Yaralanmış
gözəllik
Esse
Kəndimiz dağların əhatəsində
olduğu üçün qar mənzərəsi bizim kəndə
çox gözəl yaraşardı. Atamın pəncərədən
qarın yağmasını seyr edə-edə - "Heç
bir zərrəsi bir-birinə bənzəməyən, hətta,
yağarkən belə bir-birinə toxunmayan o məsum qar dənəcikləri
təbiətə öz saflığını qatır, sanki
bütün çirkabların üstünü örtür.
Yer üzü bəmbəyaz parlaq ipəyə
bürünür. Şükür olsun yaratdığın
gözəlliyə, İlahi! Sovrulan qar dənəcikləri və
ağa bürünmüş dünya! Elə bil yer
üzündə nə sərhəd var, nə səs küy
olub, sanki həyatda hər şey eynidir" - dediyi o sözlər
indi də qulaqlarımda səslənir.
Amma bir gecədə bu gözəllik qan
çanağına döndü. Atamın zövqlə seyr
etdiyi sonuncu sakit qış gecəsini, axı, necə unuda bilərəm?!
O gecədən sonra Xocalıya bir daha ağappaq qar
yağmadı. O gündən sonra heç görən oldumu o
şəhərin qış mənzərəsini?!
O gün sözün elə həqiqi mənasında
yer üzü sərhədsiz idi. Düşmən
bütün istiqamətdə yollarımızı kəsmişdi.
Xocalı meşələrinə üz tutan körpələrin,
məsum uşaqların, qadınların, yaşlıların
ah-naləsi bir-birinə qarışmışdı. Yanan evlərin,
meşədə insan qarışıq yandırılan
ağacların tüstüsü ərşə
qalxmışdı. O gecə erməni vəhşiliyinin də
sərhədi yox idi. Yağan qar da onların çirkablığını
təmizləyə bilmədi.
Xocalının təbiəti də insanlarla birgə
yaralandı. Artıq illər keçib. Amma mən hələ
də atamın gözlərimin önündə güllələnməsini
və o an onun gözlərinə toplanmış utanclı
baxışlarını bir gün olsun ağlımdan
çıxara bilmirəm. Bizi meşədən
çıxara bilməməsi ona ölümdən də betər
acı verirdi. Sağ çiynindən və sinəsindən
iki güllə yarası almışdı. Ağrıdan
tükənmiş yorğun səsi ilə anama -
"Qaç! Uşaqları götür qaç, arxana baxma,
məndən narahat olma, uşaqları çıxart
burdan!" - dedi. Anam göz yaşları içində
atamın çiyinlərindən yapışıb onu silkələyib
qışqırırdı: "Mən sənsiz gedə bilmərəm.
Gedə bilmərəm, aç gözlərini" - atam
gözlərinin yarısını açıb zəif səslə
- "sən sağ qalmalısan, Ayazla Öməri xilas
et" - deyib gözlərini birdəfəlik yumdu. Mən anamın
fəryad səsini eşitməmək üçün
qaçıb yaxınlıqdakı ağacın gövdəsinə
sığınmışdım, qulaqlarımı tutub onlara
baxırdım. Bu dəm anamın qucağıdakı beş
aylıq qardaşımın üzərinə yağan
güllələr məni dəhşətə gətirdi.
Qardaşımın kürəyindən atılan güllələr
onun balaca, körpə bədənini dəlib keçərək
anamın sinəsinə yığılmışdı. Anam
son nəfəsində bircə dəfə -
"Ayazım!" - dedi. Hər şey elə sürətlə
baş verirdi. Ağlım olanları dərk etməkdə
aciz qalmışdı. Anlaqsız bir şəkildə
gözlərim zillənmişdi doğmalarımın bir-birinə
qarışan qanlarına. Torpaq sanki qana doymuşdu. Axan
qanların istiliyi göydən yağan qarı yerdə
ağarmağa qoymurdu. Yer qırmızı qana, göy qara
tüstüyə boyanmışdı.
Günlər sonra gözlərimi bir xəstəxana
otağında açdım. Səhhətim
yaxşılaşdıqdan sonra məni uşaq evinə təhvil
verdilər. Mən heç unutmadım! - Nə ailəmi
sonuncu dəfə gördüyüm o gecəni, nə də o
rəngi. Hətta bu yaddaş yuxularımda belə beynimdən
silinmirdi.
Hər gün fasiləsiz eyni yuxunun həyəcanı
ilə səhərlər yataqdan qalxırdım. Anam dayanmadan
qardaşımın beşiyini yelləyir, ağlaya- ağlaya
layla çalır: - "Yat balam! Böyü oğlum,
böyü oğlum!" Atam da anamın saçlarına
sığal çəkir, sakitcə onu seyr edir.
İllər sonra ilk dəfə fərqli yuxu ilə
oyandım. Xocalı işğaldan azad olunduğu gün idi.
Gördüm ki, atam anamın əllərindən tutub
gözünün yaşını silir və onu ayağa
qaldırır. "Gedək, əzizim, artıq oğlumuz
böyüyüb" - deyir. Anam təəccüblə ətrafa
nəzər salır, bu dəm beşikdən ağappaq bir
göyərçin qanadlanıb uçur. Atamla anam isə
onun ardınca qaçır və buludların arasında
gözdən itirlər. Altı yaşımdan bəri ilk dəfə
ürəyimdə bir yüngüllük, bədənimdə
bir rahatlıq hissi ilə yuxudan oyandım.
Oktyabr ayının 15-də qardaşımın
doğum günüdür və cənab Prezident Xocalıda Azərbaycan
bayrağını ucaldır. Bu tarixi hadisə
Xocalının işğalı ilə yaşıd
qardaşıma, sanki Tanrının doğum günü ərməğanı
idi. O gün fəxarət və sevinc hissləri ilə
qardaşımın məzarı üstə gedib ilk dəfə
onu doğum günü münasibəti ilə təbrik etdim.
Sən artıq böyüdün qardaşım, azad ruhun
şad olsun! Atamla-anama isə gözaydınlığı
verdim.
Daha doğmalarım yuxularıma gəlmir. Çox
güman ki, onları ruhu gözəlliyi yaralanmış, lakin
sarsılmamış, məğrurluğunu itirməmiş
azad yurda köç ediblər. O gecə torpağın
boyandığı al qırmızı qanlar, bu gün
üçrəngli bayrağın üzərindəki
qırmızı rənglə Xocalı səmalarında
dalğalanır. Haqq-ədalət də təbiət kimidir,
forması dəyişsə də, hər zaman var olacaq.
Bu gün də fevralın 26-dır, yenə qar
yağır, mən daha qarı öz rəngində görə
bilmirəm, çünki o gecənin anılarını
xatırladır.
Xocalı - bizim qan yaddaşımızdır!
Mən də o yaddaşın şahidiyəm!..
Xalisə MƏMMƏDOVA
525-ci qəzet .- 2025.- 26 fevral(№36).- S.10.