Yaşlanma problemi: çətinliklər
və onların həlli yolları
Dünya əhalisinin XIX əsrin əvvəllərində
sadəcə 1 milyard, XX əsrin ilk 20 illiyində isə təqribən
1.6-2 milyard arasında olduğu qəbul edilir. Lakin sonrakı
100 il ərzində dünya əhalisi 4 dəfə artaraq 8
milyardan çox olub. Artan əhali isə bir çox arzuolunmaz
halların yaranmasına səbəb olur. Məsələn,
işsiz insan sayı, tullantıların miqdarı,
tıxacların sıxlığı, cinayətlərin
intensivliyi və s. Bir çox iqtisadiyyatçı, siyasətçi,
sosioloq və digər mütəxəssislər artan əhali
sayını azaltmaq və yaranmış problemlərin həlli
ilə bağlı təkliflərini səsləndirirlər.
Statistik rəqəmlərə görə, ümumi
dünya əhalisinin artımında azalma müşahidə
olunur və dünyadakı ümumi əhali
artımının 21-ci əsrin ortalarına doğru
sıfıra yaxınlaşacağı ehtimal edilir.
Qloballaşma şəraitində Qərb düşüncə
və həyat tərzinin yayılması, ailə modellərinin
dəyişməsi, insanların maariflənərək daha az
uşağa üstünlük verməsi, ailə gəlirinin
çoxuşaqlı ailələr üçün uyğun
olmaması kimi bir çox faktorlar bu məsələyə təsir
göstərir. Təbii artımın aşağı
düşməsi ilk baxışda sevindirici hal kimi
görünsə də, əslində, başqa bir problemi - əhalinin
qocalmasını ortaya çıxarır.
Təbii artımın aşağı düşməsi,
ölkə əhalisində yaşlı nəsilin çəkisinin
artmasına səbəb olur. Yaşlı əhali dedikdə,
adətən 65 və yuxarı yaş qrupu nəzərdə
tutulur. Bu vəziyyət işçi
çatışmazlığına və böyük iqtisadi
itkiyə yol açır. Digər tərəfdən,
yaşlı əhalinin artması dövlət və özəl
pensiya fondlarının artıq yüklənməsinə səbəb
olur. Yaşlı insanların sayının artması tibbi xidmətlər
və qayğı xərclərinin artmasına gətirib
çıxarır. Orta ömür müddətinin
uzanması ilə illər boyunca yaşlılara qulluq xərcləri
artır və bu, ölkə iqtisadiyyatına mənfi təsir
edir.
Təbii artımın azalması nəticəsində
cəmiyyətdə daha az gəncin olması, enerjili fərdlərin
və yaradıcı ideyaların azalmasına səbəb
olur. Əgər təbii artım mənfi olarsa, əhalinin
azalması prosesi başlayır ki, bu da iqtisadi və demoqrafik
problemlər yaradır. Əhali azalması məhsul və xidmətlərə
olan tələbin azalmasına və bununla da iqtisadiyyatın zəif
böyüməsinə gətirib çıxara bilər.
Yaponiya, Çin, Cənubi Koreya, Sinqapur, Avropa ölkələri
(İtaliya, Almaniya, Yunanıstan, Portuqaliya, Bolqarıstan,
Estoniya, Macarıstan və s.), Kanada və ABŞ kimi ölkələr
aşağı təbii artım səviyyəsinə malikdir.
Göstərilən ölkələrə görə demək
mümkündür ki, təbii artımın aşağı
olduğu ölkələr əsasən inkişaf etmiş
ölkələrdir. Bu ölkələrdə iş və həyat
balansı, yüksək təhsil səviyyəsi,
qadınların iş gücündə daha fəal
iştirakı, müasir həyat tərzi və uşağa
olan tələbatın azalması kimi faktorlar doğum nisbətinin
düşməsinə səbəb olur. Bundan əlavə, bu
ölkələrdə həyat səviyyəsi yüksək
olsa da, çoxuşaqlı ailə qurma mövzusunda sosial və
iqtisadi çətinliklər var.
İnkişaf etmiş ölkələrdə təbii
artım faizi aşağı olsa da, regional olaraq demoqrafik
proseslərdə müxtəliflik gözə çarpır.
Məsələn, Yaponiya, əhalisi ən sürətlə
azalan ölkələrdən biridir, çünki nə
doğum artıb, nə də immiqrasiya var. Yaponiya
yaşlı nəslin ümumi əhalidə ən
böyük çəkisi olan ölkədir. Proqnozlara görə,
əsrin ortalarına doğru yaşlı nəslin ölkə
əhalisinin üçdə birini təşkil edəcəyi
gözlənilir. Avropada da isə doğum nisbəti
aşağı olsa da, bəzi ölkələrdə
immiqrasiya bu azalmaya mane olur. ABŞ və Kanadada isə təbii
artım aşağıdır, amma yüksək immiqrasiya sayəsində
əhali ümumilikdə artır.
Azərbaycan da təbii artım faizinin
aşağı düşdüyü ölkələr
sırasındadır. Belə ki, Dövlət Statistika Komitəsinin
açıqladığı rəqəmlərə görə,
1970-ci ildən 2000-ci ilə qədər əhalinin təkrar
istehsal əmsalları brutto olaraq 2.294-dən 1.160-a, netto olaraq
isə 2.085-dən 1.090-a enib. 2023-cü ildə isə brutto
artım 0.728-ə, netto artım isə 0.699-a
düşüb. Bu da təbii artımın azalması və əhalinin
yaşlanması prosesini göstərir.
Təbii artımı artırmaq üçün ailələrə
maliyyə dəstəyi, uşaq baxımı
üçün xidmətlər və sosial dəstək tədbirləri
təmin edərək uşaq sahibi olmağı təşviq
etmək çox vacibdir. Bu, həm ailələrin maliyyə
yükünü azaldar, həm də gənc nəsillərin
sağlam və güclü bir cəmiyyətin təməlini
qoymasına kömək edər. Ailələrə təklif
edilən maddi dəstək, onları uşaq yetişdirməyə
daha da cəlb edər və gələcəkdə ailə həyatını
daha da gücləndirər. Əlavə olaraq, uşaq
baxımı xidmətlərinin genişləndirilməsi,
valideynlərin iş və şəxsi həyatlarını
rahat şəkildə idarə etmələrinə kömək
edəcək və onların iş bazarına davamlı şəkildə
qatılmalarını təmin edər. Evlilik və ailə dəyərlərinin
təşviqinə yönəlmiş maarifləndirmə
kampaniyaları həyata keçirmək də vacibdir. Belə
kampaniyalar cəmiyyətin ailə qurma və uşağa sahib
olma mövzusunda müsbət baxışlarını gücləndirər
və bu dəyərləri gənc nəsilə
aşılamaqla gələcəkdə arzuolunan nəticələr
əldə edilə bilər.
Sabir ETİBARLI
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.13.