Ümumi təhsildə
psixoloq zərurəti
AZƏRBAYCANDA BU TƏLƏBDƏN İRƏLİ
GƏLƏN ÖNƏMLİ ADDIMLAR ATILIR
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində
psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinin
II mərhələsi (test imtahanı) başlanır.
Müsabiqənin test mərhələsi martın 1-də
keçiriləcək. İmtahan BŞTİ-nin rəsmi
saytında 2024-cü il aprelin 6-da elan olunmuş psixoloq vəzifəsinə
işə qəbul üzrə müsabiqənin I mərhələsindən
qeydiyyatdan keçən şəxslərə şamil edilir.
Qeyd edilən vəzifə üzrə müvafiq qaydada
qeydiyyatdan keçən şəxslərin məlumatlarının
uyğunluğu yoxlanılıb. Uyğun gələn namizədlərə
test imtahanı mərhələsinin keçiriləcəyi məkan
və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri
mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
Müsabiqənin II mərhələsi ixtisas, İKT və
məntiq üzrə test suallarının
cavablandırılmasından ibarət olacaq. Test 100 bal təşkil
edən 40 sualdan (ixtisas üzrə hər biri 3 bal olmaqla 20
sual, İKT səriştələri üzrə hər biri 2
bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal
olmaqla 10 sual) ibarətdir.
Keçid bal həddi (ixtisas üzrə minimum 42 bal,
İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10
bal) 62 bal olaraq müəyyən edilib. 62 və daha yüksək
bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə
dəvət ediləcəklər.
Təhsildə keyfiyyətin yüksəldilməsində
psixoloji xidmətin çox vacib, əhəmiyyətli rolu var.
ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç,
İspaniya və Türkiyə kimi ölkələrin məktəblərində
iki, üç psixoloq xidmət göstərir. Mütəxəssislərin
fikrincə, uşaqların müəyyən psixoloji çətinliklərinin
öhdəsindən gəlmələri üçün
öz sənətinin peşəkarı olan psixoloqlarla daha
tez-tez təmas qurulması vacibdir.
Elm və təhsil naziri Emin Əmrullayev isə bildirib
ki, hazırda nazirlik tərəfindən məktəblərdə
psixoloqlarla bağlı təhlillər aparılır.
Onların sayının artırılması istiqamətində
işlər görülür: "Məktəb
psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır.
Məktəb psixoloqlarının sayı sinif-komplektlərin
sayından asılı olan ştat vahididir.
Düşünürəm ki, Elm və Təhsil Nazirliyi olaraq
bu istiqamətə daha çox diqqət ayırmalıyıq.
Bu istiqamətdə daha çox təşəbbüslərlə
çıxış etməyi öhdəmizə
götürürük. Hər bir şagirdin psixoloji
rifahı, sağlamlığı və təhlükəsizliyi
Elm və Təhsil Nazirliyi üçün prioritetdir".
Nazirin dediyinə görə, hazırda məktəblərdə
çox keyfiyyətli psixoloji xidmətin qurulması istiqamətində
işlər görülür: "Məktəblərdə həqiqətən
də peşəkar psixoloqlar çalışmalıdır.
Çünki məktəbdə psixoloji xidmət və
konsultasiya məsuliyyətli məsələdir. Əksər
ölkələrdə bu, lisenziyalarla tənzimlənir, kifayət
qədər ağır tənzimlənən bir məsələdir.
Bu mənada, çalışırıq ki, daha keyfiyyətli
mərkəzləşmiş psixoloji xidmət quraq".
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
(BŞTİ) tərəfindən mütəmadi olaraq məktəb
psixoloqlarının peşə bacarıqlarını
inkişaf etdirmək, onları vəzifə və hüquq
öhdəlikləri ilə bağlı maarifləndirmək,
uşaqlarla həyata keçirdikləri psixoloji işlərin
keyfiyyətini yüksəltmək məqsədilə layihələr,
təlimlər həyata keçirilir. Təlim zamanı məktəb
psixoloqlarına beynəlxalq təcrübə nəzərə
alınmaqla bilik və bacarıqlarının
artırılması məqsədilə intihara cəhd edən,
eyni zamanda, zorakılığa
məruz qalan uşaqlarla işin təşkili, valideynlərlə
aparılan görüşlərin effektiv üsulları barədə
məlumatlar verilir.
İbtidai siniflərdə təhsil alan şagirdlər
fərqli psixoloji dəstəyə ehtiyac duyurlar. Yuxarı
sinif şagirdlərinin isə tamamilə başqa psixoloji dəstəyə
ehtiyacı var. İbtidailərin çoxunun valideyndən
ayrı düşmək və yalnız qalma qorxusu olur. Bu kimi
halları nəzərə alaraq məktəblərdə
şagirdlərə psixoloq xidmətinin göstərilməsi
vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə
qurulmasını, aqressiv, gərgin şagirdlərlə necə
davranmalı olduğunu yaxşı bilir.
Təhsildə keyfiyyətin yüksəldilməsində
psixoloji xidmətin mühüm rolu var. Bu mənada, məktəbdə
psixoloji xidmət işi də müvafiq məqsəd və vəzifələrə,
prinsip və funksiyalara əsaslanır. Məktəblərdəki
psixoloji xidmətin əsas vəzifəsi təhsildə
çətinliklərlə qarşılaşan,
inkişafı və davranışında
çatışmazlığı olan uşaqların üzə
çıxarılması məqsədilə şagirdlərin
intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji
xüsusiyyətlərini öyrənmək, siniflərdə və
qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Məktəb
psixoloqu öz vəzifələrini yerinə yetirmək,
qarşıya qoyduğu məqsədə çatmaq, daha
doğrusu, təhsilalanların psixoloji
sağlamlığına, təhsil uğurlarına nail olmaq
üçün məktəb rəhbərliyi, müəllim
və valideynlərlə birgə fəaliyyət göstərir
və məsləhətlər verir. Bir sözlə, məktəb
psixoloqunun başlıca məqsədi təhsilalanlar və təhsilverənlər
üçün əlverişli psixoloji inkişaf mühitinin
yaradılmasına nail olmaqdır.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov
deyir ki, həyatın bütün sahələrində
psixoloqlara ehtiyac var. Xüsusən də, insanların təhsil
aldığı məktəblərdə onlar hökmən
çalışmalıdır. Psixoloq məktəbdə olan
bir çox qüsurları üzə çıxaran şəxsdir.
O, sahəsinə yaxından bələd olub, onun dərinliklərini
bilməlidir. Küçədən gətirib kimisə
psixoloq qoymaq olmaz ki. Ona görə də o, müəyyən
təhsilə yiyələnməlidir. Həmçinin, təhsildən
xəbərdar olub, proqramları mənimsəməlidir. Məktəblərdə
lazım olan pedaqoqlardan biri də psixoloqlardır. Sovet dönəmində
məktəblərdə bu işçilərə ehtiyac yox
idi. Sonra isə biz dünyaya açılaraq, yeni quruluşda
yaşamağa başladıq. Məlum oldu ki, bizə də
psixoloq lazımdır".
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə
görə, nəzərə alsaq ki, məktəbdə
psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə
və gənclərin psixoloji sağlamlığını
qorumaqla onların təhsil müvəffəqiyyətinin
artırılması, əsas vəzifəsi isə şagirdlərin
təlim və tərbiyəsi sahəsindəki çətinlikləri,
onların şəxsi və intellektual inkişafındakı
qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində
aparılan işin səmərəliliyini yüksəltməkdə,
sosial cəhətdən fəal, yüksək ideya inamına
malik şəxsiyyətin formalaşdırılmasında
pedaqoji kollektivə köməklik göstərməkdən
ibarətdir. Bu halda məktəbə psixoloq nəinki
lazımdır, hətta zəruridir. Digər tərəfdən,
məktəbin işi şagirdlərə təkcə bilik,
bacarıq və vərdişlər aşılamaq deyil, həm
də gələcək üçün komplekssiz, problemsiz
şəxsiyyət yetişdirməkdir.
Millət vəkili Hicran Hüseynova hesab edir ki, ailədaxili
münasibətlərdəki xoşagəlməz hallar
uşaqların formalaşmasına, psixoloji vəziyyətinin
dəyişməsinə mənfi təsir göstərir. Bu
baxımdan orta məktəblərdə uşaqlara psixoloji xidmətin
göstərilməsi yaxşı haldır:
"Pedaqoqların fənn bilik və bacarıqları ilə
yanaşı, pedaqoji və psixoloji bilik və
bacarıqlarının da qiymətləndirilməsi vacibdir.
Digər tərəfdən, valideynlərin məsuliyyəti məsələsini
yaddan çıxarmamalıyıq. Əfsuslar olsun ki, bəzən
valideynin övladına verdiyi tərbiyə neqativ təsirlərlə
müşahidə olunur. Müəllimə, öz sinif
yoldaşına münasibətdə aqressiv olurlar. Şagirdlərin
müxtəlif yaş keçid dövrlərində
davranışlarında dəyişikliklər olur. Bu dəyişikliklər
onun şəxsiyyət kimi formalaşmasına həm müsbət,
həm də mənfi təsir edə bilər. Bunun
üçün həm valideyn, həm də müəllim
birgə hərəkət etməlidir. Nəzərə alsaq
ki, hazırda biz açıq informasiya cəmiyyətində,
İKT-nin inkişaf etdiyi bir zamanda yaşayırıq, o zaman
bu məsuliyyət daha da artır. Bu baxımdan uşaqlara
qarşı diqqətli və həssas yanaşmalıyıq.
Onların etdiyi səhvləri elə izah etməliyik ki, şəxsiyyətləri
əzilməsin. Biz onları özünəinamlı tərbiyə
etməli, eyni zamanda, həmyaşıdlarına, böyüklərə
hörmətlə, dözümlə yanaşmağı
öyrətməliyik".
Həkim-psixoloq Xəyalə Məmmədovanın
fikrincə, hər bir məktəbdə psixoloqun olması
vacibdir. Hətta şagirdlərə bir yox bir neçə
psixoloq psixoloji dəstək göstərməlidir:
"İbtidai siniflərdə təhsil alan şagirdlər fərqli
psixoloji dəstəyə ehtiyac duyurlar. Yuxarı sinif
şagirdlərinin isə tamamilə başqa psixoloji dəstəyə
ehtiyacı var. İbtidailərin çoxunun valideyndən
ayrı düşmək və yalqız qalmaq qorxusu olur. Bu səbəbdən
də onlar məktəbə ağlayaraq gəlir, sinifdə
oturmaq istəmirlər. Yuxarı sinif şagirdlərində isə
yetkinlik dövrünə xas xüsusiyyətlər
müşahidə olunur. Onların bir-biri ilə yola getməməsi,
aralarında münaqişənin yaranması, dərsdən
yayınmaları, zərərli vərdişlərə meyl
etmələri bu şagirdlərin ciddi psixoloji dəstəyə
ehtiyac olduğunu göstərir. Bəzən isə ailədə
problemin olması, valideynlər arasındakı gərginlik də
şagirdin psixologiyasına mənfi təsir edir. Bu kimi
halları nəzərə alaraq məktəblərdə
şagirdlərə psixoloq xidmətinin göstərilməsi
vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə
qurulmasını, aqressiv, gərgin şagirdlərlə necə
davranmalı olduğunu yaxşı bilir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 26 fevral(№36).- S.15.