UNEC: təhsildə və
tədrisdə ən yüksək inkişaf səviyyəsinə
doğru
Son illərdə Azərbaycan Dövlət İqtisad
Universitetində (UNEC) təhsilin səviyyəsinin yüksəldilməsi,
yeni təhsil standartlarının hazırlanması, bu sahədə
beynəlxalq standartların tətbiqi, rəqabətədavamlı
təhsil sisteminin qurulması istiqamətində çox ciddi
işlər görülüb. Bu gün UNEC maddi-texniki
bazası, təlim-metodik vəsaitlər və bir sıra digər
istiqamətlər üzrə bir çox region universitetlərinə
örnək ola biləcək ali təhsil mərkəzinə
çevrilib.
Ölkə iqtisadiyyatının tələblərinə
uyğun olaraq ən mühüm ixtisaslar üzrə
iqtisadçı kadrların hazırlanması, onların
ixtisaslarının artırılması missiyasını
öz üzərinə götürən, həm də bu
işi layiqincə yerinə yetirən UNEC-də təhsil almaq
istəyən əcnəbi tələbələrin sayı
ildən-ilə artmaqdadır. Belə ki, 2024-2025-ci tədris
ilində UNEC-ə qəbul olan əcnəbi vətəndaşların
sayı son on illə müqayisədə 4 dəfə
artıb. Bu, UNEC-in təhsil keyfiyyətinin və cəlbediciliyinin
dünya miqyasında daha da artdığının bariz
sübutudur. UNEC-ə qəbul olan 205 əcnəbi vətəndaşdan
167 nəfəri bakalavriatura, 35 nəfəri magistratura, 3 nəfəri
isə doktorantura üzrə təhsil alır.
Tələbələrin 161 nəfəri qeyri-dövlət
xətti ilə, 6 nəfəri Hökumətlərarası
Saziş çərçivəsində, 5 nəfəri Heydər
Əliyev adına Dövlət Qrantı ilə, 32 nəfəri
isə DİM vasitəsilə qəbul olub. Bir tələbə
isə Türkiyənin Ege Universiteti ilə ikili diplom
proqramı çərçivəsində UNEC-də təhsil
alır.
Hazırda UNEC-də Çin, ABŞ, Rusiya, Türkiyə,
İsrail, İndoneziya, Malaziya, Hindistan, Estoniya, Qazaxıstan,
Özbəkistan, Türkmənistan, Gürcüstan və digər
ölkələrdən 500-ə yaxın əcnəbi tələbə
təhsil alır.
Mərakeş Krallığının vətəndaşı
olan Rayane Lokmane Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində
(ISE) təhsil alır. O, UNEC-dəki təhsildən, bu
universitetin tələbəsi olmaqdan çox razıdır.
Qeyd edək ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi
(ISE) 2015-ci ildə yaradılıb. Məktəbdə beş
ixtisas - Dünya İqtisadiyyatı, Maliyyə, Mühasibat
Uçotu, İqtisadiyyat və Biznes
İnzibatçılığı üzrə bakalavr pilləsində,
iki ixtisas - Dünya İqtisadiyyatı və Maliyyə üzrə
magistr pilləsində tədris aparılır. Beynəlxalq
İqtisadiyyat Məktəbi UNEC-in intensiv beynəlmiləşmə
və eyni zamanda, tədrisin keyfiyyətinin
artırılması məqsədilə Azərbaycan Dövlət
İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun təşəbbüsü
və təşkilatçılığı ilə
yaradılıb. Məktəbdə interaktiv metodlarla təşkil
olunan tədris bütövlükdə ingilis dilindədir.
Yalnız Azərbaycan dili, Mülki Müdafiə və nitq mədəniyyəti
fənləri Azərbaycan dilində tədris olunur. İSE-də
ingilis dili tədrisinin unikal metodikası yaradılıb və
bu da tələbələrə hazırlıq ili oxumadan 4 ilə
universiteti bitirmək imkanı yaradır. Məktəbə qəbul
Dövlət İmtahan Mərkəzin tərəfindən
aparılır. Məktəbdə ABŞ, İngiltərə,
Almaniya, Fransa, İsveç və başqa ölkələrin
aparıcı universitetlərinin məzunları olmuş və
eyni zamanda, geniş praktiki biliklərə malik müəllimlər
dərs deyirlər. Məktəbdə dərslər fərqli
formada keçirilir. Mühazirələr diskusiyaya
açıq olur. Məktəb ingilis dilinin tədrisində
yeni interaktiv metodun tətbiqinə başlayıb. Tələbələr
tədris edilən mövzuların həyatla əlaqəsini təcrübədən
keçirərək, xarici dilin mənimsənilməsinin əsas
çətinliklərindən olan "dil baryeri" problemini
qısa müddət ərzində həll edə bilirlər.
İSE-nin müəllimləri çalışır ki, tələbələr
ingilis dilini peşəkar səviyyədə bilsinlər. Məktəbdə
bütün fənn proqramları qərb universitetlərinin
proqramlarına uyğunlaşdırılıb. Məktəbdə
dərs deyən müəllimlər Qərb universitetlərinin
məzunlarıdır və onlar fənn proqramlarının
hazırlanmasında yaxından iştirak ediblər. Müəllimlərin
tədris etdikləri fənlər məzun olduğu universitetdə
oxuduğu və ən yüksək bal göstərdiyi fənlərdir.
Beynəlxalq İqtisadiyyat Məktəbinin əsas məqsədi
yüksək ixtisaslı kadr hazırlamaqdır.
ISE tələbəsi Rayane Lokmane deyir ki, ali təhsil
almaq üçün Avropa, Türkiyə, eləcə də
Orta Asiya ölkələrinin universitetlərini
araşdırırıb. Araşdırma apararkən UNEC-in
adına da rast gəlib və beynəlxalq reytinqlərdə
ölkənin ən aparıcı universiteti olduğunu
görüb: "İstədiyim ixtisas üzrə ingilis
dilində tədris var idi. Təhsil imkanları, eləcə də
qəbul şərtləri ilə maraqlandım və mənim
üçün çox uyğun idi. Qeyd edim ki, UNEC-ə əcnəbi
vətəndaşların qəbul proseduru çox
rahatdır. Sənədlərimi elektron qaydada göndərdikdən
sonra, onlayn müsahibə-tanışlıq mərhələsi
oldu və UNEC tələbəsi adını qazandım. Mən
hazırda Beynəlxalq İqtisadiyyat Məktəbində
ingilis dilində "Biznesin idarəedilməsi" ixtisası
üzrə təhsil alıram. Kiçik yaşlarımdan
biznes və iqtisadiyyat sahəsinə marağım
böyük olub. Xüsusilə, fərqli ölkələrdə
biznesin necə inkişaf etdiyini öyrənmək istəyirdim.
Gələcəkdə beynəlxalq biznes mühiti və
menecment sahəsində çalışmağı
düşünürəm".
Rayane Lokmanenin sözlərinə görə, Mərakeşdən
kənarda təhsil almaq ona dünya görüşünü
genişləndirmək üçün əvəzsiz imkanlar
yaratdı: "Bakıda yaşamaq və təhsil almaq, mədəniyyətlərarası
fərqləri anlamaq və daha açıqfikirli
olmağım baxımından çox yaxşı təcrübə
oldu. Azərbaycanda həm qərb, həm də şərq mədəniyyətlərini
görə bilirsən. Mənim üçün bu, müxtəlif
iş və sosial mühitlərdə necə uğur
qazanmağı öyrənmək deməkdir. UNEC-dəki tələbə
həyatı olduqca zəngindir. Buradakı mühit çox
dinamikdir - hər gün yeni bir şey öyrənmək və
sosial fəaliyyətlərdə iştirak etmək
mümkündür. Tələbələrə çoxsaylı
təcrübə proqramları və mübadilə
imkanları təklif olunur, bu da mənim üçün çox önəmlidir.
Daha çox xoşuma gələn cəhət müəllimlərlə
tələbələr arasında olan münasibət və
müəllimlərin dərsə yanaşma
metodlarıdır. Müəllimlərimiz hər zaman tələbələrin
suallarına açıqdırlar, dərsləri daha asan və
maraqlı başa salmaq üçün müxtəlif
üsullardan istifadə edirlər və tələbələrin
hər birinə fərdi yanaşırlar. Bu da dərsləri
daha rahat öyrənmək üçün çox
yaxşıdır. Fakültəmizdə mühit çox
dinamikdir, burada həm təhsil alırsan, həm də sosial həyatın
bir hissəsi olursan. Bu, məni inkişaf etməyə daha da
motivasiya edir".
Tələbə bildirib ki, boş vaxtlarında əsasən
dostları ilə vaxt keçirməyi, idmanla məşğul
olmağı, yeni yerlər kəşf etməyi sevir: "Mədəniyyətlərarası
təcrübə qazanmaq üçün fərqli mətbəxləri
dadmaq və müxtəlif yerləri ziyarət etmək də
mənim hobbilərim arasındadır. Təhsili və şəxsi
maraqlarımı balansda saxlamaq bəzən çətin olsa
da, hər ikisini eyni anda idarə etməyə
çalışıram. Mən ilk dəfə idi ki, ölkəmdən
kənara, həm də uzunmüddətli
çıxırdım. Başqa bir ölkəyə
uyğunlaşmaqda ilk günlərdə bir qədər
çətinlik yaşasam da, rus dilini bildiyim üçün
çox tez adaptasiya oldum və mənim üçün
maraqlı təcrübə oldu. Azərbaycan və Mərakeş
arasında bəzi mədəni oxşarlıqlar olsa da,
çox fərqli xüsusiyyətlər də var. Məsələn,
hər iki ölkədə ailə və qonaqpərvərlik
çox önəmlidir. Həmçinin, mətbəxlərdə
təzə tərəvəzlər və müxtəlif ədviyyatlar
geniş istifadə olunur. Lakin fərqliliklər də var: Azərbaycanda
insanların daha çox açıqfikirli və tolerant
olduqlarını müşahidə etdim. Azərbaycanın zəngin
tarixi və mədəniyyəti mənim üçün
çox maraqlıdır, burada ənənə ilə
müasirliyi yaxşı şəkildə birləşdiriblər.
Bu da mənə çox maraqlı gəldi: həm ənənələrə,
həm də inkişaf etməyə çox əhəmiyyət
verirlər".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov
deyir ki, UNEC təhsil keyfiyyətinin artırılması, tədrisin
düzgün idarə olunması istiqamətində ciddi
addımlar atılır: "Professor Ədalət Muradovun sayəsində
Azərbaycan Dövlət İqtisad Universiteti sürətli
inkişaf yolunda addımlayır. Universitet yalnız yerli deyil,
xarici təşkilatlarla da əlaqələrini genişləndirir.
İqtisad Universiteti ölkədə savadlı kadrların
yetişməsində müstəsna rol oynayır. Onun məzunları
yalnız Azərbaycanda deyil, eyni zamanda, ölkə xaricində
nailiyyətlərə imza atır, Azərbaycanın
adını yüksəldir. Azərbaycanlı tələbələrlə
yanaşı, bu gün UNEC-i seçən və bu universitetdə
təhsil almaq istəyən əcnəbi tələbələrin
də sayı kifayət qədərdir. Bu universitet Azərbaycanın
dünyaya tanıdılması istiqamətində xeyli işlər
görür və bu istiqamətdə işlər davam
etdirilir. Ədalət Muradov UNEC-i dünya səviyyəli bir
universitet etməyi qarşısına məqsəd qoyub".
Ş.Əsgərov bildirib ki, Azərbaycan Dövlət
İqtisad Universitetində tələbələrin yüksək
səviyyədə bilik mənimsəməsi üçün
yeni vasitə və metodlardan istifadə edilir, dünyanın
tanınmış universitetləri ilə tələbə
mübadiləsi aparılır. Bütün bunlar ölkənin
daimi inkişafına səbəb olan addımlardır.
Universitetin məzunu olan tələbələr Azərbaycan
iqtisadiyyatının inkişaf etməsində öz töhfələrini
verir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.12.