirdilər. Xatırlayıram, rusəsilli bir ədəbiyyat
müəllimimiz var idi. O qadın Azərbaycan dilində bəzi
azərbaycanlılardan daha səlist və təmiz
danışırdı. Çox maraqlı məqamlardan da biri
budur ki, başqa ölkələrdən Azərbaycana gələn
millətlər bu dili öyrəndikdən sonra, ləhcələri
hiss olunsa belə, Azərbaycan dilində təmiz
danışmağa daha çox diqqət edirlər.
Çünki Azərbaycan dili ən azı fonetik
baxımından olduqca gözəl bir dildir. Başqa bir
nüans da Azərbaycan dilinə xas, doğma sözlərin
zamanla unudulmasıdır. Bildiyimə görə, son orfoqrafiya
lüğətimizə 90 minə yaxın söz daxil edilib.
Lakin danışığımızda gündəlik istifadə
etdiyimiz söz sayı 400-ə belə çatmır. Cəmiyyətimizdə
gündəlik həyatda Azərbaycan dilində olmayan sözlərin
daha çox istifadəsi, ziyalıların, ictimai şəxslərin,
məmurların rus, ingilis, türk dillərinə meyl etməsi,
öz aralarında, ailələrində Azərbaycan dilində
danışmaması, əzbər görüb, əzbər
düşünən nəsillərin yetişməsində əhəmiyyətli
rol oynayır. Nəticədə öz tarixinə
yadlaşmış, fikir sahibi olmayan və öz fəlsəfəsini
yarada bilməyən, yaradıcılıq qabiliyyəti
itmiş bir cəmiyyət meydana çıxır. Təəssüf
ki, bunun ən ağır cəriməsini də yenə xalq
ödəyir. Qədim Çin filosofu Konfutsi, "Sizə bir
ölkəni idarə etmək təklif olunsa, ilk nə edərdiniz?"
sualına "Mən ilk növbədə dildən
başlayardım" deyib. Səbəbini isə belə izah
edib: "Çünki dil qüsurlu olarsa, sözlər fikri
doğru ifadə edə bilməz. Fikir doğru ifadə
olunmasa, vəzifələr yerinə düzgün yetirilməz,
vəzifələr düzgün yerinə yetirilməsə, adət-ənənə,
mədəniyyət məhv olar. Adət-ənənə, mədəniyyət
məhv olarsa, ədalət pozular. Ədalət olmasa,
çaşqınlıq içərisinə düşən
xalq nə edəcəyini, işlərin hansı həddə
çatacağını bilməz. Ona görə də
heç nə dil qədər vacib deyil".
Günel MUSA
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.15.