"Rauşenberqin portreti"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Bakı şəhəri H.İskəndərov
adına 206 nömrəli tam orta məktəbin müəllimi,
sənətşünas Nurtəkin Hüseynovadır. Onunla
Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu
"Rauşenberqin portreti"ndən
danışmışıq.
Tahir Salahov 1928-ci ildə Bakı şəhərində
anadan olub. İlk təhsilini Əzim Əzimzadə adına rəssamlıq
məktəbində alan Salahov təhsilini daha sonra Leninqrad (indiki Sankt-Peterburq)
ali rəssamlıq məktəbində davam etdirib, 1951-1957-ci
illərdə isə
İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunda ali təhsil alib. Sənətinin təməlində
düşüncənin monumentallığı, koloritin
kübarlığı, rəsmə bir qədər abstrakt
baxış, kompozisiyanın dəqiq metroritmik təşkili və
fəallığı duran Tahir Salahov zamanın nəbzini və
ehtiyaclarını həssaslıqla duyaraq həm portret, həm
də digər janrlarda bədii obrazın özünəməxsus
nümunələrini yüksək ustalıqla yaradıb.
- Tahir Salahov yaradıcılığında portret
janrı. Gəlin söhbətimizə elə buradan
başlayaq.
- Tahir Salahovun portretləri təsvir olunanın daxili
dünyasını, xarakterini əks etdirməklə
yanaşı, həm də dərin emosional təəssüratlar
yaradır. Rəssam yaradıcılığının
müxtəlif dövrlərində Azərbaycanın görkəmli
şəxslərini təsvir edib. Salahov fərqli ölkələrin
tanınmış simalarının da portretlərini işləyib.
Bunlar - M.Rastrapoviçin, B.Yefimovun, bəstəkar
D.Şostakoviçin, şair A.Voznesenkinin portretləridir. Məhz
bu möhtəşəm portretlər Azərbaycan təsviri sənətinə
böyük töhfələr verib.
- Bəs "Rauşenberqin portreti" haqqında
hansı vacib detalları vurğulaya bilərsiniz?
- Əsərin şərhinə keçmədən
öncə Rauşenberq haqqında qısa məlumat vermək
istəyirəm. Rauşenberq pop-art janrının öncülərindən
biri kimi tanınır və onun incəsənət aləminə
təsiri istisnasız çox böyük olub. Rəssam həmçinin
"kombinə edilmiş təsvirlər"
adlandırdığı bir üslub yaradıb və bu
üslubda kağız parçaları fotolar və hətta qəzet
manşetləri kimi materialları birləşdirərək əsərlərində
novator bir yanaşma sərgiləyib. XX əsrdə
populyarlaşan "ikiölçülü sənət"
və "kollaj" janrlarının inkişafı da onun adı ilə bağlı idi.
Əsərləri "Venesiya Biennali", "Modern İnccəsənət
Muzeyi" kimi prestijli məkanlarda nümayiş olunan
Rauşenbeqrin öz obrazı da daim sənət
adamlarını cəlb edib.
- Bildiyimiz kimi, Salahov Rauşenberqin bir neçə
portretini işləyib.
Haqqında danışdığımız əsər digərlərindən
hansı xüsusiyyətlərinə görə fərqlənir?
- Bu tablonu özündən əvvəlkilərdən
10 il ayırır. Əsər
2004-cü ildə kətan üzərində yağlı boya
ilə işlənib. Həmçinin burada Rauşenberqin digər
iki portretindən fərqli olaraq onun ancaq üzünü
görürük. Rəssam öz sənət
yoldaşını, yaxın dostunu bir qədər yorğun,
düşüncəli, xəyallara dalmış şəkildə
təsvir edib. Əsərdə Rauşenberqin gözlərinin
altında görünən bir qədər qəribə
qırmızı çalarlar sanki qandır. Biz bilirik ki, əsərlərindəki
soyuq Abşeron rənglərinə, sərt yaxmalara baxmayaraq,
Salahov nikbin, realist rəssamdır. Onun
yaradıcılığı varlığın
bayağılığını, eybəcərliklərini
ifşa etməyə yönəlməmişdi. Sanki bu tablonu
Salahov Rauşenberqin öz üslubuna, tərzinə
uyğunlaşdırıb. Mən Rausenberqi bədbin, pessimist
adlandırmaq fikrindən tamamilə uzağam. Amma bu bir
reallıqdır ki, Rauşenberqin
yaradıcılığı isti rənglərlə işlənmiş
sirli bir soyuqluğu ifadə edir.
- Əsərin rəng həllində bu ideya
özünü necə göstərir?
- Salahov sanki Rauşenberqin abstrakt ekspressiyasını
bu tablonun rəng həlli üçün əsas
götürüb və fonu onun öz yaradıcılıq
üslubunda - qara, qırmızı, göy, boz, ağ rənglərin
vəhdətində həll edib. Əsərdə əsas isti
tonlar təsvir olunanın üzündə, saçlarında
öz əksini tapır. Belə ki, rəssam Rauşenberqin
üzünü, saçlarını qəhvəyi rəngin
tünd-açıq çalarlarında təsvir edir ki, bu da
portretin bütünündə bir təkrarsızlıq
yaradır. Əsərdə Rauşenberqin bəbəkləri
göy, qızartılı gözləri, tunc rəngli sifəti,
iti cizgilənmiş burnu, ağzı, üzünün
qırışları bir hindu görkəmini
xatırladır. Ümumiyyətlə, portretdə bədii
ifadə və rəngin qarşılıqlı əlaqəsi,
harmoniyası xüsusilə qeyd edilməli nüansdır.
Tabloda rəssamın rəng seçimi sadəcə vizual alət
deyil, həm də bir emosional dil kimi çıxış
edir. Rənglər vasitəsilə izləyicilər sanki
Rauşenberq yaradıcılığını daha dərindən
hiss edir, onun ənənəvi sənət
anlayışına meydan oxuyan sənət dünyasına
baş vururlar.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Qeyd etdiyimiz kimi, Tahir Salahov və Rauşenberq
yaxın dost olublar. Onların dostluğu 30 ildən artıq
davam edib. Hətta iki rəssamın
yaradıcılığında müəyyən
yaxınlıq hiss olunur. Bu tabloya gəlincə isə əsərdə
Tahir Salahov sanki öz dostunun daxilində gəzdirdiyi təlatümləri
duyub onun psixoloji vəziyyətini əks etdirir. Gözlərin
altına çilənmiş qırmızı qan ləkələri
isə tablonun psixoloji yükünü bir az da artırır.
Salahov əsərdə Rauşenberqin irsini, onun sənətinə
olan hörmətini və
özünün sənət aləmindəki mövqeyini ifadə
edərək bir növ krossover, bənzərsiz dialoq
yaradıb.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 26 fevral(№36).- S.9.