97 nəfəri xilas edən pilot
YUSİF SƏMƏDOĞLU NƏDƏN QORXURDU?
Ölkəmiz üçün böyük faciəyə
səbəb olan məlum təyyarə qəzası baş
verdiyi günlərdə Xalq yazıçısı Anar və
"Azərbaycan" jurnalının baş redaktoru
İntiqam Qasımzadə 65 il əvvəlki bir hadisəni - mərhum
Xalq yazıçısı Yusif Səmədoğlunun sərnişini
olduğu təyyarənin səmada qəza təhlükəsi
ilə qarşılaşdığını və təyyarənin
komandirinin peşəkarlığı sayəsində sərnişinlərin
yaranmış ekstremal vəziyyətdən sağ-salamat xilas
olduğunu yada saldılar. Hətta Anar müəllim komandirin
adını da xatırladı: Əli Novruzov. Və onun
Sosialist Əməyi Qəhrəmanı adına layiq
görüldüyünü də bildirdi.
Hadisəni eşidəndə bununla bağlı bir
jurnalist araşdırmasına ehtiyac olduğunu
düşündüm. O vaxt bu istəyimi gənc jurnalist,
istedadlı yazıçı Nadir Yalçına demişdim.
Üstündən bir müddət keçdiyindən,
düzü, fikirləşirdim ki, Nadir bu söhbətimizi
artıq unudub. İndi "Kulis"də onun "97 nəfəri
xilas edən pilot" yazısını görmək mənim
üçün sürpriz oldu. Nadirin bu sanballı
araşdırmasından xeyli təsirləndim. Yazıya
görə Nadirə çox sağ ol deyir, aviasiya tariximizdəki
bu hadisə ilə bağlı belə yaxşı material
hazırladığına görə onu təbrik edirəm.
Rəşad Məcid
Dekabr faciəsi və itirdiklərimiz
Xalqımız ötən il dekabrın 25-də AZAL-a
məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin
təyyarəsinin qəzaya uğramasını və təyyarənin
göyərtəsindəki 38 nəfərin həlak olmasını
dərin kədərlə qarşıladı. Həm sosial
şəbəkələrdəki reaksiyalar, həm də
ictimaiyyət arasında canlı şahidi olduğumuz ab-hava bu
hüznün miqyasını aydın ifadə etdi. Bir neçə
gün öncə hadisə nəticəsində həlak
olanların, xüsusən, qəhrəman pilotlar - İqor Ksnyakin,
Aleksandr Kalyaninov və həyəcanlı, bir o qədər də
mətin səsi faciənin elegiyasına çevrilmiş
Hökumə Əliyevanın 40 mərasimindən
görüntülər, onların yaxınlarının
müsahibələri, açıqlamaları yenidən bizi
ötən ilin sonundakı o məşum günə
qaytardı.
İndi nəql edəcəyim məsələ isə
Prezident İlham Əliyevin Sərəncamı ilə həmin
ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı
adının verilməsi ilə əlaqəlidir. Sərəncamdan
sonra tarixdə belə ali dərəcə ilə təltif
edilən Azərbaycan pilotunun olub-olmaması sualı məni düşündürdü.
Çünki sirr deyil ki, bəzi naqisliklərlə
yanaşı, cəsarət, peşəkarlıq kimi
taleyüklü məsələlərin Azərbaycanın
taleyində mütləq bir ənənəsi, tarixi genetik izi
var. Bu izin ardınca düşəndə isə düz 65 il əvvəlin
- 1960-cı ilin bir yay günü ilə bağlı səhifəsi
açıldı.
1960-cı ilin yayında baş verən hadisə nə
idi?
1960-cı ildə görkəmli
yazıçımız Yusif Səmədoğlu ilə Nəmidə
xanımın toyu olur. Yeni ailə həyatı quran
cütlük toydan sonra istirahət üçün Moskvaya
getmək qərarına gəlirlər. Bakı-Moskva reysi
üçün bilet alırlar və indiki dillə desək,
bal ayına hazırlaşırlar.
Yusif Səmədoğlu ilə Nəmidə
xanımın toyundan foto. Görkəmli şair Nazim Hikmət
Yusif Səmədoğlunu təbrik edərkən. Bakı,
1960-cı il
Uçuş günü İL-18 təyyarəsinin
texniki vəziyyəti nəzərdən keçirilir. Təyyarənin
və heyətin uçuşa tam hazır olduğunu biləndən
sonra komandir dispetçerdən "uçuş
tapşırığı" vərəqini alıb təyyarəyə
gəlir. Dispetçerdən radio ilə mühərriki işə
salmaq üçün icazə alır və
"gücünü" toplayıb təyyarəni səmaya
qaldırır. Əlli dəqiqədən sonra isə həyəcanlı
anlar başlayır. Bort mexaniki üçüncü və
dördüncü mühərrikdə yağın həddən
çox qızdığını, təzyiqin yüksəldiyini
deyir. Həmin mühərriklərdən alov
çıxmağa başlayır.
Səmada cəsarətin izi
Təyyarənin komandirinin əmri ilə bort texnik
üçüncü və dördüncü mühərrikə
yanğındörən tuşlayır və mayeni
boşaldır. Komandir ağırlığı 54 ton olan və
dörd mühərrikindən ikisi işləyən təyyarəni,
çətin də olsa, ustalıqla zolağa endirir. O, bununla
97 nəfər sərnişinin həyatını xilas
etmiş olur. Xilas olanlar arasında Yusif Səmədoğlu və
həyat yoldaşı ilə yanaşı, rejissor Lətif Səfərov
da var imiş. O, digər sərnişinləri sakitləşdirməklə,
ürək-dirək verməklə məşğul imiş. Təyyarədə
həyəcanın azalması üçün uca səslə
xeyli danışıb... Hökumə Əliyeva kimi "Hər
şey yaxşı olacaq..." intonasiyasında...
Rejissor Lətif Səfərov
Qeyd edim ki, bu prosesin detallarını 1992-ci il mayın
6-da "Xalq" qəzetində Arif Həsənovun imzası
ilə çap olunan bir yazıdan əxz etmişəm.
Yusif Səmədoğlu ikinci dəfə ölümdən
necə xilas olub?
Hadisə isə sərnişinlərin çoxu kimi
Yusif Səmədoğlunu sarsıdır. Əvvəllər
dilində cüzi kəkələmə olan
yazıçı bu hadisədən sonra daha çox kəkələməyə
başlayır. Təyyarənin qəza qorxusu onun psixoloji
durumuna da təsir edir və Yusif Səmədoğluda təyyarə
fobiyası yaranır... "Azərbaycan" jurnalının
baş redaktoru İntiqam Qasımzadə danışır ki,
uzun müddət Yusif Səmədoğlu təyyarəyə
minməyib: "Çexoslovakiya ilə birgə film çəkmişdilər.
İkinci filmin müqaviləsini bağlamaq üçün
Yusiflə Eldar Quliyevi Praqaya dəvət etdilər. Əvvəlcə,
Moskvaya getdilər, mən də onların yanındaydım.
Uçuşdan bir gün əvvəl mehmanxanada şam elədik,
yaxşı yeyib-içdik. Səhər tezdən Praqaya
uçmalı idilər. Yusif səhər yuxudan durmağa ləng
idi. Eldar Yusifi oyatdı ki, dur, uçmalıyıq. Yusif dedi
ki, əşşi, yat e, neynirsən, axşam qatarla gedərik.
Nəysə ki, təyyarə ilə uçmadılar,
yatdılar günortaya qədər. Sonradan xəbər tutduq
ki, həmin təyyarə Praqa aeroportunda qəzaya
uğrayıb və hamı həlak olub".
Yusif Səmədoğlu, həyat yoldaşı Nəmidə
xanım və kinorejissor, ssenarist Eldar Quliyev
Bəli, "söz vaxtına çəkər"
deyiblər. 52 il əvvəlin bir qış günündə
- 19 fevral 1973-cü ildə Tu-154 təyyarəsinin ilk qəzası
baş verib. Moskvadan qalxan təyyarə Praqa aeroportuna enərkən
uçuş zolağına 470 metr qalmış qəzaya
uğrayıb. Göyərtədəki 100 nəfərdən
66-sı həlak olub. Yusif Səmədoğlu ilə Eldar
Quliyevi bu qəzadan 60-cı ildə Yusif Səmədoğluda
yaranan təyyarə fobiyası, axşamkı möhkəm
yeyib-içməkləri, bir də yazıçının səhər
oyanmağa tənbəlliyi xilas edib...
İndi isə qayıdaq 60-cı ildəki təyyarə
məsələsinə. Həmin təyyarənin komandiri azərbaycanlı
pilot Əli Novruzov olub. Təəssüf ki, onun haqqında
internet resurslarında heç bir məlumata rast gəlmədim.
Azərbaycan Mülki Aviasiya Muzeyinə müraciət etdikdən
sonra Əli Novruzovla bağlı bəzi məlumatları əldə
edə bildim.
Əli Novruzov kimdir?
Əli Novruzov 14 avqust 1925-ci ildə Bakı şəhərində
anadan olub. 1944-cü ildə Azərbaycan Mülki Hava
Donanmasının 3-cü Əlahiddə təlim
aviaeskadrilyasını və 1953-cü ildə Ali
Uçuş Hazırlığı məktəbini bitirib.
1945-1966-cı illərdə SSRİ Mülki Hava
Donanmasının Azərbaycan İdarəsi Hacıqabul şəhəri
222-ci aviadəstəsində təyyarəçi, 4-cü əlahiddə
sanitar-nəqliyyat manqasında təyyarəçi, 9-cu avianəqliyyat
dəstəsində ikinci təyyarəçi, 107-ci aviadəstədə
təyyarə komandiri və aviaeskadrilyanın təlimatçı-təyyarəçisi,
İL-18 təyyarəsinin komandiri vəzifələrində
çalışıb. Aviasiya texnikasını yüksək
səviyyədə mənimsəyərək Ə.Novruzov səmada
rast gəldiyi bir çox çətinliklərin öhdəsindən
cəsarətlə gəlməyə müvəffəq olub.
19 avqust 1960-cı ildə vəzifəsini igidliklə yerinə
yetirdiyinə görə Azərbaycan Respublikasının Fəxri
fərmanı ilə təltif edilib. Ə.Novruzov təyyarəçilik
fəaliyyəti dövründə 15 min saat havada
uçuş keçirib.
Əli Novruzov mülki aviasiyada göstərdiyi xidmətlərinə
görə 1960-cı ildə "Aeroflot əlaçısı",
3 dəfə "1000000 km uçuşa görə"
döş nişanları, 1963-cü ildə Sosialist Əməyi
Qəhrəmanı fəxri adı, "Lenin" ordeni və
qızıl medal, 1984-cü ildə "Əmək
veteranı" medalı ilə təltif olunub.
Burda incə bir məqam var - Əli Novruzovun Sosialist
Əməyi Qəhrəmanı adı ilə təltif edilməsi...
O dövr üçün ən ali adlardan biri... O hadisədən
sonra Azərbaycan pilotlarının şöhrəti artır,
bütün qəzetlər Əli Novruzovdan bəhs edir. Bu sahəyə
maraq da çoxalır.
SSRİ tərənnüm, təqdir dövründə
bu hadisənin şöhrəti ilə öyünürdü.
Heç vaxt mənfi nəticələnən hadisə
qabardılmayıb və həmin hadisələr uğrunda
qurban gedənlər yada salınmayıb. İL-18-in uğurlu
enişinin əksi olsaydı, Əli Novruzovun adını hər
yerdən silərdilər, bəlkə də...
Səs də qəhrəman olurmuş...
Hansısa bir mühərrikin nasazlığı, texniki
problemlə yox, kənar naqis müdaxilə ilə 2024-cü
ilin dekabrında qəzaya uğrayan təyyarəmiz və onun
ekipaj üzvləri isə bizim üçün qəhrəmandılar,
onlara verilən Milli Qəhrəman adı ilə öyünməmək
mümkün deyil. Bəli, qəza oldu, həlak olanlar var idi,
amma kimin günahı hesabına? Və ən əsası, o
situasiyada İqor Ksnyakin, Aleksandr Kalyaninov öz vəzifələrini
vicdanla, Azərbaycan pilotuna layiq şəkildə yerinə
yetirdilər.
Səmada ölümə tərk edilmək... Hökumə
Əliyevanın səsi... Səs də qəhrəman
olurmuş. Əminəm, Milli Qəhrəman adı Hökumənin
səsinə verildi...
Keçmişdən günümüzə aviasiya qəhrəmanları
Bu söhbətlərin aktual olduğu günlərdə
Azərbaycan pilotlarının, aviasiya sturukturunun qəhrəman
simasını - Əli Novruzovu yad etmək istədim. Bu il onun
100 yaşı tamam olur. Qeyd olunmalı, nəsillərə
tanıdılmalıdır...
Bu torpaqlar, bu səmalar nə Əli Novruzovları, nə
İqor Ksnyakinləri, nə Aleksandr Kalyaninovları, nə də
Hökumə Əliyevaları unudacaq. Nə vaxtsa insanlar unutsa
belə, torpaq və səma əsla! Nəbi Xəzrinin təbirincə
desək, necə aparasan? Səma səmadır, torpaq
torpaqdır...
"Nə qədər göylər var, mən səninləyəm"
(N.Xəzri)
P.S. Arxiv məlumatlarını mənimlə
bölüşdükləri üçün Mülki Aviasiya
Muzeyinə, xüsusən, muzeyin direktoru Firəngiz
Hüseynovaya və muzeyin əməkdaşı Yeganə
Muradovaya dərin minnətdarlığımı bildirirəm.
Kulis.az
Nadir YALÇIN
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.12;13.