Ürək deyir,
yaşa hələ!..
Nə vaxtsa eşitdiyim bir kəlamı
xatırlayıram: müəllim ömrü ömürlərdədir.
Düşüncələrin işığı səviyyəsində
gözəl deyilib. Zaman bu işığı heç vaxt
azalda, sozalda bilməyəcək.. Həm də zaman da gözəl
kəlamların xiridarıdır, eşidir, yadında
saxlayır, məqamında xatırladır.
Müəllim bütün zamanlarda ustad hesab olunub;
"Ustadın kimdir?" sorğusu "Müəllimin
kimdir?" sorğusu kimi qəbul edilib.
Dünyagörüşü geniş olanlar, həyat fəlsəfəsinin
mahiyyətini ruhu ilə dərk edənlər, bu gündən
sabahları görənlər - dünənləri unutmayanlar,
...ustadını - müəllimini həmişə ehtiramlarla
xatırlayıb. Min illərdi belədir, min-min illərlə
belə də olacaq. "Kitabi-Dədə Qorqud"da Günəş
ömürlü bir deyim var: "Görər gözlərimin
aydını oğul!" Müəllim şagirdinin görər
gözlərinin aydınıdır -
işığıdır, dodaqlarının kürləşməyən
sözüdür, yurd kəlməsində ocaq kəlməsinin,
köz kəlməsinin mahiyyət eyniliyini görmüşəm;
müəllim şagirdinin yurdunun ocağıdır,
ocağının közüdür...
Müəllimlər (həm də yaxşı müəllimlər!)
xatırlananda bu fikirlər həmişə düşüncələrimin
ahənrübasına dönür...
Bir müəllim tanıyıram. 1950-ci ildə Zəngilanda
anadan olub. Ruhu təbiətin səxavətindən
barınıb. Ruhun incəliyi də, rəvanlığı
da başlanğıcını təbiətdən
götürür. Bu anlamda ruh həm də təbiət vasitəsilə
formalaşır. Sonralar müəllim olacaq Qətibə Yəhya
qızı səkkizinci sinifə kimi Zəngilan şəhər
orta məktəbində oxuyub, ailəsi 1965-ci ildə
Sumqayıta köçüb, təhsilini Sumqayıt şəhər
8 nömrəli orta məktəbində davam etdirib. Burada orta təhsil
alıb. Uzaqlığı yaxın bilib, Zəngilanın ruh sərhədlərindən
iraq düşməyib.
Müəllimlərini sevib - müəllimliyi sevib. Bu
sevgi bir niyyətin başlanğıcı olub - müəllim
olmağı qərara alıb. 1969-cu ildə V.İ.Lenin
adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki
Azərbaycan Dövlət Pedaqoji Universitetinin) "Məktəbəqədər
psixologiya və pedaqogika" fakültəsinə qəbul
olunub. Qiyabi təhsil alıb. Öyrənib. Öyrənə-öyrənə
körpələrin (və uşaqların) dum-duru
dünyasının vurğunu olub. Sabahlara bu dünyanın
işığından baxanların sırasında o da olub...
1970-ci fevralın 18-dən 1977-ci il fevralın 3-dək
Sumqayıt şəhərindəki 28, 14, 43 və 38 nömrəli
uşaq bağçalarında tərbiyəçi-müəllim
və metodist-müəllim olub. Yaxşı iş, qabiliyyət,
bacarıq işıq misallıdır - hər yandan
görünür, yuxarıdan daha aydınlığıyla seçilir.
Görünür, seçilir və bu işıq
sabahların işığına yönəldilir. Qətibə
Əsədova 1977-ci il fevralın 3-də 44 nömrəli
uşaq bağçasının müdiri təyin olunub. Sonra
pedaqoji fəaliyyətini 1979-cu il martın 5-dən 2006-cı
il sentyabrın 6-dək 48
nömrəli uşaq bağçasının müdiri kimi
davam etdirib. Bu təyinatlar müəllimə etimad idi və bu
etimad daha böyük sevgilər yaradacaqdı. Binadan belədir:
Ürək yanmasa, gözdən yaş çıxmaz (yozumu:
öz işini özün bəyənib işlə, ürəkdən
işlə, ürəyinin hökmü ilə işlə. Qətibə
müəllim belə işləməyə başladı)...
Körpələrin ufacıq, incə, zərif, bənzərsiz
dünyasına bələd idi. Bu gözəl dünyanın
ruhunu da sevirdi, bu ruhu pərvazlandırmağın da cəfakeşiydi.
"Körpə dünyası sabahlara aparan
körpüdür. Ömrünün işığı bu
körpüyə düşməyən bağça müəllimi
metodist, bağça müdiri yaxşı işçi ola
bilməz..." - Qətibə Əsədova belə deyirdi.
İdarəetmənin incəliklərini bu düşüncələrlə,
geniş dünyaduyumunun, mütaliə ilə əldə edilən
qabiliyyətin (xarakterləri öyrənmə
metodlarının çalarlarının), fərdi
yanaşmanın gərəkliyinin vəhdəti ilə səbrlə,
öyrənə-öyrənə öyrədə-öyrədə
işlədi. İşini Sumqayıt şəhər xalq
maarif idarəsi də bəyənirdi, valideynlər də. Və
Qətibə Əsədova 1983-cü il dekabrın 26-da Azərbaycan
SSR "Qabaqcıl maarif xadimi" döş nişanı ilə
təltif olundu.
Qətibə Əsədova 48 nömrəli uşaq
bağçasının körpələrini qabaqcıl
maarif işçisi kimi, azərbay-cançılığı
həyat fəlsəfəsi bilən ana kimi, müəllim kimi
məktəbə uğurlayırdı. "Uşaqların hər
birini əzizləyə-əzizləyə, nazını
çəkə-çəkə məktəbə, deməli,
həyata hazırlamağı təkcə vəzifə borcu
deyil, həm də vətəndaşlıq borcu bilirəm. Bu
dərklə də işləyəcəm...", - Qətibə
müəllim belə deyir. Onu tanıyanlar bu kəlmələri
bir ömürə şükranlıq bilir...
Ömür ancaq yaşanılan illər deyil. Həm də
Vətən üçün, dövlət üçün,
xalqın sabahları olacaq uşaq-lar üçün
yaşanılan illərdir. Onda Qətibə müəllim də
digər könlü rəvanlar kimi deyib ki, "Bu
ömürü yaşamağa dəyərmiş..."
"Sonuncu gün bağça yaşı başa
çatmış uşaqlardan biri buraxılış tədbiri
başa çatanda özünü üstümə saldı.
Onu bağrıma basdım. O da mənə
sığındı. O da kövrəlmişdi, mən də
kövrəlmişdim. Mən ona baxırdım. O da mənə
baxırdı. Niyə belə elədiyini başa düşə
bilmirdim. Yaxşı uşaq, duyumlu uşaq
bağçanı həm də yaşıdlarının əhatəsində
olduğuna görə, sevgi gördüyünə görə
sevir. Üzümə baxdı. Diqqətlə baxdı. Sonra
bir qədər çəkinə-çəkinə, "Mən
sizi görməyə həmişə gələcəm...",
- dedi. Onda göz yaşlarımı saxlaya bilmədim...",
- Qətibə müəllim körpələri sevib. Bu sevgini
ömürünə Tanrı töhfəsi bilib...
Şağan qəsəbəsindəki Uşaq
Əlillər Evində gərgin vəziyyət
yaranmışdı. İstər idarəetmədə, istər
nizam-intizamda, istərsə də uşaqlara dövlətin tələb
etdiyi səviyyədə qayğıda. 2006-cı il
sentyabrın 7-də 3 nömrəli İnternat Evi adlanan bu
müəssisəyə Qətibə Əsədova direktor təyin
olundu. Az müddətdə xüsusi qayğıya və diqqətə
ehtiyacı olan əlil uşaqların həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində əsaslı
işlər həyata keçirildi. Bu, əlil uşaqların
cəmiyyətin fəal üzvləri sırasına
çıxarılması üçün etibarlı zəmin
idi...
5-18 yaşlı 180-ə yaxın əlil (əqli inkişafdan
geri qalmış) uşaq. Hamısının qayğıya,
diqqətə, köməyə ehtiyacı...
İnternatda uşaqların bir qismi xəstəliyinə
görə özünü idarə edə bilmirdi. Qətibə
Əsədova işə başladığı ilk günlərdən
bütün işçilərə səbrlə, təmkinlə
bildirdi ki, bura təkcə rəhbər kimi gəlməyib,
uşaqları sevən vətəndaş kimi gəlib, ana kimi
gəlib. Bu səmimiyyət hər birinin fəaliyyətində
tərpəniş yaradıb. Bu tərpəniş işdə
dönüş olacaqdı...
Xəstə uşaqlarla aparılan profilaktik
psixoloji-tibbi tədbirlər də gücləndirilib.
Qidalanmada, istirahətin təşkilində, yuxu rejiminin tənzimlənməsində
həyata keçirilən tədbirlər əhəmiyyətli
olub...
Məktəbdə hamı ona "Qətibə
ana" deyirdi; Qətibə Əsədovaya Qətibə
müəllim demirdilər. Böyük ürək yiyəsi
olan bir insan hamısına ana ola bilmişdi...
2010-cu ildə Heydər Əliyev Fondunun Prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
məktəbdə əsaslı təmir-tikinti və yenidənqurma
işləri aparıldı. Əqli və fiziki cəhətdən
qüsurlu uşaqların normal yaşaması, onların
müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması
üçün zəruri şərait yaradıldı. Qətibə
müəllim bunun təkcə məktəbə qayğı
olmadığını deyib, deyib ki, bu qayğı bilavasitə
cəmiyyətə qayğıdır...
Qətibə Əsədovanın bacarığı,
bu sahədə təcrübəsi, uşaqlara sevgisi yeni bir təyinat
üçün etibarlı zəmanət olub. Onu 2011-ci il
dekabrın 8-də Saray qəsəbəsindəki internat evinin
direktoru təyin ediblər. İş yeri dəyişmişdi,
iş üslubunun, işə sevginin mahiyyəti dəyişməmişdi.
Qətibə müəllim burada da uşaqların
dünyasının işığına işıq elədi
sevgisini. Valideynlər bura narahat gəlib arxayınlıqla
qayıdırdılar. Gəlirdilər, görürdülər.
Uşaqların sevgilərlə əhatələndiyini,
doğma münasibətlər-lə səhəri axşam,
axşamı səhər elədiyini görəndə
kövrələnlər də olurdu, minnətdarlığını
göz yaşları içində bildirənlər də.
Onda Qətibə müəllim üzünü yana çevirərdi
ki, gözlərini görən olmasın...
Bacarıqlı pedaqoji işçi, pedaqoq 2014-cü
il yanvarın 8-dən 2020-ci il fevralın 26-dək Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Sosial Təminat Xidmətinin Müharibə və əmək əlilləri
üçün pansionatında (Bakının Bilgəh qəsəbəsində)
direktor işləyib...
2010-cu il martın 4-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına
layiq görülüb, 2015-ci il martın 3-də "Tərəqqi"
medalı ilə təltif olunub.
Dövlətə, dövlətçiliyə sədaqət
əsl vətəndaşlıq qayəsidir. Həyat fəlsəfəsi
bu sədaqətə söykənən Qətibə Əsədova
işə sevgisiylə, tələbkarlığıyla,
ciddiliyiylə, ...tanınıb.
Qətibə Əsədova dünya
anlayışını ailə anlayışının
sinonimi bilib. "Dünyanı Günəş yaşadır,
ailənin Günəşi balalardır..." - bu gözəl
kəlam təkcə ana sevgisini ifadə etmir, həm də cəmiyyətə
sayğıdır, vətəndaş qayğısıdır
və bu qayğının qayəsi Vətəni sevməkdir,
Vətənə sevgidir.
Qətibə xanımın dünyasını
vaxtsız dəyişən həyat yoldaşı Zakir Əsədov
Sumqayıtda kimya sənayesi təmayüllü müəssisədə
rəhbər vəzifədə işləmişdi, Əməkdar
inşaatçı idi. Bu ailənin möhtəşəm səmimiyyətinə
həsəd aparanlar da çox idi. Üç övlad
böyütdülər. Təranə Azərbaycan
Respublikasnın Əməkdar həkimidir, Pərvin yüksək
rütbəli zabit kimi xidmətini ləyaqətlə davam
etdirir, Pərvanə Sumqayıt Reabilitasiya Mərkəzinin
baş həkimidir.
Fevralın 26-da anadan olub Qətibə Yəhya
qızı. 1992-ci ildən üzü bu yana, 32 il ad
gününü qeyd eləməyib. Səbəbini əzizləri
də bilib, iş yoldaşları da, dostları-tanışları
da. Heç kim ona ad gününün olduğunu
xatırlatmayıb. Ağrı-acılar heç zaman
unudulmayacaq. İllah da fevralın 26-da. 32 il həmin gün
hamının gözündən yayınıb. Xocalıda
öldürülənlərin, ölümdən can qurtarmaq
istəyəndə yolda donanların, itkin düşənlərin
taleyinə ağlayıb, Xocalıya vurulan yaralara
yanıb-yaxılıb.
"Fevralın 26-sı mənə 1992-ci ildən
sonra ad günümü unutdurdu. Ötən il
yığışdı uşaqlar. Xocalı işğaldan
azad olunmuşdu axı. Onda da Zakir yoxuydu. Üç
övladın atası, yeddi nəvənin babası, beş nəticənin
ulu babası Zakirsiz dünyada Zakirin xatirələri
çatdı imdadıma...", - kəlmələr kövrək,
dünənlərə həsrət, sabahlara ümidli...
Yeddi nəvəsinin, beş nəticəsinin təbəssümünü
ömrünün səmumu adlandıran, gülüşlərini
bir vaxtlar Zəngilanda Arazın, Oxçu çayının
narahat dalğalarının sahilə can atmasının eyni
bilən bir insan üçün bir xatırlatmamız var:
Ürək deyir yaşa hələ. Hələ sənin
öyüdlərin, nəsihətlərin nəticələrinin
də ömrünün sığalına dönməlidir, Qətibə
müəllim...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.14.