Azərbaycan
dilçiliyinin yeni intibah dövrü
"Azərbaycan dilçiliyi öz intibahını,
paradoksal da olsa, sovet hakimiyyəti dövründə yaşadı"
deyənlər çoxdur. Əlbəttə, buna qarşı
arqument qoymaq asan deyil. Xüsusən də XX əsrin
60-90-cı illərində Azərbaycan dilçiliyi yüksək
səviyyədə inkişaf etdi. Müstəqilliyin ilk illərində
müəyyən enişin olması nəzərə
çarpırdı. Bu da, heç şübhəsiz, sistem dəyişikliyi
ilə bağlı idi. Ara-sıra müəyyən
qığılcımın olması isə ümumi axara ciddi
təsir etmirdi.
Təqdirəlayiq haldır ki, son illər Azərbaycan
dilçiliyi yenidən öz intibahını
yaşamaqdadır. Bu intibahda AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutu öndə gedir. Heç şübhəsiz,
Azərbaycan dilçiliyinin inkişafında özünəməxsus
yeri olan Dilçilik İnstitutunun son 3-4 il ərzində
çap etdiyi monoqrafik tədqiqatlar arasında dünya
dilçilik elmi üçün örnək ola biləcək
əsərlər də az deyil.
Belə əsərlər arasında Ümummilli liderimiz
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı nəşr
edilmiş "Heydər Əliyev: Azərbaycan dili və azərbaycançılıq"
monoqrafiyası özünün sanbalı ilə seçilir.
Akademik Nizami Cəfərovun elmi redaktorluğu və ön
sözü ilə nəşr olunan bu monoqrafik tədqiqat vaxtilə
Dilçilik İnstitutunda hazırlanmış
monoqrafiyanın təkmilləşdirilmiş və
artırılmış nəşridir. Əsərdə Ulu
öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu
sahəsində misilsiz xidmətlərindən (akademik
Ağamusa Axundov), onun Azərbaycan dili və nitq mədəniyyəti
ilə bağlı fikirlərindən (professor Müseyib Məmmədov),
Ulu öndərin nitqlərinin dilinin üslubi-qrammatik
xüsusiyyətlərindən (professor Məsud Mahmudov) bəhs
edilir, Heydər Əliyevin vətən konsepti, onun azərbaycançılıq
məfkurəsi (professor Nadir Məmmədli) koqnitiv
dilçilik baxımından təhlil edilir. Ulu öndər
Heydər Əliyev haqqında bu günə qədər
yazılmış sanballı əsərlərdən
sayılan bu kitab yüksək poliqrafik tərtibatı ilə
seçilir.
Dilçiliyimizin öncül sıralarında
dialektologiyanın adı çəkilir. Bu da təsadüfi
deyil. Keçmiş SSRİ məkanında Azərbaycan
dialektoloji məktəbi daim fərqlənmişdi. Təsadüfi
deyil ki, Azərbaycan türkologiyasının ön
sıralarında gedən dialektologiya məktəbinin təcrübəsini
öyrənmək üçün o zamanlar həmişə
müttəfiq ölkələrin alimləri Bakıda ezamiyyətdə
olurdular. M.Şirəliyevin şəxsi təşəbbüsü
ilə "Sovetskaya türkologiya" kimi dünya şöhrətli
nəşrin çapı Azərbaycana həvalə
edilmişdi. Nə yaxşı ki, bu ənənə
hazırda da davam etdirilir. Xüsusən də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2013-cü il "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı" ilə bağlı
imzaladığı sərəncamdan sonra məhz bu ənənənin
davam etdirilməsi və dialektlərin müasir səviyyədə
öyrənilməsi qarşıya məqsəd kimi qoyuldu. Bu
sərəncamdan sonra Dilçilik İnstitutunda çox
böyük işlər görüldü, qısa müddətdə
"Azərbaycan dilinin Naxçıvan dialektoloji
atlası" çap olundu. Bu möhtəşəm atlas
müasir dilçiliyin bütün yeniliklərini
özündə əks etdirir; möhtəşəmliyin
davamı olan "Azərbaycan dilinin Qarabağ və Şərqi
Zəngəzur dialektoloji atlası" isə öz möhtəşəmliyi
ilə insanı heyran qoyur. Dörd dildə yazılmış
"Xalqın tarixi onun dilindədir" adlı başlıq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin artıq tarixə düşmüş "Əsrlər
boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan
dilidir" sözləri ilə başlayır. Yeri gəldikcə,
kitabın üz qabığında tarixi Şuşa
qalasının şəkli, cənab Prezidentin Şuşada Azərbaycanın
üçrəngli bayrağının qaldırılması
anını əks etdirən o möhtəşəm anın
fotoşəkilləri həm də dünyaya bir mesajdır.
Yaşayış məntəqələrinin siyahısı
adamı heyrətə gətirir - 692 yaşayış məntəqəsindən
toplanmış material işin həm həcmini, həm də
səviyyəsini sübut edir (müqayisə üçün
qeyd edək ki, sovet dönəmində bütövlükdə
Azərbaycanın dialektoloji atlasının tərtibində cəmi
92 məntəqənin adı var). Bu qədər ərazinin
dialekt materialını həmin ərazilər işğalda
olarkən toplamağın nə qədər ağır və
məşəqqətli iş olduğunu təsəvvür
belə etmək olmur. Bəli, Azərbaycanın dörd bir
guşəsindən toplanan materialı təhlil etmək,
onların xüsusiyyətlərini 278 xəritədə vermək
və hər bir xəritənin izoqloslarını
hazırlamağın nə demək olduğunu izah etməyə
ehtiyac yoxdur. Bu möhtəşəm atlasın hər bir xəritəsinin
şərhlər bölməsində Qarabağın tarixi, mətbəxi,
təbiəti ilə bağlı verilən şəkillər
oxucuya həm də həmin ərazilərə ekskurs etməyə
imkan verir. Sonda hər bir informator haqqında məlumat təqdirəlayiqdir.
Bütün bu möhtəşəmliyə isə atlas
üçün xüsusi hazırlanan proqramı da əlavə
etməliyik. Müasir texnologiyaların tətbiqi ilə
hazırlanan bu proqram həm də ayrıca disk şəklində
atlasa əlavə olunmuş, bununla yanaşı, atlasın
lüğəti də hazırlanmışdır. Həqiqətən
də atlas ən müasir tələblərə cavab verir və
dünya kitabxanalarını bəzəyəcək səviyyədə
nəfis şəkildə çap edilmişdir.
Dilçilik İnstitutunun son illər dünya
dilçilik elminə, türkologiyaya verdiyi töhfələrdən
biri, heç şübhəsiz, akademik İsa Həbibbəylinin
ön sözü və professor Nadir Məmmədlinin tərtibi,
geniş giriş məlumatla 3 cilddə nəfis şəkildə
çap olunmuş Mahmud Kaşğarinin "Divanü
lüğat-it-türk" ensiklopediyasıdır. XX əsrin
30-cu illərində Dilçilik İnstitutunda işləmiş
özbək əsilli dilçi alim Xalid Səid Xocayev tərəfindən
dünyada ilk dəfə orijinaldan doğma dilimizə tərcümə
olunmuş bu əsər 86 il sonra professor Nadir Məmmədli tərəfindən
Dilçilik İnstitutunun arxivindən tapılıb və
ciddi redaktə edilib. Bu möhtəşəm əsərin
2024-cü ildə AMEA Nəsimi adına Dilçilik
İnstitutunda orijinaldan tərcümədə nəşri
"Divan"ın 950 illiyinə təsadüf etmiş,
akademiyanın prezidenti və professor Nadir Məmmədli
xüsusi dəvətlə bu barədə Parisdə UNESCO-nun
mənzil-qərargahında məruzə etmişlər. Əsərin
dünyanın bir çox ölkəsində təqdimatı
keçirilib, cildlər nüfuzlu alimlərə, kitabxanalara hədiyyə
olunub. "Divan"ın işıq üzü görməsi
dilçiliyimizin dünyada tanınmasında özünəməxsus
rol oynayır.
Azərbaycan dili tarixi ilə bağlı
hazırlanmış tədqiqat əsərləri, o cümlədən
xarici dillərdə dilimizlə bağlı mənbələrin
tərcümələri də diqqət çəkir. Mirzə
Kazımbəyin "Türk-tatar dilinin ümumi
qrammatikası"nın tərcümə, tədqiq və
şərhi (f.e.d. İdris Abbasov), Əbdürrəhim Ərdəbili
Şirvaninin "Məzhər üt-Türki" (tərtibçisi,
ön söz və şərhlərin müəllifi professor
Nadir Məmmədli; tərc. fil.ü.f.d., dosent Günel
Orucova) və s. əsərlər bu qəbildən sayıla
bilər. Bu silsiləyə institutun Dil tarixi şöbəsində
hazırlanan "Türk mənşəli arxaizmlər
lüğəti"ni də aid etmək olar. Üç cilddə
hazırlanan bu lüğət türkologiyada ilk təşəbbüsdür.
Əsərdə Azərbaycan dilinin yazılı abidələrində
işlənmiş leksik, semantik, fonetik və qrammatik arxaizmlər
verilir, mənbə kimi "Kitabi-Dədə Qorqud"dan
başlamış XVIII əsrə qədərki orta əsr nəzm
və nəsr əsərləri götürülür.
Dilçilik İnstitutunun nəşr etdiyi
çoxcildliklər içərisində "Müasir Azərbaycan
dili" xüsusi yer tutur. Xatırladım ki, Azərbaycan
dilinin akademik qrammatikası son dəfə ötən əsrin
80-ci illərində çap olunub. Müstəqillik illərində
yenidən hazırlanmaqda olan dörd cildliyin "Fonetika və
fonologiya" (I cild), "Leksikologiya" (II cild),
"Morfologiya" (III cild) hissələrinin işıq
üzü görməsində institut rəhbərliyinin və
Müasir Azərbaycan dili şöbəsinin əməkdaşlarının
xidmətləri diqqətəlayiqdir. Əsərin
"Sintaksis" (IV cild) hissəsi hazırlanmaqdadır. Hər
bir cild müasir dilçiliyin ən son nailliyyətləri əsasında
yüksək səviyyədə yazılıb.
Dilçilik İnstitutunun nailiyyətlərindən
biri də, heç şübhəsiz, türk dilləri ilə
bağlı aparılan tədqiqatların artmasıdır. Bu
tədqiqatlar içərisində "Türk dillərinin
funksional morfologiyası" adlı monoqrafiyanı xüsusi ilə
vurğulamaq lazımdır. Türk dilləri ilə
bağlı aparılan tədqiqatlara müasir dünya elminin
son nailiyyətlərindən faydalanaraq yazılan bu fundamental əsər,
türk dillərinin öyrənilməsinə funksional
yanaşma baxımından müasir dilçiliyimiz
üçün mühüm önəm daşıyır.
İnstitutun Terminologiya şöbəsində
terminologiyanın elmi-linqvistik məsələlərinin
araşdırılmasına həsr olunmuş əsərlər,
tədqiqatlar da sanbalı ilə seçilir. Tətbiqi
dilçilik şöbəsində Azərbaycan dilinin
izahlı lüğəti və Orfoqrafiya lüğəti ilə
əlaqəli işlər genişləndirilmiş, texnoloji
vasitələrin tətbiqi ilə "Orfoqrafiya lüğəti"nin
yeni nəşri hazırlanır.
Dövlət başçısının 2013-cü
ilə sərəncamından sonra görülən işlər
arasında ölkəmizin coğrafi obyekt adlarının
orfoqrafik normalara uyğun yazılış formasının
xarici dillərə transliterasiyasına aid tədqiqatlar xüsusi
yer tutur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə AMEA Nəsimi adına Dilçilik
İnstitutunun "Azərbaycan coğrafi adlarının xarici
dillərə transliterasiyası" adlı birgə layihə
nəticəsində Dilçilik İnstitutunun Hind-Avropa dilləri
şöbəsində hazırlanan qaydalar əsasında Azərbaycan
Respublikasının Nazirlər Kabineti 16 dekabr 2020-ci ildə Azərbaycan
Respublikasının coğrafi obyektlərinin adlarının
Azərbaycan əlifbasından ingilis və rus əlifbalarına
transliterasiyası "Qaydaları"nı təsdiq
etmişdir. Müstəqillik illərində ilk təcrübə
sayılan həmin "Qaydalar" əsasında
hazırlanaraq nəşr edilmiş, filologiya elmləri doktoru,
professor İlham Tahirovun "Azərbaycan Respublikasının ərazi
vahidlərinin adları ingilis dilində" və filologiya
üzrə fəlsəfə doktoru, dosent Gülşən
Axundovanın "Azərbaycan Respublikasının ərazi
vahidlərinin adları rus dilində" adlı kitabları
öz siqləti, praktik əhəmiyyəti ilə
seçilir. Həmin kitablar ölkədaxili və beynəlxalq
istifadə üçün nəzərdə tutulan sənədlərdə,
dövlətlərarası yazışmalarda, diplomatik fəaliyyətdə,
kartoqrafik nəşrlərdə Azərbaycan
Respublikasının ərazi vahidlərinin adlarının
xarici dillərdə verilməsindəki
varianlılığın aradan qaldırılması, bu
prosesin unifikasiya edilməsi üçün mühüm əhəmiyyətə
malikdir. 4592 şəhər, rayon, qəsəbə, kənd ərazi
vahidinin adının ingilis və rus dillərinə
transliterasiya edildiyi bu əsərlər dilçiliyimizlə
yanaşı, ümumiyyətlə, hüquqi dövlət
olaraq ölkəmizin xaricdə tanınması
baxımından mühüm əhəmiyyət
daşıyır.
İnstitutun fəaliyyəti təkcə Azərbaycanda
deyil, ölkə hüdudlarından kənarda da təqdir
edilir. İnstitut rəhbərliyinin dilçiliyimizin
inkişafı istiqamətində türkdilli ölkələrin
elmi qurumları ilə əlaqələri genişlənir. Rəhbərliyin
və əməkdaşların xarici ölkə elmi
qurumlarına üzv qəbul edilməsi belə əməkdaşlığın
bariz ifadəsi sayıla bilər. Dilçilik İnstitutunun
direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin
Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun qərarı
ilə Türk Dil Qurumunun Fəxri üzvü seçilməsi
Dilçilik İnstitutunda görülən işlərə
verilən dəyər, Türkiyənin dilçilik mühiti
ilə əlaqələrin durmadan genişlənməsi deməkdir.
Dilçilik İnstitutunun şöbə müdirləri,
professor Məsud Mahmudovun və Sayalı Sadıqovanın
Türkiyə Cümhuriyyəti Türk Dünyası
Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının üzvləri seçilməsi, professor
İsmayıl Məmmədlinin Azərbaycan-Özbəkistan
elmi-ədəbi əlaqələrinin inkişaf etdirilməsində
"Əlişir Nəvai" medalına layiq görülməsi
institut əməkdaşlarına beynəlxalq səviyyədə
göstərilən diqqətə dəlalət edir.
Rasim HEYDƏROV
Nəsimi adına Dilçilik İnstitutunun Təhsil
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet .- 2025.- 26 fevral(№36).- S.14.