Ağrı
Esse
...Tənha olmaq istəmirəm. Ancaq səs-küydən,
gündəlik qayğılardan, yorucu ünsiyyətdən, təkrarlanan
həyat tərzindən, əlim çatan-çatmayan istək
və arzulardan bir qədər aralı olmaq istəyirəm!
İstəyirəm!..
...Buna cəhd etdim! Əcaib sakitlik,
qayğısızlıq, ünsiyyətsizlik, arzusuzluq, istəksizlik
ağrı kimi boğdu məni. Ürəyimin
döyüntüləri artdı, narahatlıq, rəngli
ağrılar, qaranlıq qəlbimə hakim kəsildi.
Düşündüm: "İlahi, haradayam?! Bu nə aləm!"
Nə yaxşı ki, telefonum zəng çaldı. Tədbirə
getməliydim.
...Küçəyə çıxdım. Yenə səs-küy,
qayğılı insanlar. Hamı evə tələsirdi.
Kiminin əlində zənbil, kiminin əlində çörək,
kiminin əlində portfel... Hər gün
rastlaşdığım, baş salamı ilə
ötüşdüyüm nurani bir qoca evə yenə əli
araqla gedirdi. Salamlaşdıq. Mənə bir göz də
vurdu. Sandım ki, gedək içək deyirdi. Kaş içə
biləydim. O qoca ilə dübədü vuraydım. O dərdini,
qayğısını, problemini, sevincini, istək və arzusunu
mənə danışaydı. İlahi, o, nə qədər
nurani bir insandır. Səmimidir, gülərüzdür,
xoş ovqatlıdır. Görən bu araq nədir?! O niyə
hər gün eyni vaxtda, eyni dükandan əli araqlı evə
gedir?!
Düşüncələr beynimi dəldi. Sabah bazar
günüdür. İş-güc də yoxdur. Onun
arağını özüm alacam, dübədü
olacağıq, dərdini öyrənəcəm, sevincini birgə
yaşayacam. Bircə sabah gəlsəydi.
...Bir soyuq qış axşamı. Tək-tük atan
qar dənəcikləri insanın sifətinə buz kimi
yapışırdı. Tez-tez rastlaşdığım o
nurani qoca ilə "Ailəvi market"də
görüşdük.
Adını soruşdum:
- Kamaldır - dedi.
Mən özümü təqdim etmək istədim, o,
gözümün içinə baxıb:
- Səxavət müəllim, ehtiyac yoxdur, - deyə
söhbətə başladı, - Baxışınız,
düşüncəniz mənə çox şey deyir...
- Necə yəni?!
- Siz pedaqoq, yazıçı olmağınıza
baxmayın. Mən də həyat yaşamış insanam.
Ömrümü hüquq-mühafizə orqanlarında insanlara
xidmətdə, onlara keşikdə keçirmişəm...
...Bu nurani qoca ilə söhbət edə-edə
yaxınlıqdakı "Uğur" kafesinə girdik.
Kişi əlindəki kağıza bükülü
arağı yemək masasının üstünə qoydu. Ona
xidmət etmək üçün hazırlıqlı idim.
Cibimdə pulum, "vurmaq" üçün də bir az həvəsim...
Sifariş verdiyimiz hinduşka kababı masaya gəldi.
Xidmətçi soruşdu:
- Nə içəcəksiniz?
Mən:
- Bir Gəncə arağı verin - dedim.
O, "Baş üstə" deyib getdi. Bir az
rahatlandım.
"Nə yaxşı oldu, Kamal kişi öz
arağını təklif etmədi", - deyə
düşündüm.
Arağımız da gəldi. Artıq yeməyə
başlamışdıq. Məkanımız sakit idi. Dübədüb
olmağın heç bir qorxusunu görmürdüm. Xidmətçi
arağı açıb, süzmək istəyəndə
Kamal kişi "özümüz süzəcəyik" -
dedi.
Xidmətçi getdi. Nurani qoca özünə məxsus
səmimiliklə və bir qədər çəkinə-çəkinə:
- Yazarlar içən olur. Bilirəm içəcəksən.
Məni bağışla, sənə yoldaşlıq edə
bilməyəcəm...
...Üz-gözümdə təəccüb və təzadı
"oxuyan" bu müdrik, nurani qoca dərindən
"ah..." çəkib söhbətə başladı:
- Mən sizi başa düşürəm nə
düşünürsünüz. Düşünməkdə
də haqlısınız. Qonşumuzda bir gənc ailə var.
Evin kişisi spirtli içki aludəçisi olub. Hər
gün içirdi, ayıq başı olmurdu. İndi gözləri
tutulub, ayaqları şikəst olub. Nə görür, nə
də hərəkət edə bilir. Ağrılardan elə
hey qışqırır. Həyat yoldaşı müəllimədir,
qızım olsun, ağıllı və gözəl bir
xanımdır. Dərdini, ağrısını mənə
danışır. Və deyir ki, müalicə-filan da kömək
eləmir, bədəni dərmanları da götürmür.
Elə hey araq istəyir. Həkim də buyurur ki, o şiddətli
ağrıları qalxanda az-az araq verin, dizinə və oynaqlarına
spirt sürtün... İndi onun həyat yoldaşının
xahişi ilə işdən çıxanda yolumu marketdən
salıb onlar üçün bir araq alıram. Qadının
dərdi ürəyimi üzür. Artıq bir neçə
gündür işə də çıxa bilmir...
...Kamal kişi danışırdı. Nuranə müəllimənin
gənclik illəri, həyat hekayəsi, tükənməyən
sevgisi mənə tanış gəlirdi. Özü
sevib-seçdiyi üçün ən çətin günlərinin
ağrı-acısını da böyük məhəbbət
və sevgi ilə yaşayırdı...
Səxavət TAĞLAR
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.13.