Azərbaycan Əlifbası əsasında rəngarəng
toplu Qətərdə təqdim edilib
Dohanın Qətər
Milli Kitabxanasında “Əlifba: A Cultural Alphabet”
kitabının təqdimatını keçirib.
Tədbirdə Qətər Milli
Kitabxanasının prezidenti Dr. Həməd bin Əbdüləziz
Əl-Kavari, Azərbaycan Respublikasının Qətər
Dövlətində fövqəladə və səlahiyyətli
səfiri Adış Məmmədov, Şeyha Vadha Al Tani, mədəniyyət
nümayəndələri, həmçinin Qətərdəki
Azərbaycan səfirliyinin qonaqları və Azərbaycan
diasporasının nümayəndələri iştirak ediblər.
“Əlifba: A Cultural Alphabet” kitabı rəngarəng
illüstrasiyalardan ibarət olan, həm böyüklər həm
də uşaqlar üçün nəzərdə tutulmuş
Azərbaycan əlifbasıdır. Azərbaycan əlifbasının
hər bir hərfi ölkəmizdə yerləşən
memarlıq abidələri, sənət əsərləri,
ölkəmizin tarixi ənənələri və folkloru ilə
bağlıdır. Hər bir hərfə aid mətn geniş
araşdırmalar əsasında yazılıb.
Layihənin ideyası NARGIS jurnalının baş
redaktoru və bir çox unikal yaradıcı layihələrinin
müəllifi olan Ülviyyə Mahmuda aiddir. Onun əsas məqsədi
Azərbaycan mədəniyyətini dünyada göz
önünə gətirməkdir.
Kitab dörd dildə təqdim olunub: ingilis, ərəb,
fransız və ispan dillərində. Kitabın əsas məqsədi
Azərbaycanın tarixini, mədəni irsini və Azərbaycan
dilini təbliğ etməkdir.
Təqdimat mərasimində NARGIS jurnalının
direktoru Müjgan Qafarzadə qonaqları salamlayaraq, layihənin
tarixindən bəhs etdi.
Təqdimat çərçivəsində “History in
Letters” adlı sənədli animasiya dramı nümayiş
olundu. Bu film tamaşaçıları əlifba
prizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə
tanış edir. Bu, sadəcə bir sənədli animasiya
filmi deyil, həm də tamaşaçını həqiqətin
kəşfinə və sənətə olan sevginin
gücünə sövq edən fəlsəfi
axtarışdır.
Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi
Ağamehdi Abidov, animasiya rəssamları isə Kənan
Şeyxzamanlı və Nərgiz Heydərdir.
İllüstrasiyalar rəssam Orxan Hüseynov tərəfindən
hazırlanıb.
Heykəltaraş Teymur Qəribov kitab üçün
kristal formasında xüsusi altlıq
hazırlamışdır. Tədbir zamanı Ülviyyə
Mahmud kristalı Şeyha Vadha Al Taniyə hədiyyə etdi.
Layihə üçün xüsusi olaraq hazırlanan
“Welcome to Baku” adlı instalyasiya isə rəssam və heykəltaraş
Rəşad Ələkbərov tərəfindən təqdim
olundu.
Daha sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri
təqdim edildi. Tədbirdən sonra hər bir qonağa kitab, həmçinin
NARGIS jurnalının fevral buraxılışı, posterlər,
açıqcalar, xəritə və kəlağayı hədiyyə
olundu.
Axşam saatlarında isə “Əlifba. A Cultural
Alphabet” kitabında təqdim olunan illüstrasiyaların
işıq proyeksiyası Marina Twin Tower binasının üzərində
nümayiş olundu. Beləliklə, şəhərin sakinləri
və qonaqları layihəmizlə vizual olaraq tanış
oldular.
“Əlifba: A Cultural Alphabet” layihəsi 2019-cu ildə
ilk dəfə İstanbulda, 2024-cü ilin iyun ayında isə
Berlində təqdim olunub. 2025-ci ildə layihə dünyada
daha da genişlənəcək: Dohadan sonra kitab Rabatda, Madriddə,
Londonda və digər şəhərlərdə təqdim
ediləcək.
NARGIS jurnalı baş sponsor PASHA Holding-ə, Qətərdəki
Azərbaycan Ticarət Korporasiyasına, Azərbaycan
Respublikasının Qətərdəki Səfirliyinə tərəfdaşlıq
və dəstək göstərdiklərinə görə və
Kazunion Turoperator-a dərin minnətdarlığını
bildirir.
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.9.