"Kiminsə tərifi,
ya tənqidi mənim üçün maraqlı deyil"
AKTRİSA İLAHƏ HƏSƏNOVA: "Böyüdüləsi
o qədər problem var, gör gəlib nəyi problem edirlər?"
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının aktrisası İlahə Həsənova Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Dram-teatr aktyorluğu fakültəsini bitirib.
2007-2008-ci illərdə Bakı Bələdiyyə
Teatrında, sonra isə YUĞ teatrında çalışan
İ.Həsənova 2010-cu ildən Akademik Milli Dram Teatrında
fəaliyyət göstərir. O, teatr səhnəsində
M.F.Axundzadənin "Sərgüzəşti Vəziri xani Lənkəran",
Elçinin "Teleskop" və "Şekspir",
A.Saqarelinin "Xanuma", B.Brextin "Kuraj və
uşaqları", K.Abdullanın "Şah və
şair", "Bir, iki, bizimki" və "Sehrbazlar dərəsi",
V.Hüqonun "Qadın məhəbbəti", H.Cavidin
"Əmir Teymur", N.Qoqolun "Müfəttiş",
A.Şaiqin "Qaraca qız", M.Frişin "Don Juan və
həndəsə", A.Tolstoyun "Buratino", Y.Polyakovun
"Sinif yoldaşları", V.Şekspirin "On ikinci gecə
və yaxud hər nə istəsəniz", Ş.Qurbanovun
"Sənsiz" kimi tamaşalarında müxtəlif
obrazlar yaradıb. İ.Həsənova həmçinin "Hədiyyə"
və "Nar bağı" filmlərində, eləcə də
"Əqrəb mövsümü" serialında rollar
alıb.
Aktrisa İlahə Həsənova ilə söhbəti
oxuculara təqdim edirik.
- İlahə xanım, Akademik Dram Teatrına
YUĞ-dan gəlmisiniz. İki teatrın strukturu bir-birindən
fərqləndiyinə görə Dram Teatrında çətinliklə
qarşılaşdınızmı?
- Akademik Dram Teatrına gəlməyimi elə
YUĞ-da olarkən Vaqif İbrahimoğlu özü istəmişdi.
Yox, Dram Teatrında elə də çətinliklə
qarşılaşmadım, çünki YUĞ Teatrında cəmi
iki il işləmişdim. Bəlkə də, orada beş-on il
işləsəydim, çətinliyim olardı.
- "Nar bağı" filmindəki rolunuza görə
15-ci Beynəlxalq Kazan Festivalında "Ən yaxşı
aktrisa" nominasiyasının qalibi olmusunuz. Bununla
yanaşı, bir sıra mükafatlara da layiq
görülmüsünüz. Amma buna baxmayaraq, sizi səhnədə,
ekranlarda az-az görürük.
- Ümumiyyətlə, hər təklifə "hə"
deməyi başa düşmürəm. İnsan istəyir ki,
yaxşı işlərdə rol alsın. Mən belə
düşünürəm. Təbii ki, hər insanın
öz fikri var. Əgər sənə təklif olunan yeni
iş əvvəlkindən yaxşı olmayacaqsa, orada
iştirak etməyin bir mənası yoxdur. Mənə yenidən
geri qayıtmaq lazım deyil. Sənə təklif olunan işdə
üstün olanı seçməlisən. Belə olmayanda
yerində saymağa başlayırsan. Görünmək xətrinə
görünməyi sevmirəm. Xarakter olaraq insanlara çox
yapışan biri deyiləm. Hərdən
düşünürlər ki, sənət aləmində olan
insanlar digər insanlarla daha çox münasibətdə
olmalıdırlar. Amma fikrimcə, bizim digər insanlarla
münasibətimiz olmamalıdır. Onlarla birbaşa ünsiyyətdə
həkimlər, satıcılar olurlar. Öz kollektivimizdən
başqa, mən heç kimlə ünsiyyətdə
olmağı sevmirəm. Hərdən həkimə gedəndə
fikirləşirəm ki, bu insanlar necə hər gün
başqa-başqa insanlarla danışır, onlarla ünsiyyətdə
olur, fikirlərini dinləyir, məsləhətlər verir,
onlara səbr edirlər. Bunlar məndə yoxdur. Məsafəli
insanam. Özümdən asılı deyil, yüksək səviyyəli
işlərdə rol almağı daha üstün tuturam. Hər
işdə rol alıb görünmək mənlik deyil.
- Məsafəli xarakterinizi obrazlara
yansıdırsınızmı?
- Məncə, hə. Hərdən özüm də
görürəm ki, rollarımda bir az qəribəlik var. Belə
deyim, oynadığım obrazlar yavaş-yavaş
açılır. Birdən-birə hər şeyi ortaya qoymaq
xarakterimdə də yoxdur. Oynadığım rolları da
tamaşaçı hər səhnədə yavaş-yavaş
tanıyır.
- Deyəsən, məşhur olmağın da tərəfdarı
deyilsiniz.
- Məşhurlaşmaq çox asandır və mən
bunu sevmirəm. Ehtiyac duymuram. Bu işi məşhur olmaq
üçün yox, sevdiyimə görə görürəm.
Vəssalam. Kiminsə tərifi, ya tənqidi mənə
maraqlı deyil. Əgər yaxşı bir işin içindəsənsə,
onsuz da hər zaman seviləcəksən. Burada məşhur
olmağın bir önəmi yoxdur.
- "Nar bağı" filmi, "Sənsiz"
tamaşası və "Əqrəb mövsümü"
serialı xeyli səs-küyə, marağa səbəb oldu. Bəs
bunlardan hansı İlahə Həsənovanın
yaradıcılığına daha çox töhfə verdi?
- Əslində "Sənsiz"
tamaşasının mənə xüsusi bir qatqısı
olmadı. Teatrda o qədər elə rollarda oynamışam
ki. Həmçinin "Əqrəb mövsümü" də.
Mənim yaradıcılığıma ən böyük
qatqını "Nar bağı" verdi. Həm ilk
tammetrajlı filmim idi, həm də o vaxta qədər elə
bir obraz canlandırmamışdım.
- İlahə xanım, bəzi aktyorların fikrincə,
tanıtmayan baş rolda oynamaqdansa, tanıdan epizodik rol oynamaq
daha yaxşıdır. Siz nə
düşünürsünüz bu barədə?
- Mən bu fikirlə razı deyiləm. Tanıtmayan
baş rol və tanıdan epizodik rol yoxdur. Yaxşı
rejissor, dramaturq, komanda və yaxşı partnyor var. Sən də
rolunu yaxşı oynayandan sonra uğursuz baş rol və
uğurlu epizodik rol seçimi olmur. Elə bir şey yoxdur, rol
roldur. Amma uğursuz komandanın içində baş rol almaq
problem yarada bilər. Belə baş rolda oynamaqdansa, uğurlu
komandada epizodik rol ala bilərsən. O, daha vacibdir. Amma o
söz yalan sözdür ki, mən böyük uğursuz
roldansa, kiçik uğurlu rolu seçərəm.
Çünki yaxşı işdə böyük də
böyükdür, balaca da balacadır.
- Kamal Abdullanın "Sehrbazlar dərəsi"
romanı əsasında hazırlanmış tamaşasında
da rol almısınız. Bu tip əsərlərdə
çıxış edərkən ssenaridən əlavə əsərin
özü ilə də maraqlanırsınızmı?
- Hə, birinci romanı oxuduq, sonra ssenari ilə
tanış olduq. Öz təbiətimdə də bu var.
Əvvəlcə suallar, araşdırma aparmaq, sonra isə
yaradıcılıq. Birdən-birə ssenariylə
tanış olmaq, öz sözlərini öyrənib səhnəyə
çıxmaq mümkün deyil. "Sehrbazlar dərəsi"
yazıçı Kamal Abdullanın üçüncü
işidir ki, mən rol alıram - birinci "Şah və
şair"də, ikinci "Bir, iki, bizimki", indi də bu
tamaşa. Azdan-çoxdan Kamal müəllimin qələmini,
yazısını duya bilirəm, mənə daha rahat gəlir.
Amma bu o demək deyil ki, buna görə mən əsəri
oxumayım. Oxuyuram, ümumiyyətlə, hamısını
oxumaq lazımdır.
- "Hədiyyə" filmində sevgilisinə
görə saçlarını fəda edən qadın
obrazını, "Nar bağı" filmində
yoldaşı atıb gedən qadın obrazını,
"Əqrəb mövsümü"ndə isə
övladını itirmiş ana obrazını
canlandırmısınız. Bunlardan hansı İlahə Həsənova
kimi davrandı?
- İnanın ki, hamısında İlahə Həsənova
var.
- Amma "Nar bağı" filmindəki
obrazınızı tənqid etmisiniz.
- Yox, düşüncə olaraq bildirmişəm ki,
kaş belə davranmayaydı. Belə deyim, mən müəllifin
əsərini oxuyanda istəyirəm, həmin şəxs
sağ olsun, mən də ona sual verim ki, niyə bunu belə
yazmısan? Sonra başa düşürəm ki, heç bir
yazıçı bunun cavabını sənə verməyəcək.
Çünki bu, gizli bir şeydir, onun keçmişidir, gələcəyidir,
arzularıdır. Həmçinin, mən də bir obraz
haqqında deyə bilmərəm ki, bu, sırf İlahə Həsənovadır.
Hamısı mənəm. Bəzən demək istəmirsən
ki, nəyə görə bu obraz məndə alındı?
Çünki bu, yaradıcılıqdır, sənindir,
bölüşmək mümkün deyil. Amma hamısı
İlahədir, həmin obrazı başqa aktrisaya versən,
başqa cür oynayacaq. Eyni rejissor olsa belə, başqa
cür canlandıracaq, başqa cür duyacaq. Mümkün
deyil ki, hamı bir obrazı eyni canlandırsın.
- Ümumiyyətlə, hansı mövzuda ssenarilər
marağınıza daha çox səbəb olur?
- Belə deyim, çox məişət üslubunu
sevmirəm. Məsələn, "Əqrəb
mövsümü"ndəki obrazım bütün gün
evin içində idi, düşündüm ki, həmin
obrazı canlandıra bilməyəcəyəm. Amma onun
düşüncələri məişət mühitindən
çıxmalı idi, buna görə mənə maraqlı gəldi.
Yoxsa, mən gəldim, qışqırdım, oturdum, getdim.
Bunlar maraqlı deyil. Onsuz da bizim həyatımız məişətdir.
Bu sənəti gözəlləşdirən, özəlləşdirən,
sevdirən səni məişətdən
uzaqlaşdırmağıdır. Həyatı
tamaşaçının görə bilmədiyi tərəfdən
göstərirsən. Yoxsa bu işin nə mənası var ki?
- Aktrisa üçün yaşın ötməyini,
üzdə qırışların yaranmasını, gənc
qız görkəmində olmamağı faciə hesab etmək
olarmı?
- Şəxsən mən düşünürəm
ki, 15 ildir ki, burdayam və mənə yenidən əvvəlki
rollarımı verəndə maraqlı gəlmir, istəmirəm.
Artıq oynamışam və yaradıcılıq
baxımından da həmin rollar o qədər yüklü
olmur. Çünki yazan da başa düşür ki, bu, gəncdir
və sən onu nə qədər yükləyə bilərsən.
Ən gözəl yaradıcılıq işləri 30-35
yaşdan sonra olur. Mənim elə kompleksim yoxdur və mənə
gənc yaşlı bir rol verəndə maraqlı gəlmir.
Görünmək başqadır, amma maraqlı deyil. Başqa
mərhələyə keçmək lazımdır. Artıq
mən oynadığım rolu yeni gələn gənc aktyor
oynamalıdır, axı o da böyüməlidir.
Çünki bu sənətdə tək deyilik, əgər sənin
partnyorun yoxdursa, yaxşı iş gördüyünü
düşünsən belə, kənardan elə görünməyəcək.
Bu iş kollektiv işdir, burada hamı bir-birinə kömək
etməli, dəstək olmalıdır. Məni bu sənətdə
bir şey incidir. Kaş individual bir sahə olardı,
müğənni kimi məsələn. Amma mümkün
deyil, rejissorun olmalıdır, yazıçın
olmalıdır, kollektivin olmalıdır. Çətindir. Tək
mümkün deyil. Mono-tamaşan ola bilər, yaxud
iki-üç nəfər yığışıb bir iş
görə bilərsiniz. Amma o da bir-iki dəfə olar. Sən
nə qədər mono-tamaşa oynaya bilərsən? Bu sənətdə
kollektiv əsas məsələdir. Sən yaxşı oynaya
bilərsən, amma partnoyrun yaxşı olmasa, sənin
işığın olmayacaq.
- İlahə xanım, sizi başqa aktrisalardan fərqləndirən
məqamlardan biri də açıq-saçıq səhnələrdə
rol almağınızdır. Yəqin ki, buna görə daha
çox sizə müraciət olunur. Bu mövzuda gələn
bütün təklifləri qəbul edirsinizmi?
- Mənim teatrda da elə səhnələrim olub və
buna iş gözü ilə baxmışam, heç vaxt
böyütməmişəm. Bəziləri deyir ki, mənə
artıq pul versələr, o səhnədə çəkilərəm.
Amma həyatı boyu mən belə bir şey etmərəm.
Heç vaxt deməmişəm ki, bu işdə belə bir səhnə
var, buna görə mənə əlavə ödəniş
edin. Ssenarini oxuyuram, qəbul edirəm və maddi tərəfini
danışıram. Bu mövzunu böyütdükcə kənardan
da pis görünür. Amma adiləşəndə sənin
üçün heç nə olur. İnanın, bu,
tamaşaçıların düşüncəsi deyil, bizim
sənətdə olanların - aktyorların, rejissorların
düşüncəsidir. Onlar özləri
böyüdürlər. Amma burada heç nə yoxdur, siz normal,
səviyyəli, gözəl sevgi əsəri çəkin,
tamaşaçı buna baxacaq, deməyəcək ki, buna bax,
gör nə edirlər. Bunu biz özümüz
böyüdürük. Bu sahədə belə söhbətlər
hələ də qalıb. Mən o səhnəyə çəkiləndən
sonra tərəf müqabilim olan həmin aktyorla həmişəki
kimi "salam-sağ ol" edirəm. Bunu bizim içimizdəkilər
böyüdür, mənə təsir edən də budur.
Böyüdüləsi o qədər problem var ki, gör gəlib
nəyi problem edirlər? Gəlib deyirlər, bu qədər
ödəniş elə, həmin səhnəyə çəkilim.
Ayıbdır, vallah. Deyin ki, mən istəmirəm belə səhnəyə
çəkilmək, bitdi, getdi. Bəziləri deyir ki, bu o səhnəyə
çəkilib, mən heç vaxt bunu etmərəm. Sən
kimsən, barmaqla kimisə göstərirsən ki, o bunu etdi, mən
etmərəm. Aktrisa sənəti xoşuna gəlmirsə,
çıx get bu sahədən, heç kim səni heç nəyə
məcbur eləmir ki. Xoşun gəlmir, yaxşı yol. O
adamlar məndə qıcıq yaradır.
Özünüzü nə hesab edirsiniz? Bəzən özləri
tərbiyəsizlik həddinə gəlirlər. Kimsə həmin
səhnəyə çəkilməyi qəbul etməyə
bilər, bu, normaldır. Həmin səhnələrə
çəkilmək xüsusi istedad tələb edir, hər kəs
də bunu bacarmır. Amma kimisə barmaqla göstərmək
tərbiyəsizlikdir. Niyə bizim düşüncəmiz dəyişmir?
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.14.