Xocalı faciəsinin təsviri sənətdə
ifadəsi
Tarixin müxtəlif dövrlərində ermənilər
tərəfindən soyqırıma məruz qalan Azərbaycan
xalqı növbəti belə faciə ilə 1992-ci ildə
Xocalıda üzləşdi. Bu, bəşər tarixində
az-az təsadüf olunan dəhşətli cinayətlərdən
biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün
kulminasiya nöqtəsi idi. Cinayətkar erməni
qoşunlarının vəhşiliyi nəticəsində
yüzlərlə insan öldürüldü, yüzlərlə
insan şikəst oldu, mindən çox Xocalının dinc
sakinləri - qocalar, uşaqlar, qadınlar əsir
götürülərək ağlasığmaz erməni
zülmünə, təhqir və həqarətinə məruz
qaldılar. Azərbaycan xalqı, uşaqdan böyüyə qədər
hər kəs, bu hadisələrin dəhşətini
yaşadılar. Əlbəttə ki, yaradıcı insanlar bu
dəhşətli hadisələrə öz münasibətlərini
bildirməyə bilməzdilər. İncəsənət
öz spesikasına görə dövrün bir növ bədii
güzgüsü hesab olunur. Müxtəlif dövrlərdə,
fərqli cəmiyyətlərdə baş verən hadisələr
həmin ölkənin təsviri sənətində öz bədii
ifadəsini tapır. Biz bunu dünya incəsənətinin
müxtəlif tarixi dönəmində izləmişik, Azərbaycan
incəsənətində isə tarixi hadisələrə ilk
sənətkar-vətəndaş münasibəti Bəhruz Kəngərlinin
yaradıcılığı ilə başlamışdı və
sonrakı dönəmlərdə də bu ənənə digər
rəssamlarımız tərəfindən uğurla davam
etdirilmişdi. Həm rəngkarlıq, həm qrafika, həm də
heykəltaraşlıq sahəsində çalışan sənətkarlarımız
Xocalı faciəsini öz prizmalarında keçirərək
hadisələrə obyektiv qiymət verməyə
çalışmışdılar. Bu baxımdan, həmin əsərlərin
tarixi əhəmiyyəti çox böyükdür.
Xocalı faciəsinə dərhal münasibət göstərmiş
sənətkarlarımızdan biri Xalq rəssamı, heykəltaraş
Xanlar Əhmədov olub. Faciə baş verdikdən sonra məşhur
tişə ustası bir il ərzində digər
yaradıcı işlərini qırağa qoyaraq, həmin dəhşətli
hadisələrə həsr olunmuş 25 heykəltaraşlıq
kompozisiyası yaratmışdı. Bədii cəhətdən
çox dəyərli olan bu əsərlərdə Xocalı
faciəsinin çox maraqlı plastik həllini görmək
mümkündür.
Xocalı mövzusu tanınmış rəssam Vaqif
Ucatayın yaradıcılığında da xüsusi yer
tutur. Rəssamın bu dəhşətli hadisələrə
həsr etdiyi ən təsirli əsərlərindən biri
"Xocalı" plakatıdır. Əsərin kompozisiya mərkəzini
təşkil edən sinəsinə xəncər
sancılmış körpənin obrazı nifrət və qəzəb
hissi doğurur. Rəssamın Qarabağ müharibəsinə
həsr etdiyi "Bax! Gör! Unutma!" adlı qrafik silsiləsində
də Xocalı faciəsini canlandıran əsərlərə
xüsusi yer ayrılıb. Bu əsərlərə
başlamazdan öncə rəssam yurdundan-yuvasında didərgin
düşmüş insanlarla dəfələrlə
görüşmüş, onların başına gələn
müsibətləri dinləmiş və nəticədə,
çox təsirli və inandırıcı əsərlər
yaratmağa nail olmuşdu.
Xocalı soyqırımı hadisələrinə
yaradıcılığında mühüm yer ayıran sənətkarlarımızdan
biri də Azərbaycanın Xalq rəssamı, professor, Natiq
Əliyevdir. Məşhur heykəltaraşın Mexiko (2012),
Sarayevo (2012) və Ankara şəhərlərində (2014)
Xocalı faciəsi qurbanlarının xatirəsinə
ucaltdığı monumental abidələr maraqlı kompozisiya
həlli və mövzunun dramatik ifadəsi ilə seçilirlər.
Hər bir əsərdə faciə qadın obrazı ilə
ifadə olunub. Bu obrazlar emosional baxımdan fərqli olsalar da,
onların hər birinində biz hadisənin dəhşətini,
düşmənin qəddarlığını, insanların
acısını hiss edirik.
Xocalı və ümumilikdə Qarabağ mövzusu rəssam
Asif Azərellinin də yaradıcılığında
mühüm yer tutur. Rəssamın bu mövzuda
yaratdığı ən təsirli işlərdən biri
"Belə də haqsızlıq olar?" əsəridir.
Üfüqi qurulmuş kompozisiyanın yuxarı küncündə
qırmızı səmanın önündə düşmən
tankları, öldürülmüş və yaralı
Xocalı sakinləri təsvir olunub. Kompozisiyanın mərkəzi
və ön hissəsində isə erməni əsgərinin
ayaqları altında məhv olmuş maddi mədəniyyət
nümunələrimiz - vaxtilə Xocalıda
tapılmış saxsı qab parçaları, pərdəsi
cırılmış tar, yarıya bölünmüş
kamança, sındırılmış qaval, yerə
atılmış Füzulinin kitabı, foto-şəkillər
təsvir olunub. Bu vəhşi münasibət, əlbəttə
ki, qəzəb və nifrət hissi oyatmaya bilməz.
Yaradıcılığının on ilindən
çoxunu Xocalı soyqırımı mövzusuna həsr
etmiş dəyərli sənətkarlarımızdan biri də
Nazim Məmmədovdur. Rəssam baş verən hadisələrdən
çox sarsılmış və Xocalı faciəsi baş
verən gündən həyatının son günlərinə
qədər 40-dan çox rəngkarlıq və qrafika əsərləri
yaratmışdı. 2002-ci ildə rəssamın
soyqırım hadisələrinə həsr etdiyi əsərlərindən
ibarət "Xocalı harayı" adlı sərgisi
keçirildi. Daha çox rejissor, rəssam-animator, abstrakt rəngkarlığın
nümayəndəsi kimi tanınan Nazim Məmmədovu
tamaşaçılar tamamilə fərqli rakursdan
tanıdılar. Dəhşətli hadisələrin
bütün mərhələlərini həyəcanlı,
ekspressiv səpkidə ifadə edən rəssam, bir növ bu
faciənin bədii salnaməsini yaradıb. Üslub, rəng,
kompozisiya baxımından çox fərqli olan bu əsərlərə
rəssam ittihamedici məna-məzmun yükləyir. Silsiləyə
daxil olan "Ailə əsirlikdə", "Onu
asıblar", "Körpənin ölümü" kimi təsirli
əsərlər tamaşaçıda qəzəb, nifrət
hissi doğurur, qisasa səsləyir.Xocalı faciəsini
dolğun formada özündə ifadə edən, bir çox
mənalarda bu dəhşətli hadisələrin rəmzinə
çevrilən abidələrdən biri də "Ana
harayı" abidəsidir (Memarı - Camal Rəşid
Əlizadə, heykəltaraşları - Aslan, Mahmud və
Teymur Rüstəmovlardı). Əsərdə məcbur
yurdunu-yuvasını tərk etmiş və cansız körpəsini
sinəsinə sıxmış ana obrazı canlandırılmışdır.
Müəlliflər hündür postamentin üzərində
ucaltdıqları ananın obrazında həmin hadisənin
ağrı-acısını ifadə etməyə nail
olmuşdular. Postamentdə yerləşdirilmiş barelyeflərdə
soyqırım zamanı öldürülmüş
qadınların, uşaqların, qocaların obrazları yer alıb.
Barelyeflərdən aşağıda isə soyqırım
haqqında rəqəmli faktlar və
öldürülmüş insanların siyahısı həkk
olunub. Müəlliflər postamentdə işlədikləri
barelyefləri və yazıları Ana obrazı ilə birləşdirərək
çox təsirli əsər yaratmağa nail olmuşdular.
Xalq rəssamı Arif Hüseynov Xocalı faciəsinə
münasibətini "Qarabağnamə - tarixin səhifələri"
silsilə əsərində bildirmişdi. Silsiləyə
daxil olan əsərlər tarixi faktlara əsaslanır və dəhşətli
hadisələrin təsirli və emosional vizual ifadəsi ilə
seçilirlər. Bu qrafik əsərdə rəssam
soyqırım haqqında yazılı məlumat verməklə
bərabər, şəhidlərin və dəhşətli
hadisənin acısını yaşayan insanların hisslərini
ağ-qara cizgilərlə mükəmməl şəkildə
ifadə edib.
Xocalı faciəsini özündə dolğun şəkildə
əks etdirən monumental əsərlərdən biri də
Günay Mehdizadənin yaratdığı "Bir
baxışla Xocalı faciəsini yaşa" adlı əsəridir.
Bu əsər rəssamın yaradıcılığında
tarixi mövzuda yaradılan ən mühüm əsərdir.
Yaratdığı çoxfiqurlu kompozisiyada Günay Mehdizadə
faciənin çox geniş təsvirini verib, xocalılıların
yaşadığı dəhşəti, onların hisslərini
inandırıcı formada vurğulamağa nail olub. Müəllif
çalışmışıb ki, tamaşaçı bir
baxışla Azərbaycan xalqının başına gələn
faciəni hiss edə bilsin. Doğrudan da, rəssam, çox təsirli,
emosional əsər yaratmaqla qarşısına qoyduğu məqsədə
uğurla nail olmuşdur. Eyni zamanda, Günay Mehdizadə hadisənin
dramatizmi ilə bərabər, bu torpaqların bir gün tarixi
sahiblərinə qayıdacağı ümidini də
kiçik detallarla ifadə etmişdi. Arxa planda, dağın
zirvəsində ucalan Azərbaycan bayrağı buna bir
işarə idi.
Xocalı soyqırımı elə bir mövzudur ki,
bu mövzuya müraciət hər bir sənətkarın vətəndaş
borcudur. Haqlarında bəhs etdiyim rəssamlardan başqa bu
mövzuya müraciət edən sənətkarlar arasında
Sirus Mirzəzadənin, Fərman Qulamovun, Mayis Əliyevin, Arif
Həsənovun, Zakir Əhmədovun, Cəlil
Qaryağdının, Aydın Rəcəbovun və digərlərinin
adını çəkmək olar.
Bu sənətkarlardan başqa, ölkəmizdən kənarda
yaşayan sənətkar-soydaşlarımızın
yaradıcılığında da Xocalı faciəsi öz əksini
tapıb. Bu mənada Türkiyədə yaşayan
yaradıcı soydaşlarımızın fəaliyyəti təqdirəlayiqdir.
Heykəltaraş Səid Rüstəmin "Xocalı"
kompozisiyasında, Əli Verdiyevin "Xocalı
soyqırımı", Ədalət Qaranın "Xocalı
faciəsi" və digər sənətkarlarımızın
yaradıcılığında erməni vandalizmi və
yaşananların dəhşəti öz bədii-emosional ifadəsini
tapıb. Uzun illərdi Türkiyədə yaşayan rəssam
Məhəmməd Əliyevin yaradıcılığında
da Xocalı mövzusu xüsusi yer tutur. "Xocalı vəhşiliyi",
"Şəhid əsgər", "Xocalıda qadın
qırğını" əsərlərində rəssam
tarixi faktların yüksək bədii ifadələyinə
nail olub. Bu əsərlər arasında "Şəhid əsgər"
əsərini xüsusi qeyd eləmək istəyirəm. Kompozisiya
quruluşuna görə A.Matis və P.Pikassonu xatırladan əsərin
mərkəzi hissəsini şəhid olmuş əsgərin cəsədi
tutur. Rəssam əlləri, ayaqları bağlı əsgərin
üzərinə kəskin işıq salaraq onun
obrazını gecənin qaranlığından
çıxarır, bununla da hadisənin
ağırlığını, gərginliyini daha aydın
şəkildə vurğulamağa nail olur. Tünd,
kontrastlı kolorit, lampa tək ətrafı
işıqlandıran ayın təsviri, kompozisiyanın
aşağı hissəsindəki qanlı gölməçə
hadisənin ekpressiyasını bir qədər də gücləndirir
və dərin emosional təsir bağışlayır.
Xaricdə yaşayan
yaradıcı-soydaşlarımızdan Almaniyada məskunlaşan
Əşrəf Heybətovun adını xüsusi
vurğulamaq lazımdır. Rəssam Xocalı faciəsinə
həsr etdiyi 20-dən çox əsərində dəhşətli
hadisələrin həyəcanını, ekspressiyasını
intensiv rəng kontrastlarının köməyi ilə mükəmməl
şəkildə ifadə edib. Rəssamın "Xocalı
faciəsi", "Son gecə", "Xocalı
soyqırımı" və digər əsərlərinin
nümayiş olunduğu Berlin, Vyana sərgiləri Azərbaycan
həqiqətlərinin Dünya ictimaiyyətinə
çatdırılması baxımından çox önəmli
rol oynayırlar.
Faşist ermənilərin Xocalıda törətdikləri
qətliamı Azərbaycan xalqı heç zaman unutmayacaq.
Torpaqlarımız azad olunsa da, tarixi ədalət bərpa
olunsa da, biz bu dəhşətli hadisələri
unutmamalıyıq, gələcək nəsillərə
ötürməliyik və bu baxımdan, yaradıcı insanların
fəaliyyəti, onların yaratdığı əsərlərin
bədii-tarixi əhəmiyyəti çox böyükdür.
Rayihə MƏMMƏDLİ
Azərbaycan Rəssamlıq Akademiyasının
"İncəsənət tarixi" kafedrasının
müdiri, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet .- 2025.- 26 fevral(№36).- S.11.