Azərbaycan-Pakistan:
qardaş münasibətləri daha da güclənir
Azərbaycanla Pakistan arasında xüsusi münasibətlər
mövcuddur. Xalqlarımız arasındakı tarixi bağlar
illər keçdikcə daha da möhkəmlənərək
dostluq, qardaşlıq münasibətlərinə
çevrilib. İki dövlət hər zaman bir-birinin
yanındadır və ən vacib məsələlərdə
qarşılıqlı dəstək göstərirlər.
Pakistan Azərbaycanın dövlət müstəqilliyini
dərhal tanıyan ölkələrdən biridir. 1992-ci ildə
diplomatik əlaqələr qurulmasından sonra
Bakı-İslamabad əlaqələri yeni dinamika alaraq sürətlə
inkişaf etməyə başladı. Pakistan, həmçinin
Azərbaycanda səfirliyini açan ilk ölkələrdən
biridir.
Pakistanın Bakıda səfirliyi 12 mart 1993-cü ildə,
Azərbaycanın İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə
təsis edilib.
Qardaş ölkədən danışarkən bir məqamı
da xatırladaq ki, 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul
edildiyi iclasa məhz Pakistanın sədrlik edirdi. Qardaş
ölkənin nümayəndəsi bu məsələdə ədalətli
davranaraq, Azərbaycanın haqq işinə dəstək verdi.
İki ölkə münasibətləri yüksək
səviyyəli səfərlərlə daha da möhkəmləndi.
1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd
Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər
yüksək səviyyədə keçib və iki ölkə
arasında bir sıra sənədlər, o cümlədən,
"Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması
haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası
və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq
haqqında Müqavilə" bağlanıb.
Bir il sonra - 1996-cı ilin aprelində isə Ulu öndər
Heydər Əliyevin dost və qardaş ölkəyə rəsmi
səfəri iki ölkə arasında əlaqələrin gələcək
inkişafı üçün mühüm amil olub.
Münasibətlərin inkişafına xüsusi təkan verən
bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan
və Pakistan prezidentləri bir-brilərinə ən
mühüm məsələlərdə dəstəklədiklərini
bəyan ediblər.
Ulu öndər deyib ki, Pakistan dövləti Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünü daim
pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham
edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ
müzakirə edilərkən Pakistanın nümayəndəsi
Azərbaycana çox ədalətli münasibət göstərib
və yardım edib.
Azərbaycan da öz növbəsində həmişə
Pakistanın mövqeyini dəstəkləyib. Prezident İlham
Əliyev Pakistanla əlaqələrin inkişafına
xüsusi önəm verir. Dövlət
başçısının 2005-ci il aprelin 12-13-də
Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ilin 28
fevralında İqtisadi Əməkdaşlıq Təşkilatının
13-cü Zirvə toplantısında iştirak etmək
üçün dost ölkəyə işgüzar səfəri
ikitərəfli əlaqələrdə yeni səhifə
açıb, əməkdaşlığın yeni inkişaf
istiqamətlərini müəyyənləşdirib.
Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə
Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri
və bu ölkənin Baş nazirinin 2016-cı və
2023-cü illərdə rəsmi səfərləri
Bakı-İslamabad əlaqələrini daha da möhkəmləndirib,
qarşılıqlı əməkdaşlığın
müxtəlif sahələr üzrə inkişafına
mühüm töhfə olub. 2015-ci il martın 11-14-də
Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri
zamanı imzalanan "Azərbaycan Respublikası ilə Pakistan
İslam Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə" ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin
inkişafına böyük təkan verib.
Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də
Pakistana dövlət səfəri iki ölkə
arasındakı strateji tərəfdaşlıq münasibətlərinin
daha da gücləndirilməsi və bütün sahələr
üzrə əməkdaşlığın hərtərəfli
genişləndirilməsi baxımından tarixi önəm kəsb
edib. Səfər zamanı Prezident İlham Əliyev
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif
və Prezident Asif Əli Zərdari ilə ikitərəfli
görüşlər keçirib. Həmçinin səfər
çərçivəsində əməkdaşlığın
müxtəlif sahələrini əhatə edən 15 sənədin
mübadiləsi Azərbaycan və Pakistan arasında
müqavilə-hüquq bazasını daha da genişləndirib.
Ötən il Bakıda təşkil olunan beynəlxalq
iqlim sammiti - COP29 çərçivəsində Prezident
İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd
Şahbaz Şərif arasında keçirilən
görüşdə ikitərəfli əlaqələrin
inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsi müzakirə olunub. Hər iki tərəf
qarşılıqlı səfərlərin intensivləşməsini
və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın gücləndirilməsini
vurğulayıb. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan
üçtərəfli əməkdaşlığının
önəmi qeyd edilib.
Azərbaycanla Pakistan arasında əlaqələr ən müxtəlif
sahələrdə inkişaf edir, ölkələrimiz beynəlxalq
təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı və digər
strukturlarda bir-birini dəstəkləməkdə davam edir.
Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv
olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına
(D-8) qoşuldu, bu da əməkdaşlıq dairəsini,
iqtisadi inkişaf perspektivlərini daha da genişləndirmiş
oldu.
Pakistan keçmiş Qarabağ münaqişəsi
dövründə və 44 günlük Vətən
müharibəsi zamanı da Azərbaycanın haqlı
mövqeyini daim açıq şəkildə dəstəkləyib,
Ermənistanın işğalçılıq siyasətini sərt
tənqid edərək, Azərbaycanın ərazi
bütövlüyünə dəstəyini hər zaman ifadə
edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla
heç vaxt diplomatik münasibətlər qurmayıb və
onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib.
Azərbaycanla Pakistan arasında hərbi sahədə
də əməkdaşlıq strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir.
İki ölkə arasında müxtəlif səviyyələrdə
müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə
hərbi təlimlər təşkil edilib və müdafiə
sənayesi sahəsində əməkdaşlıq genişləndirilib.
Son illərdə Pakistanın istehsal etdiyi müasir
döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki
yeniliklər Azərbaycanın diqqət mərkəzində
olub. Bu əməkdaşlığın ən son və
mühüm nailiyyətlərindən biri Azərbaycanın
JF-17C çoxməqsədli döyüş təyyarələrini
əldə etməsidir. 2024-cü il sentyabrın 25-də
Prezident İlham Əliyevə yeni təyyarələrin təqdim
edilməsi Azərbaycanın müdafiə qabiliyyətinin daha
da möhkəmləndirilməsi istiqamətində
atılmış mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.
Bu, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının
yeni mərhələyə keçdiyini və strateji tərəfdaşlığın
daha da gücləndiyini göstərir.
Azərbaycan Pakistan əlaqələrindən
danışanda, humanitar sahə də mütləq
vurğulanmalıdır. Azərbaycan
Hökuməti Pakistanda fövqəladə halların
yaratdığı fəlakətlərin nəticələrinin
aradan qaldırılması məqsədilə bu ölkəyə
indiyədək 9 milyon ABŞ dollarından çox yardım
edib. Bu sahədə Heydər Əliyev Fondu da böyük rol
oynayır. Heydər Əliyev Fondu tərəfindən
Pakistanda bir çox sosialyönümlü humanitar layihələr
həyata keçirilib, xeyriyyə tədbirləri təşkil
edilib. 2008-ci ildə Fond tərəfindən Pakistanda zəlzələdən
zərər çəkmiş qızlar üçün orta
məktəb tikilib, digər çox vacib layihələr həyata
keçirilib.
Heç şübhəsiz ki, Pakistanın Baş
naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi
səfəri iki ölkənin münasibətlərinin daha da
irəli aparılmasında əhəmiyyətli rol oynayacaq.
Milli Məclisin deputatı, Azərbaycan-Pakistan
parlamentlərarası əlaqələr üzrə
işçi qrupun üzvü Arzu Nağıyev mövzu ilə
bağlı "525"ə deyib ki, Azərbaycanla Pakistan
arasında öz qloballığı və regional məsələlərin
oxşarlığı ilə xarakterizə edilən ciddi əlaqələr
mövcuddur. Pakistan 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyini Türkiyə və Rumıniyadan sonra
tanıyan üçüncü ölkədir.
Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında
mövcud münaqişəyə görə və ondan
sonrakı dövrdə Pakistan Ermənistana diplomatik əlaqə
qurmayıb. Bu günə qədər də Pakistanın Ermənistanda
səfrliyi, eyni zamanda Ermənistanın da Pakistanda səfirliyi
yoxdur: "Beynəlxalq səviyyədə hət zaman
bir-birimizi daim dəstəkləmişik. Ulu öndər Heydər
Əliyev 1996-cı ildə Pakistanda rəsmi səfərdə
oldu, o vaxt 9 sənəd imzalandı. Azərbaycan və Pakistan
prezidentləri Qarabağ və Kəşmir problemində
bir-birlərini dəstəklədiklərini bəyan etdilər.
Bu gün bütün sahələrdə - iqtisadi, siyasi, mədəni,
hərbi və digər sahələrdə əlaqələrimiz
mövcuddur. Cənab Prezident, Ali Baş Komandan İlham
Əliyevin apardığı müstəqil daxili və xarici siyasət nəticəsində
bir tərəfdaş dövlət də Pakistandır.
Qeyd etmək istərdim ki, Azərbaycan Pakistan parlamentlərarası
əlaqələr üzrə işçi qrup da fəaliyyət
göstərir. Hərbi sahədə də əməkdaşlığımız
uğurla davam edir. Tərəflər Azərbaycanla Pakistan
arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində
əlaqələrin daha da genişləndirilməsi məsələsini
daim müzakirə ediblər və bu istiqamətdə də
ciddi addımlar atılır. Şəxsi heyət mübadiləsi,
hərbi təlimlər, məlumat mübadiləsi, tərəflərin
yeni sahələri müəyyən edə bilən inkişaf
perspektivi və s. bütün bunlar hamısı nəzərə
alınıb və qeyd etmək istərdim ki, ən
mühüm müqavilələrimizdən də biri Hərbi
Hava Qüvvələri istiqamətindədir. Super müasir təyyarələrin
alınmasını vurğulamaq istərdim. Bu, həm təlim
təyyarələridir, həm döyüş təyyarələridir.
Yəni Azərbaycan Hərbi Hava qüvvələri ilə
Pakistan Aeronavtika Kompleksi arasında deyərdim ki, Pakistan
tarixində ən böyük müqavilə imzalanıb. Bu,
son modifikasiya olan təyyarələrin
alınmasıdır".
Deputat deyib ki, 44 günlük müharibədə də
Pakistan Azərbaycanın əraz bütövlüyünü
daim dəstəklədi, eyni zamanda mənəvi dəstəyini
göstərdi: "Bir sözlə, bu proses daim davam edir,
Pakistanın Baş nazirinin də Azərbaycana gəlişi,
eyni zamanda cənab Prezidentlə yüksək səviyyəli
görüşləri bir daha ondan xəbər verir ki, Pakistan
Azərbaycanın ən mühüm, ən ciddi tərəfdaşlarından
biridir".
Pərvanə
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.5.