Nizaminin türkcəyə tərcümə
olunmuş “Sirlər xəzinəsi”nin Ankarada təqdimatı
Fevralın 22-də ölkəmizin Ankaradakı səfirliyində
dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sindən
daha bir poemanın – “Sirlər xəzinəsi”nin türk dilinə
tərcüməsinin təqdimat mərasimi olub. Kitab səfirliyimizin
nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi ilə orjinaldan Türkiyə türkcəsinə tərcümə
edilərək Ankarada çap olunub.
Tədbirdə Azərbaycan mədəniyyət
nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın
Türkiyədəki səfiri Rəşad Məmmədov,
nizamişünaslar, ekspertlər, iki qardaş ölkənin
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rəşad
Məmmədov Nizami irsini “bütün bəşəriyyətin,
o cümlədən Türk dünyasının sərvəti”
adlandırıb. “Sevindirici haldır ki, Azərbaycanın dahi
oğlunun əsərləri türk dilinə də tərcümə
olunur ki, bu da müasir Türkiyənin 85 milyonluq əhalisi
arasında dahi Nizami haqqında ən dolğun məlumatın
formalaşmasına kömək edir”, – deyə o qeyd edib.
Fərid Cəfərov çıxışında
dahi Nizaminin kitabının tərcüməsinin təqdimatında
iştirakı qürur mənbəyi adlandırıb.
“Nizaminin misraları bu gün də dünyada milyonlarla insan
üçün bələdçidir”, – deyən nazir
müavini Azərbaycan dövlətinin dahi şair və
mütəfəkkirin irsinin təbliğinə daim xüsusi
diqqət yetirdiyini, yubiley tədbirləri təşkil etdiyini
vurğulayıb.
Nazir müavini bildirib ki, bu qəbildən tədbirlər
davam etdiriləcək, o cümlədən Nizami Gəncəvinin
əsərlərinin tərcümələrinin beynəlxalq
kitab sərgilərində təqdimatı keçiriləcək.
Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov məlumat verib ki, “Xəmsə”nin
bütün beş əsəri 2026-cı ilə qədər
orijinaldan türk dilinə tərcümə olunacaq. O əlavə
edib: “Türkiyəli oxucular artıq iki əsərlə –
“İsgəndərnamə” və “Sirlər xəzinəsi” ilə
tanış ola bilərlər. Gələcəkdə Azərbaycanın
bir çox başqa şair və
yazıçılarının da əsərlərinin
türk dilinə tərcüməsini mərhələli
şəkildə həyata keçirməyi
planlaşdırırıq”.
Tərcümənin müəllifi Atatürk Universitetinin
(Ərzurum) Fars dili və ədəbiyyatı
kafedrasının müəllimi, professor Nimet
Yıldırım bildirib ki, Türkiyədə ümumi oxucu
auditoriyası Nizaminin əsərləri ilə tam şəkildə
tanış deyil. O, hazırda “Leyli və Məcnun”un
orijinaldan tərcüməsi üzərində işlərin
davam etdiyini bildirib: “2026-cı ilin ortalarına qədər biz
“Xəmsə”nin tam tərcüməsini hazırlamağı
və dahi Nizami Gəncəvinin “Divan”ına keçməyi
planlaşdırırıq”.
Səfir R.Məmmədov layihənin müəllifinə
dahi Nizaminin doğulduğu yer – Gəncə şəhərinə
həsr olunmuş kitab, Azərbaycan mədəniyyət
nazirinin müavini F.Cəfərov isə professora təşəkkür
plaketi təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat
İnstitutunun dosenti Təhminə Bədəlova Nizaminin
yaşayıb-yaratdığı tarixi dövr haqqında tədbir
iştirakçılarına məlumat verib.
Xalq şairi Sabir Rüstəmxanlı Türkiyə
ictimaiyyətinin uzun müddət Nizami Gəncəvini fars
şairi kimi qəbul etməsindən təəssüfləndiyini
bildirib. “Sevindirici haldır ki, bu təhrif olunmuş fikir Azərbaycanın
dahi oğlunun əsərlərinin türk dilinə tərcüməsi
sayəsində də dəyişir”, – deyə o
vurğulayıb. Qeyd edib ki, dahi Nizami irsi əsrlərboyu
dünya şərqşünasları arasında ehtiram və
rəğbətlə qarşılanıb.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim
Tahirov dahi şairin əsərlərinin dünyanın
aparıcı kitabxanalarının kolleksiyalarında yer
aldığını qeyd edərək bildirib ki, Milli Kitabxana
dünya üzrə nizamişünasların və tərcüməçilərin
səylərini dəstəkləməyə, onları
Nizaminin əsərlərinin bütün mövcud elektron
variantları ilə tanış etməyə hazırdır.
Mədəniyyət nazirinin müavini F.Cəfərov
tədbirdən sonra Nizami Gəncəvinin türk dilində
kitablarının nümayiş etdirildiyi stendlə
tanış olub.
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.9.