Ağ günlərinə qovuşan
Ağdam, Xankəndidə Zəfər parkı, yaraları
sarınan Xocalı
Bu il şanlı Zəfərimizin 5-ci ili tamam olur. Azərbaycan
yalnız döyüş meydanında deyil, 2020-ci il
noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla
siyasi müstəvidə də böyük qələbəyə
nail oldu. Bəyanata əsasən bir güllə atılmadan
tarixi sahiblərinə qaytarılan Ağdam, Kəlbəcər,
Laçın rayonları düşmən tapdağından təmizləndi.
Beləliklə, Azərbaycan tarixində yeni bir dövr
başladı.
Ötən 30 ildə tarixi dini-mədəni abidələrimiz,
sosial obyektlərimiz, ictimai binalar, yaşayış evləri
düşmənin qəsbkar siyasətinin qurbanı olub.
2020-ci ildə çəkilən videolardan da
görünürdü ki, düşmən yaşayış
məqsədilə deyil, bu torpaqları dağıtmaq, viran
qoymaq niyyəti ilə qəsb etmişdi. Özlərinin də
yaxşı bildiyi bir həqiqət vardı: gec-tez
torpağın əsl sahibləri qayıdacaq. Bəli,
torpağın gerçək sahibləri qayıdır,
düşmənin murdar nəfəsindən cadar
bağlamış torpağın qəlbi isinir, güllələr
yağan yerdə indi güllər açır, tarixi-mədəni
irsimiz bərpa olunur, yeni, gözəl binalar ucaldılır,
insanlar öz doğma yurduna-yuvasına köç edirlər.
Ağ günlərin astanasında
Prezidentin sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı"nın
icrası Ağdamda da uğurla davam etdirilir. Ağdam Azərbaycanın
böyük və strateji əhəmiyyətə malik
rayonlarındandır və zəngin tarixi-mədəni irsə
sahibdir. Ağdam azad edildikdən sonra 2020-ci il noyabrın 23-də
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bura gələrək
bərpa işlərinin başlanğıcını elan etdilər.
Ölkə başçısının 2021-ci ildə
növbəti səfəri zamanı Ağdam şəhərinin
bərpasının təməl daşının qoyulması
Ağdamın ağ günlərinin astanasında
olmasının bariz göstəricisi idi. Ölkəmizdə
ilk dəfə məhz Ağdam şəhərində
dünyanın müxtəlif ölkələrindən olan sahə
mütəxəssislərinin iştirakı ilə
keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu
yenidən qurulan şəhərin beynəlxalq əlaqələrinin
genişləndirilməsi baxımından da uğurlu platforma
idi.
"Qafqazın Xirosiması"ndan dünyanın ən
gözəl şəhərinə
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyevanın
fevralın 18-də Ağdam şəhərinə növbəti
səfərləri, həyata keçirilən
genişmiqyaslı tikinti işləri ilə
tanışlıq, açılış mərasimində
iştirakları ilə əlamətdar oldu. Ağdamlı məktəblilər
müasirtipli məktəb binasında təhsil alacaqlar. Təməli
2021-ci ilin mayında qoyulan 3 mərtəbədən ibarət
1 nömrəli məktəb 960 şagird yerlikdir. Müasir,
innovasiyalara əsaslanan təhsil ocağının
yaradılması gələcəyə xidmət, bilikli,
dünyagörüşlü nəslin yetişməsinə ərməğandır.
Fidanlar da unudulmayıb. Onlar üçün körpələr
evi-uşaq bağçasının inşasına 2023-cü
ildən başlanılıb. Aparılan tikinti işləri ilə
tanış olan dövlətimizin başçısına və
birinci xanıma məlumat verilərək bildirilib ki, 160 yerlik
1 nömrəli körpələr evi-uşaq
bağçası zirzəmi və iki mərtəbədən
ibarətdir.
Tikdim ki, izim qala...
Əzəldən Qarabağın sakinləri məscidlər,
abidələr, qalalar inşa ediblər. Yaradılışdan
bu torpaqlara Azərbaycançılıq möhürü
vurulub. Hər daşı, hər qayası milli nəqşlərlə
bəzədilib. Nə qədər düşmənin
işğalına məruz qalsa da, tarixin bu torpaqlara vurduğu
möhürbəndi silmək, yox etmək mümkün
olmayıb. Torpaq da savaşıb sanki yadellilərlə.
Qoynunda gizləyib, sinə gərib, özünü tamamilə
yox olmaqdan xilas edə bilib. XVIII əsrə aid Əsgəran
qalası Qarabağın hakimi Pənahəli xanın göstərişi
ilə inşa olunub. Azərbaycan memarlığının
nadir nümunələrindən sayılan bu tarixi-memarlıq
abidəsi artıq Ağdamın müasir tarixi dövrünə,
çalarlarına uyğun fəaliyyət göstərəcək.
Qalanın konservasiyası, möhkəmləndirilməsi,
arxeoloji qazıntıların aparılması və
açıq səma altında tarixi parkın
yaradılması nəzərdə tutulur. Əsgəran
qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olan
ölkə başçısına bildirilib ki, dizayn layihəsi
"Mədəni və təbii irs", "İnfrastruktur və
xidmətlər", "Əyləncə və istirahət",
"Marketinq və təşviqat" olmaqla, 4 istiqaməti əhatə
edən konsept üzrə hazırlanıb. Qala ərazisində
müxtəlif rekreasiya xidmətlərinin də təklif
olunduğu yaşayış kompleksinin inşası, daxili yol
şəbəkəsinin (piyada və nəqliyyat)
hazırlanması planlaşdırılır.
Havalansın Xanın səsi
Ağdam Muğam Mərkəzinin inşası
yekunlaşmaq üzrədir. Dövlətimizin
başçısına və birinci xanıma Muğam Mərkəzində
görülən işlərlə bağlı bildirilib ki,
ümumi sahəsi 1,4 hektar olan mərkəzin birinci mərtəbəsində
kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb.
Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni
tədbirlər, o cümlədən muğam gecələri təşkil
etmək üçün hərtərəfli şərait
var. Ərazidə 1250 kvadratmetrlik açıq amfiteatr da
inşa edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun həyata
keçirdiyi layihələrin nəticəsi olaraq Azərbaycan
muğamı UNESCO-nun "Bəşəriyyətin şifahi
və qeyri-maddi irsinin şah əsərləri"
siyahısına salınıb. Qarabağ muğamın
beşiyidir. Muğam mərkəzinin tikintisi mədəni
irsimizə, irsimizi yaradanlara və bu gün qoruyanlara töhfədir.
İllərlə "Qarabağ şikəstəsi"nə
həsrət qalan Qarabağda artıq Xanın səsi
havalanır. Yeni muğam ifaçılarının yetişməsi
üçün sənət məbədgahları
yaradılır. Uğurlu olsun!
İşıqlı sabaha doğru
Azərbaycanın işğaldan azad edilən ərazilərində
həyata keçirilən mühüm tədbirlərdən
biri də enerji təhlükəsizliyinin təmin
olunmasıdır. "Azərişıq" Açıq Səhmdar
Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə
Mərkəzi və Təlim-Tədris Kompleksinin
açılışında iştirak edən dövlətimizin
başçısına mərkəzdə görülən
işlərlə bağlı məlumat verilib.
Bildirilib ki, Ağdam şəhərinin Baş
Planına uyğun olaraq şəhər ərazisində dairəvi
elektrik təchizatı sxeminin yaradılması nəzərdə
tutulub. Eyni zamanda şəhərdə Baş Plana uyğun
yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli
və dayanıqlı elektrik enerjisi ilə təmin olunması
məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə
Mərkəzinin tikintisi həyata keçirilib.
Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin
keçirilməsi üçün bütün zəruri
şərait yaradılıb. Burada yerli və xarici təlimçilərin
iştirakı ilə elektroenergetika sahəsi üzrə
ixtisaslı kadrların hazırlığı, bərpa olunan
enerji mənbələrinin tətbiq və istismar qaydaları,
peşə vərdişlərinin əldə edilməsi, real
iş şəraitində təlimlər və ustalıq
yarışları təşkil ediləcək.
Ağdamın gözü yolda...
Həmin gün Prezident İlham Əliyev "Ağdam
Residence" yaşayış kompleksində yaradılan şəraitlə
də tanış olub. 1,55 hektar olan ərazidə 6 mərtəbəli
6 yaşayış binası ucaldılıb. Kompleksdə
tikinti-quraşdırma işləri artıq yekunlaşıb.
Sakinlərin rahat yaşayışı üçün
kompleksin ərazisində park, istirahət guşələri,
sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped
yolları, uşaq oyun və idman meydançaları istifadəyə
veriləcək, geniş abadlıq və
yaşıllaşdırma işləri görüləcək.
Ağdam şəhərində 1268 mənzilli 2-ci
yaşayış kompleksində də tikinti işləri
öz axarında davam edir. Ümumi sahəsi 14 hektara yaxın
olan yaşayış kompleksi Ağdamın mərkəzi
küçəsində, şəhərin təsdiq
edilmiş Baş Planına uyğun salınıb.
Bütün bunlar Ağdamda hazırda görülən
işlərin tərkib hissəsidir. Bir də Ağdamın sabahını
düşünün! Qısa zamanda gözəl, abad,
işıqlı bir şəhərə çevriləcək
Ağdama qonaq gəlmək istəyənlər də az
olmayacaq. Tək xaricilər deyil, elə biz özümüz də
Ağdamın ağ günlərinə şahidlik etmək,
yurduna dönən ağdamlıların sevincinə şərik
olmaq üçün qonaq gedəcəyik. Bizim
rahatlığımız üçün də şərait
yaradılır. Ağdam şəhər mərkəzinə
yaxın ərazidə inşa olunan "Hilton Garden
İnn" hotelində işlərin 60 faizi yerinə yetirilib.
Saf havası, müalicəvi suları, tarixi abidələri
ilə dillərdə dastan olan, doğmalarının sığal
çəkdiyi bu şəhəri görmək, əsarətdən
qurtulub qısa zamanda gözəlliyinə qovuşacaq
Ağdamda xatirə fotosu çəkdirmək istəyənlər
də az olmayacaq. Yaradılan şərait həm də turizmin
inkişafına öz töhfəsini verəcəkdir.
Ağdam öz sakinlərini qarşılamağa
hazırlaşır, həm də təmtəraqlı. Kim
bilir, bəlkə, elə gələn il yay tətilimizi
Ağdamda keçirdik?!
Zəfər parkının növbəti ünvanı
- Xankəndi
Doğma sakinlərinin nəfəsi ilə isinən
Xankəndi də turizm imkanlarına sahibdir. Xankəndidə
qonaqları qarşılamaq üçün şərait
yaradılır, əhalinin məşğulluğunun təmin
olunması istiqamətində mühüm işlər
görülür. Fevralın 19-da Prezident İlham Əliyev əsaslı
təmir və bərpadan sonra müasir iaşə məkanlarının
da yaradıldığı "Bulud" hotelin
açılışında iştirak edib, Azərbaycan-Özbəkistan
birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti
ilə tanış olub. Fəaliyyətinin genişləndiriləcəyi
nəzərdə tutulan fabrikdə, ümumilikdə, 800 iş
yeri yaradılacaq ki, bu da öz növbəsində
işğaldan azad edilmiş ərazilərə qayıdan və
ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna
mühüm təsir göstərəcəkdir.
Yenilənən, gözəlləşən Xankəndi
şəhərində Zəfər parkı da salınır.
Döyüş meydanında qazanılan Zəfər
ab-havası şəhərlərimizdə yaradılan Zəfər
parklarının timsalında yaşanır. Keçilən
şərəfli döyüş yolu, canını Vətən
torpaqları üçün qurban vermiş oğullar ehtiramla
xatırlanır və bu parklar bizə qürur hissi
yaşadır. Zəfər parkının Xankəndi şəhərində
də yaradılması tarixi qələbəmizin, ərazi
bütövlüyü və suverenliyimizin bərpasının
rəmzi kimi əlamətdardır.
Yaraları sarınan Xocalı və ya Ballıca sakinlərinin
sevinci
"Xocalı şəhərini bərpa etmək bizim
ən başlıca borcumuz idi. Çünki müharibədən
və işğaldan, Birinci Qarabağ müharibəsinin
çətin vəziyyətindən əziyyət çəkən
ən çox elə xocalılılar olmuşdur, onlara
qarşı soyqırımı törədilmişdi. Ona
görə Xocalını azad etmək hər zaman gündəlikdə
duran məsələ idi". Bu fikirləri Prezident İlham
Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində
bir qrup sakinlə görüşü zamanı deyib. Fərdi evlərin və
infrastrukturun bərpası sahəsində görülən
işlərlə tanış olan ölkə
başçısı İlham Əliyev bildirib ki, Ballıca
kəndi bərpa etdiyimiz və keçmiş
köçkünlərin qayıtdığı 10-cu
yaşayış məntəqəsidir. Ballıca kəndində
137 ev artıq bərpa edilib və 60-a yaxın evin bərpası
nəzərdə tutulub.
Hazırda kənddə 460 keçmiş
köçkün yerləşib. "Əlbəttə ki, Vətən
həsrəti ilə yaşamış insanlar
üçün ən yaxşı şəraiti yaratmaq
dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas
borcum bu gün bundan ibarətdir", - deyən Prezident
İlham Əliyevin sakinlərlə keçən səmimi
görüşü onlarda yüksək əhval yaradıb.
"Dəmir yumruq" buradadır", - deyə əzmlə
çıxış edən sakinlər yaradılan şəraitə
görə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, 1992-ci ildə ermənilərin ən
böyük terror dəstələri Ballıca kəndində
məskunlaşmış və buradan öz çirkin əməllərini
həyata keçirməyə çalışmışlar.
İndi Ballıcada həyat qaynayır, sakinlər rahat həyat
şəraiti ilə təmin olunurlar. Artıq qocaların fəryadı,
uşaqların çığırtısı deyil,
işığı yanan evlərdə gülüşləri
eşidilir. Torpağın yaraları bu gülüşlərlə
sarınacaq. Öz doğmalarına həsrət qalmış
torpaq sakinləri qayıtdıqca dirçələcək. Bu
günümüzə şükür!
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin məsul
katibi
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.8.