"Tarix cavab verər bu
böhtanlara..."
KLASSİKLƏRƏ MÜNASİBƏTDƏ
BÜTLƏŞDİRMƏ VƏ ŞEYTANLAŞDIRMA
CƏHDLƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ
Esse
Ötən əsrin otuzuncu illərində (lap dəqiqi
- 1936-cı ildə) "Quzeyin faşist dahisi" Hamsunun
"Dairə qapanır" romanında Abel Brodersen
saxtakarlıqlardan imtina edərək sosial qəbuledilmə
yerinə daxili təslimiyyətə - insan ruhunun sirli aləminə
yenidən boyun əyəndə, məsafəcə minlərlə
ağac bəridə yerləşən bir ökədə elə
o illərdə (lap dəqiqi - 1937-ci il) bir Azərbaycan
Vurğununun "Vaqif"i "Şair, hökmdarın
hüzurundasan" "xəbərdarlığını"
almasına baxmayaraq, "Əyilməz vicdanın böyük
heykəli" deyib baş qaldırmışdı -
görünüşdə Qacara, daxilən Stalinə - Qacardan
daha amansız, daha qəddar olana... Hamı üçün
son dərəcə ziddiyyətli, ağır və
böhranlı "desəm, öldürərlər, deməsəm,
ölləm" dövrü idi... Amma bariz bir fərqi diqqətdən
qaçırmaq olmaz: Hamsun açıq-aşkar şəkildə
"heç nədən peşman deyiləm, vicdanım təmizdir"
özünəbəraəti ilə ümumbəşəri bəlaya
- faşizmə könüllü tapınanda, repressiya cəza
maşını ilə burun-buruna dayanan Vurğun
"Vaqif"in tərtəmiz, misilsiz Azərbaycan dili ilə
fikrini çatdırmağa çalışırdı. Amma
könüllü seçim etməklə bəzən mədh
etməyə məcbur qalmaq ayrı - ayrı
anlayışlardır... Könüllü seçim etdiyinə
görə idi ki, norveçli "Hitler heyranı"nın
kitablarını həmvətənləri gətirib
qapısının önünə atıb gedirdilər,
poçtla ev ünvanına göndərirdilər. Nə bir
gurultu, nə bir dava-mərəkə - sakitcə. Bu, əslində
mütləq zərurət olmadan nədənsə şərin
tərəfində durmağı seçib zamanında
"Aclıq"la imtahan olunub dünyaya səs salan
yazıçını səssizcə "öldürmək"
idi... Əslində o elə öz-özünü
öldürmüşdü - Nobel mükafatının
medalını Hitlerə ərməğan olaraq göndərəndə
və nasistlərin "böyüyü" intihar edəndə
ona yazdığı nekroloqla...
Vilayət Quliyevin "Ədəbiyyatda Nobel
mükafatı laureatları" kitabında da oxuyuruq:
"İllər keçdikcə Hamsun
yaradıcılığında bədbin, qaranlıq səhifələr
çoxalmağa başlamışdı". Təəccüblüdürmü?
Deyil... Bütün bunlardan sonra özünə qarşı
yönələn ittihamlarla əlaqədar "Ot
basmış cığırlarla" "getmək
üçün" özünü müdafiə eləməli
olmuşdu... Seyfəddin Hüseynlinin "Tərcümə təcrübələri"
kitabında yer alan Avstriya yazıçısı Tomas
Bernhardın "Hamsunun son günləri" essesində də
əslində çoxdan "ölmüş", həkim
komissiyasının "əqli deqradasiya" diaqnozu ilə
sadəcə fiziki mövcudluğunu saxlayan
yazıçının mənəvi miskin və
düşkün son günlərinin ədəbi mənzərəsini
"görürük"...
Fəqət bu acınacaqlı mənəvi
düşkünlük də Hamsunun ədəbi irsinin beynəlxalq
miqyasda təbliğinə, yüksək tutulmasına mane
olmayıb. İsveç Akademiyasının üzvləri bir
vaxt Hamsunu "harada yaşamasından, hansı işi görməsindən
asılı olmayaraq bütün insanların həqiqi həyat
hekayəsi"ni yazan müəllif olaraq Nobellə
mükafatlandırmışdılar. Onun sonrakı
ictimai-siyasi seçimi öz ədəbi platformasına hər
nə qədər zidd olsa da, kimsə Hamsunun
yazıçı kimliyini, yaradıcılığını
silib-süpürüb bir kənara atmaq yolunu seçməyib.
Bu məsələlərə obyektiv-neytral yanaşmağa
çalışaraq deyiblər, yazıblar... Tarixi aspektdən
mübahisəli fiqur olsa da, ədəbi baxımdan onun irsini
müəllifin yer aldığı qaranlıq tərəfə
tolazlamayıblar, dövrün, şəraitin və
empatiyanın imkan verdiyi qədər dürüst
yanaşıblar. Nə yaradıcılığına görə
mifləşdiriblər, nə də siyasi əqidəsinə,
şəxsi seçiminə görə dibsiz quyulara
atıblar. Faşizmə tapınan söz ustasına sadə
xalq da öz etirazını sivil şəkildə bildirib.
Aqressiya, təhqirlər, alçaltmalar, mənəvi sui-qəsdlər
olmadan... Çünki yaradıcılığın üzərində
bəşəri, yaxud klassik yarlığı varsa, tarixin
qatlarından adlayıb bugünümüzə qədər gəlib
çıxa bilirsə, deməli, zamanın
sınağından keçib. Belə ədəbi irs
vaxtın və məkanın sərhədlərini aşaraq
insan ruhunun ən dərin sirlərini və düşüncələrinin
sonsuz qatlarını üzə çıxaran əbədi
bir miras olaraq təkcə öz dövrünü deyil,
zaman-zaman bəşəriyyətin təfəkkürünü
formalaşdırır, sonrakı dövrlərin də
çağırışlarına, arzularına nüfuz etməyi
bacarır. Və bu kitablar arası rəngbərəng əlfəcinli,
qatlaqlı, oxunmaqdan cildi aşınmış da vəziyyətdə
olsa, evdəki kitabxanalarımızda ən gözəgəlimli yerlərdə qərar tutublar...
Dünyada yalnız məxsusi araşdırmaçılar, ədəbiyyatşünaslar,
tənqidçilər, salnaməçilər, tarixçilər
- bir sözlə, "işi bilənlər", "söhbətdən
agah olanlar" hərtərəfli tədqiq edərək belə
mübahisəli şəxsiyyətlərin
yaradıcılığının elmi, bədii, tarixi, fəlsəfi,
psixoloji dəyərləndirmələrini də çox etik,
əxlaqi, insani baxımdan ən yüksək səviyyədə
təqdim edirlər. Səhvlərinə,
yanlışlarına göz yummadan, amma şəxsiyyətinə
də toxunmadan (istisnalar olanda da onlar ümumi prinsipial qaydaya xələl
gətirmir) peşəkar yanaşması sərgiləyirlər.
Bizdə bu baxımdan da vəziyyət xeyli fərqlidir.
Qafqazlı temperamentinin uclarda yaşanan emosional fonundanmı,
yoxsa bəsit diletantlıqdanmı biz bu sahədə adətən
bipolyar mövqedəyik: qədimi kitab səhifələri kimi
saralmış tariximizi vərəqlədikcə bəzi vərəqləri
ifrat sevgi göstərişi ilə, öpüb-üfləyərək
çevirir, bəzilərini isə şartıltı ilə
geriyə çırpırıq. Halbuki o səhifələrin
də, vərəqlərin də hər biri o tarixi
bütöv şəkildə tamamlayan pazlın hissələri
kimidir. Hər cür rəngi, kölgəsi və
aydınlığı ilə... Bizim xalq olaraq
keçmişimizlə münasibətimiz heç vaxt birmənalı
olmayıb: birini tac qoyub "taxta çıxarır", digərini
isə yaddaşımızdan yerli-dibli silirik. Ya bütləşdirir,
ya da demonizasiyaya (bir insanı yaxud qrupu pis, təhlükəli,
zərərli, "yad" olaraq təsvir və ya təqdim
etmək) məruz qoyuruq. Orta yolu tanımırıq, bilmirik,
öyrənmək də istəmirik... Və məhz bu orta
"yoldan çıxa(rıla)nlar" vaxtaşırı
"orta"lığa atılırlar: adətən ədəbi,
mədəni-tarixi müstəvidə artıq çoxdan
zamanın mənsubiyyət şəkilçisi ilə tarixə
aidiyyətlik qazananlar haqqında elmi-fəlsəfi cəhətdən
əsassız, diletant qınaqlar, ittihamlar havada
uçuşur. Azərbaycanın kommunist Vurğunu norveçli
Hamsunun vurğun olduğu faşizmi neçə-neçə
əsərində, xüsusən də "Ölüm
kürsüsü"ndə, tam haqlı olaraq, qətiyyətlə
damğalasa belə, bizimkini israrla ayağa salmağa
çalışanlar, nədənsə, qərblini başa
çəkirlər.
Artıq tarixin övladına çevrilmiş şəxsiyyətlər
haqqında əsərlərinin ədəbi-bədii təhlili,
tarixi aspektdən yanaşma, aid olduğu dövrün,
ictimai-siyasi rejimin pəncərəsindən qiymətləndirmə
qalır bir tərəfdə, kimlərsə özlərinin
balaca, çirkli, bəzən də illərlə təmiz
havaya açılmayan nəfəsliyindən boylanıb
hansı dövrə aid olmasından asılı olmayaraq
klassikaya "don biçməyə"
çalışır: eskizi yox, parçası nimdaş,
qayçısı paslı, ipi qırıq...
Keçmiş bugünkü ölçülərlə
qiymətləndirilə bilməz, aid olduğu tarixi şərtlər
konteksində dəyərləndirilməlidir. Mifləşdirmə
prosesində də medalın tərs üzü
çıxır qarşımıza. Orda tale amilini də,
şans məsələsini də tamamilə unudub fövqəlqüvvə
düzəltməyə əlləşirik. Halbuki orada da
dövrün ab-havası, tarixi şəraitin
yaratdığı situasiya unudulmamalıdır.
Qaranlığın içindəki işığı, aydınlıqdakı
kölgələri sezməkdən keçir yol. Tariximizə
fərqli baxmalı və keçmişlə münasibətimizi
yenidən quraraq, bu zəngin mirası yalnız müsbət və
mənfi hadisələrin toplusu olaraq deyil, insan ruhunun, milli
kimliyin təzahürü kimi dəyərləndirməliyik. Hər
dövrün, hər hadisənin içində bizə
çatası həyat dərsləri var və onları
anlamaq, gələcəyimiz üçün möhkəm bir
təməl qurmağımıza kömək edər. Azərbaycan
ədəbiyyatında və tarixində zaman-zaman bəzi
şəxsiyyətlər mifləşdirilib, onlara fövqəlinsani
cəhətlər yaraşdırılıb. Halbuki hər bir
insanın ziddiyyətləri, tərəddüdləri və
zəiflikləri olub. Mifləşdirmənin
/kultlaşdırmanın digər "təhlükəsi"
isə keçmişin tənqid edilməsini çətinləşdirməsidir.
Söhbət birmənalı olaraq ancaq sağlam tənqiddən
gedir. Mifə çevirdiklərimizi tənqid etməyi də
tabu halına gətirməməliyik. Həqiqi tarixi dəyərləndirmə
həm uğurların, həm də səhvlərin analizini tələb
edir. Amma kimisə bütünlüklə tarixdən
çıxdaş etməyə can atmadan...
Ədəbi, mədəni, tarixi keçmişimizə
nə romantik pərəstişkar, nə də qərəzli
hakim kimi yanaşmalıyıq, mümkün neytral mövqe
qorunmalıdır. Tarixi şəxsiyyətləri və
klassik yazıçıları ifrat dərəcədə
idealizə etmək də, qazıyıb bir tərəfə
atmaq da eyni dərəcədə cahillikdir, empatiya
yoxsulluğudur.
Bizi tariximiz formalaşdırıb, amma biz tariximizi
yenidən anlamaq və düzgün şərh etmək
gücünə sahibik. Klassikləri müasir dəyərlərlə
oxumaq olar, amma dövrün kontekstini, o zaman qarşıda
hansı "presləyici sistemlər"in olduğunu,
başlar üstündən hansı Domokl
qılıncının asıldığını nəzərə
almadan onları qınamaq naxış deyilməyəsi
yanlışdır...
Qınadıqlarımız tariximizdən
çıxmış olmur, mifləşdirdiklərimiz isə
heç də hər zaman həqiqi qəhrəman deyillər.
Ən doğrusu, tarixi olduğu kimi görmək, tarixi şəxsiyyətləri
isə ideologiyaların yaratdığı çərçivələri
unutmayaraq gerçəkliyin prizmasından görüb şərh
etməkdir. Bu yanaşma bizim təkcə keçmişlə
deyil, həm də gələcəklə necə
davranacağımızı müəyyənləşdirən
əsas prinsipdir. Guya ədəbiyyatamı, tarixəmi
"xidmət" etdiyini bilmədən, heç bir elmi, ədəbi,
fəlsəfi diskussiya kriteriyalarına uymayan, məqsədsiz,
əsilsiz şəkildə nəyi necə nə məqsədlə
dediyinin fərqinə varmayan, böhtanlarla, qınamalarla,
qısnamalarla keçmişi baltalayanın gələcəkdə
yer alması şübhəlidir... Çünki əlahəzrət
tarix də özünün sınağından
çıxarıb bugünə gətirib
çatdırdıqlarına sayğısız yanaşanlara
hörmət etmir. Biz oxuduğumuzdan, bildiyimizdən azacıq
nələrsə deməyə çalışdıq,
qalanı da əvvəldən-axıra hər şeyə
"Vaqif" olan tarixin öhdəsinə buraxaq: "Tarix
cavab verər bu böhtanlara..."
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.11.