Holokost soyqırımına bənzəyən
Xocalı faciəsi
“Azərbaycan xalqına qarşı yönəldilmiş
Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu
soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın
millətçi, vəhşi qüvvələri tərəfindən
Azərbaycana qarşı edilən soyqırımıdır -
vəhşiliyin görünməmiş təzahürüdür”.
Ümummilli lider Heydər Əliyev
Ermənilərin Azərbaycanın Xocalı şəhərində
törətdiyi soyqırımından 33 il ötür. 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi
birləşmələri Rusiyanın 366-cı motoatıcı
alayının köməyi ilə Xocalı şəhərini
işğal edərək, burada yaşayan dinc əhaliyə -
azərbaycanlılara qarşı soyqırımı törədib.
Tarixin elə ağrı-acılı,
qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri
zaman keçdikcə üzə çıxır,
yaralarından qan süzülür, sağalmasına heç
bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi
dəhşətli Xocalı faciəsi yalnız Holokost,
Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq
tarixinə düşmüş qanlı olaylarla müqayisə
oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə
deyil. Xocalı faciəsini törətməklə ermənilər
xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq,
tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə
barışmağa məcbur etmək istəyirdilər. Lakin
hiyləgər düşmən məqsədinə çata
bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və
ərazi bütövlüyü uğrunda mübarizədə
daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət
nümayiş etdirdi.
Erməni silahlı birləşmələri SSRİ
dövründən Xankəndi şəhərində
dislokasiya olunmuş 366-cı motoatıcı alayının
zirehli texnikası və hərbi heyətinin köməyi ilə
1992-ci il fevralın 25-də Xocalı şəhərinə
hücuma keçib. Mühasirəyə alınan şəhərin
2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində
hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc
sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan
Xocalı soyqırımı nəticəsində 63-ü
uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı
sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib,
25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. Düşmən gülləsindən 76-sı
uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər
girov götürülüb. Girov götürülənlərdən
150 nəfərinin, o cümlədən 68 qadın və 26
uşağın taleyi bu günədək məlum deyil.
Rəsmi hesablamalara görə, qanunsuz erməni
silahlı birləşmələri tərəfindən
Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar
dövlət əmlakının və xüsusi mülkiyyətdə
olan əmlakın məhv edilməsi, talan edilməsi ilə
bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına
140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları)
artıq ziyan vurulub.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir” - deyən Ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı
Soyqırımı Günü haqqında” qərar qəbul
edib. BMT-dən, dünya dövlətlərindən bu qətliamın
gerçək mahiyyətini açıqlayaraq beynəlxalq
ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər
görülməsi tələb olunub. Qəbul edilmiş qərara
əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları
tərəfindən törədilmiş, Azərbaycan
xalqının milli faciələrindən və bəşər
tarixinin qanlı səhifələrindən biri olan Xocalı
hadisələri hər il fevralın 26-da Xocalı
Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli
liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il
fevralın 25-də imzaladığı sərəncamla hər
il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad olunur.
Azərbaycan xalqı torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların,
Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin
xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Azərbaycanın haqlı mövqeyini bütün
dünyaya gur səslə nümayiş etdirən dövlətimizin
başçısı cənab İlham Əliyev işğal
altında olan torpaqlarımızın azad edilməsi istiqamətində
yüksək fəaliyyəti ilə yanaşı, həm də
dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb
etməyə nail olur. “Xocalı faciəsi erməni millətçilərinin
yüzilliklər boyu türk və Azərbaycan xalqlarına
qarşı apardığı soyqırımı və etnik
təmizləmə siyasətinin qanlı səhifəsi idi”
deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir
ki, hazırda dünyanın əksər dövlətləri Xocalı
qətliamını əsl soyqırımı kimi
tanıyır və qəbul edir. Ötən illərdə
dövlət başçısının göstərişi
ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək
üçün bir sıra mühüm tədbirlər həyata
keçirilib. Bakıda, respublikamızın bir sıra
bölgələrində, həmçinin xaricdəki
diasporlarımızın maddi və mənəvi dəstəyi
ilə dünyanın əksər ölkələrinin
paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə
abidələr ucaldılıb. Bu isə ürəkləri
daim Vətən eşqi ilə döyünən
soydaşlarımzın öz yurddaşları olan Xocalı
şəhidlərinin müqəddəs ruhuna hörmət və
ehtiramlarının bariz nümunəsidir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, 2009-cu ilin fevralından isə
İslam Konfransı Təşkilatı Gənclər Forumunun
(İKGF) Mədəniyyətlərarası Dialoq üzrə
Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən “Xocalıya Ədalət”
kampaniyası isə ermənilərin cinayətkar əməllərin
ifşa olunmasında müstəsna rola malikdir. Kampaniyanın
məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi
ilə bağlı məlumatlandırılması, faciəyə
beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi
və beynəlxalq səviyyədə anılmasını təmin
etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi
www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin azərbaycanlıların
soyqırımının dünyada tanıdılmasına
yönəlmiş tədbirlər həyata keçirməsi hər
bir soydaşımız üçün nümunə
olmalıdır. Yeri gəlmişkən, soyqırıma qiymət
verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də
hüquqi məsələdir. Bu mövzu
hüquqşünaslar tərəfindən
araşdırılmalı, hər bir hüquqşünas ermənilərin
azərbaycanlılara qarşı törətdiyi
soyqırımın beynəlxalq hüquqi qiymət almasına
istiqamətlənmiş tədbirlərdə əlindən gələni
əsirgəməməlidir. Çünki hüquqi
baxımdan Xocalıda baş vermiş qətliam təsadüf
və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən
və düşünülmüş şəkildə həyata
keçirilmişdir.
Xocalı soyqırımının ildönümü
hər il Azərbaycan və dünyanın bir çox ölkəsində
hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və
diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət
göstərdikləri ölkələrdə anım mərasimləri
təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə
ermənilərin Xocalıda törətdikləri vəhşilikləri
əks etdirən foto-stendlər, sənədli filmlər
nümayiş olunur, soyqırımı həqiqətlərini
əks etdirən kitablar sərgilənir.
Hazırda 20-yə yaxın dövlətin milli
qanunvericilik orqanı, həmçinin ABŞ-nin 24
ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı
və Türk Dövlətləri Təşkilatı
Xocalıda dinc əhalinin qətliamını pisləyən və
bunu soyqırımı və insanlıq əleyhinə cinayət
aktı kimi dəyərləndirən çoxsaylı qətnamə
və qərarlar qəbul ediblər.
2020-ci il 44 günlük Vətən müharibəsində
Azərbaycan Ordusu 30 il işğal altında qalan
torpaqlarımızı azad etməklə yeni reallıq
yaratdı, “dəmir yumruq” qalib gəldi. Vətən
müharibəsində misilsiz igidlik nümunələri
göstərən qəhrəman ordumuz Müzəffər Ali
Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi
qurbanlarının da qisasını aldı, şəhidlərimizin
qanı yerdə qalmadı.
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın
Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
bölgədə aparılan antiterror tədbirləri nəticəsində
Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin
ərazilərdə - Xocavənd, Əsgəran, Ağdərə,
Xankəndi şəhərlərində, eyni zamanda 2023-cü
il oktyabrın 15-də Xocalı şəhərindəAzərbaycan
Respublikasının Dövlət bayrağı
qaldırıldı.
Bu gün Azərbaycan Bayrağı Xankəndidə,
Xocalıda və işğaldan azad olunmuş bütün ərazilərimizdə
qürurla dalğalanır.
Hər il Xocalı soyqırımının
ildönümü ilə əlaqədar minlərlə
insanın iştirakı ilə “Ana harayı” abidəsi
önündə anım mərasimi keçirilir. Xocalı
soyqırımının 30-cu ildönümü ilə əlaqədar
Bakıda Prezident cənab İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə
ümumxalq yürüşü keçirilmişdir.
Yürüşdə dövlət və hökumət
nümayəndələri, Milli Məclisin deputatları, nazirlər,
komitə, agentlik və şirkət rəhbərləri, dini
konfessiyaların başçıları iştirak etmişlər.
Siyasi dialoqun təzahürü olaraq yürüşdə
dövlət rəsmiləri ilə yanaşı, ölkədə
fəaliyyət göstərən müxtəlif siyasi
partiyaların nümayəndələri də iştirak
etmişdir.
Bu gün Azərbaycan dövləti qalib dövlət
kimi yaşayır və bundan sonra da müzəffər xalq,
qalib dövlət kimi əbədi yaşayacaq. Xalqın “Dəmir
Yumruq”da birləşərək düşmənə zərbə
vurması tarixin əbədi yaddaşına
yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!”
şüarı altında birləşən xalqın qəhrəmanlığı
dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı
nümayiş etdirmişdir. Vətən uğrunda şəhid
olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən
sonrakı nəsil üçün silinməz, unudulmaz dastan
yazdılar.
Allahdan bütün şəhidlərimizə rəhmət
diləyirik!
Ayna Allahyarqızı
“Xocalı soyqırımını tanıtma”
İctimai Birliyinin Qadınlar Şurasının sədri
525-ci qəzet .- 2025.- 26 fevral(¹36).- S.10.