Zeynəb oxuyur

 

Sevimli müğənnimiz Zeynəb xanım Xanlarovaya ithaf

Ömrün baharında, qışın qarında

Nəğmələr həmişə ətir qoxuyur,

Habil kamanında, Hacı tarında

Şirin nəğmələri Zeynəb oxuyur.

 

Səsinə səs verir şəlalər də,

Məst olur dərə də, dağ da uyuyur.

Sərin su içdiyim piyalələrdə

Baxıb görürəm ki, Zeynəb oxuyur.

 

Bu səsə vurğundu ərəb də, türk də,

Xalqımın nəğməsin dost ellər duyur.

Nəğməylə döyünür bu gün ürək də

Azərbaycan bülbülü Zeynəb oxuyur.

 

Açıl nəğmə ilə açıl, ey ürək,

Mənim də hissimi nəğmələr yuyur.

Bəhramın könlünü sən açsan əgər,

Görərsən, orda da Zeynəb oxuyur.

 

Yüz ildən bir...

 

Dostum Vaqif Bəhmənliyə

Şeirdi

Bu kainat

Bu gözəl həyat.

Şeirdi

Bu daş, bu torpaq

Bu gül, bu çiçək

Hər yaşıl yarpaq,

Hər zəif ləçək.

Sinəmdə çağlayan

Söz bulağından

Dibinə su çək!

Çəkməsəm, quruyar

Dəyirman kimi

Suyu sovurar,

Şair qardaşım,

Gözəl şeirlər

Dahi adamlar kimi

Yüz ildən bir doğulur...

 

Bu kənd

 

Bizim kənddi

Evləri şəkərdi, qənddi

Bu kənd

Bizim kənddi

Ocağının istisiynən

Bacasının tüstüsüynən

Bu kənd

Arı pətəyidi

Baxçaları, bağları

Yaşıl donun ətəyidi

Bu kəndin

Üzü Günəşə sarıdı

Adamları arıdı

Yer şumlayır

Ağac əkir

Ot biçir

Bar daşıyır

Bu kəndin adamları

Halal zəhməti ilə

Bax, beləcə yaşayır.

 

Əzrayıl

 

Atlı olsan əgər sən

Kəndiri, sapı kəsər.

Pəncərəni döyər hey,

Sonrada qapı kəsər.

Həyətində küllənər,

Haqq qapısı bağlanar.

Bağlanar, möhürlənər.

Kilidi sehirlənər.

Əzrayılla əzizim

Heç vaxt, heç vədə

Küsüb, barışmaq olmaz.

Əzrayılın işinə

Heç vaxt, heç vədə

Atam, qarışmaq olmaz.

Hər nə bilsə, eyləyər,

Heç kəsin gücü çatmaz.

Əzrayılla neyləyər?

Zəhərli ilan kimi

Zəhəri var dişində.

Çaldığın çalan kimi

Özü bilir işində

Dişiylə, dırnağıyla

Hər nə gəldi qoparır.

Kiçik, böyüyə baxmır,

Vaxt gələndə aparır.

Bu dünyanın ən ağır

Ölüm adlı yükü var

Hamının sinəsində,

Bir Əzrayıl tükü var.

 

Çatmır

 

Qapıda kəsilir gündə bir toğlu

Hamının payını yeyən də sənsən.

Göydən düşməmisən, ay zalım oğlu,

Hamıya oğrudu deyən də sənsən.

 

Heç kim ətəyindən dartmayır sənin

Həmişə bəs niyə yaxan cırıqdı.

Qazancın qarnından artmayır sənin,

Geydiyin həmişə köhnə çarıqdı.

 

Sənin xəbislikdi qarnını deşən

Üzr istəməkdə səxavətin bol.

Üzr istəməkdi hamıdan peşən,

Ömründə bircə gün alicənab ol.

 

Eşşəyə tökülür atın arpası,

Onsuz da deyilən ağlına batmır.

Sənin boğazının saman torbası

Bir də ki əlinin kasası çatmır.

 

Bəhram FƏRMANZADƏ

525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.15.