Kandarda ilişənlər
Esse
Universiteti təzəcə bitirmişdim.
İxtisasım üzrə nəzəri bilgilərim yetərincə
olsa da, təcrübəmin azlığı ciddi işlərə
başlamağa imkan vermirdi. Elə yaşdaydım ki, nəyi
çox, nəyi az bildiyimə dair aydın təsəvvürüm
belə yox idi. Di gəl, yaşın diktə etdiyi inad və ərköyünlükdən
dolayı dağı dağ üstünə
qoyacağımı düşünürdüm.
O cahil cəsarəti ilə də özümü
potensialımı aşan bir işdə sınamaq qərarına
gəldim. Müraciət edəndə o qədər ümidli
olmasam da, bəxtim gətirdi, məni işə
götürdülər. Rəhbərlik müəyyən səbəblərdən
potensialımı düzgün qiymətləndirmədi, belə
yanaşma sərf elədiyinə görə heç mən də
səsimi çıxarmadım.
Əvvəl-əvvəl hər şeyin yolunda getdiyini
düşünsəm də, bir müddət sonra necə səhv
etdiyimi anladım. Çox çətinlik çəkirdim,
tapşırılan işlərin öhdəsindən gələ
bilmirdim. Kollektiv də haqlı olaraq, məni qəbul etmirdi,
çünki onların illərlə əziyyət çəkib
çatdıqları yerə tələsmişdim.
İlk aylar az qala hər gün ağlayırdım.
Ancaq geri çəkilmək də istəmirdim. Hər
günü özümü təsdiq üçün fürsət
bilirdim. Xeyli müddət sonra cəhdlərim nəticə
verdi. Min bir əziyyətlə də olsa, özümü
sübut etməyi bacardım. Hətta yadımdadır, işdən
çıxmaq istədiyimi deyəndə rəhbərlik
qalmağım üçün maaşımı
artırmağı da təklif etmişdi. Artıq kollektivin də
sevimlisinə çevrilmişdim. Yaşım az olduğundan mənimlə
mülayim rəftar edir, səhvlərimi görəndə ya
göz yumur, ya da ehmalca başa salırdılar.
Hər şeyin yoluna düşdüyü bir vaxtda
sakitcə ərizəmi yazıb işdən
çıxdım.
O şirkətin əməkdaşı olduğumu bu
gün qürurla dilə gətirirəm, çünki
oranın karyera inkişafımda böyük rolu var. Amma
şirkətin yerləşdiyi tərəflərdə bir
işim olanda, yolumu bilərəkdən uzadıram ki,
küçəsindən belə keçməyim.
Yaşadığım travmalar hələ də mənimlədir.
Orada qazandığım uğurlar o travmaların
ağrısını unutdurmur.
İndiki ağlım olsaydı, qoymazdım məni o
qədər incitsinlər. Məsələn, ilk dəfə
ağlamaq üçün girdiyim künc otaqdan
çıxıb, birbaşa qapıya üz tutardım. Bircə
dəqiqə də qalmazdım orada, bəlkə də
heç başdan getməzdim. Bilmirəm. İndi bir həqiqəti
aydın şəkildə dərk edirəm ki, həyatda
heç nə insanın özündən dəyərli deyil,
hətta qazandıqları belə.
İstənilən halda şair demişkən,
"indi daha kövrəlməyin yeri yox". Olan olub,
keçən keçib. Həyatdır, əlbəttə, səhvlərimiz
də olacaq, düzlərimiz də. Ən əsası
atılan yanlış addımlardan nəticə
çıxarmaq və eyni xətaları yenidən təkrarlamamaqdır.
Mənim də bu səhvdən
çıxardığım xeyli dərslər oldu. Ən
vacibi isə potensialıma görə hərəkət etməyi,
bu yolda həm özümə, həm də başqalarına
qarşı dürüst olmağı öyrəndim.
Elə o təcrübədən yola çıxaraq,
bu gün daha diqqətli davranıram. Məsələn, nə
vəd olunur-olunsun, bacaracağımdan şübhə etdiyim
heç bir işə qol qoymuram.
Bu həqiqətə çatmaq üçün təxminən
bir ilimi verməli oldum. Bəlkə də, əvəzi
ağır olduğuna görə bu mövzuya belə həssas
yanaşıram, deyə bilmərəm. Ancaq nə vaxt
insanın özünü olduğundan daha üstün təqdim
etməsinə dair nəsə eşitsəm,
yaşadığım o acı təcrübəni
xatırlayıram.
Son dövrlərdə karyera planlaması və
inkişafı ilə bağlı məsləhət verən
təlimçilərin dilindən belə tezisləri tez-tez
eşidirik. "Təqdimat bacarığı" adı
altında "özünü olduğundan daha üstün
göstərmək" şüarları gündən-günə
populyarlaşır. Bu nəzəriyyənin belə sürətlə
məşhurlaşmasında müəyyən obyektiv səbəblərin
xüsusi rolu var. Rəqabət mühitinin mümkün şərtlərini
nəzərə alanda belə yanaşmanın gərəkliliyini
etiraf etməli olursan. Tutaq ki, bir insan on bilir, ancaq
özünü beş göstərməyi bacarmır. Belə
olan halda həmin şəxsin iş həyatında bir
çox şansları qaçıra biləcəyi istisna
deyil. Amma vay o gündən ki, insan beş bilib,
özünü on göstərsin, hələ üstəlik,
hamıdan əvvəl bu yalana özü inansın.
Məsələyə "bircə kandarı
keçim" düşüncəsi ilə yanaşanlar
sonrasını düşünmür. Halbuki əsas həngamə
də elə prosesin gedişatında yaranır. Qəribəsi
budur ki, saxta görüntüyə meyilli insanlar
uydurduqları yalanların təbliğatını da
yaxşı apara bilirlər. Məsələn, cəmi
üç nəfərin iştirak etdiyi yarışda
üçüncü olub, bunu bəh-bəhlə uğur
hekayəsi kimi təqdim edənlər var. Özünü fərqli
göstərib, gerçək mahiyyətini gizlətmək
üçün dəridən-qabıqdan çıxan o qədər
insan tanıyıram ki. Təəssüf ki, çox vaxt
qazanan da onlar olurlar. Necə deyərlər, zəmanə
onların zəmanəsidir. Belə qeyri-sağlam rəqabət
mühitində isə mübarizə aparmaq çox
müşküldür.
Maraqlısı bir də odur ki, belə davranış
tərzi təkcə iş mühitində yox, insanlararası
münasibətlərdə də özünü göstərir.
Halbuki bovarizmin yön verdiyi macəralar xoşbəxt sonluq vəd
edə bilməz. Belə münasibətlərin mayasında
bir riya var axı. Yolun başında özünü
olduğundan fərqli, daha doğrusu, olduğundan üstün
göstərmək cəhdi zaman keçdikcə çirkin
yalanlara rəvac verir. Uzunmüddətli münasibətlərdə
bir nöqtədən sonra insanın əsl mahiyyəti
bütün çılpaqlığı ilə üzə
çıxır. Bu, aksiomadır.
Deyirlər, yalan qurucudur, həqiqət
dağıdıcı. Ara-sıra hamımız yalanın
kölgəsinə sığınırıq. Bəlkə
yaşamağın ən doğru yolu elə budur - hər səmtə
qonaq olmaq.
Mütləq həqiqətin gücünü isə
daim xatırlamaqda fayda var - hər şey onda başlayıb,
onda da bitir. Həqiqətdən o yanası yoxdur. Mən o bir
ildə öyrəndim ki, həyat şərtlərinin nə
diktə etməsindən asılı olmayaraq, ən
yaxşısı dürüst oynamaqdır. Həm də lap
başdan. Yalanın müşayiəti ilə gedilən yol dəyərsiz
hədiyyələri gözəl bağlamalara bükməyə
bənzəyir. Bəzək nə qədər gözəl
olsa da, dəyər hədiyyəyə biçilir. Ən
doğrusu özünü içindəkinə layiq bəzəməkdir...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.13.